
Bakı, 14 iyun 2021 – Newtimes.az
ABŞ ilə Azərbaycanın münasibətlərini İkinci Qarabağ müharibəsinə qədər olan və ondan sonrakı mərhələyə bölmək olar. Keçən əsrin 90-cı illərinin əvvəllərindən Vaşinqtonun Cənubi Qafqaza marağı böyük olub. ABŞ ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi burada ciddi təsir imkanlarına malik olub. Dünyanın ən qüdrətli ölkəsi kimi Azərbaycanla müxtəlif sferalarda, o cümlədən enerji sahəsində əməkdaşlığa meyl göstərib. Ancaq Ermənistanın təcavüzünün qarşısını almaqda və regionda ədaləti bərpa etməkdə Vaşinqton bir qədər qeyri-müəyyən mövqe tutub. Hər bir halda İkinci Qarabağ müharibəsinə qədər ABŞ-Azərbaycan münasibətlərinin perspektivindən daha çox danışılırdı. Hazırda postmüharibə mərhələsində ekspertlər üçün bu münasibətlər daha böyük aktuallıq kəsb edir. Bu baxımdan ABŞ-Azərbaycan münasibətlərinin gələcəyinə regionda formalaşmış yeni geosiyasi reallıqlar kontekstində təhlili və proqnostik baxmağa ehtiyac hiss edilir.
Bakıdan baxış: ABŞ Prezidentinin məktubu və Blinkenlə Sallivanın zəngi fonunda sərhəddə gərginlik
İkinci Qarabağ müharibəsindən dərhal sonra Qərbin (Avropa və Amerika) siyasi dairələrində dərin sükut yarandı. Nə Brüssel, nə də Vaşinqton Azərbaycanın parlaq qələbəsinə qiymət (müsbət və ya mənfi) vermədilər. Lakin Avropa İttifaqının (Aİ) böyük dövlətləri arasında birbaşa Ermənistanın mövqeyini dəstəkləyən bəyanatlar verildi və hətta təcavüzkara hərbi və hüquqi yardım etmək çağırışları belə eşidildi.
O zaman ekspertlərin əksəriyyəti Qərbin bu cür qəribə və əsassız münasibətini münaqişənin həllində Rusiyanın ciddi rol oynaması və problem həllini tapandan sonra münaqişə bölgəsinə rus sülhməramlılarının yerləşdirilməsi ilə izah etməyə çalışırdılar. Müəyyən dərəcədə burada həqiqət payı olsa da, bütövlükdə yarımçıq qiymətləndirmə idi. Bəs Qərbin belə qeyri-obyektiv və qeyri-rasional reaksiyasının səbəbi nə ola bilər?
Axı 30 il idi ki, Amerika və Fransa münaqişənin ədalətli həlli üçün yaradılmış Minsk qrupunun həmsədr dövlətləri idilər. Onların həll etməli olduğu məsələni Azərbaycan cəmi qırx dörd gün müddətində həll etdi. Niyə məmnun qalmadılar?
Digər tərəfdən, Qərbin fəal iştirakı və aparıcılığı ilə yaradılmış Birləşmiş Millətlər Təşkilatı (BMT) münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdi. Azərbaycan həmin qətnamələrdə qoyulan şərtlər daxilində təkbaşına münaqişəni həll etdi. Bundan ilk olaraq razı qalan ABŞ başda olmaqla Avropa dövlətləri olmalı idi. Çünki Azərbaycan pozulmuş beynəlxalq hüququ bərpa etmişdi. Bu reaksiyanı da müşahidə etmədik.
Bu paradokslar təbii olaraq ekspert dairələrində müəyyən suallar yaradırdı. Məsələn, ABŞ postmünaqişə mərhələsində Cənubi Qafqazda hansı addımları ata bilər? Aİ-nin regionla bağlı siyasəti necə davam edəcək? Qərb Azərbaycanın liderliyini və regional əməkdaşlıqla bağlı yeni təşəbbüslər irəli sürməsini necə qiymətləndirəcək? Və sair və ilaxır...
Ancaq Qərbin siyasi dairələri yenə susurdu. Nəhayət, bir neçə aydan sonra, onlar özlərinə gəlmiş kimi görünməyə çalışırlar. Artıq Azərbaycanla müəyyən təmaslar da müşahidə edilir. Aİ regionla bağlı siyasətindən danışır və bölgəyə yüksək səviyyəli məmurlarını göndərir. Amerika da misli görünməmiş fəallıq nümayiş etdirir.
Amerika aprelin 24-də yeni Prezident Co Baydenin "erməni soyqırımı" ilə bağlı tarixi yanlışlığından sonra Cənubi Qafqaz istiqamətində fəallaşdı. C.Bayden bu ifadəni işlətməklə, əslində, Amerikanın fövqəldövlət imicinə böyük zərbə vurdu. Hiss olunur ki, bunu ABŞ Administrasiyasında və Pentaqonda anlayanlar var. Bu səbəbdən də həmin dairələrdən vəziyyəti nizamlamağa istiqamətlənmiş bəyanatların sayı artır. Bu bağlılıqda ekspertlər dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngini xüsusi vurğulayırlar.
Bəli, ABŞ-ın dövlət katibi Azərbaycan Prezidentinə zəng edib və əməkdaşlıqda maraqlı olduqlarını açıq söyləyib. O, bunu aprelin 28-də edib. Co Baydenin administrasiyası isə bu ilin yanvarında formalaşdırılıb. Bu qədər gecikmənin səbəbi nədir?
Qeyd etmək lazımdır ki, E.Blinken Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirib. O, enerji təhlükəsizliyi və regional təhlükəsizlik sahələrində əməkdaşlığın əhəmiyyətini qeyd edib. Dövlət katibi telefon zəngində Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini də xatırlamağı unutmayıb. Bundan başqa, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirdiklərini deyib.
Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizinin icrasına verilən dəstəyə görə ABŞ hökumətinə təşəkkürünü ifadə edib və Əfqanıstanda sülhməramlı missiyanın fəaliyyətə başladığı ilk mərhələdən Azərbaycanın oradakı iştirakının önəmini vurğulayıb. Ölkə başçısı İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış geosiyasi vəziyyəti təhlil edib və indiki mərhələdə bərpa işlərinin daha çox önəm kəsb etdiyini ifadə edib. Bunlarla yanaşı, Azərbaycan Prezidenti "...regionda kommunikasiyaların açılmasının önəmini vurğulayıb və uzunmüddətli sülhün təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Prezident İlham Əliyev və ABŞ dövlət katibi ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı tərəflər Azərbaycanda demokratik proseslərin inkişafı, insan haqlarının təmin olunması, siyasi plüralizmin qorunması və təmin edilməsinin önəmini vurğulayıblar".
E.Blinken bu il də "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd edib. Prezident İlham Əliyev bununla bağlı minnətdarlıq bildirib.
Azərbaycan Prezidenti, eyni zamanda, ABŞ Prezidentinin dırnaqarası erməni soyqırımı ilə bağlı bəyanatının Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılandığını ifadə edib. Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır.
Sözsüz ki, rəsmi Vaşinqton bunlarla kifayətlənmədi. Azərbaycan sərhədçiləri Qaragöl istiqamətində beynəlxalq hüquqla müəyyən olunmuş sərhədlərimizi bərpa etdikdən sonra ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etdi. Cənab C.Sallivan gərginliyin danışıqlar yolu ilə aradan qaldırılmasından bəhs edib.
Amerika rəsmisi, həmçinin beynəlxalq sərhədin demarkasiyası üçün tərəflərin konstruktiv müzakirələrinə ehtiyac duyulduğunu vurğulayıb. C.Sallivan ABŞ-ın bölgədə barışığın əldə olunmasına sadiqliyini ifadə edib.
Təbii ki, Azərbaycan Prezidenti həmişə olduğu kimi dolğun, obyektiv, ədalətli və məntiqli fikirlər söyləyib. Lakin yenə də açıq hiss olunur ki, Amerika da daxil olmaqla böyük dövlətlər həqiqəti deyil, Ermənistanın təxribatçı addımlarını dəstəkləyirlər. Rəsmi Vaşinqton da situasiyanın reallığını qəbul etmək əvəzinə yenə "məsləhətlər" verir. Əgər ədalətli olsaydı, Ermənistan rəhbərliyinə deyərdi ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir və buna hörmətlə yanaşmaq lazımdır. Təəssüf ki, bu baş vermir və həmin aspektdə suallar yenə də qalır.
Bütün bunların fonunda ABŞ Prezidentinin Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktub ekspertlərin diqqətini çəkdi. Məktubda Co Bayden iki ölkənin Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən ötən 30 il ərzində bir sıra sferalarda – "təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birgə çalışdıqlarını" vurğulayıb. O cümlədən Amerika Prezidenti "ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəklədiklərini" ifadə edib. C.Bayden belə bir ümidini də ifadə edib ki, münaqişədən və koronavirus pandemiyasından sonra Azərbaycan bu çətinliklərdən qonşuları ilə sülh şəraitində yaşamaqla daha da firavan bir dövlət kimi çıxacaqdır.
Təbii ki, Amerika Prezidentinin Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olması müsbət haldır. Lakin Vaşinqtonun dediklərində səmimi olması da mütləq şərtdir. Məsələn, Azərbaycanla təhlükəsizlik, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıqda maraqlı olan tərəf, Azərbaycanın haqlı mövqeyini də birmənalı dəstəkləməlidir. Eyni zamanda, Azərbaycan Əfqanıstanda NATO tərkibində terrora qarşı mübarizə aparırsa, bu təşkilata üzv olan ölkələr də şərtsiz Azərbaycanın terrora qarşı apardığı savaşa dəstək verməli idilər. Bəzi istisnalar nəzərə alınmasa, bu hiss olunmadı. Nəhayət, Azərbaycanı qonşuları ilə sülh şəraitində yaşamağa səsləməyə ehtiyac yoxdur. Çünki Azərbaycan müstəqillik əldə edəndən həm qonşuları, həm də istənilən başqa dövlətlə yalnız sülhpərvər davranıb. Bunun əvəzində Vaşinqtonun təcavüzkar Ermənistanın sülh yoluna tam olaraq gəlməsinə yardım etməsi daha faydalı olardı.
Onu da vurğulayaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda keçirilən müzakirələrində dövlət başçısı ayrıca ifadə edib ki, Azərbaycan Avropanın enerji təhlükəsiziliyinin təminində iştirak edir və Amerika ilə münasibətlər sabitdir, proqnozlaşdırılandır. Konkret desək, Azərbaycan Prezidenti növbəti dəfə qətiyyətlə dövlətin müstəqil mövqeyini ifadə edib və Amerika ilə əlaqələrin inkişafı üçün rəsmi Bakının ardıcıl fəaliyyət göstərdiyini vurğulayıb. Lakin hər şey ancaq Azərbaycandan asılı deyil...
İkili standart əlaməti: Azərbaycan Prezidentinin haqlı iradı
Bu qısa təhlil nəyi ifadə edir? Azərbaycan Prezidenti Entoni Blinkenin Ermənistanın baş nazirinə xeyli əvvəl zəng etməsi ilə Amerika tərəfindən tarazlığın qorunmadığı barədə fikir bildirməkdə tamamilə haqlıdır. Çünki əgər söhbət hansısa dövlətin regiona obyektiv, ədalətli və bütün tərəflərin maraqlarını nəzərə alan münasibətindən gedirsə, o halda regionun hər bir dövlətinə eyni gözlə baxılmalıdır. E.Blinkenin Ermənistan rəhbərliyinə zəng etməsi, hansısa mənada təcavüzkarı dəstəkləməsi anlamına gəlmirmi? Bu zaman Azərbaycan rəhbərliyi ilə əlaqə saxlamamaq da qeyri-səmimilikdən və konstruktiv əməkdaşlığa tam hazır olmamaqdan xəbər vermirmi?
Əslində, bunlar gözlənilən idi. Çünki Prezident İlham Əliyevin də vurğuladığı kimi, münaqişənin həlli zamanı Amerika burada yox idi. Bu il aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda bununla bağlı verilən suala cavabında dövlət başçısı ifadə etmişdi: "Siz özünüz qeydinizin əvvəlində ABŞ-ın olmadığını dediniz. ABŞ yox idi, biz də problemi həll etdik. Mən ABŞ-ın burada olmalı olduğunu demirəm, lakin yeni administrasiyadan bizə heç bir mesaj daxil olmadı...".
Bundan başqa, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olduğu müddətdə təcavüzkar Ermənistana və qondarma "DQR"ə on milyonlarla yardım göstərib, lakin təcavüzə məruz qalmış Azərbaycana qarşı bədnam "907-ci düzəlişi" tətbiq edib. Və illərlə bu, davam edib. Bunlar faktlardır, unudulmaz reallıqlardır.
Nəhayət, həm E.Blinkenin, həm də C.Sallivanın zəngi niyə məhz aprelin 24-dən sonra oldu? Çünki Amerikanın yeni rəhbərliyi anladı ki, böyük tarixi səhvə, ədalətsizliyə yol verib və bu səbəbdən dünya liderliyinə layiq olmadığı barədə fikirlər formalaşmağa başlayıb. Və bunu bir telefon zəngi ilə düzəldə biləcəklərinə ümid ediblər. Ancaq burada da sətiraltı Vaşinqtonun yalnız öz maraqlarını güddüyü özünü göstərib. Çünki E.Blinken Amerikaya faydalı olan məqamlara (məsələn, Əfqanıstanda sülhməramlı missiyanın fəaliyyəti, enerji layihələri və s.) görə təşəkkür edib, eyni zamanda, illərdir işlətdikləri dəbdəbəli, gəlişigözəl ifadələri də (demokratiya, insan haqları, siyasi plüralizm) təkrarlayıb. Konkret desək, yenə də məlum tələblərini ortaya qoyub.
Bunların ardınca C.Bayden bir fikri ilə daha obyektiv görünməyə çalışıb. O, Azərbaycana hərbi yardımlara icazə verildiyini deyib. Azərbaycanın daha çox bu cür hərbi yardıma ehtiyacı var, yoxsa postmüharibə mərhələsində Qarabağdakı bərpa işlərinə dəstəyə, regionda barış və sülhün qalıcı olması üçün ədalətli, real və beynəlxalq hüquq çərçivəsində addımlara? Region dövlətlərini daha çox silahlandırmaqla təhlükəsizlik təmin edilirmi? Təcrübə göstərir ki, təmin edilmir. Və buna görədir ki, ADA Universitetindəki konfransda Prezident İlham Əliyev Rusiyanın Ermənistan ordusunu modernləşdirməkdən bəhs etməsindən narahatlıqla, vəziyyəti gərginləşdirə biləcək hadisə kimi danışıb. Azərbaycan Prezidenti tamamilə haqlıdır!
Deməli, C.Baydenin Azərbaycana hərbi yardımdan bəhs etməsini birtərəfli dərk etmək yarımçıqlıq olardı. Ermənistanın ağlını başına qoymasına yardım etmək, kommunikasiyaların açılmasına, Zəngəzur dəhlizinin işə salınmasına real dəstək vermək, təcavüzkarlıq fikrinə düşən region dövlətlərini sülhə dəvət etmək daha konstruktiv olardı. Amerika bir tərəfdən İrana qarşı sanksiyaları aradan qaldırmaqdan danışır, digər tərəfdən isə Ermənistana hərbi yardımlarını artırır və bunun fonunda Azərbaycana da yardım edəcəyindən bəhs edir.
Bütün bunların fonunda Prezident İlham Əliyevin aşağıdakı fikri olduqca maraqlı və əsaslıdır. Dövlət başçısı ADA-da keçirilən konfrans zamanı verilən suala cavabında vurğulayıb: "Biz regionumuzla bağlı məsələdə ABŞ hökumətinin mövqeyinin nədən ibarət olduğunu bilmirik. Prezident Bayden Novruz bayramı münasibətilə mənə məktub ünvanlamışdır. Bunun üçün ona minnətdaram. Lakin bu, sadəcə, təbrik mesajı idi. Mən bu tip mesajların başqa ölkələrə də ünvanlandığını bilirəm".
Strateji tərəfdaşlığın perspektivi: risklər və proqnozların işığında
Bunlar Amerika-Azərbaycan münasibətlərinin arxa plana atılması anlamınamı gəlir? Və ya tərəflər arasındakı münasibətlər artıq strateji deyilmi və rəsmi Bakının xarici siyasətində ABŞ prioritetlər sırasından çıxarılmalıdırmı? Bu sualların hər birinə cavab "xeyr"dir! Yəni, ABŞ-Azərbaycan münasibətləri arxa plana atıla bilməz, iki ölkə arasındakı əlaqələrin strateji statusu qorunub saxlanır və Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri Amerika istiqaməti olaraq qalır.
Geosiyasi kontekstdə bunun çoxlu səbəbləri vardır. Biz burada yalnız onu vurğulamağa çalışdıq ki, rəsmi Vaşinqtonun ikili yanaşma siyasəti həm tərəfdaşlarına, həm də özünə mənfi təsir edir. Ziddiyyətlər və paradokslar ortaya çıxır. Qlobal və regional təhlükəsizlik üçün risklər yaranır. Və bütün bunlar ədalətsizliyə, bir sıra marginal dövlətlərin təcavüzkarlığını davam etdirməsinə gətirib çıxarır. Cənubi Qafqazda həmin marginal dövlət Ermənistandır.
Amerika bu marginal dövlətə yersiz və əsassız himayədarlığı ilə regional təhlükəsizliyə və inkişafa xidmət etmir. Əksinə, yeni risklər üçün zəmin hazırlayır. Bu baxımdan iki geosiyasi xarakterli faktı vurğulamağı lazım bilirik. Onlardan biri ABŞ-ın 2021-ci il üçün müəyyən etdiyi təhlükələrlə, digəri isə Amerikada hələ də müəyyən dairələrin Ermənistanın indiki rəhbərliyinə "öz uşağı" kimi baxmaqda davam etməsi ilə əlaqəlidir.
İlk öncə, 2021-ci il üçün müəyyən edilmiş qlobal təhlükələrə baxaq. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) kəşfiyyat idarəsi bir məruzə hazırlayıb. Məruzəni general Skott Berrier hazırlayıb və o, Senatın silahlı qüvvələrlə bağlı komitəsinin saytında yerləşdirilib. Orada yazılıb ki, ABŞ üçün 2021-ci ildə əsas təhlükə Rusiya və Çin olacaq. Dünyada "qlobal strateji rəqabət" gedir. Bu rəqabətdə ABŞ, Rusiya və Çin iştirak edir. Moskva və Pekin Amerikanın hərbi üstünlüyünü əlindən almağa çalışırlar. Açıq rəqabətlə yanaşı, oyunçular müxtəlif gizli üsullardan (kiberhücumlar, təxribatlar, süni maneələr və s.) istifadə edirlər.
Bunlarla yanaşı, Rusiya sərhədi boyu yerləşən ölkələrdə nüfuzunu artırmağa çalışır və bununla Amerikanın liderliyinə "əlcək atır". Bu zaman Moskva Qərblə birbaşa toqquşmadan yayınır. Həmin kontekstdə Rusiyanın Dağlıq Qarabağdakı müharibəyə birbaşa müdaxilə etmədiyi vurğulanır. Lakin Moskva bölgədə sülhməramlıları yerləşdirməklə təsirini daha da gücləndirmiş oldu.
Nəticədə, Amerika və Rusiyanın Cənubi Qafqazda geosiyasi rəqabətinin yekun olaraq necə bir mənzərəsi yaranır? Yuxarıdakı fikirlərdən aydın olur ki, Vaşinqton Moskvanı regionda özünün ciddi rəqibi kimi görür və onu maraqlarına təhlükə hesab edir. Bu iki böyük gücün ən ciddi qarşıdurması hazırda Ermənistandadır. Yuxarıda vurğuladığımız ikinci məqam kimi Vaşinqtonda bir sıra dairələrin rəsmi İrəvana "öz uşağı" kimi yanaşması burada Moskva ilə qarşıdurmanın barışmaz məzmun kəsb etdiyini göstərir.
Nəhayət, nəzərə alsaq ki, Dağlıq Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib, o halda iki böyük gücün kifayət qədər ziddiyyətlərlə dolu rəqabətdə olduğu haqqında qənaətə gələ bilərik.
Belə bir şəraitdə hansı şərtlər daxilində ABŞ-Azərbaycan münasibətləri region kontekstində konstruktiv məcrada inkişaf edə bilər? Bunun üçün əsas şərt Amerikanın öz mövqeyinə düzəliş etməsi ilə bağlı ola bilər. Çünki Azərbaycan həmişə ədalətli, konstruktiv və Amerikanı prioritet istiqamət kimi qəbul edən mövqe tutub. İndi də heç nə dəyişməyib. Bunun fonunda yuxarıda vurğulanan məqamlar göstərir ki, ABŞ hələ də ikili standartlara üstünlük verir, regionda Rusiya ilə ortaq dil tapmaq əvəzinə onu əsas təhlükə hesab edib təcavüzkar Ermənistan rəhbərliyi ilə yaxın münasibətlər qurur.
Bu səbəblərdəndir ki, Azərbaycanda bir sıra ekspertlər Amerika ilə əlaqələrin vacibliyini vurğulamaqla yanaşı, rəsmi Vaşinqtonun regionla bağlı siyasətini konkretləşdirdiyinə şübhə ilə yanaşırlar.
Həmin bağlılıqda ABŞ-da hazırlanan başqa bir məruzədəki bir proqnoz maraq doğurur. Amerikanın kəşfiyyat üzrə Milli Şurası bu ilin mart ayında "Global Trends 2040" adlı məruzə dərc edib. Məruzədə göstərilir ki, yaxın 20 ildə beynəlxalq münasibətlər "xaotik və qeyri-stabil" olacaq.
Belə çıxır ki, Amerikanın özündə yaxın müddətdə dünya miqyasında böyük güclərin münasibətlərinin nizamlanacağına inanmırlar. O halda təbii ki, ayrı-ayrı regionlarda da onların əməkdaşlığı çətin ki, baş tutsun. Belə bir şəraitdə Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda yerli dövlətlərlə böyük güclərin münasibətləri hansı məntiqlə konkretləşəcək?
Hələlik biz bunun konstruktiv bir gedişatını görə bilmirik. Azərbaycan rəhbərliyinin intensiv və çevik formullara dayanan əməkdaşlıq təklifləri eşidilməli və qəbul edilməlidir. Bu təkliflərin regionu sabitliyə qovuşdurmaq potensialı, məzmunu və reallaşma mexanizmləri var.
Deməli, ABŞ-Azərbaycan münasibətlərinin də müsbət istiqamətdə inkişaf etməsi üçün rəsmi Vaşinqton Bakının atdığı addımlara ciddi önəm verməlidir. Burada yalnız tələm-tələsik bəyanatlar vermək kifayət etmir. Konkret addımlar atılmalı və proqramlar razılaşdırılmalıdır. Rəsmi Bakı bu cür əməkdaşlığa həmişə hazırdır.
Bunların fonunda Amerika regionda Azərbaycanın həyata keçirdiyi bərpa işlərinə və Ermənistanla münasibətlərin konstruktiv məcraya istiqamətlənməsi üzrə atdığı addımlara real dəstək vermədir.
Həmin aspektdə ATƏT-in Minsk qrupu vasitəsilə regionda hansısa dolaşdırıcı işlər görməkdən çəkinilməlidir. Çünki son vaxtlar tez-tez eşidirik ki, Qərbdə "Dağlıq Qarabağda qalıcı sülh üçün həmsədrlər fəallıqlarını artırmalıdırlar" deyirlər. O mənada ki, hələ münaqişə tam həll edilməyib və həmsədrlər işə qarışmalı, Ermənistanı biabırçı məğlubiyyətdən çıxarmalıdırlar. Bununla yenidən təcavüzkarla təcavüzə məruz qalanı eyni statusa gətirməyə çalışırlar.
Lakin Prezident İlham Əliyevin konkret olaraq vurğuladığı kimi, münaqişə tam həll edilib. Qalır Ermənistanın bunu qəbul etməsi və yeni reallıqlar çərçivəsində regional əməkdaşlığa hazırlanması. Rusiya və Türkiyə də münaqişənin həll olunduğu qənaətindədirlər. Doğrudur, Moskva gələcəkdə Dağlıq Qarabağın hansısa statusundan bəhs edir, lakin Azərbaycan Prezidenti birmənalı bəyan edib: Qarabağ Azərbaycandır! Vəssalam!
Beləliklə, ABŞ-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi zərurətini Bakıda çox yaxşı dərk edirlər. Bunun üçün Bakı konkret və real addımlar atmağa da hazırdır. Lakin Vaşinqtonun da regionla bağlı siyasətində düzəlişlər etməsi vacibdir. Bunsuz hansısa müsbət tendensiyadan danışmaq çox riskli olardı. Top Amerikadadır!
Kamal Adıgözəlov
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...