THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Miqrasiya prosesləri: Azərbaycan təcrübəsi yeni çağırışlar kontekstində

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
37531
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 may 2022 – Newtimes.az

Hazırda dünyanın hər bir müstəqil dövləti üçün miqrasiya problemi aktualdır. İnsanların kütləvi surətdə yerdəyişməsi qloballaşma şəraitində daha çox təsirə malik olur. Koronavirus pandemiyasının yaranması və ölkələr arasında kommunikasiyada məhdudiyyətlərin tətbiq edilməsi bu istiqamətdə vəziyyətin daha da mürəkkəbləşməsinə gətirib çıxarıb. Xüsusilə müəyyən səbəblərdən münaqişələrin tüğyan etdiyi regionlarda miqrasiya kəskin problem olaraq özünü göstərməkdədir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində Cənubi Qafqazda yüzminlərlə insan yurdundan didərgin düşmüşdü. Digər tərəfdən, beynəlxalq miqyasda miqrasiya proseslərinin yeni dinamika alması və inkişaf etmiş dövlətlərin ikili standartlar siyasəti əlavə çətinliklər və ziddiyyətlər meydana gətirməkdədir. Belə bir şəraitdə Azərbaycanın miqrasiya siyasəti maraq doğurur. Biz yuxarıda vurğulanan məqamlar kontekstində son illərdə Azərbaycanda miqrasiya proseslərinin idarə edilməsi sahəsində görülən işlərə, həyata keçirilən tədbirlərə bir qədər geniş nəzər salmağa ehtiyac görürük.

Qloballaşma və miqrasiya: kəskinləşən ziddiyyətlər müstəvisində

Tarix boyu insanların qrup halında və ya kütləvi olaraq coğrafi ərazini dəyişməsi ciddi nəticələrə səbəb olub. Eramızın IV-VI əsrlərində Roma İmperiyasına hunların hücumu nəticəsində "Xalqların böyük köçü"nün Avropaya gətirdiyi ciddi sosial-mədəni, siyasi-demoqrafik və sair dəyişikliklər haqqında geniş tədqiqatlar aparılıb. Bu miqrasiyanın nəticəsində bəzi mədəniyyətlər və dövlətlər məhv olub, lakin yerlərində yeni mədəniyyətlər və dövlətlər yaranıb. Tarixin sonrakı dönəmlərində də kütləvi miqrasiyaların (hansı səbəbdən olursa-olsun) fərdlərlə yanaşı, cəmiyyətlərin və ölkələrin də taleyinə böyük təsir etdiyi barədə kifayət qədər faktlar mövcuddur. Faktlar göstərir ki, bu problem müasir tarixi mərhələdə daha da geniş təsirə malikdir. Onun əsas səbəbi qloballaşmanın yaratdığı sosial, siyasi, geosiyasi, mədəni-mənəvi və iqtisadi faktorlara bağlıdır. Belə ki, indiki mərhələdə ölkələr, dövlətlər və cəmiyyətlər bir-biri ilə daha sıx, geniş, dərin əlaqədədirlər. Bu səbəbdən hər hansı kütləvi yerdəyişmə, demoqrafik dəyişiklik zəncirvarı olaraq bütün dünyaya təsir edir.

Politoloqların araşdırmaları göstərir ki, 2020-ci ildən başlayan COVID-19 pandemiyası miqrasiya məsələsini bütün bəşəriyyət üçün yeni səviyyədə əhəmiyyətli faktora çevirib. Pandemiyanın meydana gətirdiyi və qloballaşmanın əksinə olan təcridolunma vəziyyəti ortaya xeyli sayda çətinliklər çıxarıb. Ekspertlərin araşdırmalarına görə, 2020-ci ildə pandemiya səbəbindən beynəlxalq miqrantların sayı 2 milyon azalıb. Kanadaya gedən miqrantların sayı 45 faiz azalıb. Avstraliyaya üz tutanların sayında isə azalma 70 faiz olub. Bu tendensiya bütün dünya ölkələrini əhatə edib (bax: Полетаев Д., Коробков А. Международная миграция в эпоху пандемии. Доклад Международного дискуссионного клуба "Валдай", Москва, 2021, s.3).

Buna paralel olaraq pandemiya sərt ziddiyyətlər meydana çıxarıb. Məsələn, "miqrantofobiya"nı gücləndirib. Eyni zamanda, tədqiqatçılar hesab edirlər ki, pandemiyanın miqrasiya sferasına göstərdiyi bu təsir keçici olmaya, hətta "uzun müddət davam edə və çox gözlənilməz nəticələr verə bilər".

Miqrasiya probleminin nəzəri aspektini ağırlaşdırmadan bizim məqalə üçün əhəmiyyətli olan bir özəlliyi də vurğulayaq. Məsələ ondan ibarətdir ki, regional və qlobal miqyaslarda, ümumiyyətlə, miqrasiya prosesindən sui-istifadə halları getdikcə artır. Bu, bir tərəfdən, dünyanın ayrı-ayrı regionlarında yerləşən ölkələrdə daxili sosial-siyasi və demoqrafik-iqtisadi vəziyyəti gərginləşdirir, digər tərəfdən isə, bütövlükdə, dünya təhlükəsizliyi üçün yeni risklər əmələ gətirir. Buna görədir ki, ekspertlər son zamanlar dünya səviyyəsində humanitarlaşmanın zəiflədiyini, humanitar fəlakətlərin artdığını, ümumilikdə, siyasətdə humanizm faktorunun kölgəyə atıldığını vurğulayırlar.

Bu fikirlərin əsası vardır. Məsələn, Ermənistanın və onun havadarlarının Cənubi Qafqazda apardıqları siyasət nəticəsində regional miqyasda ciddi miqrasiya, kommunikasiya və demoqrafik problemlər yaranıb. Onların aradan qaldırılması çox ciddi siyasi fəaliyyət tələb edir. Buna oxşar çətinliklər digər regionlarda da mövcuddur. Yaxın Şərqdə, Asiyada, Avropada, Afrikada kifayət qədər miqrasiya problemləri mövcuddur.

Bu istiqamətdə dərinliklərə getmədən aydın olan bir məqamı vurğulayaq: indiki mərhələdə miqrasiya məsələsinin kəskinləşməsi müstəqil dövlətlərin siyasətində ciddi surətdə müəyyən faktorları nəzərə almağı tələb edir. Daha konkret desək, dövlət və hakimiyyət elə siyasət yeritməlidir ki, miqrasiya prosesi ona mənfi təsir etməsin.

Son illərin təcrübəsi göstərir ki, özlüyündə aydın olan bu reallığa heç də hər bir dövlət başçısı adekvat reaksiya verə bilmir. Elə ölkə liderləri vardır ki, siyasi kurslarında sistemliliyi, ardıcıllığı saxlaya bilmirlər. Avropa İttifaqının bəzi ölkələrində bu problem ciddi siyasi böhranla müşayiət olunmaqdadır. Bir qisim dövlət başçıları miqrantofobiyaya və ksenofobiyaya yuvarlanıb, adi insan haqlarını belə unudurlar.

Onu deyək ki, sonuncu məqam hətta inkişaf etmiş ölkələrin liderlərinin davranışlarında, verdikləri qərarlarda və yeritdikləri siyasi kursda özünü göstərməkdədir (bu proses təəssüf ki, indi də davam edir). Bütün bunların fonunda Azərbaycan Prezidentinin həyata keçirdiyi miqrasiya siyasəti böyük maraq doğurur. Çünki bu siyasət olduqca maraqlı, sistemli, reallığa uyğun və insan faktoruna böyük önəm verən məzmuna malikdir. Bütün istiqamətlərdə olduğu kimi, miqrasiya sahəsində də Prezident İlham Əliyevin reallaşdırdığı siyasət olduqca səmərəli, faydalı və uğurludur. Bu siyasətin bir sıra məqamları üzərində bir qədər geniş dayanmaq istərdik.

Azərbaycanın miqrasiya siyasəti: regional və qlobal səviyyələrdə nümunə kimi

Dövlət başçısı İlham Əliyev həm ölkədaxili miqrasiya, həm regional miqrasiya, həm də qlobal miqyasda miqrasiya prosesləri ilə bağlı çox səmərəli siyasət yeridir. Prezident Azərbaycanın demoqrafik balansını saxlamaq üçün paytaxtla əyalət şəhərləri və mərkəzlə əyalətlər arasında həyat səviyyəsini tarazlaşdırmaq xəttini həyata keçirir. Bunun üçün Azərbaycan Prezidenti regionların xüsusi inkişafı proqramını müəyyənləşdirib və illərdir ki, onu uğurla həyata keçirir. Azərbaycanın hər bir bölgəsində yeni iş yerləri açılır, sosial təminat yüksəldilir, şəhərlər, qəsəbələr, kəndlər və yollar abadlaşdırılır, sosial-iqtisadi infrastruktur müasirləşir. Nəticədə, ölkədə, bütövlükdə, demoqrafik vəziyyət yaxşı səviyyədə yüksəlməkdədir.

Ölkədaxili miqrasiyada müsbət nəticə verən başqa aspekt insanların hüquqlarının ədalətli şəkildə təmin edilməsi ilə bağlıdır. Bu istiqamətdə də Azərbaycanda ardıcıl və dinamik siyasət yeridilir. Milli azlıqların hüquqları tam şəkildə təmin edilir. Onlar Azərbaycan rəhbərliyinin bu siyasətini tam olaraq dəstəkləyirlər və bu barədə açıq danışırlar. Azərbaycan hazırda regionun və postsovet məkanının multikulturalizm mərkəzi kimi qəbul edilir. Dünya miqyasında da bunu etiraf edirlər.

Azərbaycan Prezidentinin siyasətində humanizm, humanitarizm, demokratiklik və ədalət həmişə üstünlük təşkil edib. Bu məqamlar dövlət başçısının koronavirus pandemiyası dövründə apardığı siyasətdə qabarıq şəkildə özünü göstərmişdir.

İlham Əliyev pandemiya dövründə Azərbaycan daxilində insan faktorunu önə çəkərək və vətəndaşların sağlamlığına böyük diqqət yetirərək qətiyyətli addımlar atmışdır. Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bununla bağlı maraqlı fikir ifadə edib. Vüsal Hüseynov AZƏRTAC-da dərc olunan məqaləsində yazır: "Azərbaycanda ilk yoluxma faktının qeydə alındığı tarixdən daha əvvəl Prezidentin Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması mövcud şəraitdə idarəetmənin və kommunikasiyanın düzgün qurulmasına, həmçinin miqrasiya idarəçiliyi sahəsində çevik qərarların qəbul olunmasına imkan yaradıb. Pandemiya dövründə, Prezidentin təbirincə desək, "insan sağlamlığı, insan həyatı və insanların sosial müdafiəsi dövlətimiz üçün prioritet məsələyə çevrildi".

Prezident İlham Əliyevin miqrasiya siyasəti regional və dünya miqyasında da proseslərə çox güclü təsir göstərməkdədir. Hələ İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan lideri insanların öz yurdlarından didərgin salınmasına qarşı güzəştsiz mübarizə aparırdı və azərbaycanlılarla yanaşı, ermənilərin də ölkəmizdə bərabərhüquqlu vətəndaş kimi yaşaya biləcəklərini önə çəkirdi. 44 günlük Zəfər müharibəsindən sonra da Azərbaycan Prezidenti eyni mövqedədir. Azərbaycanın Qarabağ bölgəsində ermənilərin sakit və rahat şəraitdə yaşaya biləcəklərini İlham Əliyevin son Brüssel görüşündə də təsdiq etməsi bunun əyani nümunəsidir. Təbii ki, dövlət başçısı öz doğma tarixi torpaqlarından deportasiya edilmiş azərbaycanlıların da pozulmuş hüquqlarının təmin edilməsini qəti şəkildə qoymaqda davam edir. Şübhə yoxdur ki, Azərbaycan Prezidenti bu istiqamətdə də qələbə əldə edəcək, çünki dövlət başçısı ədalətli, hüquqa uyğun, əməkdaşlığa istiqamətlənmiş siyasət həyata keçirir.

İlham Əliyevin qlobal miqyasda miqrasiya sferasında həyata keçirdiyi siyasətin konkret əlamətləri ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi müddətində özünü qabarıq göstərdi. Bütövlükdə, Azərbaycanın dövlət başçısı müxtəlif regional və beynəlxalq təşkilatlarda pandemiyaya qarşı birgə mübarizəyə səsləyir və həm də konkret təşəbbüslərlə çıxış edirdi. Bu prosesin fonunda Azərbaycan dövlət olaraq bir sıra ölkələrə pandemiya ilə mübarizədə tibbi, maliyyə və mənəvi yardımlar edib. Bununla neçə-neçə insanın həyatı xilas edilib və onlar öz yurdlarında qala biliblər.

Xüsusi vurğulamaq lazımdır ki, inkişaf etmiş Avropa dövlətlərinin miqrantofobiya, ksenofobiya və islamofobiya siyasətinə yuvarlandığı bir dönəmdə İlham Əliyevin fəaliyyəti bütün dünya üçün əsl nümunə kimi qiymətləndirlir. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatı və BMT çərçivəsində xüsusi tədbirlərin təşəbbüskarı kimi çıxış edərək müasir siyasətdə əsl humanitarizm, humanizm, hüququ gözləyən və ədalətli olan lider kimi özünü təsdiq edib. Əhəmiyyətlidir ki, Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi Prezident İlham Əliyevin bu fəaliyyətini dərindən qəbul edir və onu fəaliyyətində təsdiqləyir. O cümlədən İlham Əliyevin qlobal səviyyədə mühüm addımlar atmasından irəli gələn vəzifələri yerinə yetirmək üçün Miqrasiya Xidməti fəallıq göstərir, bütün tapşırıqları yerinə yetirmək istiqamətində çalışır. Məsələn, "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündən irəli gələn məsələlərin müzakirəsi məqsədilə 2020-ci il mayın 7-də Azərbaycan Respublikasının sədrliyi ilə təşkilata üzv və müşahidəçi dövlətlərin miqrasiya orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin videokonfrans vasitəsilə iclası keçirilib, miqrasiya sahəsində maraq doğuran məsələlər, eləcə də mövcud vəziyyətlə əlaqədar əməkdaşlıq müzakirə olunaraq birgə fəaliyyətin daha da genişləndirilməsi məqsədilə işçi qrupu təsis edilib". Ümumilikdə, Miqrasiya Xidmətinin dövlət başçısının tapşırıqları əsasında fəaliyyəti çoxşaxəli, əhatəli və sistemlidir. Məsələnin bu aspekti üzərində bir qədər geniş dayanmağa ehtiyac vardır.

Dövlət Miqrasiya Xidməti: fəaliyyət istiqamətləri

Dövlət Miqrasiya Xidməti dövlət başçısının müəyyən etdiyi istiqamətlərdə miqrasiya sahəsində çevik qərarların qəbul edilməsi zərurətini dərindən anlayır. Bu qurum preventiv addımlarını atmaqdadır. Xüsusilə pandemiya dövründə dövlət sərhədlərində hərəkətlərin məhdudlaşdırılması şəraitində miqrasiya xidmətinin daha operativ və dəqiq olması lazım gəlir. O cümlədən məhdudiyyətlər səbəbindən olduqları ölkəni tərk edə bilməyən əcnəbilərin hüquqi statusunun müəyyənləşdirilməsi, qaçqın statusu əldə etmək üçün müraciət edən şəxslərin vəziyyəti, qanunsuz miqrantlar barəsində görüləcək tədbirlərin aktuallaşması DMX-nin fəaliyyətinə ayrıca yön verməkdədir. Bu vəzifənin öhdəsindən layiqincə gəlindiyi faktlarla təsdiq olunur.

Bütün bu kimi məqamları nəzərə alaraq, Dövlət Miqrasiya Xidməti Azərbaycanın miqrasiya idarəçiliyinin elektron xidmətlərdən istifadəsinin təşviqini intensiv surətdə aparır. Qurum miqrasiya ilə bağlı olan kommunikasiyanı gücləndirir. Miqrasiya proseslərinin bütün iştirakçıları ilə əməkdaşlığı genişləndirir.

Əcnəbilərin rahatlığını tam təmin etmək, insan sağlamlığını qorumaq üçün miqrasiya xidmətləri ilə bağlı tətbiq olunan inzibati prosedurlar xeyli dərəcədə sadələşdirilib. Göstərilən xidmətlərin daha əlçatan, operativ və əlverişli olması məqsədilə elektron xidmətlərin sayı artırılıb. Bundan başqa, xidmətin mobil tətbiqi (MigAz) üzərindən müraciət imkanları genişləndirilib.

Bunun nəticəsidir ki, 2020-ci ildə "iş və yaşama icazələri ilə bağlı elektron müraciətlərdən istifadə edənlərin sayı 8,5 dəfə artıb". Müxtəlif dillərdə maarifləndirici və məlumatlandırıcı vəsaitlər hazırlanıb. Videotəlimatlar, həmçinin uyğun mexanizmlər haqqında informasiyalar Miqrasiya Xidmətinin rəsmi veb-səhifəsi, "WhatsApp" əlaqə vasitəsi, MigAz mobil tətbiqi və 919 – Çağrı Mərkəzi, sosial şəbəkə hesabları (Facebook, Twitter, YouTube, Instagram, Telegram) da daxil olmaqla Kütləvi İnformasiya Vasitələri ilə hədəf qruplarına çatdırılıb. Bu bağlılıqda "fasiləsiz fəaliyyət göstərən və ölkə xaricindən gələn zənglərə də açıq olan, bu dövrdə gücləndirilmiş iş rejiminə keçirilməklə yanaşı, işçi qüvvəsi və texniki imkanları artırılmış Çağrı Mərkəzinə 2020-ci ildə edilən zənglərin sayı 2019-cu illə müqayisədə 2,2 dəfə artıb".

Dövlət Miqrasiya Xidməti fəaliyyətində beynəlxalq hüquq normalarına dəqiq əməl edir. Bu, başqa istiqamətlərlə yanaşı, pandemiya dövründə sığınacaq axtaran şəxslər və qanunsuz miqrantlarla bağlı həyata keçirilən tədbirlərdə öz əksini tapıb. Məsələn, ən ağır dövrlərdə belə, DMX qaçqın statusunun əldə edilməsi üçün müraciətlərin qəbulunu davam etdirib. Bu istiqamətdəki fəaliyyətdə sənədləşmə elektron qaydada təmin edilib ki, bu, öz növbəsində innovativ yanaşma kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ən yaxşı təcrübə olaraq qiymətləndirilib.

Burada bir məqamı mütləq vurğulamaq gərəkdir. Məlumdur ki, Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiya ilə mübarizə sahəsində daim müvafiq inzibati tədbirlər görür. Bununla yanaşı, Xidmətin fəaliyyət fəlsəfəsində qanuni miqrasiyanın təşviq edilməsi ayrıca yer tutur. Bu kimi işlərin nəticəsidir ki, 2020-ci ildən başlayaraq Azərbaycanda qeyri-qanuni vəziyyətdə olan miqrantların ümumi sayı iki dəfə azalıb. Belə bir nəticəyə cəza tədbirləri ilə deyil, təşviq və təbliğ, qanunların tam tətbiq edilməsi sayəsində gəlinib.

Miqrasiya Xidmətinin "Miqrasiya Könüllüsü" İctimai Birliyi və digər tərəfdaşlarla birgə sosial yardım layihələrinin reallaşması da öz bəhrəsini verməkdədir. İndi Azərbaycan vətəndaşları ilə yanaşı, burada məskunlaşan qaçqınlar və sığınacaq axtaran insanlara da pulsuz tibbi yardım göstərilir. Həmin qrupdan olan şəxslər ödənişsiz vaksinasiya edilib.

Bütün bunlarla yanaşı, dövlət başçısının tapşırığı ilə DMX-nin rəhbərliyi fəaliyyətini daha da genişləndirərək beynəlxalq təşkilatlarda fəallığını yeni səviyyəyə qaldırmağa nail olub. Bu ilin may ayının son ongünlüyündə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçirilən "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt"ın icrasının qiymətləndirilməsi üçün əsas hökumətlərarası qlobal platforma rolunu oynayan ilk Beynəlxalq Miqrasiya İcmalı Forumunda Azərbaycan nümayəndələri aktiv iştirak edib. Dövlət Miqrasiya Xidmətinin rəhbəri tədbirdə çıxış edib. Azərbaycanın regionda bu sənədə qoşulan ilk ölkələrdən biri olduğu ayrıca vurğulanıb. Sevindiricidir ki, forumda Miqrasiya üzrə Qlobal Paktın icrasında Azərbaycan "Çempion ölkə" statusunda iştirak edib.

Tədbirdə o da qeyd edilib ki, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə Azərbaycanın birgə təşəbbüsü olan Miqrasiya üzrə Regional Təlim Mərkəzi yaradılıb. Bu "Mərkəzin regional səviyyədə miqrasiya sahəsində aparıcı təlim və tədqiqat müəssisəsi olması istiqamətində işlər" görülür. Bunlarla yanaşı, Azərbaycanda BMT-nin Miqrasiya Şəbəkəsi yaradılıb.

Onu da vurğulayaq ki, Azərbaycan Beynəlxalq Miqrasiya İcmalı Forumu çərçivəsində keçirilən dəyirmi masaya həmsədrlik edib. Bu isə ölkəmizin həmin qurumda kifayət qədər yüksək nüfuza sahib olmasına dəlalət edir.

Azərbaycan tərəfinin Forumda xüsusi olaraq 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda miqrasiya məsələsinə də diqqət yetirməsi tamamilə başadüşüləndir. Çünki Azərbaycan rəhbərliyi hazırda regional əməkdaşlığın, insanlar arasında ünsiyyətin, kommunikasiyaların açılmasının əsas təşəbbüskarıdır. Dövlət Miqrasiya Xidməti də məhz dövlət başçısının həmin istiqamətdə apardığı siyasətin miqrasiya aspektini beynəlxalq təşkilatlarda təşviq etməlidir. Həmin bağlılıqda yeni bir faktı vurğulamaq lazımdır.

Biz, 2021-ci il üzrə "Avropa İttifaqının Biznes Mühiti Hesabatı"nı nəzərdə tuturuq. Bu hesabatda ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlər və sahibkarlar tərəfindən miqrasiya idarəçiliyi əlverişli biznes mühiti üçün ən yaxşı göstəricilərdən biri kimi qeyd edilib. Eyni zamanda, Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti 5 təkmilləşdirilmiş islahatdan biri kimi göstərilib. Həmçinin miqrasiya siyasəti ölkədə investisiya mühiti üçün ən yüksək qiymətləndirilən ilk 3 yerli göstəricidən biri kimi müəyyən edilir.

Buna əsas səbəb kimi Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən xidmətlərin keyfiyyəti, rəqəmsallaşma səviyyəsi, özəl sektorla qurulmuş sıx tərəfdaşlıq göstərilir. Bunlarla yanaşı, pandemiya dövründə özəl sektor da daxil olmaqla bütün maraqlı tərəflərin rahatlığına hədəflənmiş miqrasiya idarəçiliyinin həyata keçirilməsi ayrıca vurğulanır. Şübhə yoxdur ki, DMX vurğulanan istiqamətlərdə fəaliyyətini daha məqsədyönlü qurmaqda davam edəcək və yeni-yeni uğurlara imza atacaqdır.

Bütün bunlar Dövlət Miqrasiya Xidmətinin Prezidentin müəyyən etdiyi miqrasiya siyasətini həyata keçirmək üçün böyük zəhmətlə çalışdığını göstərir. Dövlətçilik üçün strateji əhəmiyyəti olan bu qurumun fəaliyyətini bundan sonra da yüksək səviyyədə qurmağa davam edəcəyinə əminik.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...