THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Bayden Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhə necə nail ola bilər?

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5916
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 11 fevral 2021 – Newtimes.az

Ermənistanla Azərbaycan arasında Avropanın ən uzunmüddətli ərazi münaqişəsi 44 günlük qanlı müharibə ilə başa çatıb. Tərəflər ötən il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanat imzalayıb. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayondan silahlı qüvvələrini çıxarması, məcburi köçkünlərə geri qayıtmaq hüququnun verilməsi razılaşmanın əsas nəticəsidir. Son 30 ildə regional sabitliyə məhz bu problemlər ciddi əngəl yaradırdı.

Hərbi əməliyyatlardan sonra meydana gəlmiş yeni regional düzən Rusiya ilə Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlığa əsaslanır. Üçtərəfli bəyanata əsasən, Dağlıq Qarabağ və regionu Ermənistanla birləşdirən dəhlizə Rusiya sülhməramlıları yerləşdirilib. Ümumilikdə atəşkəsə isə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi nəzarət edir. Bu, tarixdə NATO üzvünün postsovet ölkəsi ilə birgə regional təhlükəsizliyin monitorinqində iştirak etdiyi ilk haldır.

Maraqlıdır ki, ATƏT-in Minsk qrupunun (münaqişənin sülh yolu ilə həlli bu quruma həvalə olunmuşdu) həmsədrləri olan ABŞ ilə Fransa mühüm əhəmiyyət kəsb edən bu regional diplomatik səylərdə iştirak etmir. Bu, çətin ki, təsadüfü olsun. Vəziyyətin belə cərəyan etməsində əsas amil Vaşinqtonun Qarabağ problemindən uzaq durması, Parisinsə istəksiz olmasıdır. Üstəlik, Minsk qrupu son 26 ildə effektli fəaliyyət göstərməmiş, nəticədə münaqişənin diplomatik həlli "dalana dirənmişdi''.

Ardıcıl olmayan siyasətlə əlaqəsizlik arasında

ABŞ son 3 prezidentinin dövründə bu regionla bağlı ardıcıl siyasət yürütməyib. Halbuki, Vaşinqtonun regionda vacib maraqları var. Buraya təhlükəsizlik və iqtisadiyyat, həmçinin Gürcüstan və Azərbaycandan keçərək Əfqanıstana uzanan, strateji əhəmiyyət kəsb edən Şimal Təchizat Yolunun qorunması, ABŞ şirkətlərinin maraqları, ticarət əlaqələri, investisiyalar, regional sabitliyin müdafiəsi, "dondurulmuş münaqişə”lərin alovlanmasının qarşısının alınması, demokratik dəyişikliyə və daha yaxşı idarəçiliyə dəstək, Azərbaycan, Ermənistan və Gürcüstanın beynəlxalq inteqrasiya ilə bağlı səylərinə yardım və s. daxildir.

ABŞ administrasiyaları bu hədəflərin bəzilərinə digərlərini qurban verməklə nail olub. Eyni zamanda, onlar heç zaman bu bölgə ilə bağlı prioritetləri açıq şəkildə qoymayıb. Doğrudur, Vaşinqton regional inteqrasiya, enerji, ticarət və investisiya sahələrində bəzi siyasi hədəflərinə çatıb. Amma əsas məqsədə nail olunmayıb. Söhbət bölgədəki "dondurulmuş münaqişə''lərin sülh yolu ilə həllindən gedir.

Üstəlik, Vaşinqtonun ardıcıl olmayan regional siyasəti onunla Azərbaycan, Gürcüstan və Ermənistan arasında müəyyən ziddiyyətlərə də yol açıb. Vaşinqton bu bölgədə əsas diqqəti Tbilisiyə ayırır. Gürcüstan ABŞ-ın bu regionla bağlı siyasətində əsas yeri tutur. Azərbaycanla Ermənistana gəlincə, Vaşinqton ABŞ-dakı erməni lobbisinin təzyiqləri nəticəsində Yerevana daha çox üstünlük verib. Buraya diplomatik dəstək, təhlükəsizlik və iqtisadi yardımlar da daxildir. Bütün bunlar ABŞ-Ermənistan strateji dialoq platforması çərçivəsində həyata keçirilib. Bəli, Birləşmiş Ştatların keçmiş administrasiyaları Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi, Yerevanın xarici siyasətdə tamamilə əks istiqamət tutduğu bir şəraitdə, üstünlüyü məhz Ermənistana verib.

Doğrudur, son 3 administrasiya Bakının Vaşinqtonla əməkdaşlığını da yüksək qiymətləndirib. Buraya regional sabitlik, Əfqanıstanla bağlı siyasət, enerji layihələri, ixracat, ikitərəfli əlaqələr daxildir. Bu məsələlərdə qarşılıqlı münasibətlər hər zaman sabit olub. Amma bu iki ölkə arasında əlaqələr heç zaman Vaşinqtonun Ermənistan və Gürcüstanla əlaqələri səviyyəsinə çatmayıb. Nəticədə Azərbaycan cəmiyyətində ABŞ-ın Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyi, regional strategiyası ilə bağlı suallar yaranıb.

Yeni regional siyasət

İndi ABŞ-ın regionda uğur qazanması əsasən onun Yerevanla Bakı arasındakı barışığa necə yanaşmasından asılı olacaq. Bölgədə hərbi əməliyyatlar başa çatıb. Odur ki, Vaşinqtonun bu regionla bağlı, nəhayət, ardıcıl siyasət yürütməsinin vaxtıdır. Bu siyasətin təməlində isə Ermənistan-Azərbaycan münaqişəsinin birdəfəlik həlli, regional iqtisadi inteqrasiya durmalıdır. Bayden administrasiyası bu mürəkkəb vəziyyətdə yeni addımlar ata bilər.

Birincisi, ABŞ ənənəvi siyasətindən imtina etməlidir. O, regiondakı münaqişələrin "dondurulmasına'' deyil, onları həllinə çalışmalıdır. Odur ki, Vaşinqtonun Yerevanla Bakı arasındakı razılaşmanın tam yerinə yetirilməsi istiqamətində səyləri artırmasına ehtiyac var. Tərəflər arasında imzalanmış bəyanat onsuz da ATƏT-in Minsk qrupunun təklif etdiyi baza prinsiplərinə uyğundur. Amerikalı siyasətçilər anlamalıdır ki, Azərbaycan Dağlıq Qarabağsız özünü təhlükəsizlik, coğrafi və iqtisadi nöqteyi-nəzərdən tam həyat qabiliyyətli dövlət kimi görmür. Odur ki, Azərbaycanın milli təhlükəsizliklə bağlı vacib saydığı məqamlar, həmçinin Dağlıq Qarabağdakı etnik azlığın hüquqları nəzərə alınmaqla (məsələn, onlara mədəni muxtariyyət vermək olar), mərhələli proses aparılmalıdır. Bu zaman bir çox əlavə razılaşmalar da imzalana bilər.

Şimalı İrlandiya ilə bağlı sülh prosesi əslində, iki ölkə arasında həqiqi barışıq prosesinin necə uzun və çətin olduğunun nümunəsidir.

İkincisi, Vaşinqton Ermənistan-Azərbaycan münaqişəsinə ayrıca problem kimi baxmalıdır. Yəni o, bu münaqişəyə ABŞ-ın Türkiyə və ya Rusiya ilə pisləşən əlaqələrindən, həmçinin NATO-Türkiyə, Rusiya-Türkiyə, yaxud Türkiyə-Ermənistan münasibətlərindən ayrılıqda nəzər yetirməlidir. ABŞ-dakı bəzi qanunvericilərin və erməni lobbisinin təklif etdiyi kimi, bu problemi geosiyasətə və xarici oyunçulara bağlamaq kövrək sülh prosesi ilə bağlı danışıqlar imkanını məhdudlaşdıracaq. Bu, diqqəti əsas məsələlərdən yayındıra da bilər: Ermənistanla Azərbaycan arasında barışıq, müharibədən sonra genişmiqyaslı bərpaetmə işlərinin həyata keçirilməsi və məcburi köçkünlərin qayıtması və s. kimi.

Üçüncüsü, ABŞ neytral və qərəzsiz vasitəçi olmağa çalışmalı, ermənipərəst mövqe sərgiləməkdən çəkinməldir. Bu gün həm Vaşinqton, hm də Moskva Bakı ilə Yerevanın qəbul etdiyi, inandığı qlobal gücdür. Odur ki, amerikalı siyasətçilər bu inamın zəifləməsinə imkan verməməli, əksinə, onu daha da gücləndirməlidirlər. Onlar ABŞ-ı Bakıya təhlükəsizlik sahəsində göstərilən yardıma yenidən baxmağa, yaxud "Dağlıq Qarabağ Respublikası”nın tanınmasına çağırışlar etməməlidirlər. Əks təqdirdə, Azərbaycan cəmiyyəti bu çağırışları ədalətsizlik və ABŞ-ın Ermənistanın ərazi iddialarını dəstəkləməsi kimi qəbul edəcək. Bu isə Vaşinqtonun regionun gələcəyi ilə bağlı istifadə etdiyi yumşaq gücünün və təsirinin ciddi şəkildə azalması ilə nəticələnəcək.

Dördüncüsü, ABŞ Azərbaycanın başçılıq etdiyi, Cənubi Qafqazı Avropa və Şərqi Asiya ilə, xüsusən Çinlə birləşdirən nəqliyyat və enerji layihələrini dəstəkləməyə davam etməlidir. Qarşılıqlı iqtisadi asılılıq və sülhün iqtisadi imkanlarla vəhdəti regionda sülhün bərqərar olması şansını artıracaq. Məsələn, quru yolla dəhlizlər şaxələnəcək və s. Ermənistan, Azərbaycan və Rusiyanın 2021-ci il yanvarın 11-də imzaladığı üçtərəfli bəyanatda bu məqam da yer alır. Bəyanata əsasən, regional dəmir yolları əlaqələri açılacaq, bölgənin iqtisadiyyatını birləşdirəcək yeni nəqliyyat şəbəkələri yaradılacaq. Bu, Ermənistanı Rusiya, İran və Türkiyə bazarları ilə, Azərbaycanı isə Naxçıvan eksklavı və Türkiyə ilə birləşdirəcək. Bu halda istər Bakı, istərsə də Yerevan üçün böyük iqtisadi imkanlar açılacaq. Qeyd edək ki, onların heç birinin dənizə çıxışı yoxdur. Münaqişənin başladığı 1990-cı illərədək Ermənistanın dəmir yolu ilə yük daşımalarının 85%-i Azərbaycan ərazisindən keçib.

Beşincisi, məlumdur ki, ABŞ bir zamanlar Küveytin bərpası üçün humanitar yardımlar göstərib. Vaşinqtonun bu təcrübədən istifadə etməsi yaxşı olardı. Konkret desək, Birləşmiş Ştatların şirkətləri müharibə zamanı dağılmış, işğaldan azad olunmuş ərazilərin bərpası işlərinə qatılarsa, çox yaxşı olar. Onlar təxminən 800 min azərbaycanlı məcburi köçkün və Qarabağ erməniləri üçün yollar, evlər, məktəblər, tibb müəssisələri tikə, kommunal xidmətlərlə bağlı problemlərin həllinə yardım göstərə bilər.

Yeri gəlmişkən, BMT-nin hesabatına əsasən, Azərbaycana vurulmuş zərər 53,5 milyard dollardır. Bu, Azərbaycan kimi kiçik ölkə üçün çox ciddi rəqəmdir.

Altıncısı, artıq ümumi regional problemlər ayrı-ayrılıqda, yaxud ikitərəfli əlaqələrlə həll oluna bilməz. Odur ki, bir tərəfdə ABŞ-ın, digər tərəfdə Azərbaycan, Gürcüstan və Ermənistanın iştirak edəcəyi birgə strateji dialoq platformasının yaradılması əslində, mütəmadi təhlükəsizlik məsələlərinin müzakirəsinə, iqtisadi inteqrasiyaya töhfə verəcək, Vaşinqtonun regionla bağlı yeni siyasətinə təkan olacaq. Bu platformada iştirak region ölkələri arasında koordinasiyanı yaxşılaşdıracaq, inamı artıracaq, Yerevanla Bakı arasında sülhü daha da gücləndirəcək.

Bir sözlə, regionda inteqrasiyanın əsas təşəbbüskarı olan Azərbaycanın rolunu nəzər alaraq söyləyə bilərik ki, Vaşinqton bölgədə ən böyük iqtisadiyyata malik olan, çoxşaxəli xarici siyasət yürüdən Bakı ilə münasibətləri strateji dialoq səviyyəsinə qaldırmalıdır. Yəni ABŞ-ın Azərbaycanla əlaqələri Gürcüstan və Ermənistanla münasibətləri ilə eyni səviyyədə olmalıdır. ABŞ Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin bərpa olunduğu dövrdə "Azadlığa Dəstək'' Aktına qəbul etdiyi 907-ci düzəlişi də ləğv etməlidir. Bu düzəliş kifayət qədər ədalətsiz olmaqla yanaşı, iki ölkə arasındakı münasibətlərə psixoloji əngəldir. Onun ləğvi ABŞ-Azərbaycan əlaqələrində yeni dövrün əsasını qoya, yeni regional münasibətlərdə uğur qazanılmasına töhfə verə bilər.

Nurlan Mustafayev

(İngilis dilindən tərcümə WorldMedia.Az)

Mənbə: The National Interest

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...
Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...