THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Mərkəzi Asiya: ABŞ-Çin geosiyasətinin yeni regional aspektləri

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
77958
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 fevral 2014 – Newtimes.az

Dünyanın müxtəlif regionlarında baş verən geosiyasi dəyişikliklər böyük dövlətlərin nüfuz uğrunda mübarizəsinə fərqli dinamika verməkdədir. Bu sırada Mərkəzi Asiya mövzusu son dərəcə aktual görünür. Xüsusilə, Rusiya, Amerika və Çinin həmin region istiqamətində yeritdiyi siyasətdə düşündürücü dəyişikliklər müşahidə edilir. Ekspertlər problemin bu aspektinə çox maraq göstərirlər.

2014-cü ildən sonra: Vaşinqton-Pekin rəqabətinin məzmunu dəyişirmi?

Amerikanın Əfqanıstandan əsgərlərini çıxarmaq haqqında qəbul etdiyi qərardan sonra Mərkəzi Asiyada geosiyasi vəziyyətin taleyi ətrafında çoxlu sayda müzakirələr aparılır. Qərb analitik və ekspertləri müxtəlif proqnozlar verirlər. Onları üç qrupa bölmək olar. Birincisi, ABŞ Əfqanıstandan hərbi gücünü çəkəndən sonra regionda radikal dini qrupların fəallığı artacaq. Onların sırasında "əl-Qaidə" daha aqressiv davranacaq. Nəticədə, terrorun bir qanadı Çinə, digəri isə Rusiyaya tərəf yönələcək. Həmin aspektdə Mərkəzi Asiya dövlətləri də ciddi təhlükə qarşısında qalacaq. Bu səbəbdən, amerikan əsgərlərinin regiondan çıxarılması böyük bir geosiyasi məkanda yeni təhdidlərə aparıb çıxarar. Onların sırasında İslami radikal qrupların terroru daha təhlükəli xarakter ala bilər.

İkincisi, Amerika əsgərlərinin regiondan çıxarılması Çinin geosiyasi manevr imkanlarını genişləndirə bilər. Pekin artıq bu prosesə hazır kimi görünür. Bunu iki istiqamətdə aydın görmək mümkündür. Onlardan birincisi Çinin regional təşkilatları gücləndirmək xəttini təşkil edir. Digəri isə, Pekinin Mərkəzi Asiya ölkələrinə iqtisadi, siyasi, hərbi və mədəni nüfuz etmək işini genişləndirməklə bağlıdır. Rəsmi Pekin "Şanxay klubu" çərçivəsində bank yaratmaq üçün 50 milyon ABŞ dolları ayırmağı öhdəsinə götürüb. Bundan başqa, Mərkəzi Asiyanın demək olar ki, bütün dövlətlərinə milyardlarla dollar həcmində sərmayə qoymağa söz verib. Çin həmin sırada enerjidaşıyıcıları sahəsindəki əməkdaşlığa üstünlük verir.

Üçüncüsü, ABŞ-ın hərbi qüvvələrini regiondan çıxarması Rusiya və İranın xeyrinə ola bilər. Əsasən Rusiya Mərkəzi Asiyada öz geosiyasi nüfuzunu yüksəltmək imkanı qazanacaq. Moskva ənənəvi olaraq həmin məkanda güclü olub. İndi isə o, yeni fürsətlər əldə etmiş olur. Məsələn, Qırğızıstanın "Manas" hərbi bazasından Amerika qüvvələrinin çıxarılması fonunda Rusiya bu ölkəyə xeyli hərbi yardım göstərib. Bununla yanaşı, Kreml Tacikistana da eyni dəstəyi verir. Bunlar onu göstərir ki, rəsmi Moskva bütün çətinliklərə və Çinlə olan ciddi geosiyasi rəqabətə baxmayaraq, Mərkəzi Asiyada mövqeyini gücləndirməkdədir.

İran Rusiya qədər nüfuza malik olmasa da, dini faktora görə Mərkəzi Asiyada nüfuzunu artıra bilər. Onun əsas təsir vasitələri Əfqanıstanda mövcud olan iranpərəst radikal qruplar və Tacikistanla olan etnik yaxınlığı sayılır. Lakin Tehranın Moskvasız regionda səmərəli fəaliyyət göstərə biləcəyinə inananlar çox deyil. Əvəzində, İran regionda dini qrupları radikallaşdıra bilər ki, bu da terror təhlükəsini artırmış olur.

Bu kimi ssenarilər Qərb ekspertlərinin iştirak etdiyi müzakirələrdə zaman-zaman səslənir. Son olaraq, ABŞ-da keçirilən iki tədbirdə məsələ Vaşinqtonun maraqları aspektində daha konkret və kəskin qoyulub. Mərkəzi Asiya üzrə ekspert olan Coşua Kuçera həmin kontekstdə Amerikanın regionla bağlı siyasətinə yenidən baxması zərurətini açıq vurğulayır (bax: Joshua Kuchera. The U.S. In post-2014 Central Asia: New Silk Road Or Geopolitics / "EurasiaNet", 20 dekabr 2013). O, bu tezisin Qərb analitik və ekspertləri tərəfindən irəli sürüldüyünü yazır. Vaşinqtonun xarici siyasətində bu kimi dəyişikliyin edilməsi ehtiyacı haradan qaynaqlanır? Nəyə görə, amerikalılar Mərkəzi Asiyada daha sərt və aktiv geosiyasi xətt yeritmək qənaətinə gəlirlər?

Geosiyasətdə "iki stul arasında" qalmağın ziddiyyətləri

Ekspertlər bu ehtiyacı son zamanlar Yaxın Şərq və Mərkəzi Asiyada müşahidə edilən bir sıra geosiyasi tendensiyalarla əlaqələndirirlər. Məsələ bundan ibarətdir ki, Qərbdə Rusiya və Çinin (bunların kölgəsində isə İranın) həmin məkanlarda xeyli fəallaşdıqlarını arqument kimi gətirirlər. Xüsusilə, Rusiyanın Suriya, Ukrayna və Ermənistan məsələlərində daha aktiv mövqe tutduğunu və faktiki olaraq Qərbə üstün gəldiyini söyləyirlər (bax: Денис Закиянов. 5 побед Владимира Путина над Западом / "Forbes Ukraina", 24 dekabr 2013).

Proseslərin xronologiyası onu göstərir ki, böyük dövlətlərin növbəti mübarizə meydanı məhz Cənubi Qafqaz və Mərkəzi Asiya olacaq. Bu bağlılıqda Qərb ekspertləri Vaşinqtonun həmin istiqamətdə siyasətinə düzəlişlər etməsini lazım bilirlər.

Lakin onlar burada çox vacib bir məqamı vurğulayırlar. Söhbət Amerikanın regionda Çin faktorunu yeni aspektdə nəzərə almasından gedir. Konkret olaraq, Vaşinqtonun keçən əsrin 90-cı illərində olduğu kimi, Cənubi Qafqaz və Mərkəzi Asiyada fəal geosiyasət yeritməsi istənilir (bax: məs., Jeffrey Mankoff. The United States and Central Asia after 2014 / "Center for Strategic and International Studies" (CSIS), yanvar 2013). Həmin dövrdə Bakı-Tbilisi-Ceyhan kimi böyük bir layihənin reallaşdırılmasını Qərb ekspertləri birbaşa ABŞ-ın geosiyasi uğurlarından biri qismində təqdim edirdilər. Belə çıxır ki, indi eyni siyasətin Mərkəzi Asiyada aparılmasını doğru sayırlar. Burada isə çoxlu sayda faktorları nəzərə almaq lazım gəlir.

Əvvəla, Mərkəzi Asiyanın enerji qaynaqları ilə bağlı xeyli müqavilələr mövcuddur. Onları ciddi səviyyədə dəyişmək imkanının olduğu inandırıcı görünmür. Xüsusən, Rusiya və Çin həmin sahədə demək olar ki, əsas mövqeləri tutublar. Qərbin özünün də Mərkəzi Asiyadakı enerji ehtiyatlarına çıxışı vardır. Məsələn, Trans-Anadolu (TANAP) layihəsində Xəzərin o tayında olan enerji yataqlarının istifadəsi də nəzərdə tutulub. Bundan başqa, Qərbin maraqlarının təmin olunduğu digər proqramlar vardır. Ancaq geosiyasi aspektdə Vaşinqtonu qane etməyən faktorlar meydana gəlib ki, ekspertlər də məhz həmin məqamları vurğulayırlar.

İkincisi, Mərkəzi Asiya dövlətlərini də özündə birləşdirən regional təşkilatlar mövqelərini gücləndirməkdədirlər. Bu sırada "Şanxay klubu", BRİKS və Gömrük İttifaqını ayrıca vurğulamaq lazımdır. Son vaxtlar onların geosiyasi təsirləri artıb. Moskva və Pekinin fəallığı diqqəti çəkir. Siyasətçilərin bəyanatlarına və KİV-də yayılan informasiyalara görə, Rusiya ilə Çin məhz təşkilatlar çərçivəsində geosiyasi nüfuzlarını yüksəltmək üsuluna daha çox üstünlük verirlər (bax: Татьяна Децч. БРИКС как новый игрок в сфере международной безопасности / "Российский совет по международным делам", 9 dekabr 2013).

Üçüncüsü, Qərbin aparıcı analitiklərinin fikirlərinə əsasən belə qənaət yaranır ki, Vaşinqton üçün hazırkı mərhələdə ən əhəmiyyətli geosiyasi məkan Uzaq Şərq, Sakit okean hövzəsidir. ABŞ bütün diqqətini həmin kontekstdə Çinlə mübarizəyə yönəldir. Hətta Yaxın Şərq siyasətinə də Amerika bu bağlılıqda nəzər salır. Buradan avtomatik olaraq belə nəticə alınır ki, ABŞ Çin məsələsinə getdikcə daha böyük diqqət yetirəcək. Mərkəzi Asiya regionu həmin aspektdə prinsipial əhəmiyyət kəsb edir.

Bütün bunlara görə, C.Kuçeranın Mərkəzi Asiyanı amerikan siyasi dairələrinin bir nömrəli mövzusu kimi xarakterizə etməsi təsadüfi deyil (bax: Joshua Kuchera. Göstərilən məqaləsi). Amerika xarici siyasət komitəsi (National Committee on American Foreign Policy) keçirdiyi son tədbirlərinin birində "Vaşinqtonun region siyasətinin "iki stul arasında oturmaq" vəziyyətinə düşə biləcəyi" xəbərdarlığını edib (bax: əvvəlki mənbəyə).

Bu cür vəziyyətdən çıxış yolu isə 2014-cü ildən sonra Vaşinqtonun regionda iqtisadi, yaxud geosiyasi maraqlara üstünlük verəcəyindən asılı olacaq. Ekspertlər bu məsələyə Çinin regiona yönəltdiyi aktiv iqtisadi sərmayələri kontekstində diqqət yetirməyi tövsiyə edirlər.

Göründüyü kimi, ekspertlər Amerikaya Mərkəzi Asiya siyasətində Çini, geosiyasi və iqtisadi xarakterli faktorları ciddi nəzərə almaqla düzəlişlər etməyi təklif edirlər. Bu, Cənubi Qafqazı da əhatə edə biləcək yeni gərginliklərə səbəb ola bilərmi? Bizim üçün məsələnin bu tərəfi aktualdır. Ancaq böyük dövlətlərin bu məqama nə dərəcədə diqqət yetirəcəyi haqqında müəyyən fikir söyləmək çətindir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...