THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qlobal geosiyasət: daha həssas və riskli mərhələyə doğru

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10453
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 8 sentyabr 2020 – Newtimes.az

Son günlər ekspertlər dünya miqyasında geosiyasi dinamikanın ritminin yeniləşməsi ehtimalının artdığı barədə tez-tez fikir bildirirlər. Onlar vəziyyətə Amerika, Çin və Rusiya ilə yanaşı, başqa böyük dövlətlərin də fəaliyyətləri kontekstində nəzər salmağa başlayıblar. Ortaq qənaət belədir ki, bütövlükdə qlobal miqyasda risklər və təhdidlər artır. Böyük güclər bir-birinə konkret məsələlər üzrə ittihamlar irəli sürürlər. Bundan başqa, artıq beynəlxalq təşkilatlar da təhdid altına alınır. Enerji sferasında mübarizə daha gərgin və amansız səviyyəyə yüksəlib. Bütün bunların fonunda regional və qlobal miqyasda geosiyasi mənzərənin yeniləşmə özəlliyini təhlil etməyə ehtiyacın yarandığı qənaətindəyik.

Vaşinqtonun ittihamları qətiləşir: Konqreslə Prezidentin ortaq mövqeyi

Koronavirus pandemiyası qlobal geosiyasi gücləri sözün həqiqi mənasında bir-birinin üzərinə qaldırıb. Ekspertlər gözləyirdilər ki, pandemiyanın dünya üzrə səngiməsi geosiyasi mənzərədə də riskləri müəyyən dərəcədə azaldacaq. Lakin faktlar bunun əksini göstərir. Hazırda iki aspektdə geosiyasi mübarizənin yeni məzmun çalarları kəsb etdiyini deyə bilərik. Onlardan biri enerjidaşıyıcıları ətrafında yaranmış vəziyyətdir. İkincisi isə Amerika ilə Çin arasında ticarət müharibəsinin yeni əlamətlər kəsb etməsidir. Bu iki faktorun ortaq təsiri onsuz da risklərlə dolu dünya nizamını daha güclü silkələməyə başlayır. Və ən qorxulusu odur ki, indi adi insanları bu böhran daha çox əhatə edə bilər, nəticədə, normal həyatın bütün sferaları iflic olar.

Bunlar humanizm naminə deyilən fikirlər deyil: faktlar çox təhlükəlidir. Amerika-Çin münasibətlərindən başlamaq olar. May ayının 17-də "Fox News" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp açıq ifadə edib ki, heç bir şey onu dayandıra bilməz və hətta Pekinlə əməkdaşlığa son qoya bilər. Üstəlik, o əminliyini bildirib ki, əgər belə etsə, ABŞ-ın 500 milyard dollarını xilas edə bilər. Amerika Prezidentinin bu cür sərt mövqeyinin səbəbi hamıya aydındır. Əslində, o, özünün "Twitter" səhifəsində bunu belə ifadə edib: "Məni Çin çox məyus edib. Onlar heç kimə bir şey deməyiblər. Onlar buna yol verməməli idilər". Xatırladaq ki, söhbət Pekinin COVID-19 infeksiyası ilə bağlı dünyanı vaxtında məlumatlandırmamasından gedir.

Ancaq D.Tramp bir qədər də irəliyə gedib. O, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qarşısında şərt qoyub. Bu təşkilatın rəhbərinə yazdığı məktubda D.Tramp birbaşa hədəyə keçib. Amerika Prezidenti xəbərdar edib ki, ÜST Çinin təsiri altından çıxmasa, Vaşinqton təşkilatın maliyyələşməsini dayandıracaq və onun yenidən strukturlaşmasını həyata keçirəcək. Ekspertlər bunu təhlükəli hal sayırlar. Hesab edirlər ki, Amerika rəhbərliyi faktiki olaraq qlobal miqyasda geosiyasi mənzərəni risk altına atır – onun sabitliyi və dayanıqlığı pozula bilər. Məsələ burasındadır ki, Vaşinqton söz hədəsindən konkret hüquqi, ticari, texnoloji və informasiya hücumuna keçib. Konqresə Çini pandemiyaya görə məsuliyyətə cəlb edən layihə verilib. "Bloomberg" informasiya yayıb ki, Çində 108 milyon adam virusun yenidən yayılması riskinə görə təcrid edilib. Bu, Çinin iki əyalətində olub. Onlar Rusiyaya yaxın yerlərdir. Lakin bunu başqa informasiya mənbələri təsdiq etmir. Bunların fonunda Vaşinqton Amerika texnoloji nəhənglərinin Çinlə əməkdaşlığına yenidən baxılmasını tələb etməkdədir. Eyni zamanda, Çin şirkətlərinin ABŞ-da fəaliyyətini məhdudlaşdırmaq meyli güclənir (Çin şirkətinin "5G" layihəsinin dayandırılması buna misaldır).

İndi Vaşinqton Pekindən koronavirus infeksiyasının mənşəyinin araşdırılmasına icazə verilməsini tələb edir. Yəni, Uhandakı laboratoriya yoxlanmalı və bütövlükdə dünya səviyyəsində COVID-19-un elmi tədqiqi işi aparılıb yekun qərar qəbul edilməlidir. Bunda Amerikanın məqsədi rəsmi və hüquqi olaraq Çini pandemiyanı yaratmaqda ittiham edən beynəlxalq sənədin hazırlanmasına nail olmaqdır. Həmin əsasda Çinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edilə bilər ki, bu da həm Çin iqtisadiyyatını, həm də dünya iqtisadi sistemini ciddi surətdə silkələyər. Bu baş versə, Amerikanın dünya liderliyi üçün yeni imkanlar açılacaq, çünki qlobal səviyyədə iqtisadi və maliyyə qaydaları Vaşinqtonu qane edən məzmun almış olacaq.

Bununla Vaşinqtonun getdikcə Pekinə daha konkret, praktiki istiqamətdə təzyiqləri genişləndirməsinin səbəbləri aydın olur. Çini pandemiyanı yaymaqda və ÜST-ü bunu gizlətməkdə ittiham etməklə Amerika qlobal miqyasda geosiyasi dinamikanı dəyişə bilər. Üstəlik, Vaşinqton indidən ÜST-ün struktur və funksiyasını dəyişməklə hədələyir. Eyni addımın sabah BMT və ya NATO-ya qarşı olmayacağına kim təminat verə bilər? Xüsusilə həmişə gözlənilməz radikal hərəkətləri ilə fərqlənən D.Trampın hakimiyyəti mərhələsində bu istiqamətdə risk kifayət qədər ciddi görünür.

Belə çıxır ki, pandemiya mərhələsində və ondan sonra geosiyasi dinamika heç də müsbət tərəfə dəyişməyə bilər. Bu qənaəti həm də digər böyük dövlətlərin addımları təsdiq etməkdədir. Yaponiya yenə bəyan edib ki, Cənubi Kuril adaları ona məxsusdur. Moskvanın mövqeyi isə həmişə olduğu kimi sabitdir: gəl al! Liviya ilə bağlı beş dövlət ortaq fəaliyyət üçün razılığa gəliblər. Onların sırasında iki Avropa ölkəsi – Fransa və Yunanıstan da vardır. Təbii ki, Cənubi Kipr də o sıradadır. O da Aİ üzvüdür. Maraqlıdır ki, İsrail hökumət böhranını bu gərgin mərhələdə həll edib. Artıq orada Binyamin Netanyahu ilə müxalifət razılığa gəliblər. Onların Fələstin məsələsində eyni mövqedə olduğu məlumdur. Deməli, çox keçməz ki, bu istiqamətdə də yeni gərginləşmə müşahidə edilməyə başlayar.

Enerji kataklizmi: Ər-Riyad-Moskva xəttinin gərginlikləri

Vurğulanan risklərdən daha təhlükəlisi isə enerjidaşıyıcıları ətrafında kəskin qiymət mübarizəsinin davam etməsidir. Artıq Səudiyyə Ərəbistanı Rusiyanı Avropa bazarından sıxışdırıb çıxarmağa başlayıb. Beynəlxalq qiymət agentliyi "Argus"un yaydığı informasiyaya görə, sərt qiymət siyasəti nəticəsində Səudiyyə Ərəbistanı Rusiyanın "Urals" markalı neftini ənənəvi Avropa bazarlarından sıxışdıra bilib (bax: Саудовская Аравия потеснила российскую нефть на рынке в Европе / "lenta.ru", 18 may 2020).

"Argus"un fikrinə görə, bu, Səudiyyə Ərəbistanına elə də ziyan vurmayıb. Çünki Ər-Riyadın əsas hədəfi Asiya-Sakit okean bazarıdır. Bu istiqamətdə Rusiya zəif, İran isə güclüdür. Onu da ABŞ sıxışdırır. Beləliklə, Ər-Riyad Amerika ilə birgə enerji bazarında qüvvələr nisbətini yeniləməyə yaxındır. Rusiyanın Avropa bazarlarından sıxışdırılması fonunda ABŞ və Səudiyyə Ərəbistanının orada güclənməsi ciddi geosiyasi nəticələr verəcək.

Bundan başqa, Ər-Riyadın COVID-19-un mənbəyi olan regiona can atması, ümumiyyətlə, pandemiyanın siyasi və geosiyasi ölçüsünün hələ tam məlum olmadığı qənaətini yaradır. Çünki getdikcə daha çox faktlar meydana çıxır ki, dünya gücləri ondan pandemiyaya qalib gəlmək üçün deyil, öz geosiyasi və enerji maraqları naminə istifadə edirlər. Yekunda qəribə və xeyli dərəcədə düşündürücü mənzərə alınır: insanların kütləvi ölümü sanki böyük dövlətləri maraqlandırmır, onlar bunu hətta fürsət kimi qəbul edirlər. Burada pərdəarxasında rəsmi dairələrmi, yoxsa konkret transmilli şirkətlərmi "keşik çəkir"? Bu suala cavab hələ bilinir, çünki hər iki variantdan bəhs edirlər. Gerçəklik isə ondan ibarətdir ki, bütün bu addımlar, qiymətləndirmələr və informasiya spekulyasiyaları fonunda dünya miqyasında geosiyasi vəziyyət daha da mürəkkəbləşir və meydana yeni xarakterli risklər çıxır.

Sözsüz ki, bu gedişat regional miqyasda da siyasi, hərbi və geosiyasi dinamikanı dəyişə bilər. Gözlənilir ki, məhz bu cür də olacaq. O halda konkret regionda yerləşən dövlətlərin xarici siyasətdə hansı düzəlişlər etməli olduqları məsələsi də gündəmə gəlir. Cənubi Qafqazın geosiyasi aspektdə həssas bir məkan olduğunu nəzərə alsaq, burada da proseslərin istiqaməti əhəmiyyət kəsb edir.

Müşahidələr göstərir ki, Ermənistan əvvəlki aqressiv fəaliyyətini davam etdirir. Gürcüstan isə daha çox özünümüdafiə addımlarını atır. Belə çıxır ki, İrəvanın fəaliyyəti Cənubi Qafqazda geosiyasi radikallaşmaya və qütbləşməyə yeni təkan verə bilər. Bunun fonunda təbii ki, Azərbaycan cavab tədbirləri görəcək. Deməli, regionda müharibənin yaranması ehtimalı Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ucbatından getdikcə artır. Bu vəziyyətə qlobal geosiyasi risklər prizmasından baxsaq, situasiyanın kifayət qədər həssaslaşacağını proqnozlaşdıra bilərik.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...