THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Aİ: postsovet məkanında siyasəti dəyişirmi? – II hissə

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
88315
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 mart 2014 – Newtimes.az

Qlobal geosiyasətdə müşahidə edilən yeni dinamika Avropa İttifaqının keçmiş sovet məkanı ölkələri siyasətinə təsir etməyə bilməz. Bu təşkilatın son illər yaşadığı maliyyə böhranı və siyasi inteqrasiya sahəsində qarşısına çıxan çətinliklər baxımından da diqqəti cəlb edən məqamlar özünü göstərməkdədir. Bunların fonunda Rusiya, Ukrayna, Moldova, Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində Aİ-nin yeritdiyi siyasətin məzmunu və strategiyası ekspertlərin marağına səbəb olub. "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində meydana gələn yeni çalarlar xüsusilə diqqəti çəkir.

Aİ-Cənubi Qafqaz: vədlər və real addımlar

Qərbin bu məkanla bağlı ciddi planlarının olması haqqında hələ keçən əsrin 90-cı illərindən danışılır. Lakin ötən müddət göstərdi ki, burada konkret siyasi addımlardan çox, sözlər vardır. Bunu siyasi, iqtisadi və geosiyasi aspektlərdə görmək olar. İlk olaraq, Cənubi Qafqazdakı münaqişələrin həllində Avropa İttifaqının kifayət qədər fəal və obyektiv olmadığını demək lazımdır. Tərəflər arasında münasibətlərin dinamikasını təhlil edən ekspertlər onun bir sıra çatışmazlıqlarını ortaya qoyurlar (bax: Константин Юматов. Эволюция политики Европейского Союза на Южном Кавказе / "Tomsk Dövlət Universitetinin xəbərləri", 2012, №1 (17), s. 127-131).

K.Yumatovun fikrinə görə, 2008-ci ildən başlayaraq Cənubi Qafqazda Aİ-nin təsiri güclənsə də, bir sıra ziddiyyətli məqamlar da özünü göstərmişdir. Birincisi, Avropa İttifaqının regiona məhdud maliyyə və hərbi ehtiyat sərf etməsidir. İkincisi, bu təşkilatın Cənubi Qafqazdakı iqtisadi maraqları ilə demokratik standartları arasında ziddiyyətlərin olmasıdır (bax: əvvəlki mənbəyə). Burada müəllifin demək istədiyi region dövlətlərinə qarşı "ikili standart" siyasətinin yeridilməsindən ibarətdir. Belə ki, Aİ hələ də bölgədəki dövlətlərə münasibətdə diferensiallaşmış siyasət yeritməyib, ümumi yanaşma tətbiq etməkdədir. Konkret olaraq, Ermənistana təcavüzkar ölkə kimi münasibət göstərmir. Əksinə, bu reallığı ört-basdır etmək üçün müxtəlif "demokratik ibarələrdən", "insan haqlarından", "öz müqəddəratını təyinetmə hüququndan" və s.-dən danışır.

Burada Qərb ekspertləri ən böyük maneə kimi Avropa ilə Rusiyanın regionla bağlı razılığa gələ bilməməsini göstərirlər. 2008-ci ildə Aİ-nin Gürcüstana lazımi səviyyədə yardım edə bilməməsi həmin mənada həlledici amillərdən oldu (bax: Сергей Маркедонов. ЕС на Южном Кавказе / "Commonspace.eu", 21 noyabr 2011). Bu cür vəziyyət regionda geosiyasi gərginliyin qalmasına xidmət edir. Hələlik Aİ-nin nə kimi səmərəli addımlar atacağı barədə informasiya yoxdur. Lakin bu, təşkilatın bölgədə tam fəaliyyətsiz olduğunu göstərmir.

Məsələ bundadır ki, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Gürcüstan və Azərbaycanla bağlı ümidləri qalmaqdadır. Gürcüstan bu ilin yayında assosiativ üzvlüklə bağlı sazişi imzalaya bilər. Azərbaycan isə daha balanslı siyasət yeridir, həmin müstəvidə Aİ ilə əməkdaşlığını genişləndirir. Xüsusilə, enerji daşıyıcıları sahəsində tərəflər arasında strateji münasibətlər inkişaf etməkdədir. Bu barədə rəsmi səviyyədə dəfələrlə fikir söylənib. O cümlədən, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri layihələrinin həyata vəsiqə alması ciddi bir addım olaraq qəbul edilir. Əminliklə demək olar ki, rəsmi Bakı öz maraqlarını nəzərə almaqla Aİ ilə münasibətlərini perspektivli istiqamətdə inkişaf etdirəcəkdir.

Gürcüstan və Azərbaycandan fərqli olaraq, Ermənistan Avropa İttifaqını aldatdı. Keçən ilin sentyabrın 3-də Moskvada Serj Sarkisyan Gömrük İttifaqına üzv olmaq istədikləri haqqında bəyanat verməklə assosiativ üzvlük məsələsinə son qoydu. Avropalılar bunu "şok addım" kimi qiymətləndirdilər. O vaxtdan bu yana Aİ ilə Ermənistan arasında hər hansı bir ciddi müqavilə imzalanmayıb.

Bu ölkəni Brüssel sanki unudub. Ancaq qəribədir ki, avropalı analitiklər İrəvanı Dağlıq Qarabağ məsələsində müdafiə etməyə, bu əsasda Azərbaycanı aqressiv siyasət yeritməkdə günahlandırmağa çalışırlar (bax: Сергей Маркедонов. Göstərilən məqaləsi). Şübhəsiz ki, belə bir yanlış vəziyyətin kökündə Brüsselin "ikili standart" siyasəti durur.

Yuxarıda deyilənlərdən belə nəticə hasil olur ki, Aİ-nin əsasən enerji sahəsində fəallaşması, onun bütövlükdə Cənubi Qafqazda uğurlu geosiyasət yeritməsi demək deyil. "Şərq tərəfdaşlığı" proqramının tam dəstək qazanması üçün Aİ-nin özünün region dövlətlərinə münasibəti dəyişməlidir. Bu baş verməyincə, qeyd etdiyimiz iqtisadi maraqlarla demokratik tələblər arasındakı ziddiyyət qalacaqdır. Məhz bu baxımdan son illər Brüsselin regionda konkret nailiyyət əldə etmədiyi hiss edilməkdədir. Bu vəziyyət təşkilatın Mərkəzi Asiya siyasətinə də mənfi təsir göstərir.

Mərkəzi Asiya istiqaməti: Aİ mürəkkəb vəziyyətlə üz-üzə

Analitiklər Avropa İttifaqının Mərkəzi Asiya siyasətində geniş mənada problemlərinin olduğunu vurğulayırlar. Burada ilk olaraq "ümumi səviyyədə Aİ-nin "dəyərlərə söykənən xarici siyasət xətti yeritmədiyi" önə çəkilir (bax: Hakan Samur. Avrupa Birliği’nin Orta Asya politikası: idealist söylemlerin yetersiz eylemlerle yürütülme çabasi / "Uluslararası Hukuk ve Politika", 2012, Cild: 7, Sayı: 13, s. 25). Bütövlükdə isə həmin siyasi xətt "idealist sözçülük" adlandırılır. Avropa bu günə qədər Mərkəzi Asiyada səmərəli fəaliyyət göstərə bilməyib.

Təbii ki, analitiklərin fikirləri ilə razılaşmamaq da olar. Lakin onlar real vəziyyəti ifadə edirlər. Hələ 2007-ci ildə Aİ həmin regionla strateji əməkdaşlıq haqqında sənəd hazırlamışdır. 2008-ci ildən isə bu istiqamətdə fəallaşmağa başlayıb. Həmin kontekstdə Avropa İttifaqının regionla əlaqədar "yeni strategiyaya keçməsi" haqqında xeyli danışıldı (bax: Esra Hatipoğlu. Avrupa Birliği-Orta Asya ilişkilerinde yeni bir stratejiye doğru (mu?) / "Uluslararası Hukuk ve Politika", 2008, Cild: 3, Sayı: 5, s. 1-2). Ötən müddət ərzində isə tutarlı addımlar atılmadı.

Bunlara baxmayaraq, Aİ-nin Mərkəzi Asiya siyasəti öz aktuallığını qoruyub saxlamaqdadır. Doğrudur, indi onun həmin regionda Rusiya ilə yanaşı, Çin kimi rəqibi də vardır. Pekin qısa müddət ərzində Mərkəzi Asiyaya 50 milyard ABŞ dolları həcmində sərmayə qoymağa qərar verib. Bundan başqa, Çin enerji marşrutlarının özünə sərf edən istiqamətdə müəyyənləşdirilməsinə çalışır. Digər tərəfdən, Rusiya da həmin istiqamətdə fəallığını artırıb. Əlavə olaraq, Moskva region dövlətləri ilə hərbi əməkdaşlığı da genişləndirir. Bu proseslərin fonunda Avropa İttifaqının neft və qazın Xəzərin dibindən keçməklə boru ilə Azərbaycana çatdırılması layihəsindən başqa uğuru gözə dəymir. Burada da Bakının qətiyyətli mövqeyi öz rolunu oynadı. Burada vurğulanmalı olan bir məqam var. Söhbət ABŞ-ın hərbi gücünün Əfqanıstandan çıxarılmasından sonra Mərkəzi Asiyada yarana biləcək vəziyyətdən gedir. Ekspertlərin proqnozuna görə, həmin regionda terror və narkotik vasitələrin qanunsuz dövriyyəsi arta bilər. Nəticədə, bölgə dövlətlərinin dinc həyatı pozular ki, bu da Aİ-nin bütün proqramlarını alt-üst edər. Nəzərə almaq lazımdır ki, hazırkı maliyyə böhranı vəziyyəti onsuz da çox mürəkkəbləşdirib. Onda Avropa İttifaqını Mərkəzi Asiyada yeni "xoşagəlməz sürprizlər"in gözlədiyini demək mümkündür (bax: Hakan Samur. Göstərilən əsəri, s. 26).

Aİ-nin həmin regionla bağlı siyasətinin taleyinə təşkilatın Cənubi Qafqazda əldə edə biləcəyi nailiyyətlər ciddi təsir göstərəcək. Hələlik Mərkəzi Asiya dövlətlərinin "Şərq tərəfdaşlığı" proqramına qoşulmasından söhbət gedə bilməz. Hətta ümumi səviyyədə belə tərəflər arasında əlaqələrin inkişaf etdiyini demək risklidir. Son zamanlar orada daha çox Rusiya, Çin və ABŞ-ın mübarizə aparmalarından bəhs olunur Lakin bunlar Avropanı siyahıdan silmək anlamını vermir. Mümkündür ki, gələcəkdə bu təşkilat Mərkəzi Asiyada real olaraq öz nüfuzunu yüksəltsin. Brüsseli hələlik bu istiqamətdə sevindirə biləcək bir fakt yoxdur.

Beləliklə, Avropa İttifaqının keçmiş sovet respublikaları istiqamətində yeritdiyi siyasət bir sıra aspektlərdə ziddiyyətli məqamları özündə daşıyır. Bəzi regionlarda bu təşkilatın fəaliyyəti gözlənilən nəticəni verməyib. Hazırda onun üçün ən əhəmiyyətli sınaq meydanı Ukraynadır. Ancaq bu, Cənubi Qafqaz və Mərkəzi Asiyanı arxa plana atmaq demək deyil. Əksinə, əgər Aİ məhz həmin regionlarda fəallığını artırmasa, onu postsovet məkanında ciddi uğursuzluqlar gözlədiyini proqnozlaşdırmaq olar.

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...