THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Aİ: postsovet məkanında siyasəti dəyişirmi? – I hissə

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
89305
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 mart 2014 – Newtimes.az

Qlobal geosiyasətdə müşahidə edilən yeni dinamika Avropa İttifaqının keçmiş sovet məkanı ölkələri siyasətinə təsir etməyə bilməz. Bu təşkilatın son illər yaşadığı maliyyə böhranı və siyasi inteqrasiya sahəsində qarşısına çıxan çətinliklər baxımından da diqqəti cəlb edən məqamlar özünü göstərməkdədir. Bunların fonunda Rusiya, Ukrayna, Moldova, Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində Aİ-nin yeritdiyi siyasətin məzmunu və strategiyası ekspertlərin marağına səbəb olub. "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində meydana gələn yeni çalarlar xüsusilə diqqəti çəkir.

Rusiya ilə münasibətlər: əməkdaşlıq, yoxsa qarşıdurma?

Ukraynada siyasi gərginliyin artdığı bir şəraitdə Avropa İttifaqının keçmiş sovet respublikaları istiqamətində yeritdiyi siyasət daha çox diqqət mərkəzindədir. Rusiyanın son illər həmin məkanda daha fəal və bir çox mühüm geosiyasi məsələlərdə Qərbin maraqlarına uyğun gəlməyən addımları da bu aspektdə maraq doğurur. Obrazlı desək, postsovet məkanı dünyanın iki böyük gücü arasında qalıb. Bu səbəbdən, Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanı əhatə edən nəhəng bir ərazidə geosiyasi dinamikanın dəyişməsi faktı üzərində bir daha düşünməyə ehtiyac yaranıb.

Əvvəlcə Aİ ilə Rusiya arasında yaranmış vəziyyətə nəzər salaq. Onlar arasında ən ciddi problem qarşılıqlı əlaqələri tənzimləyəcək baza sazişinin imzalanmamasıdır. Təsir müddəti hələ 2007-ci ildə başa çatan ilkin baza müqavilədən sonra tərəflər ümumi prinsipləri razılaşdıra bilmirlər. Bunun əsas səbəbi Aİ ilə Rusiyanın əməkdaşlığın strateji məqsədinə fərqli yanaşmalarındadır.

Avropa Rusiyanı öz sıralarına qatmaq istəmir. Avropada onu Aİ-nin geosiyasi maraqlarına uyğun siyasət yeridən və "Asiya pələngləri"nin təsirlərindən qoruyacaq dövlət kimi görmək istəyirlər. Yalnız bu cür siyasətin fonunda Avropa İttifaqı Rusiyanı strateji tərəfdaş keyfiyyətində görmək istərdi. Lakin həmin istiqamətdə 2000-ci ildən bu yana heç bir böyük layihəni həyata keçirmək mümkün olmamışdır. Əvəzində, avropalılar Rusiyanı baza sazişinin müddəalarına əməl etməməkdə ittiham edirlər. Bununla bağlı Türkiyənin "Beynəlxalq Strateji Araşdırmalar Qurumu" (USAK) analitik mərkəzi yazır: "Brüssel Rusiyanı Aİ ilə imzaladığı bir çox anlaşmanı, xüsusilə də baza müqaviləsinin şərtlərini tam olaraq tətbiq etməməkdə ittiham etmişdir" (bax: Galym Zhussipbek. Avrupa Birliği İle Rusya Federasyonu Arasındaki "Stratejik Ortaklığın" Analizi / "Uluslararası Hukuk ve Politika", 2011, Cild: 7, Sayı: 25, s. 63).

Bundan başqa, Aİ istərdi ki, Moskva keçmiş sovet respublikaları üzərində SSRİ dövründəki kimi mütləq nüfuza sahib olmasın. Kreml isə həmin məqamı öz xarici siyasətinin prioritetlərindən biri hesab edir. Xüsusilə, Vladimir Putinin iqtidarı zamanında Rusiyanın xarici siyasətində Avropa ilə inteqrasiya xətti ilə keçmiş sovet respublikaları ilə münasibətlərin Moskvanın xeyrinə yenidən qurulması məsələsi bir-biri ilə sıx bağlılıqda götürülmüşdür (bax: əvvəlki mənbəyə, s. 60). Məhz bu problemlə əlaqədar olaraq, tərəflər arasında müxtəlif sahələrdə, o cümlədən enerji, nəqliyyat, ticarət, hüquq və s. sahələrdə ziddiyyətlər özünü göstərməkdədir.

Bununla yanaşı, Aİ-Rusiya münasibətlərində problemlərin yaranmasını yalnız Kremlin siyasi kursu ilə əlaqələndirmək düzgün olmazdı. Analitiklər hesab edirlər ki, rusları ehtiyatlandıran Qərbin "yumşaq imperializm" adlanan geosiyasi xətti seçməsidir. Belə ki, bu strategiyaya görə, ABŞ və Aİ-nin sərhədləri xaricində olan və inkişaf etməyə başlayan dövlətlər də daxil olmaqla hər bir ölkə ikinci dərəcəli rol oynamalıdır.

Konkret olaraq, heç bir hərbi müdaxilə olmadan bütün təbii ehtiyatlar, intellektual potensial, iqtisadi inkişaf ilk növbədə Qərbin tələbatlarına xidmət etməlidir. Bu, "yeni müstəmləkəçilik" də adlandırılır. Həmin səbəbdən Rusiya və Avropa İttifaqı strateji tərəfdaşlıq anlayışına fərqli məzmun verirlər. Bütün bunların nəticəsi olaraq, "Aİ Rusiya ilə "strateji tərəfdaşlığı" demokratiya, insan haqları və hüquqi dövlət kimi dəyərlərə söykənən bir əməkdaşlıq modeli kimi qəbul edirsə, Moskva strateji tərəfdaşlığı ortaq dəyərlərdən çox, beynəlxalq münasibətlərin şərtlərinə söykənən bir əməkdaşlıq kimi görməkdədir" (bax: əvvəlki mənbəyə, s. 74).

Rusiyalı mütəxəssislər də təxminən eyni mövqedədirlər. Rusiya XİN-in analitik xidməti Avropa İttifaqı ilə münasibətlərin mürəkkəbliyini iki amil ilə əlaqələndirir. Birincisi, əlaqələrin əsaslarının formalaşması SSRİ-nin transformasiyası dövrü ilə üst-üstə düşdü. İkincisi, Aİ-nin özündə geniş beynəlxalq münasibətlər sistemindən fərqlənən mühitə malik yeni siyasi, sosial və iqtisadi təsisatlar yarandı (bax: Ирина Бусыгина, Александра Дерягина. Стратегия Европейского Союза в отношении России и трансграничное сотрудничество на Северо-Западе / Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin MDBMİ(U)-nin beynəlxalq tədqiqatlar üzrə elmi-koordinasiya şurasının ''Analitik qeydləri", 2007, buraxılış 7 (27), s. 27).

Bu səbəblərdən Aİ ilə baza sazişinin əsas müddəalarının razılaşdırılması məsələsi mürəkkəbləşdi. Rusiyalı analitiklərin fikrinə görə, bütün sonrakı anlaşılmazlıqlar buradan qaynaqlandı. Belə qənaətə gəlmək olar ki, həmin ziddiyyətlər hələ də aradan qaldırılmayıb. Bir sözlə, Rusiya özünün əvvəlki imperiya iddialarını saxlamaqda, Avropa İttifaqı isə, bir tərəfdən, özü belə ambisiyalar irəli sürməkdə, digər tərəfdən, Moskvanın analoji istəklərini qəbul etməməkdədir Göründüyü kimi, bu məsələdə türkiyəli və rusiyalı analitiklərin mövqeləri bir-birinə yaxındır.

Bunlarla yanaşı, analitiklərin diqqət yetirdikləri bir vacib amil də vardır. Belə bir fikir var ki, Aİ-nin inteqrasiya imkanları sona çatmaqdadır. Hazırkı formatda Avropa iqtisadi inteqrasiya imkanlarını xarici siyasətə transfer edə bilmir. Buna görə də Aİ-ni nümunəvi ittifaq modeli kimi qəbul etmək risklidir. Həmin fakt Rusiyanın öz inteqrasiya modelini təklif etmək şansını artırmışdır (bax: Ирина Бусыгина, Александра Дерягина. Göstərilən əsər, s. 27). Eyni zamanda, Moskva Avropa İttifaqından digər postsovet məkanı ölkələrindən fərqli şərtlərə bağlı xüsusi yanaşma gözləyirdi. Avropa isə məsələnin bu tərəfinə diqqət yetirməmiş, üstəlik, həmin vəziyyət indi də davam etməkdədir. Kreml, məsələn, Tacikistanla Rusiyaya eyni gözlə baxılmasını qəbul etməz. Bütün bunlardan Rusiya siyasətçiləri belə bir sual qaldırırlar: Aİ ilə özəl münasibətlər Moskvaya hansı siyasi dividendlər verə bilər? Onların cavabı isə bədbindir: "sual hələ də açıq qalmaqdadır" (bax: əvvəlki mənbəyə, s. 28).

Aİ-Rusiya münasibətləri kontekstində yuxarıda aparılan təhlil göstərir ki, ötən müddət ərzində tərəflər arasında real strateji tərəfdaşlığın mahiyyətinə dair heç bir iş görülməmişdir. Əksinə, onların geosiyasi iddiaları müstəvisində meydana çıxan ziddiyyətlər daha da dərinləşmişdir. Buna uyğun olaraq, Ukrayna, Moldova, Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətlərində Brüssellə Moskva münasibətlərin bir çox aspektləri üzrə qarşıdurmaya getmişlər. Hazırda bu, daha çox Ukrayna məsələsində özünü göstərməkdədir.

Ukrayna: iki böyük gücün məngənəsində sıxılan məkan

Bu ölkə, sözün həqiqi mənasında, Qərblə Rusiya arasında siyasi, iqtisadi və geosiyasi-hərbi aspektlərdə əzilmələrə məruz qalır. Bir vaxtlar öz gözəlliyi ilə insanları cəlb edən Krişetka (Kiyevin mərkəzi meydanı – müəllif) indi xarabaya çevrilib. Bir neçə aydır davam edən daxili siyasi qarşıdurma Ukraynanı parçalanma təhlükəsi qarşısında qoyub. Analitik və ekspertlər əmindirlər ki, bunun əsas səbəbi həmin ölkə uğrunda geosiyasi mübarizə aparan qüvvələrin bir-birinə güzəştə getməməsindədir (bax: Habibe Özdal. AB ve Rusya Arasında Ukrayna: Hayaller ve Gerçekler / Uluslararası Stratejik Araştırmalar Kurumu, Analiz № 26, noyabr 2013 və Светлана Гамова. "Восточное партнерство" корректируется / "Независимая газета",17 fevral 2014).

Rəsmi Kiyev xarici siyasətdə keçən əsrin 90-cı illərindən bu yana bir dilemmadan daim sıxılıb. Bu, Qərblə Rusiyanın maraqlarının tarazlaşdırılması ilə bağlıdır. Ukrayna faktiki olaraq, üç ssenari arasında vurnuxur: birincisi, mərkəzi Rusiyanın olduğu geosiyasi məkana inteqrasiya; ikincisi, Şərqi Avropaya iqtisadi inteqrasiya; üçüncüsü, Rusiyanı da əhatə edən vahid Avropa məkanına inteqrasiya. İndiyə qədər bunların heç biri üzrə qəti qərar qəbul edə bilməyən rəsmi Kiyev, əslində, tarixi perspektivinə uyğun seçim etməlidir.

Belə ki, "İlk iki ssenari iqtisadi və xarici siyasət sahələrindəki əsas tərəddüdləri təmsil edir. Üçüncü seçim isə Kiyevin maraqları aspektində bəlkə də daha arzuediləndir, ancaq reallaşmaq səviyyəsində olmayan bir ideyadır" (bax: Habibe Özdal. Göstərilən əsəri, s. 8). Ümumi geosiyasi kursun seçimi məsələsindən qaynaqlanan həmin qeyri-müəyyənliklər hazırda Ukraynanı çox çətin vəziyyətə salmışdır. Mübaliğəsiz demək olar ki, ölkə uzun müddətə daxili siyasi kataklizmlər zonasına daxil olmuşdur. Bunun isə dövlətin gələcəyi baxımından bir neçə əsas məqamı vardır.

İlk növbədə, Aİ-nin rəsmi Kiyev qarşısında qoyduğu iki əsas şərtlərdən biri olan Yuliya Timoşenko azadlığa buraxılıb. Radikal siyasi baxışları ilə fərqlənən xanım Timoşenkonun Ukrayna siyasi mühitinə hansı boyaları qatacağı təxmin edilir. Ondan həm Qərb, həm də Rusiya öz maraqları üçün asan istifadə edə biləcəklər. Bunu "Udar" siyasi partiyasının rəhbəri Vitali Kliçko elə indidən hiss edir.

Son mitinqlərin birində o, ifrat sağçıların "silahlı mübarizə çağırışlarından narahat olduğunu bildirib". Məlumdur ki, Y.Timoşenkonun tərəfdarlarından olan A.Turçinova Ali Rada müvəqqəti olaraq prezident səlahiyyətlərini icra etməyi həvalə edib. Fevralın 22-də isə Ukrayna parlamenti V.Yanukoviçin prezidentlik səlahiyyətlərinə xitam verib. "İnterfaks" agentliyinin yaydığı informasiyaya görə, artıq keçmiş prezident olan Yanukoviçə Ukrayna sərhədçiləri ölkəni tərk etməyə icazə verməyiblər. O, Donetskdən Moskvaya uçmaq istəyib (bax: Пограничники не дали самолету с Януковичем вылететь из Донецка / "Lenta.ru", 23 yanvar 2014). Bu ərəfədə Ukrayna Ali Radası yeni prezident seçkilərini bu ilin may ayına təyin edib.

Qeyd etmək lazımdır ki, Amerika analitikləri və siyasətçiləri Ukraynada hadisələrin bu cür cərəyan etməsindən heç də razı deyildirlər. ABŞ analitikləri baş verənlərdə V.Putinin əlinin olduğunu, onun manevr etdiyini düşünürlər. Belə ki, iddialara görə, Ukraynada müxalifətçilərin əli ilə qeyri-hüquqi vəziyyət yaradılır ki, sonradan hərbi müdaxiləyə əsas olsun. Lakin ekspertlər hadisələrin bu cür gedişatının Ukraynanın bütövlüyü baxımından çox təhlükəli olduğunu düşünürlər (bax: Алекс Григорьев. Ситуация в Украине: экспертная оценка / "Голос Америки", 20 fevral 2014).

Bunlar Ukrayna məsələsində Qərb-Rusiya münasibətlərinin kifayət qədər mürəkkəb bir hala gəldiyini göstərir. Bu ölkə faktiki olaraq, taleyüklü seçimin astanasındadır.

Ekspertlərin əksəriyyəti hesab edirlər ki, Ukrayna parçalana bilər. Krım və Şərqi Ukrayna Rusiyanın, Qərb əyalətləri isə Avropanın nüfuz dairəsinə düşə bilər. Bütün bunların fonunda Ukrayna üçün "Şərq tərəfdaşlığı" proqramının hansı anlama gəldiyini söyləmək xeyli çətindir. Bizcə, hələlik məsələnin bu aspekti haqqında siyasətçilər düşünmürlər. Onu da qeyd edək ki, bəzi mənbələrdə Ukraynada rusiyalı hərbi ekspertlərin ciddi işlər apardıqları qeyd olunur (bax: əvvəlki mənbəyə).

Ukrayna hadisələri ona qonşu olan Moldova məsələsini bir qədər kölgədə qoysa da, strateji aspektdə əhəmiyyətini itirməyib. Hətta Moldovanın da bölünməsi təhlükəsindən söhbət gedir. Bu ölkənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı Q.Petrenko hesab edir ki, Moldova yayda assosiativ üzvlüyə imza atsa belə, parlament seçkisində başqa qüvvələrin üstünlük əldə etdiyi təqdirdə, ölkənin vəziyyəti ağır olacaq (bax: Светлана Гамова. Göstərilən məqaləsi). Maraqlıdır ki, qaqauzların Vaşinqtona Kişinyovdan şikayət etməsinə ciddi reaksiya verilib. Okeanın o tayından Moldova iqtidarını xəbərdar ediblər.

Bununla yanaşı, Dnestryanı məsələsi aktuallığını saxlamaqdadır. Ekspertlər bunları nəzərə alaraq, Ukraynadakı vəziyyətin Moldovada hadisələrin necə inkişaf edəcəyindən asılı olduğunu deyirlər. Bu, proseslərin artıq tamamilə yeni müstəviyə keçid etməsi deməkdir. Doğrusu, hələlik bu tezisin detalları aydın deyil, lakin əgər artıq bu barədə danışılırsa, müəyyən gözlənilməz hadisələr baş verə bilər. O zaman Qərb-Rusiya münasibətləri aspektində Ukrayna və Moldovanın siyasi taleyi haqqında daha dəqiq proqnoz vermək mümkün olacaqdır. Həmin müstəvidə Avropa İttifaqının Cənubi Qafqaz siyasətinin dinamikası da aktual görünür.

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...