THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Praqa sammiti: Prezidentin tarixi və ədalətli çıxışı

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
261308
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 1 may 2014 – Newtimes.az

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr edilmiş Praqa sammiti maraqlı məqamlarla yadda qalıb. Bu tədbiri müəyyən mənada həmin proqram üzrə Aİ ilə əməkdaşlıq edən dövlətlərin hesabatı da adlandırmaq olardı. Konkret olaraq, hər bir ölkə hansı layihələrdə necə iştirak etdiyini göstərməli idi. Azərbaycan əlaqələrin inkişafına real təsiri olan faktlardan söhbət açıb. Cənubi Qafqazda bu istiqamətdə onun qədər konstruktiv fəaliyyət göstərən dövlət yoxdur. Bununla yanaşı, Prezident İlham Əliyev növbəti dəfə ədalətli, obyektiv və məntiqli çıxışı ilə Ermənistan rəhbərinin qərəzli fikirlərini alt-üst edib.

Azərbaycanın "Şərq tərəfdaşlığı"na konkret töhfələri

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının Praqada keçirilən 5-ci illik sammiti bütövlükdə sakit keçib. Bəzi ekspertlərin təxmin etdiyi kimi, Gürcüstan və Moldova ilə əlaqədar sensasiyalı qərar qəbul edilməyib. Lakin sözün həqiqi mənasında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı tədbirin ən yaxşısı hesab edilməlidir. Dövlət başçısı ölkənin Aİ ilə əməkdaşlığının konkret məqamlarını göstərməklə yanaşı, ikili standart siyasətinin zərərlərini də vurğulayıb. Ayrıca, İlham Əliyev Ermənistan prezidenti S.Sarkisyanın çıxışında işlətdiyi qərəzli fikirlərinin əsassızlığını sübut edib.

Azərbaycan rəhbəri Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. Dövlət demokratik inkişaf kursunu əsas prioritet hesab edir. Ölkə başçısı burada əsas prinsiplərdən birini belə ifadə edib: "Müasir iqtisadi sistem müasir siyasi sistemlə tamamlanmalıdır" (bax: Azərbaycan Prezidenti İlham Əliyev Praqada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunmuş sammitdə çıxış etmişdir / AzərTAc, 25 aprel 2014). Bu tezisin arxasında dövlət quruculuğu kursunun strateji məqamlarından biri dayanır.

Belə ki, əvvəlcə, müasir dövrün tələblərinə cavab verən iqtisadi sistem yaratmaq lazımdır. Özlüyündə bu vəzifə kompleks xarakterli iqtisadi islahatları həyata keçirməyi tələb edir. Azərbaycan iqtisadiyyatı həmin siyasət nəticəsində 3 dəfədən çox artmışdır. Yoxsulluq indi cəmi 5 faiz təşkil edir. Xarici borc ümumi daxili məhsulun 8 faizi səviyyəsindədir. Rəqabət qabiliyyətinə görə Azərbaycan dünyada 39-cu yerdədir.

Azərbaycanın enerji siyasəti geniş bir geosiyasi məkanda təhlükəsizlik sisteminin yaradılmasına ciddi töhfəsini verməkdədir. Hazırda Avropa üçün böyük əhəmiyyət daşıyan Trans-Anadolu və Trans-Adriatik enerji layihələrinin reallaşdırılması istiqamətində sürətli işlər gedir. Bu layihələr "Avropanın enerji xəritəsini dəyişdirəcəkdir" (İlham Əliyev). Bütün bunlar yaxın 4-5 il ərzində Qərb üçün yeni enerji mənbəyinin yaranması anlamına gəlir. Rəsmi Bakı həmin prosesə strateji aspektdə qiymət verir və bir şeyə əmindir: "Avropa ilə Azərbaycan arasında güclü tərəfdaşlıq elə davam etdirilməlidir ki", tərəflər qarşılıqlı faydalı olan vacib layihələri həyata keçirə bilsinlər.

Prezident İlham Əliyev bu fikirləri ilə müstəqil xarici siyasət yeridən bir Cənubi Qafqaz ölkəsinin Aİ ilə əməkdaşlığının konkret məzmununu ifadə edib. Bu, digər region dövlətləri üçün bir nümunədir. Ekspertlər bunu etiraf edirlər (bax: məs., У Армении нет места для маневра перед Россией, сочувствую армянскому народу: Лилия Шевцова / "1in.am", 18 aprel 2014).

Azərbaycan bütövlükdə xarici siyasətini, o cümlədən enerji sahəsindəki fəaliyyət kursunu elə müəyyənləşdirib ki, o, daim dövlətin suverenliyinə və qlobal təhlükəsizlik sisteminin formalaşmasına xidmət edir. Regional əməkdaşlıq üçün çox geniş imkanlar açır. Bu prosesdən hansısa dövlətin kənarda qalmasının günahı yalnız həmin ölkənin rəhbərliyinin boynundadır.

Aydın görünür ki, rəsmi Bakının uzun illər yeritdiyi əsaslandırılmış və balanslı xarici siyasət hazırkı böhranlı mərhələdə öz bəhrələrini verir. Artıq bu məqam beynəlxalq təşkilatların tədbirlərində qabarıq surətdə özünü göstərir. Onun təzahürlərindən biri də Azərbaycan rəhbərliyinin gətirdiyi arqumentlərə Qərb siyasətçilərinin hörmətlə yanaşmasından ibarətdir.

Aİ-nin Praqa sammitində bu aspektdə yadda qalan məqamlar müşahidə olunub. Konkret desək, Azərbaycan Prezidenti ölkənin Aİ ilə əməkdaşlığını lakonik və dolğun xarakterizə etdikdən sonra, Ermənistan rəhbəri S.Sarkisyanın qərəzli ideoloji elementlərlə dolu çıxışının əsaslı olmadığını tam sübuta yetirib.

İlham Əliyevin erməni böhtanlarına cavabı: ədalətli mövqenin təntənəsi

Erməni lider bütün çıxışını Türkiyə əleyhinə şüarlar üzərində qurubmuş. O, "soyqırımı" nağılından "sərhədlərin bağlanması" faktına keçidlər edib. Guya bu iki məqam Ankaranın Avropa dövləti olmadığını sübut etməyə kifayətdir. Əslində, rəsmi Yerevan bununla ikiüzlülüyünü ört-basdır etməyə çalışıb. Çünki keçən ilin sentyabrında həmin S.Sarkisyan Moskvada Ermənistanın Gömrük İttifaqına daxil olması zərurətini "əsaslandırmağa" çalışırdı. O zamandan, Yerevanın Aİ ilə əlaqələri minimum səviyyəyə enib. Bu səbəbdən, Praqada S.Sarkisyanın deməyə real sözü yox idi. Anti-Türkiyə sayıqlamaları ilə o, həm diqqəti Ermənistanın Avropaya satqınlıq etməsini pərdələmək, həm də Yerevanın guya demokratiyaya can atdığını göstərmək istəyib.

Onu deyək ki, bu kimi gedişlər ermənilər üçün ənənəvidir. Onlar uzun illər məhz belə böhtanlarla əsl həqiqəti gizlədiblər. Lakin bu dəfə erməni böhtanlarının qarşısını Azərbaycan Prezidentinin siyasi qətiyyəti və cəsarətli arqumentləri kəsib. İlham Əliyev çıxışının bir yerində S.Sarkisyanın cavabını peşəkar səviyyədə verib. Dövlət başçısı deyib: "Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam...".

Dünya KİV-i Azərbaycan rəhbərinin bu sözlərinə böyük maraq göstərib. Müxtəlif şərhlər verilir. O cümlədən, Türkiyə mətbuatında İlham Əliyevin qardaş ölkəni müdafiə etdiyi xüsusi qabardılır. Bunlar, təbii ki, doğrudur. Lakin Azərbaycan Prezidenti hər şeydən əvvəl ədalətin, demokratiyanın və tarixi həqiqətin bərqərar olmasını müdafiə edir. Burada hər hansı tərəfkeşlikdən söhbət gedə bilməz. Çünki İlham Əliyev baş verən proseslərə obyektiv yanaşmanı təklif edib.

Məsələn, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini formal fakt olaraq deyil, konkret geosiyasi nəticələri olan hadisə kimi qəbul etmək lazımdır. Məhz bu real və konkret fakt qonşu Türkiyənin Ermənistana qarşı müəyyən addım atmasını şərtləndirib. Bundan başqa, Ankaranın davranışında heç bir səbəb yoxdur. Onu deməliyik ki, erməni tərəfi nəinki bu həqiqəti qəbul edib barışcıl mövqe tutmur, hətta uzun illərdir ki, dillərindən düşməyən "soyqırımı" nağılından istifadə edərək Türkiyənin cəzalandırılmasını tələb edir. Azərbaycana və Türkiyəyə olan əsassız ərazi iddiasını davam etdirir.

Azərbaycan dövlətinin başçısının bütün bunları tarixi həqiqətin bərqərar olması üçün söylədiyi onun çıxışının yekunundan çox aydın görünür. İlham Əliyev sual edir: "Nəhayət, sonuncu məsələ, Azərbaycan xalqı bir sual verir: Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son qoyulmalıdır".

Bunlar həqiqətdir, dünya siyasətçilərinin diqqətə almalı və ədalətli mövqe tutmaları üçün bilməyə borclu olduqları reallıqdır. Azərbaycan tərəfinin bütün şərtlər daxilində yalnız ədalətli mövqe tutduğu bütün bunlardan aydın görünür. Bu kimi faktlara görə, ölkənin dünyada nüfuzu artır və sözünü eşitməyə başlayırlar. Praqa sammitində Ermənistan və Azərbaycan arasındakı fərq bundan ibarət oldu. Həmin səbəbdən, İlham Əliyev və S.Sarkisyan oradan tamamilə fərqli əhval-ruhiyyədə qayıtdılar. Azərbaycan Prezidenti həqiqətin müdafiəçisi, Ermənistan rəhbəri isə növbəti dəfə yalan və böhtanları daşa dəymiş qeyri-səmimi siyasətçi kimi!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...