THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan-Aİ münasibətləri yeni səviyyədə: Azərbaycan Prezidentinin aparıcı rolunun geosiyasi əhəmiyyəti

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10894
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 15 fevral 2022 – Newtimes.az

İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Zəfər qazanması geosiyasi proseslərə yeni dinamika gətirdi. Cənubi Qafqazda indiyə qədər müşahidə edilməyən geosiyasi mənzərə yaranmağa başladı. Bu reallığı ilk olaraq Türkiyə və Rusiya gördü və qəbul etdilər. Hazırda Azərbaycan regionun hər iki böyük dövləti ilə bütün istiqamətlərdə sıx əməkdaşlıq edir. Lakin, təəssüf ki, Avropa İttifaqının (Aİ) aparıcı dövlətləri həmin reallığı təxminən bir il qəbul etmək istəmədilər. Nəticədə, Aİ-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı ekspert analizlərinin sayı artmağa başladı. Nəhayət, 2020-ci ilin dekabrında Brüsseldə keçirilən tarixi görüş situasiyanı müsbətə doğru dəyişdi. Biz, bu yazıda həmin görüşdən sonra Aİ-Azərbaycan münasibətlərinin dinamikasının geosiyasi aspekti üzərində dayanacağıq.

Cənubi Qafqazda geosiyasi proseslər: tarix və müasirliyin kontekstində

Cənubi Qafqaz tarixən ziddiyyətli və mürəkkəb geosiyasi məkan olub. Bu region uğrunda böyük dövlətlərin mübarizəsi də gərginliyi və güzəştsizliyi ilə seçilib. XX əsrin sonu – XXI əsrin ilk iki onilliyi Cənubi Qafqazın geosiyasi dinamikası və mənzərəsinə nəinki müəyyən aydınlıq gətirib, hətta yeni risklər, təhdidlər meydanına çevirib. Bunu bu coğrafiyada yerləşən dövlətlər öz üzərlərində hiss ediblər.

Ekspertlər XXI əsrdə Cənubi Qafqazda geosiyasi təsir gücünə malik olan bir neçə faktoru müəyyənləşdirirlər. Onların sırasında ilk yerdə müxtəlif təbiətli münaqişələr dayanır. Bunları müəlliflər etnik, dini və s. adlandırırlar. Lakin bu təsnifatın kökündə geosiyasi xarakterli səbəblərin dayandığı da inkar edilmir. Həmin səbəbdən Cənubi Qafqazda münaqişələrdə böyük dövlətlərin siyasi, ideoloji, təbliğati və hərbi-təhlükəsizlik fəaliyyətlərini də vurğulamaq lazımdır.

Belə çıxır ki, bu regionda adətən ölkələr arasında müşahidə edilən münaqişələrin arxasında fövqəldövlətlərin yerli ölkələrə təsiri də dayanır. Həmin baxımdan konkret hansı güclərin Cənubi Qafqaza təsir göstərdiyi məsələsinin geosiyasi analizi önəm kəsb edir. Ekspertlərə görə, bu aspektdə ABŞ, Rusiya, Türkiyə, İran və Avropa İttifaqı daha çox fəallıq göstərirlər. Çin son illər kifayət qədər geosiyasi təsiri olan addımlar atır. Lakin hələlik Pekin yuxarıda vurğuladığımız ölkələr qədər öz gücünü büruzə vermir. Əvəzində, Çinin regionda iqtisadi və humanitar sferalarda getdikcə daha qətiyyətli addımlar atdığını müşahidə edə bilərik.

Deməli, XXI əsrin üçüncü onilliyinə region dövlətləri geosiyasi kontekstdə heç də sadə olmayan vəziyyətdə gəlib çıxıblar. Burada öncə siyasi-nəzəri əhəmiyyətli bir neçə məqamı vurğulamaq gərəkdir. Sirr deyil ki, Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ başlayıb. Keçən əsrin 90-cı illərində böyük dövlətlər regionda müstəqillik əldə etmiş ölkələrə qarşı "köhnə bölgəçilik" konsepsiyası prizmasından baxırdılar. Yəni, əsas olaraq özlərinin maraqlarının təmininə üstünlük verir və bunun fonunda yerli dövlətlərə "dediyimizi qəbul et" məntiqi ilə yanaşırdılar. Bunu reallaşdırma mexanizmləri isə sözdə demokratiya, insan haqları və texniki yardım proqramlarından ibarət idi. Bu xətti əsas olaraq ABŞ və daha çox Aİ yeridirdi. Xüsusilə Avropa İttifaqının müxtəlif proqramları mövcud idi (məs., TASİS, TRASEKA, İNOGEYT və s.).

Nəticədə, XXI əsrin ilk onilliyində regionda vəziyyət daha da mürəkkəbləşdi. 2008-ci ildə Gürcüstanda hərbi-siyasi böhran meydana gəldi. Bundan sonra Ukraynada Rusiya ilə bağlı yeni enerji böhranı yarandı. Bu isə ABŞ və Aİ kimi güclərin Cənubi Qafqaz-Qara dəniz hövzəsi siyasətində müəyyən düzəlişlər etməsi zərurətini ortaya çıxardı. Avropa İttifaqı 2015-ci ildən başlayaraq xarici siyasətində, o cümlədən Cənubi Qafqaz istiqamətində düzəlişlər etdi.

Bu mərhələdə geosiyasi aspektdə çox mühüm rol oynayan bir faktoru vurğulamalıyıq. 2015-ci ilə qədər olan geosiyasi proseslər göstərdi ki, Cənubi Qafqazda yalnız Azərbaycan müstəqil xarici siyasət yeridir. Ermənistan Rusiyanın forpostu kimi qalmaqda davam edir, rəsmi Tbilisi isə Rusiyadan aldığı güclü zərbədən sonra Qərbə sığınmağa çalışırdı. Bu cür vəziyyət geosiyasi aspektdə regionda yerli güclərin parçalanması demək idi. Yəni, artıq XXI əsrin birinci onilliyində siyasi nəzəriyyələrdə "konfrontasiya" adlanan xətt Cənubi Qafqazda oturuşdu.

Bu cür mürəkkəb vəziyyətdə rəsmi Bakı uğurlu xarici siyasəti ilə böyük güclərin maraqlarını milli maraqlar kontekstində tarazlaşdıra bildi. Müstəqil xarici siyasət və sürətli dövlət quruculuğu Bakıya dayanıqlı və davamlı uğurlar əldə etməyə imkan verdi. Artıq 2016-cı ildə Azərbaycan postneft mərhələsinin başladığını elan etdi. Bu əsasda xarici siyasətdə də yeni çalarlar özünü göstərməyə başladı. İnformasiya müharibəsində də geniş və əhatəli fəaliyyət, sosial-iqtisadi islahatların yeni səviyyədə və regionları da sıx əhatə etməklə aparılması kursu seçildi, ordu quruculuğu daha intensiv xarakter aldı və Azərbaycan regional əməkdaşlığın yeni formatlarını işlədi.

Məhz belə bir şəraitdə Avropa İttifaqı yeni hədəflər müəyyənləşdirərək Azərbaycanla inklüziv, dinamik və əsasən sosial-iqtisadi, enerji, nəqliyyat layihələrinin, idarəetmənin daha da şəffaflaşmasını nəzərdə tutan proqramların icrasına başladı. Bəlkə də tarixin qanunauyğunluğu idi ki, Azərbaycan məhz 2020-ci ildə bir daha Aİ-nin region siyasətinə yenidən düzəliş etməsini şərtləndirən və Avropa məkanında öz geosiyasi təsiri ilə yaddaşlarda dərin iz buraxan addım atdı.

Böyük Zəfərdən sonra: reallıq və etirafın siyasi əhəmiyyəti

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun cəmi 44 gün davam edən müharibədə tarixi Qələbə qazanması sayəsində Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərinin, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinin həll edə bilmədiyi münaqişəni təkbaşına siyasi-hərbi yolla həll etdi, beynəlxalq hüququn, BMT və digər beynəlxalq təşkilatların münaqişəyə dair qəbul etdiyi sənədlərin tələblərini yerinə yetirdi. Bu, bəzi ölkələrin daha praqmatik davranmaq kursu seçməsinə əsas oldusa da, Avropada bəzi dairələri qısqandırdı. Onlar 2020-ci ilin dekabr ayına qədər köhnə insan haqları, xristian mədəniyyətinin qorunması, başqa ölkəyə "təcavüz" (bu, ən gülməlisi idi), Azərbaycan və Türkiyənin Qarabağda terror törətməsi haqqında ağılsız tezislər irəli sürülməsi kimi tərəddüdlü gedişlər etdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin çox ədalətli, demokratik, təmkinli, praqmatik, 2020-ci il 10 noyabr Bəyanatının şərtləri çərçivəsində atdığı addımlar həmin dairələri mövqelərinə düzəlişlər etməyə məcbur etdi. Və artıq 2020-ci ilin sonlarından Aİ-Azərbaycan münasibətlərində yeni perspektivli mərhələ başladı.

Onu vurğulayaq ki, Azərbaycan Prezidenti bu mərhələdə də tərəflər arasında konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələrin inkişafının memarı oldu. Xüsusilə Fransanın sırf ermənipərəst mövqeyinin dəyişməsi İlham Əliyev siyasətinin böyük uğurlarındandır. Azərbaycan Prezidenti Fransanın dövlət başçısının yanlış mövqeyini acıq qeyd etməklə yanaşı, əməkdaşlıq qapısını da bağlamadı. Tədricən Aİ ölkələri "münaqişəni biz həll etməliyik" məntiqini kənara qoydu. Çünki münaqişə artıq həll olunmuşdu və dünyanın böyük geosiyasi gücləri bu həqiqəti rəsmən qəbul etməli idilər.

Avropa onu qəbul etdi. Lakin öncə yenə də Ermənistanı müdafiə etməyə davam etdilər. Bu, Cənubi Qafqaz ölkələrinə ayrılan maliyyə yardımının həcmində və Qarabağa tarix və mədəniyyət abidələrinin vəziyyəti ilə bağlı komissiya göndərilməsinə qarşı inadkarlıqda özünü göstərdi. Bundan başqa, Brüssel geosiyasi kontekstdə Cənubi Qafqazda mənzərənin artıq postmünaqişə və postmüharibə dövrünə qədəm qoyduğunu qəbul etmək istəmirdi. Tərəflər arasında əlaqələrin yeni səviyyəyə yüksəlməsinə (ilk növbədə enerji və nəqliyyat-logistika istiqamətlərində) bu yersiz inadkarlıq mənfi təsir etdi. Bunun nəticəsində də Azərbaycan Rusiya ilə strateji münasibətlərini inkişaf etdirdi, Türkiyə ilə birgə geosiyasi güc kimi çıxış etməyə başladı.

Beləliklə, 2020-ci ilədək Avropa İttifaqının Azərbaycanla münasibətlər məsələsində çevik qiymətləndirə bilmədiyi və geosiyasi əhəmiyyəti olan üç istiqamət vardı. Birincisi, Aİ Azərbaycan rəhbərliyinin müstəqil dövlət quruculuğu kursunun çox ciddi geosiyasi, siyasi-iqtisadi, elmi və ideoloji əsası olduğunu dərk etmədi. İkincisi, 2019-cu ildən Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin əhəmiyyətini qəbul etmək istəmədi. Azərbaycan isə həmin təşkilat daxilində region və dünya üçün vacib olan və əməkdaşlığa, təhlükəsizliyin təmininə, yoxsul ölkələrə humanitar münasibətin formalaşmasına, ədalət və hüququn təmin edilməsinə, pandemiya ilə mübarizədə birgə fəaliyyətə üstünlük verilməsinə böyük töhfələr verdi. Üçüncüsü, Aİ Azərbaycanı daha çox enerji mənbəyi kimi gördü, lakin regionun lideri və əsas geosiyasi gücü olmasını görə bilmədi. Bunun işığında Azərbaycanın İkinci Qarabağ müharibəsində rəşadətli qələbəsinin geosiyasi qiymətini düzgün vermədi (ilk zamanlarda).

Bu vəziyyətdən aşağıdakı başlıca geosiyasi nəticəni çıxara bilərik: Avropa İttifaqı Azərbaycanı regionun aparıcı geosiyasi faktoru kimi qəbul etməsə idi, təşkilatın Cənubi Qafqazda perspektivi olmayacaqdı. Bunu hətta avropalı ekspertlər də indi etiraf edirlər. Həmin səbəbdən son dövrlərdə Brüssel regionda fəallığını əsas olaraq Azərbaycana stavka edərək artırır və faktlar göstərir ki, indi Brüssel daha uğurlu görünür. Hansı məqamlarda bu, belədir?

Hesab edirik ki, bu prosesdə "Şərq tərəfdaşlığı" proqramının VI sammiti çərçivəsində 2021-ci il dekabrın 15-də Brüsseldə aparılan müzakirələr ciddi və bəlkə də həlledici rol oynadı. Aİ-nin dəvəti ilə İlham Əliyev Brüsselə səfər etdi. Bu səfəri Rusiya da müsbət qiymətləndirdi. Bu görüş Brüsselin 44 günlük müharibənin real nəticələrini inkar etməsi sonucu olaraq bir ildən çox gecikdi. Prezident İlham Əliyev Brüsseldə Aİ rəsmilərinə Azərbaycanın tarixi ədaləti bərpa etməsi faktı qəbul edilməyincə hər hansı əməkdaşlığın baş tutmayacağını anlatdı. İndi ekspertlər haqlı olaraq Azərbaycanın dövlət başçısının bu mücadiləsini tarixi və diplomatik nailiyyət adlandırırlar.

Avropanın siyasi-diplomatik fəthi

Doğrudan da, İlham Əliyev 2021-ci ilin dekabrında Brüsseldə bir neçə istiqamətdə rəsmi Bakının haqlı mövqeyinin qəbul edilməsinə nail oldu. Birincisi, Cənubi Qafqazda artıq Ermənistan-Azərbaycan münaqişəsinin həll edildiyini qətiyyətlə bəyan etdi. Bu, prinsipial olaraq Avropa İttifaqının regionda siyasətini həmin faktı nəzərə alaraq yeritməsinə çağırış idi.

İkincisi, Aİ postmünaqişə və postmüharibə mərhələsində regionda dialoq, əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsi, xalqlar arasında ünsiyyətin və bütövlükdə kommunikasiya kanallarının açılmasına dəstək verə bilər və verməlidir.

Üçüncüsü, Aİ Azərbaycan və Türkiyənin təşəbbüsü olan "3+3" təhlükəsizlik və regional əməkdaşlıq formatına dəstək verməlidir.

Dördüncüsü, Avropa İttifaqı Zəngəzur dəhlizinin açılmasına yardım etməlidir.

Beşincisi, Brüssel Birinci Qarabağ müharibəsi zamanı "itkin düşmüş" kateqoriyasına aid edilən Azərbaycan vətəndaşları haqqında həqiqətin üzə çıxarılmasına yardım etməlidir.

Altıncısı, Aİ Azərbaycan mədəniyyəti nümunələrinin Qarabağda və Ermənistanın özündə dağıdılması, dini məbədlərin təhqir edilməsi hallarının obyektiv araşdırılmasına yardım göstərməlidir.

Nəhayət, yeddincisi, Brüssel "Şərq tərəfdaşlığı" çərçivəsinə Cənubi Qafqaz ölkələrinə ayırdığı maliyyə yardımının həcminə və paylanma nisbətinə yenidən baxmalı, ədalətli bölgü aparmalıdır.

Dünyanın heyrətlə dinlədiyi bu şərtləri Aİ rəhbərliyinin qəbul etməsi də eyni heyrətlə izlənildir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüssel görüşündən sonra verdiyi bəyanatda Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasını vacib saydığını ifadə etdi. Şarl Mişel 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarında irəli sürülən şərtlərin yerinə yetirilməli olduğunu xüsusi vurğuladı. Bu iki bənd onu göstərirdi ki, Avropa İttifaqı faktiki olaraq həm İkinci Qarabağ müharibəsinin nəticələrini, həm də Rusiya və Türkiyənin regionda sülhün bərqərar olması üçün atdıqları addımları dəstəkləyir.

Ekspertlər Ş.Mişelin bəyanatında münaqişə başlayandan ilk dəfə olaraq itkin düşmüş şəxslərin taleyinin araşdırılması haqqında fikir bildirməsini xüsusi nailiyyət kimi qiymətləndirirlər. Bununla yanaşı, həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstəyin bəyanatda yer almasının əhəmiyyəti vurğulanıb. Aİ çox mühüm əhəmiyyəti olan sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində məşvərətçi statusda dəstək verilə biləcəyini ifadə edib.

Bəyanatda regional miqyasda kommunikasiya infrastrukturunun yaradılmasına və ölkələr arasında əlaqəni təmin edən kanalların açılmasına və eləcə də onların daim inkişaf etdirilməsinə Brüsselin dəstəyi öz əksini tapdı. Avropa İttifaqının bu prosesə maliyyə dəstəyi verəcəyi bildirildi.

Bəyanatda Zəngəzur dəhlizinin açılması zərurəti xüsusi yer tutub və dəmir yollarında gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı lazımlığı vurğulanıb. Məlumdur ki, bu sonuncu şərti Aİ və rəsmi İrəvan qəbul etmək istəmirdi, lakin İlham Əliyevin qətiyyətli mövqeyi situasiyanı dəyişdi – onlar mövqelərinə düzəliş etdilər.

Aİ Şurasının Prezidentinin bəyanatında geosiyasi, siyasi və strateji əhəmiyyəti böyük olan bir məqam da əksini tapdı. Ş.Mişel sənəddə "Dağlıq Qarabağ münaqişəsi", "status" kimi ifadələrdən istifadə etmədi, Minsk qrupunun adını çəkmədi. Ekspertlər bu məqamı ermənilərin iddia etdikləri status məsələsinin Aİ-nin də gündəmindən çıxarılması kimi qiymətləndirirlər.

Şübhə yoxdur ki, yuxarıda vurğulanan məqamları Aİ-nin qəbul etməsi Prezident İlham Əliyevin diplomatiyada tarixi uğurudur. Çünki bu vəziyyət həm Azərbaycanın xarici siyasəti üçün yeni imkanlar yaradır, həm də dünyanın böyük geosiyasi güclərindən olan Avropa İttifaqının Cənubi Qafqaz siyasətinə yeni prinsipial düzəlişlər etməsini şərtləndirir. Yekun olaraq belə qənaət əldə edilir ki, dünyanın bütün böyük geosiyasi gücləri Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul ediblər və Qarabağda aparılan yenidənqurma prosesinə bu və ya digər dərəcədə dəstək verəcəklər.

Həmin kontekstdə Fransa faktorunun zərərsizləşdirilməsi xüsusi önəm kəsb edir. Çünki rəsmi İrəvan bu ölkəyə çox arxalanırdı və Ermənistanın "frankomaniyası" ifrat forma almışdı. Prezident E.Makronun zaman-zaman diplomatik əndazəni belə aşan ermənipərəstliyinə həm Fransadakı sağlam diplomatik kəsim, həm də Azərbaycan Prezidentinin qətiyyətli və ədalətli mövqeyi yerini göstərdi.

Brüsseldə Makronun iştirakı ilə İlham Əliyev-Nikol Paşinyan görüşünün təşkil edilməsi də bu baxımdan maraqlıdır. Eyni zamanda, Brüssel görüşü Azərbaycanın Cənubi Qafqazda yaratdığı sülh gündəmini Aİ-nin qəbul etdiyini ifadə edir. Bu fikirlərin doğruluğunu Brüssel görüşündən sonra Aİ-Azərbaycan münasibətlərində müşahidə edilən proseslər də təsdiq edir.

Həmin çərçivədə 2022-ci ilin fevralında Avropa İttifaqı ilə Azərbaycan arasında keçirilən iki görüş böyük əhəmiyyət kəsb edir. Onların hər ikisi eyni gündə – bu il fevralın 4-də keçirildi. Onlardan biri Fransa Prezidenti Emmanuel Makronun və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında videokonfrans formatında keçirilən görüşdür. Digəri həmin gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısıdır. Əlamətdardır ki, toplantıya Avropa İttifaqı energetika məsələləri üzrə komissar xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə qatıldı. Geosiyasi aspektdə əhəmiyyətlidir ki, bu toplantılar tərəflər arasında münasibətlərin perspektivləri baxımından niyyətcə bir-birini tamamlayır. Bunu söylənən fikirlərdən görmək olar.

Əliyev-Paşinyan görüşü Avropa İttifaqının sədri qismində Fransa Prezidentinin təşəbbüsü ilə keçirildi. Görüşdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması müzakirə olundu. Brüsseldə təsbit edilmiş uğurlu sülh gündəliyinin davamı olan üçtərəfli müzakirələr göstərdi ki, həmin görüşün gündəliyi Azərbaycanın mövqeyinin və maraqlarının əsasında formalaşdırılıb. Bu da tamamilə məntiqidir və regiondakı reallığa uyğundur. Dolayısı ilə Fransa rəhbərliyi ilk dəfə olaraq səssiz də olsa, qəbul etdi ki, münaqişə başa çatıb, indi əməkdaşlıq və sülh mərhələsidir və Paris postmünaqişə mərhələsindən kənarda qalmaq istəmir.

Görüşün nəticələrinə dair birgə bəyanatda "Dağlıq Qarabağ münaqişəsi", "status" kimi ifadələrdən istifadə edilməyib. Minsk qrupunun da adı çəkilməyib. Bütövlükdə Azərbaycan ilə Ermənistan arasında münasibətlər ölkəmizin mövqeyi əsasında postmünaqişə prizmasından əlaqələrin normallaşdırılması, sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası, etimad quruculuğu və humanitar mövzular əsasında müəyyənləşdirilir.

Bu kontekstdə Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi bəyan edib ki, "Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb. Biz Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə, sərhədlərin delimitasiyası və demarkasiyası, ərazilərin minalardan təmizlənməsi məsələlərində hər cür dəstək verməyə hazırıq. Uzunmüddətli sülh kiçik addımlardan başlayır".

O.Varhelyi onu da vurğulayıb ki, Cənubi Qafqazda sülh mütləq təmin edilməlidir, çünki onsuz regionda iqtisadiyyatın inkişafı reallaşmayacaq. Bu, yuxarıda vurğuladığımız videoformatdakı görüşdə də başlıca müzakirə istiqamətlərindən biridir. Həmin prizmadan Brüssel Cənubi Qafqaz iqtisadiyyatının inkişafına istiqamətlənmiş iqtisadiyyat və sərmayələr planına böyük əhəmiyyət verməkdədir. O.Varhelyinin "bizim Azərbaycan kimi etibarlı tərəfdaşa ehtiyacımız var" sözləri siyasi münasibətlərin inkişaf baxımından vacib faktordur.

"Cənub qaz dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı bir daha təsdiqlədi ki, Azərbaycanın təşəbbüsləri ilə ərsəyə gələn enerji layihələri onun bütün iştirakçıları tərəfindən yüksək dəyərləndirilir. Avropa İttifaqının komissarlarının, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksəksəviyyəli nümayəndələrinin toplantıda iştirak etmək üçün Bakıya gəlmələri bunu təsdiq edir.

Prezident İlham Əliyevin toplantıda iştirak etməsi tədbirin əhəmiyyətinə bir daha diqqət çəkir. Dövlət başçısı toplantıda çıxış edib və çox dərin məzmunlu nitqində maraqlı tezislər irəli sürüb. İlham Əliyev nitqində ifadə edib: "...bizim gördüyümüz işlərin çox sayda müsbət nəticələri var. Bir daha qeyd edim ki, biz bu yola çıxanda işlərin necə olacağı çox aydın deyildi. Biz əməkdaşlığın yeni formatına qədəm qoymuşduq, bu ölkələrin bəziləri ilə bizim heç vaxt bu formatda əməkdaşlığımız olmamışdı. Lakin bu, uğurlu oldu. Çünki biz səmimi, açıq və vicdanlı idik və eyni məqsədimiz var idi. Məqsədimiz budur, layihələr müxtəlif ola bilər, lakin əməkdaşlığın ruhu bizə planlaşdırdığımız hər şeyə nail olmağa kömək edəcək".

Bu fikirlərin fonunda Məşvərət Şurasının iclasında iştirak edən Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simsonun aşağıdakı fikri, bizcə, əhəmiyyətlidir. Avropa təmsilçisi deyib: "Artan enerji qiymətləri və sərt qaz təchizatı ilə dəhlizin rolu Avropa İttifaqı üçün heç vaxt görünməyən strateji əhəmiyyət kəsb edir. Fikrimizcə, Cənub Qaz Dəhlizi davamlı uğur hekayəsidir. Əlbəttə, bütün uğur hekayələri kimi, bu məsələ növbəti mərhələyə çıxır...".

Yuxarıda vurğulanan fikirləri ümumiləşdirə bilərik. Aydın olur ki, Avropa İttifaqı ən yüksək səviyyədə Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi nailiyyətləri tam olaraq qəbul etməyə başlayıb. Bu proses Aİ-nin Azərbaycanla hərtərəfli əlaqələri yeni səviyyəyə yüksəltmək niyyəti ilə müşayiət olunur. Görünür, yaxın perspektivdə həmin prosesin geosiyasi faydasını daha açıq şəkildə görə biləcəyik.

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...