THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Şərq tərəfdaşlığı": Azərbaycan Prezidentinin diplomatik uğurunun Brüssel səhifəsi (II yazı)

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
12353
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 dekabr 2021 – Newtimes.az

Biz bu mövzuya həsr edilmiş birinci yazıda Azərbaycanın "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində fəaliyyətinə qlobal geosiyasi proseslərin bir sıra ziddiyyətləri və riskləri müstəvisində nəzər salmağa çalışdıq. Həmin kontekstdə proqramın məqsədləri ilə "Şərq tərəfdaşlığı"na üzv olan ölkələrin milli maraqları arasındakı nisbət aspektində bir sıra məsələləri analiz etdik. Assosiativ üzvlərin 2009-cu ildən bu yana milli dövlətçiliyin inkişafı, demokratiya, iqtisadi islahatlar, sabitlik, təhlükəsizlik kimi vacib istiqamətlərdə əldə etdikləri nəticələri təhlil etdik. Və meydana gələn mənzərə prizmasından Azərbaycan rəhbərliyinin "Şərq tərəfdaşlığı"nın üzvü kimi siyasətinin uğurlarının səbəbləri məsələsinin qoyuluşuna gəlib çıxdıq. Birinci yazıda bu məsələ qismən "Şərq tərəfdaşlığı"nın VI sammitində baş verən proseslər kontekstində nəzərdən keçirildi. Lakin Prezident İlham Əliyevin "Şərq tərəfdaşlığı" proqramı istiqamətində həyata keçirdiyi siyasətin daha geniş, əhatəli, dərin analizinə ciddi ehtiyac vardır. Biz ikinci yazıda məhz məsələnin bu aspektini analiz etməyə çalışacağıq.

Gözlənilməz məqam, yoxsa məntiqi son: Avropa İttifaqı siyasi xəttində dəyişikliklər edir

"Şərq tərəfdaşlığı" proqramının VI sammitində Avropa İttifaqı ilə postsovet məkanı ölkələri arasında siyasi münasibətlərin fərqli ovqatda "aydınlaşdırılması" və bu prosesdə təşkilatın "xeyli yumşaq" mövqedə olması görüntüsünün yaranmasını ekspertlər adi hal hesab etmirlər. Ekspertlər Avropa İttifaqının həqiqətən bu məsələdə daha yumşaq mövqe tutmaq məcburiyyətində qaldığına inanırlar. Xüsusilə Azərbaycana münasibətdə Brüssel müsbət tərəfə xeyli dəyişib.

Bu dəyişikliyin kökündə Azərbaycan Prezidenti İlham Əliyevin geniş miqyasda Avropa İttifaqı ilə əməkdaşlıq siyasətinin məzmunu və məqsədi, onun alt hissəsi kimi isə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində həyata keçirilən davamlı müstəqil xəttin dayandığına tam əminik. Təsadüfi deyil ki, ekspertlərin İlham Əliyevin "triumfal diplomatik məharəti" adlandırdığı son Brüssel görüşlərində Avropa İttifaqı ilə münasibətlər "Şərq tərəfdaşlığı" çərçivəsindəki münasibətlərlə sıx bağlılıqda müzakirə olundu. Bu iki aktual məsələyə NATO ilə əməkdaşlıq da əlavə edilmişdi. Deməli, Azərbaycan Prezidentinin sistemli siyasətinin nəticəsi olaraq Avropa İttifaqı və NATO münasibətlərə vahid bucaq altında baxmağa üstünlük verirlər. Bu cür mövqe adətən qarşıdakı tərəfi ciddi güc olaraq qəbul etməklə, onunla bütün sferalar üzrə münasibətlərə sistemli yanaşmağa əsaslanır. Assosiativ üzvlərə isə Brüsselin qarşıya qoyduğu vəzifələri səliqəli və Avropa meyarları çərçivəsində yerinə yetirməli olan "sözəbaxan dostlar" kimi yanaşılır. Bu fərqin tədricən meydana gəldiyini dərk etmək gərəkdir.

Doğrudan da, 2009-cu ildə "Şərq tərəfdaşlığı" proqramı rəsmən işə salınanda rəsmi Brüssel özünü hakim kimi aparırdı. Ona elə gəlirdi ki, üzv ölkələr avtomatik olaraq onun diqtəsini qəbul etməlidirlər. Öncədən qəbul edilmişdi ki, proqramın üzvləri siyasi proseslərdə antirusiya mövqeyi tutmalıdırlar. Onlara təklif edilən əməkdaşlıq forması isə tədricən Aİ-ni "böyük qardaş” kimi qəbul etməyə hazırlayırdı. Assosiativ üzvlük bunun mexanizmlərindən biri idi. Azərbaycan Prezidenti lap başdan assosiativ üzvlüyü qəbul etmədiyini ifadə etdi. 2013-cü ildə isə rəsmi Bakı özünün əməkdaşlıq paketini hazırladı. Nəticədə, faktiki olaraq assosiativ üzvlərlə Azərbaycanın mövqeyi fərqlənməyə başladı. Birinci yazıda vurğuladığımız kimi, Aİ-nin 2015-ci ildən fərqli strategiyaya keçidi oldu və nəhayət, 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbə əldə etməklə Azərbaycan geosiyasi statusunu əhəmiyyətli dərəcədə möhkəmləndirdi.

Bunlardan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində həyata keçirdiyi siyasətin dəyişmə dinamikası ilə bağlı nəticə çıxara bilərik. Belə görünür ki, 2009-cu ildən bu yana Brüsselin "Şərq tərəfdaşlığı" istiqamətində tutduğu mövqe üç mərhələdə transformasiyaya uğrayıb. Birinci mərhələ 2009-2015-ci illəri əhatə edir. Bu müddətdə Aİ proqrama üzv olan dövlətlərə qarşı mütləq hakim mövqeyində olub. Həm də geosiyasi və siyasi-ideoloji olaraq antirusiya əhval-ruhiyyəsi hökm sürüb. Brüsselin bunda məqsədi postsovet məkanının 6 ölkəsini özünə tərəf çəkməklə onları Rusiyaya qarşı kökləməkdən ibarət olub. Bu mövqeyini ifadə etmək üçün əsas mexanizm kimi assosiativ üzvlükdən istifadə edilib. Assosiativ üzvlərin isə əsas istəyi Aİ və NATO üzvlüyü idi.

Bu ziddiyyətli və reallaşması mümkün olmayan mövqe üzərində Aİ 2013-2014-cü il Ukrayna böhranından sonra düşünməyə məcbur oldu. 2015-ci ildə təşkilat ümumiyyətlə, xarici siyasətində dəyişikliklər fonunda "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində öncəki mərhələdən fərqli strategiya müəyyən etdi. Onun başlıca əlamətləri, üzv dövlətlərlə münasibətləri geosiyasi və siyasi aspektdən inklüziv cəmiyyət quruculuğu aspektinə keçirmək olmuşdur.

İnklüziv cəmiyyət quruculuğu üzv dövlətlərin cəmiyyətlərində sosial, iqtisadi, mədəni, psixoloji və s. aspektlərdə demokratik qaydaların tətbiqi əsasında cəmiyyətin bütün sferalarında legitimliyi təmin etməyi nəzərdə tutur. Buna uyğun olaraq Aİ antirusiya mövqeyini bir qədər yumşaltmışdı. Lakin hələ də onun sənədlərində Rusiya "aqressiv qonşu” kimi səciyyələndirilir. İkinci mərhələnin digər fərqli cəhəti 2020-ci ilə qədər konkret punktlar müəyyən edib, BMT-nin 2030-cu ilədək nəzərdə tutduğu 17 prioritet istiqamətlər üzrə vəzifələr müəyyən etməkdən ibarət idi.

Bu zaman proqrama daxil olan dövlətlərə konkret anladıldı ki, Aİ-yə üzvlükdən söhbət gedə bilməz. Brüssel postsovet məkanı ölkələrindən heç birini təşkilata tam üzvlüyə qəbul etmək fikrində deyil. Avropa İttifaqının bu açıqlaması assosiativ üzvlərə "soyuq duş" təsiri bağışladı. Onlar anladılar ki, Azərbaycan əvvəlcədən çox doğru yol seçib. Lakin artıq gec idi və kənara çəkilmək daha ağır vəziyyətə gətirib çıxara bilərdi.

Üçüncü mərhələ: Azərbaycan oyun qaydasını dəyişir

Nəhayət, üçüncü mərhələni Azərbaycanın fəaliyyəti gündəmə gətirdi. Bu, 2020-ci il 44 günlük İkinci Qarabağ Müharibəsinin meydana gətirdiyi yeni reallıqların fonunda baş verdi. Öncə, Brüssel qeyri-ardıcıl addımlarla situasiyanı dəyişməyə çalışdı. Azərbaycana qarşı edilən cəhdlərin hamısı boşa çıxdı. Xüsusilə Fransanın ermənipərəst mövqeyi heç bir nəticə vermədi. Azərbaycan Prezidenti qətiyyəti, ədalətli və müdrik mövqeyi ilə Brüsselə çox şeyləri anlatdı. Bütün bunlar ağır pandemiya mərhələsinin də təsirinə məruz qaldı.

Aydın oldu ki, artıq "Şərq tərəfdaşlığı" proqramı əvvəlki formatda işləyə bilməz və Aİ Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığı mütləq nəzərə almalıdır. Həmin reallıqlar Brüsselin bütövlükdə proqramda dəyişiklik etməsini şərtləndirdi. Yeni geosiyasi məqamları "Şərq tərəfdaşlığı" proqramı kontekstində qısaca aşağıdakı kimi xarakterizə etmək olar:

Azərbaycan assosiativ üzvlük variantına qətiyyən qatılmayacaq və üstəlik, özünün təklif etdiyi layihəni reallaşdırmaqda qərarlıdır;

Azərbaycan regionun lideri kimi yeni geosiyasi nizamın, təhlükəsizliyin və əməkdaşlığın formalaşmasında aparıcı qüvvədir;

Cənubi Qafqazda Türkiyə-Azərbaycan müttəfiqliyi həm də yeni regional geosiyasi gücün meydana gəlməsi deməkdir;

Cənubi Qafqaz regionunda Rusiya sabitlik, təhlükəsizlik və əməkdaşlıq istiqamətləri üzrə mövqeyini daha da möhkəmlətdi və başqa güclərin regiona bu aspektlərdə müdaxiləsinə imkan verməyəcək;

Aİ Cənubi Qafqazda geosiyasi təsirini saxlamaq istəyirsə, mütləq ilk növbədə Azərbaycanla münasibətlərinə yenidən baxmalıdır.

Bütün bunlar son Brüssel sammitində Aİ və NATO-nun Azərbaycana münasibətində öz əksini tapdı. Bu, faktiki olaraq Azərbaycan Prezidentinin siyasi və diplomatik kursunun böyük təntənəsidir. Bu tezisin punktları üzərində geniş dayanaq.

Dekabrın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüş keçirdi. Görüşdən sonra Ş.Mişel yaydığı bəyanatda Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış etdi.

Bəyanatda bildirilir ki, "2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir". Bundan başqa, bəyanatda itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi lazımlığı vurğulanıb. Həmçinin "minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə" edilib.

Şarl Mişel bəyanatında Aİ-nin sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində dəstək verə biləcəyini ifadə edib. Avropa İttifaqı Şurasının Prezidenti verdiyi bəyanatda kommunikasiya infrastrukturunun yaradılması, iqtisadi əməkdaşlığın təmin edilməsi, investisiyaların qoyuluşu və xüsusilə kommunikasiya dəhlizlərinin fəaliyyəti zərurətini də vurğulayıb.

Ekspertlər bu məqamları "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Brüsselin siyasətində düzəlişlər edildiyinin təsdiqi kimi qiymətləndirirlər. Doğrudan da, birincisi, belə görünür ki, Aİ münaqişənin həll olunduğu faktını etiraf edir, ikincisi, artıq ATƏT-in Minsk qrupunun vasitəçiliyi üçün heç bir əsasın qalmadığını qəbul edir, üçüncüsü, postmünaqişə mərhələsində Azərbaycanın nəqliyyat dəhlizləri, kommunikasiya xətləri, geosiyasi əməkdaşlıq formatları ("3+3”) və bütövlükdə təhlükəsizlik sisteminin formalaşdırılması ilə bağlı irəli sürdüyü təkliflərin hamısını qəbul etmiş olur. Şübhəsiz ki, bu, Prezident İlham Əliyevin liderlik və diplomatik məharətinin əyani təsdiqidir. Bu faktı xarici ekspertlər də vurğulayılar.

Azərbaycan regional oyunçu kimi: lider dövlətin təklifləri

Həqiqətən, Azərbaycan konstruktiv təkliflərlə çıxış edir, Ermənistan ilə münasibətlərin normallaşmasına çalışır, xüsusilə kommunikasiya xətlərinin açılmasını reallaşdırmaq istiqamətində fəaliyyət göstərir. Bu məsələdə İlham Əliyevin siyasi iradəsi həlledici rol oynayır. Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyan addım-addım geri çəkilərək İlham Əliyevin təkliflərini qəbul edir. İndi Avropa İttifaqı və onun böyük dövlətləri də Azərbaycan Prezidentinin mövqeyini dəstəkləmək məcburiyyətindədirlər. Bunu dünya Brüsseldə Fransanın Prezidenti Emmanuel Makronun İlham Əliyev və Nikol Paşinyanla keçirdiyi görüşdə, Azərbaycan Prezidentinin Şimali Atlantika Şurasının iclasında iştirakı zamanı söylədiyi nitqə münasibətdə və NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra verilən bəyanatda gördük. Şimali Atlantika Alyansının Baş katibi jurnalistin verdiyi suala cavabda söyləyib: "İlk növbədə, biz qarşıdurmanın bitməsi və hərbi əməliyyatların dayandırılması imkanının əldə edilməsini alqışlayırıq. İkincisi, biz qəti şəkildə inanırıq ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını davam etdirmək vacibdir. NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və dialoqun qurulması səylərini dəstəkləyir. Bugünkü görüşümüzdə Prezident və mən bu məsələləri ətraflı müzakirə etdik və mən bu gün üçtərəfli görüşün keçirilməsini də alqışlayıram. Bu, onu nümayiş etdirir ki, dialoq davam edir, münasibətlərin normallaşdırılması düzgün məcrada gedir. Əsas məsələ zorakılığın yenidən alovlanmasına rəvac verə biləcək addımlardan çəkinmək və qalan məsələləri diplomatik yollarla həll etməkdir”.

Deməli, NATO da hesab edir ki, münaqişə başa çatıb və indi postmünaqişə mərhələsində normallaşma prosesini aparmaq lazımdır. Və bütün bunlar bir həqiqəti ortaya qoyur: Qərb artıq Azərbaycanın siyasi, hərbi, mənəvi qələbəsini qəbul edir və Cənubi Qafqazda siyasətini (o cümlədən "Şərq tərəfdaşlığı” proqramı üzrə) bu faktı ciddi surətdə nəzərə alaraq qurmağa çalışır. Aİ Şurasının Prezidenti Şarl Mişel, NATO-nun Baş katibi Yens Stoltenberq və Fransa prezidenti Emmanuel Makronun İlham Əliyevlə görüşdən sonra söylədikləri bu tezisin doğruluğunu tam təsdiq edir.

Lakin Azərbaycan Prezidentinin siyasətinin təsirləri yalnız bunlarla məhdudlaşmır. Ekspertlər yazırlar ki, Avropa İttifaqının bütövlükdə postsovet məkanına, o cümlədən Rusiya ilə münasibətlərinə düzəlişlər etdiyi müşahidə olunur. Bu, əsas olaraq Brüssel sammitinin yekun bəyannaməsinin punktlarında özünü göstərməkdədir. Ekspertlərin qənaətinə görə, həmin sənəddə Rusiyanın adının çəkilməməsi maraqlı haldır. Bu o deməkdir ki, Aİ Cənubi Qafqazda artıq Rusiya ilə açıq konfrontasiya istəmir və başlıca olaraq Moskvanın Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasından sonra regionda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın təmin olunması istəyinə qarşı çıxmır. Həmin kontekstdə ekspertlər onu da vurğulayırlar ki, bu məsələdə də liderlik və ədalətli mövqe Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Çünki İlham Əliyev Brüsseldə həm Belarusa qarşı qərəzli münasibətə etiraz etdi, həm də Rusiyanın Cənubi Qafqazdakı rolunun neqativ dəyərləndirilməsini qəbul etmədiyini bildirdi.

Bütün bu deyilənlərdən belə bir geosiyasi qənaətə gəlmək olar: Avropa İttifaqı Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbəni mövcud fakt kimi qəbul edərək üç istiqamətdə mövqeyinə dəyişiklik edib. Birincisi, Azərbaycanla Ermənistana münasibətdə bərabər səviyyədə əməkdaşlıq mövqeyinə keçilib. Öncəki mərhələlərdə olduğu kimi, ermənipərəst mövqe tutmaq praktikası ya tamamilə aradan qaldırılıb, ya da gizli müstəviyə keçirilib. Bunun başlıca səbəbləri Azərbaycanın regionun lider dövləti kimi uğurları və Rusiya ilə mehriban qonşuluq xəttini həyata keçirməsidir.

İkincisi, Avropa İttifaqı Cənubi Qafqazda geosiyasi dinamikanı Azərbaycanın yeritdiyi siyasətin müəyyən etdiyi faktını qəbul edib. Həmin kontekstdə Azərbaycanla enerji layihələrini davam etdirmək fikrindədir. Prezident İlham Əliyev Brüsseldə vurğulayıb ki, Azərbaycan neft və qazından Avropa İttifaqı və NATO-nun bir neçə üzvü istifadə etməyə başlayıb. NATO üzvlərindən olan Türkiyə ilə isə Azərbaycan strateji müttəfiqdir. İtaliyanın ölkəmizlə çox müsbət əlaqələri mövcuddur və s.

Üçüncüsü, Avropa İttifaqı həm ümumi səviyyədə, həm də "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Rusiya ilə geosiyasi qarşıdurma mövqeyindən çəkilmişdir. Bununla Brüsselin postsovet məkanı ölkələri istiqamətində "daha yumşaq siyasət kursuna" reverans etdiyini demək mümkündür. Ümumi olaraq deyə bilərik ki, Aİ Azərbaycanın təklif etdiyi "3+3" formulunu qəbul edir və regionda kommunikasiya dəhlizlərinin açılmasına razıdır. Bu, mühüm geosiyasi faktordur. Çünki çox geniş bir geosiyasi məkanda əlaqələrin yeni səviyyəyə yüksəlməsində əhəmiyyətli rol oynaya bilər. O cümlədən Zəngəzur dəhlizinin açılması məsələsinə Qərbdən də dəstək verildiyi aydın olur. İlham Əliyevin Brüsseldə keçirdiyi görüşlərdə bu məsələdə qətiyyətli mövqe tutması və Zəngəzur dəhlizi ilə Laçın dəhlizini müqayisə etməsi avropalılara və N.Paşinyana başqa seçim variantı qoymayıb.

Beləliklə, qürurla deyə bilərik ki, Azərbaycan Prezidenti Brüsseldə daha böyük bir uğura imza atıb. Azərbaycan "Şərq tərəfdaşlığı"nın VI sammitində Cənubi Qafqazın lider dövləti kimi çox layiqli təmsil olunub. Avropa İttifaqı və NATO Prezident İlham Əliyevin həm bütövlükdə Aİ istiqamətində, həm də ayrıca "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində həyata keçirdiyi strateji xarakterli siyasətin doğruluğunu və real vəziyyətə tam uyğunluğunu etiraf etmişlər.

Kamal Adıgözəlov

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...