
Bakı, 16 mart 2018 – Newtimes.az
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun Postsovet Araşdırmalar Mərkəzinin direktoru, tarix elmləri doktoru, professor Stanislav Çernyayevskinin müsahibəsi
– İlham Əliyevin prezidentliyi dövründə (2003-2018-ci illər) Azərbaycanın xarici siyasətini regional təhlükəsizlik kontekstində necə qiymətləndirirsiniz?
– Əlbəttə müsbət. Sizin suala cavab verərkən yəqin ki, dünya birliyinin nüfuzlu aktoru kimi Azərbaycan Respublikasının çoxsaylı uğurlarını sadalamaq olardı. Amma düşünürəm ki, bəzi nəticələrlə kifayətlənmək daha düzgündür.
Əvvələn, indiki Prezidentin dövründə Azərbaycan
elə bir dövlətə çevrilib ki, dünyanın siyasi arxitekturasında həm regional, həm
də qlobal əhəmiyyətli çağırış və təhdidlərlə əlaqədar onunla hesablaşırlar.
Müasir Azərbaycan Cənubi Qafqazın böyük
istehsal və intellektual potensialı olan ən iri ölkəsidir. Son 20 ildə
quruculuq səylərinin nəticəsi olan daxili inkişafda böyük nailiyyətlər xarici
siyasətdə getdikcə daha aydın təzahür edir. Enerji təhlükəsizliyinin təmin edilməsində,
qlobal iqtisadiyyatda və maliyyə məsələlərində Azərbaycan Respublikasının
rolunun möhkəmlənməsi beynəlxalq məsələlərdə onun məsuliyyətinin artmasının etiraf
edilməsinin təsdiqidir.
İkincisi, Azərbaycanın xarici siyasət
strategiyası yaradıcı əməkdaşlıq yolu ilə milli maraqların reallaşmasına yönəlib.
Şəxsiyyətin, dünyəvi cəmiyyətin, demokratik və hüquqi dövlətin maraqlarının
müdafiəsi ən yüksək prioritetdir.
Azərbaycan diplomatiyası praktiki fəaliyyətində
beynəlxalq tərəfdaşlarla suveren mövqelərdən çıxış edərək, tam hüquq bərabərliyi,
qarşılıqlı maraqların və faydanın nəzərə alınması əsasında fəaliyyət göstərir.
Bu zaman o, belə bir mövqedən çıxış edir ki, beynəlxalq həmrəylik müstəqil
xarici siyasətdən imtina etmək bahasına əldə edilə bilməz. Buna görə də tərəfdaşların
birgə fəaliyyətdən imtina etdikləri məsələlərdə Azərbaycan tərəfi özü qərar qəbul
edir və bu zaman ilk növbədə öz milli maraqlarından çıxış edir, amma mütləq
beynəlxalq hüquqa əsaslanır.
Azərbaycan çox qısa müddətdə, 25 il ərzində
özünü müstəqil xarici siyasət yürüdən, regional inkişafa, təhlükəsizliyə,
sabitliyə və multikulturalizmə töhfə verən etibarlı beynəlxalq tərəfdaş kimi göstərib.
Müstəqillik illəri siyasi sistemin transformasiyası, demokratik təsisatların
yaradılması dövrü olub.
Dövlət quruculuğu dövründə qonşu Ermənistanın
silahlı təcavüzü ciddi amilə çevrilib. Müharibə Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış tarixi torpaqlarının işğalına gətirib çıxarıb. Hazırda ölkənin ərazisinin
20 faizindən çoxu, o cümlədən Azərbaycan millətinin tarixən təşəkkül tapdığı
rayonlar işğal altındadır, ata-baba yurdundan zorla qovulmuş bir milyondan çox
mülki şəxs qaçqın və məcburi köçkün vəziyyətindədir. Aydın məsələdir ki, Azərbaycan
cəmiyyəti bu vəziyyəti ümumi faciə mənbəyi hesab edir.
Təəssüf ki, bu gün biz Cənubi Qafqaz və Mərkəzi
Asiya üçün xarici təhdidlərin kəskin artmasının şahidiyik. Özü də Azərbaycanın
üzləşdiyi xarici təhdidlər dondurulmuş Qarabağ münaqişəsindən daha geniş
kontekstdə nəzərdən keçirilməlidir.
Azərbaycan sərhədlərinə çox böyük təhlükə
yaxınlaşmaqdadır və bu təhlükəni nəzərə almamaq olmaz. Söhbət bütün Yaxın Şərqdə
nüfuz və hakimiyyət uğrunda dünyanın aparıcı aktorları arasında yetişməkdə olan
müharibədən gedir. Şübhəsiz ki, bu kontekstdə sabit Azərbaycanın rolu xeyli
artır.
– İlham Əliyevin prezidentliyi dövründə Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətləri hansı istiqamətdə dəyişib? Bu dövrdə hansı mühüm qərarlar qəbul edilib?
– 2017-ci ildə ikitərəfli əməkdaşlıq mövzusu diplomatik münasibətlərin qurulmasının 25 iliyi ilə əlaqədar bizim KİV-lərdə də rəsmi səviyyədə geniş işıqlandırılıb. Qarşılıqlı dostluq səfərləri, parlamentlərarası və ictimai əlaqələrin səviyyəsi ilə bağlı çoxlu statistik məlumatlar verilib.
Əlbəttə, müasir dünyada 25 il yetərincə ciddi
müddətdir. Bu dövr ərzində, demək olar, bütün regionlarda böyük dəyişikliklər
baş verib. Milli dövlətçiliyin inkişafı ilə əlaqədar tarixi proseslərin baş
verdiyi postsovet məkanı isə lap kəskin dəyişikliklərə məruz qalıb. Mahiyyət
etibari ilə burada bir neçə mərhələ bir-birini əvəzləyib. Əlbəttə, 1990-cı illərin
Azərbaycanı da, elə həmin dövrün Rusiyası da heç də bizim indi gördüyümüz dövlətlər
deyildir. Ötən illərdə ölkələrimiz SSRİ-nin dağılmasının böhranlı nəticələrinin
aradan qaldırılmasından tutmuş, gələcəyə istiqamətlənmiş yeni inkişaf modellərinin
işlənib hazırlanmasınadək böyük yol qət ediblər. Bu yolda biz maraqlarımızı əlaqələndirmək
üçün dəfələrlə uğurlu formalar tapmışıq, bir-birimizə həqiqətən mehriban qonşu
dəstəyi göstərmişik.
Bu, iqtisadi sahədə xüsusilə aydın görünür. Məlumdur
ki, Rusiyaya münasibətdə sanksiya siyasətini Bakı dəstəkləməyib və Rusiya
istehlakçılarının təzə meyvə-tərəvəzlə təmin olunmasına sanballı töhfə verib.
Azərbaycan Avrasiya İqtisadi İttifaqının üzvü
olmayan MDB ölkələri arasında Rusiyanın əsas ticarət tərəfdaşıdır. 2017-ci ilin
yanvar-avqust aylarında Rusiya ilə Azərbaycanın xarici ticarət dövriyyəsi 1,7
milyard dollar, o cümlədən Rusiyanın ixracı 1,27 milyard dollar, idxalı isə
435,7 milyon dollar təşkil edib.
Rusiya Azərbaycana ərzaq malları və kənd təsərrüfatı
xammalı; metal və metal məmulatı; maşınlar, avadanlıq və nəqliyyat vasitələri;
ağac və sellüloz-kağız məmulatı; kimya sənayesi məhsulları; mineral məhsullar
ixrac edir. Rusiya idxalı isə ərzaq və kənd təsərrüfatı xammalı; mineral məhsullar;
toxuculuq məhsulları və ayaqqabı; metal və metal məmulatı; kimya sənayesi məhsulları;
maşınlar, avadanlıq və nəqliyyat vasitələri kimi mallardan ibarət olub. Bu gün
Azərbaycan bazarında 600-dən çox birgə şirkət, o cümlədən yüz faiz Rusiya
kapitalı ilə işləyən təxminən 200, birgə müəssisə formatında 400-dən çox şirkət
fəaliyyət göstərir. Rusiyanın Azərbaycanda cəmləşmiş investisiyaları təqribən
1,4 milyard dollardır.
Rusiya ilə Azərbaycan arasında hərbi və hərbi-texniki
əməkdaşlıq inkişaf edir. Hər iki ölkənin müdafiə idarələrinin rəhbərləri müntəzəm
olaraq qarşılıqlı səfərlər edirlər.
Şübhəsiz ki, belə mürəkkəb bir regionda daim
dəyişən konyunktura şəraitində siyasi kursun qurulmasında müəyyənedici rol dövlət
başçılarına məxsusdur. Bu gün Azərbaycana yüksək peşəkarlığa və strateji uzaqgörənliyə
malik lider İlham Əliyev rəhbərlik edir. İlham Əliyev artıq 15 ilə yaxındır ki,
idarəçilik və düzgün qərarlar qəbul etmək məharəti nümayiş etdirir. Bu, Azərbaycan
xarici siyasətinin prioritet istiqamətlərindən biri olan Rusiya ilə münasibətlərin
inkişafına da aiddir.
– Azərbaycanda prezident seçkiləri elan edilib. Seçkilər 2018-ci il aprelin 11-də keçiriləcək. Siz namizədlərin şanslarını necə qiymətləndirirsiniz?
– Azərbaycanda prezident vəzifəsinə bu və ya digər namizədin şanslarını qiymətləndirmək azərbaycanlıların öz daxili işidir.
Yalnız bunu deyə bilərəm ki, Azərbaycan dövləti
müstəqillik illəri ərzində beynəlxalq hüququn bütün tələblərinə cavab verən və
milli ənənələri nəzərə alan demokratik təsisatlar yaratmağa müvəffəq olub.
Seçki qanunvericiliyinin praktiki implementasiyası istiqamətində də böyük işlər
görülüb. İstər seçkiqabağı proses, istərsə də səsvermənin özü, habelə səslərin
hesablanması şəffaflıq şəraitində keçirilir. Praktikada bütün namizədlərin seçkiqabağı
təşviqat aparmaları üçün bərabər hüquqları təmin edilir.
Seçki prosesi Azərbaycanın daxili işidir və onun yekunları Azərbaycan xalqının iradəsini əks etdirəcək.
Newtimes.az
Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
Və Ermənistan ordusu darmadağın edildi.
Davamı...