THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ukrayna: Avrointeqrasiyanın alternativi xaosdurmu?

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
48880
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 29 yanvar 2014 – Newtimes.az

Ukraynada iki aydan çoxdur davam edən etiraz aksiyaları keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu aksiyalar artıq ölkənin qanuni hakimiyyətinin Ukraynanın taleyi ilə bağlı qəbul etdiyi qərara qarşı etirazın ifadəsi deyil. Bu, həmin qərarın ləğv olunmasına, güc strukturları ilə silahlı münaqişə və fiziki müdaxilə yoluyla hökumətin fəaliyyətinin əngəllənməsinə, vilayətlərdəki inzibati binaların ələ keçirilməsi ilə hakimiyyətin devrilməsi məqsədinə yönəlmiş səylərdir.

Qərb hadisələrdə nə dərəcədə günahkardır?

Vilnüs sammiti ərəfəsində Ukrayna hökuməti Aİ-nin irəli sürdüyü şərtləri və Rusiyanın təzyiqini səbəb gətirərək, Assosiasiya sazişini imzalamaqdan imtina etdi. Bu, Ukraynanın legitim hakimiyyətinin ölkənin gələcək kursu ilə bağlı qərar qəbul etmək səlahiyyətinə aid olan məsələ idi. Gözləmək olardı ki, Aİ bu qərara hörmətlə yanaşacaq, irəli sürdüyü şərtlərə yenidən baxmağa, kompromislər axtarmağa hazır olacaq. Lakin bu baş vermədi.

Bir sıra ekspertlər rəsmi Kiyevin Şərq Tərəfdaşlığından imtina etməsindən sonra Qərbin bu məsələni Ukraynada 2015-ci ildə keçiriləcək prezident seçkilərinə saxladığını, hadisələrin cərəyan etdiyi dövrdə passiv mövqedə dayandığını və lazımi reaksiya göstərə bilmədiyini hesab edirlər. Müşahidələr isə bunun əksini sübut edir.

Ukraynadakı proseslərin başlanğıcında aksiyalara çıxanların sayı indikindən qat-qat az idi, müxalifət daxilində lider yox idi, etirazlar daha çox xaotik xarakter daşıyırdı. Məhz bu məqamda Qərbin proseslərə müdaxiləsinin aksiyalara stimulverici təsir göstərdiyini hesab etmək olar. Dekabrın əvvəlində təhlükəsizlik qüvvələrinin hökumət binalarını blokadaya almış aksiyaçıları dağıtması Qərbin sərt bəyanatları ilə müşayiət olundu. Qərbli liderlər aksiyaların güc yolu ilə dağıdılmasının qəbuledilməz olduğunu bəyan etdilər. Ukrayanaya qarşı sanksiyalar məsələsi gündəmə gətirildi. Səsləndirilən bəyanatların hamısı bənzər məqamlar üzərində qurulmuşdu: "Biz Ukrayna xalqı ilə birlikdəyik”, "Ukrayna hökumətinin hələ də doğru yolda hərəkət etməyə və avrointeqrasiya yoluna geri qayıtmağa şansı qalır”. Kiyevə səfər edən amerikalı və avropalı emissarlar etirazçılar qarşısında çıxış edərək, onlara bilavasitə dəstək nümayiş etdirdilər. Şübhəsiz, bütün bunlar Ukraynanın suverenliyinə hörmətsizlik, ölkənin daxili işlərinə açıq müdaxilə idi. Qərbin bir ölkənin seçkilər yolu ilə formalaşmış hakimiyyətinə qarşı etirazçıları bu cür dəstəkləməsi aksiyaların xarakterinə də təsirsiz ötüşmədi. Aydındır ki, belə dəstəkdən sonra aksiya iştirakçıları meydanları tərk etməyəcək və öz tələblərini daha da sərtləşdirəcəklərdi. Elə bu səbəbdəndir ki, müxalifətin əsas tələbi növbədənkənar prezident seçkilərinin keçirilməsidir.

Qərbin Ukrayna hakimiyyətinə qarşı tənqidlərində sərbəst toplaşma azadlığının pozulması, 16 yanvar qanunlarının anti-demokratik xarakterli olması kimi məqamlar xüsusi qabardılır. Maraqlıdır: uzun müddət ərzində paytaxtın mərkəzi küçələrində barrikadalar qurmaq, əsas küçələri blokadaya salaraq, hökumətin, parlamentin fəaliyyətinə maneçilik törətmək, inzibati binaları ələ keçirməyə çalışmaq sərbəst toplaşmaq azadlığı hesab oluna bilərmi? 16 yanvar qanunlarını isə zorakılığı dəstəkləyənlərə qarşı mübarizədə hakimiyyət üçün bir vasitə hesab etmək olar (bax: Nicolai N.Petro. Defending Ukraine’s Tough New Protest Law, The National Interest, 22.01.2014).

Parlamentin buraxılmasını, "xalqın qanuni tələblərinin” yerinə yetirilməsini, başqa sözlə yeni prezident seçkilərinin keçirilməsini tələb edən Qərbin davranışlarında bir məqama da xüsusi diqqət yetirmək lazımdır. Əvvəllər Qərbin öz maraqlarına cavab verməyən rejimlərin devrilməsində birbaşa və ya dolayı iştirakı seçkilərlə məhdudlaşırdı. "Ərəb baharı” ilə vəziyyət dəyişdi. Misirdə Mursi hakimiyyətinin devrilməsi bunun bariz nümunəsidir. Lakin Qərbin öz sərhədləri yaxınlığında dövlət çevrilişi cəhdlərinə ən azından biganə yanaşması maraqların sözdə də olsa bəyan edilən ideallar üzərində mütləq üstünlüyünün göstəricisidir. Bu isə olduqca təhlükəli tendensiyadır.

Ukraynadakı proseslərə Qərbin birbaşa müdaxiləsi ilə bağlı müxtəlif məlumatlar dərc edilməkdədir. Məsələn, Ali Radanın deputatı Oleq Tsarev ABŞ-ın Ukraynadakı səfirliyində etirazçılara təlimatların verilməsinə dair sənədlər açıqlayıb. Digər bir məlumat rəngli çevrilişlərin təşkilində ixtisaslaşmış xarici ölkə vətəndaşlarının Ukraynaya göndərilməsi ilə bağlıdır ki, bunlardan biri də serbiyalı inqilabçı, ABŞ-ın Milli Demokratiya İnstitutunun ictimai və seçki proqramları üzrə direktoru, Ukraynada "Otpor” təşkilatının yaradıcısı Marko İvkoviç hesab olunur (bax: Игорь Черкащенко. Запад готовит в Украине кровавый сценарий, mirpolitiki.net).

Ukrayna mətbuatı ölkədə müxtəlif qrantlar, layihələr vasitəsilə vətəndaş cəmiyyəti fəallarını maliyyələşdirən və lazımi istiqamətə yönəldən 10-dan artıq təşkilatın adını çəkir. Maraqlıdır ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland Vaşinqtondakı tədbirlərdən birində 1991-ci ildən bəri ABŞ-ın Ukraynada "demokratik təsisatların yaradılmasına, vətəndaş cəmiyyətinin dövlət idarəçiliyində iştirakının artırılmasına 5 milyard dollar vəsait xərclədiyini” bildirib. İndi meydanda əsasən gənclərin fəal olması bu vəsaitin bir hissəsinin haraya xərcləndiyini aydınlaşdırmağa kömək edir.

Nəticə etibarilə, Ukraynada yaranmış vəziyyətdə daxili faktor əsas rol oynayır. Lakin müşahidələr xarici faktorun da həlledici təsirə malik olduğunu, bir sıra proseslərin bəzən açıq, bəzən isə gizli şəkildə "səhnə arxasından” məharətlə yönləndirildiyini düşünməyə əsas verir.

Şərq Tərəfdaşlığı kimin üçün vacibdir?

Qərblə Rusiya arasında geosiyasi mübarizə aktual olaraq qalmaqdadır. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Zbiqnev Bjezinski Ukraynadakı etirazçıların dəstəklənməsinin Rusiyaya qarşı siyasi müharibə olmadığını desə də, onun digər "Ukraynasız Rusiya bir daha imperiya olmayacaqdır” fikri Qərbin Ukraynada gedən proseslərə münasibətini aydınlaşdırmağa kömək edə bilər.

Ukrayna hakimiyyəti Şərq Tərəfdaşlığı çərçivəsində islahatları həyata keçirmək üçün ən az 20 mlrd avro vəsaitə ehtiyac olduğunu bəyan edəndə, Aİ bu ehtimalı qəti rədd etmişdi. Düşünmək olardı ki, əgər Ukraynanın bu proqramda iştirakı, siyasi, iqtisadi, demokratik islahatlar həyata keçirməsi Avropa üçün həqiqətən vacibdirsə, müəyyən güzəştlər edilə bilərdi.

Belə görünür, Qərb Ukraynanın məhz öz şərtləri daxilində proqramda iştirakında israrlıdır və proseslərə müdaxilə etməklə buna nail olmağa çalışır. Burada Aİ-na yeni üzv olmuş Şərqi Avropa ölkələrinin iqtisadiyyatının sonradan Almaniya, Fransa kimi ölkələrin iqtisadiyyatı ilə rəqabətə davam gətirməyərək dağıldığını, onların istehsal sənayesi üçün bazara çevrildiyini xatırlatmaq Ukrayna üçün faydalı olardı.

Əlbəttə ki, Ukrayna Avropa üçün vacib ölkədir. Təbii sərvətlər, ucuz işçi qüvvəsi, böyük bazar, sabit inkişaf edəcək təhlükəsiz qonşu... Ukraynada baş verən proseslər Şərq Tərəfdaşlığı proqramının və xüsusilə Ukraynanın bu proqramda iştirakının Qərb üçün böyük əhəmiyyət kəsb etdiyini də göstərdi. Lakin bu əhəmiyyət insan hüquqları və demokratiya, siyasi-iqtisadi islahatlar, azad ticarət kimi terminlərlə ifadə olunmur. Geosiyasi reallıqlar, iqtisadi rəqabət, bazarlar uğrunda mübarizə Şərq Tərəfdaşlığının daha fərqli maraqlara dayandığını deməyə əsas verir.

Ukraynanın qərbi ilə şərqi arasındakı ənənəvi ziddiyyətlər (Qərbə və Rusiyaya dəstək baxımından) bu dəfə də baş verən hadisələrin əsas xarakterik xüsusiyyəti kimi çıxış edir. Etirazların paytaxt Kiyevdən sonra qərb regionlarında da geniş miqyas alması vəziyyətin ciddiliyindən və hadisələrin qarşısı alınması çətin olan məcraya yönəldiyindən xəbər verir. Hazırda hakimiyyətlə müxalifətin 16 yanvar qanunlarının ləğvi, hökumətin istefası kimi kompromislərinin meydan tərəfindən qəbul olunub-olunmayacağı sual altındadır.

Vasitəçi rolunda çıxış etməyə çalışan Qərb isə daha ehtiyatlı olmalıdır. Hakimiyyətə təzyiq göstərməklə ilk növbədə öz maraqlarını təmin etməyə çalışan Qərb bu yolla heç nəyə nail ola bilməyəcək. Freedom House kimi təşkilatların Yanukoviçi durmadan istefaya çağırması vəziyyətə mənfi təsir göstərir. Qərb öz maraqlarını bir kənara qoyaraq, Ukraynada sabitliyin təmin olunmasını əsas prioritetə çevirməlidir. Əks təqdirdə, Avrointeqrasiya yolunda irəliləyən Ukrayna yerinə parçalanmış cəmiyyət və ağır siyasi-iqtisadi vəziyyətlə qarşı-qarşıya qalacaq Ukrayna ilə üzləşməli olacaq.

Elmar Hüseynov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...