THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında keçirilmiş birgə hərbi təlimlər hansı məqsədlərə xidmət edir?

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7765
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 avqust 2020 – Newtimes.az

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər avqustun 12-də axşam saatlarında Azərbaycanda səfərə gəlməsi adi günlərdə edilmiş səfər kimi qiymətləndirilə bilməz. Birincisi, bu səfər bir ay öncə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş erməni hərbi təxribatının baş verdiyi tarixə təsadüf edir. İkinci, bu səfər ərəfəsində Rusiyanın məlum hərbi əməliyyatlar zamanı və sonra Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə etməklə Ermənistana 400 ton hərbi təyinatlı yük göndərməsi haqqında məlumatlar KİV-ə sızıb. Bundan əlavə, Rusiya prezidenti V.Putinin "Naxçıvan öz sahibinə qaytarılmalıdır'' kimi müəmmalı fikri ilə Ermənistanda Sevr müqaviləsinin 100 illiyi ilə əlaqədar tədbirin keçirilməsinin eyni vaxta təsadüf etməsi də diqqətdən kənar qala bilməz.

Şübhəsiz ki, belə bir həssas məqamda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə keçirilməsi bir sıra məqamlarla bağlıdır.

İlk öncə qeyd edə bilərik ki, 2013-cü ildən başlayaraq Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında birgə hərbi təlimlərin keçirilməsi hər iki ölkənin ordularının döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyətə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir. İki ölkənin orduları arasında keçirilən və bütün qoşun növlərini əhatə edən təlimlərin sayı ildən-ilə artmaqdadır. Qeyd etmək lazımdır ki, 2013-cü ildə əgər planda 7 təlim var idisə, 2019-cu ildə bu təlimlərin sayı 13-ə çatmışdır. Bir faktı qeyd etmək lazımdır ki, Türkiyə Silahlı Qüvvələri dünyanın 9-cu güclü ordusudur. Türkiyə hərbi potensialına görə, NATO-da 4-cü, Avropada 3-cü, Yaxın və Orta Şərqdə 1-ci yerdədir. Belə bir zəngin potensiala malik qardaş ölkə ilə hərbi təcrübəni bölüşmək ölkəmizin xeyrinə hesab olunur. Məlum təlimlərə öz münasibətini bildirən  Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bəyan edib ki, bizim hərbi çərçivə müqavilələrimiz, hərbi təhsil sahəsində əməkdaşlığa dair razılaşmalarımız, müdafiə sənayesi sahəsində əməkdaşlığımız var. Bütövlükdə bunların məntiqi nəticəsi olaraq, 2010-cu ildə imzalanan strateji əməkdaşlıq sazişimiz var. Beləliklə, bu müqavilələr çərçivəsində bizim buraya gəlməyimiz, getməyimiz, birlikdə olmağımız, təlimlərdə bərabər olmağımız son dərəcə təbii bir fəaliyyətdir. Biz ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olan nə varsa bu günə qədər etdik və bundan sonra da etməyə davam edəcəyik". Həqiqətən Türkiyə-Azərbaycan əlaqələri digər sahələrdə olduğu kimi hərbi sahədə də ən yüksək səviyyədədir. Belə ki, Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlığa dair geniş hüquqi baza və bundan irəli gələrək hər il həyata keçirilən təhsil, təlim və yardım layihələri mövcuddur.

Ümumiyyətlə, Azərbaycanla Türkiyə arasında 250-dən artıq müqavilə imzalanıb. Onlar arasında hərbi sahə ilə əlaqəli əsas sənədlər "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqavilə'' (11.08.1992-ci il) və "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi təlim, texniki və elmi sahədə əməkdaşlıq haqqında Saziş''i (10.06.1996-cı il) və 2010-cu ildə imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında'' Müqaviləni və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında'' Birgə Bəyannamə hesab edilir. Bu sazişlərdən irəli gələrək, Azərbaycan Respublikası Höküməti və Türkiyə Respublikası Höküməti arasında "Şəxsi heyət mübadiləsinə dair protokol'', "Hərbi tibb sahəsində əməkdaşlıq haqqında protokol'', "Əfqanıstanda Qətiyyətli Dəstək Missiyası çərçivəsində Türk Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərən Azərbaycan bölüyü ilə bağlı protokol” və  ən son 2016-ci ildə "Hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokol'' imzalanmışdır. Azərbaycan hərbçiləri Türkiyənin silahlı, quru, hava və dəniz qüvvələri üzrə mövcud akademiyalarında, hərbi məktəb və liseylərində təhsil alır.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə ötən 20 ildə Türkiyənin ən çox hərbi yardım göstərdiyi ölkə Azərbaycan olmuşdur. Türkiyə maddi-texniki yardımlarla yanaşı, hərbi təhsil-təlim, rabitə, tibb, hava hücumundan müdafiə sahəsində də yardım etməkdədir. Türkiyənin "Roketsan'', "Aselsan'', "Öztek'', "Selex'' və digər şirkətləri Azərbaycanın hərbi zavodları ("Maşınqayırma'', "Alov'', "İqlim'') ilə birgə məhsul istehsalı proqramlarını müzakirə etməkdədir. Bu ilin fevralin 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası çərçivəsində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş" sənədinə əsasən, Azərbaycan strateji tərəfdaşı olan qardaş Türkiyədən ən yeni və müasir standartlara cavab verən silahlar alacaq.

Bundan əlavə, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı ikitərəfli kontekstdən kənarda çoxtərəfli formatlarda da uğurlu davam etdirilir. Belə ki, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası çərçivəsində 120 nəfərlik Azərbaycan hərbi heyəti Türkiyə kontingentinin tərkibində Həmid Kərzai adına Beynəlxalq Hava Limanının mühafizəsini təmin edir. Bu müstəvidə, "Əfqanıstanda Qətiyyətli Dəstək Missiyası çərçivəsində Türk Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərən Azərbaycan bölüyü ilə bağlı protokol''a əsasən hər il Azərbaycan Ordusunun bölmələri Əfqanıstanda təyin olunmuş ərazidə təhlükəsizliyin təşkil olunmasi üzrə tapşırıqları yerinə yetirmək üçün Türkiyənin lojistik dəstəyindən də istifadə edirlər.

Həmçinin, Azərbaycan hərbçiləri NATO-nun layihələri çərçivəsində də əməkdaşlıq edirlər. Məsələn, Alyansın Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı (SPS) çərçivəsində silahlı qüvvələrin, eləcə də Azərbaycanın digər aidiyyəti qurumlarının qabiliyyətlərinin artırılması üçün Türkiyə tərəfindən ölkəmiz üçün təlim-tədris proqramları təşkil olunur.

Bundan əlavə, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatlarında hərbi sahədə yüksək səviyyəli görüşlər, təlim və tədris proqramları həyata keçirilir. 

İkinci məqam ondan ibarətdir ki,  avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilmiş təlimlər müxtəlif qoşun növlərinin iştirakı  və iki həftədən artıq bir dövrü əhatə etməsi belə düşünməyə əsas verir ki, bu dəfəki təlimlər daha geniş tərkibli şəxsi heyəti iştirakı və uzun müddətli olması ilə diqqəti cəlb edib. Bu təlimlərin başlanması zamanı Ermənistan Silahlı Qüvvələrində həyəcan siqnalı verilmiş və düşmən ordusunun hazırlıq səviyyəsi yoxlanılmışdır. KİV-lərdə "Türkiyə Qafqaza qayıdır,” "Türkiyə münaqişəyə müdaxilə edəcək” kimi fikirlərin yayılması düşmən ölkəni əməlli-başlı təşvişə salmışdır. Bu səviyyədə hərbi təlimlərin keçirilməsi həmçinin Ermənistanın havadarlarına da ciddi bir çağırış hesab edilir.

Üçüncüsü "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə hərbi-siyasi, iqtisadi, təhlükəsizlik, hərbi-texniki sahələrdə əməkdaşlıq kimi mühüm məsələləri əhatə edir. Həmin müqavilənin 1-ci maddəsində tərəflərin bir-birinin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunmasında və qorunmasında sıx əməkdaşlıq edəcəkləri, onlardan hər hansı birinin ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına təhdid edildiyi və ya belə bir təhlükənin olduğu qənaətində gəlindikdə tərəflər bu təhdid və təhlükələrin aradan qaldırılması istiqamətində görülə biləcək tədbirlər barədə təxirəsalınmadan məsləhətləşmələr aparacaqları yer alıb. Müqavilədə iki nüansa diqqət  yetirmək lazım gəlir: "sərhədlərinin toxunulmazlığına təhdid edildiyi'' və ya "belə bir təhlükənin olduğu qənaətində gəlindikdə''. Burada təhdid və təhlükə anlayşların aydınlıq gətirmək lazımdır. Təhdid – mühüm maraqlara real, bilavasitə ziyan vurmaq imkanıdır. O, 3 əlamətə malikdir: 1. Bir subyektin digərinə məqsədli şəkildə ziyan vurması; 2. Ziyan vurmaq məqsədilə zorakılıq törətməyə hazır olmağın nümayiş etdirilməsi;  3. Təhlükənin dinamik olaraq artmasıdır. Buradan alınan məntiqə görə təhdid təhlükənin ən son həddidir (birbaşa təhlükədir). Təhlükə isə mümkün (potensial) təhdiddir.

Sübhəsiz, Azərbaycanın 20 faiz torpaqlarının Ermənistanın işğalı altında qalması və işğalın davam etməsi – təhdidi xarakterizə edən əlamətlərdir. Həmin təhdidin aradan qaldırılması ilə 1992-ci ilin martından ATƏT-in Minsk Qrupu məşğul olur və Türkiyədə həmin qrupda yer alıb. Lakin 12-16 iyul tarixlərində Ermənistan Silahlı Qüvvələri tərəfindən hərbi əməliyyatların Ermənistan-Azərbaycan dövlət sərhədlərinin Tovuz istiqamətində başlaması (yəni Azərbaycan ərazisinə təhdid edilməsi) və müharibə şəraitində Azərbaycanın digər sərhədyanı əraziləri üçün "belə bir təhlükənin qalması'' (yəni istənilən vaxt həmin təhlükənin təhdidə çevrilə bilməsi və digər ərazilərə yayılması ehtimalının yüksək olması) həmin müqavilənin 1-ci maddəsinə uyğun olaraq Türkiyəyə ölkəmizə qarşı Ermənistanın təhdid və təhlükələrini aradan qaldırmaq məqsədilə görülə biləcək tədbirlər (hərbi və qeyri hərbi xarakterli) barədə Azərbaycanla təxirəsalınmadan məsləhətləşmələr keçirmək hüququ verir.

İkinci maddədə qeyd edilir ki, "tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, Tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünü müdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri barədə razılığa gəldilər. Bu yardımın forması və həcmi təxirəsalınmadan Tərəflər arasında razılaşdırılacaqdır''. Sözü gedən maddə hər bir dövlətə, o cümlədən Azərbaycana beynəlxalq hüquqi sənədlərdə təsbit edilmiş silahlı müdaxiləyə məruz qalacağı təqdirdə fərdi və kollektiv (iki və çoxtərəfli) qaydada özünümüdafiə hüququ verir. Bu maddə hərbi ittifaqların təməl hüquqi şərti olan, – məsələn NATO-nun təsis müqaviləsinin məşhur 5-ci maddəsi kimi, – bir "casus foederis''dir (latınca, casus – hal, hadisə, foedus – ittifaq, müqavilə), yəni, ittifaqın öhdəliklərinin hansı hallar (şərtlər) altında, hərbi gücdən də istifadə edilməklə yerinə yetiriləcəyini göstərən rəhbər prinsipdir. Deməli, bu maddə Türkiyəyə Azərbaycanı Ermənistanın hərbi təcavüzündən müdafiə etmək məqsədilə ittifaq öhdəliyindən irəli gələn bütün zəruri tədbirlər həyata keçirmək, o cümlədən hərbi imkanlardan istifadə etmək hüququ verir.

Daha bir məqam Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşması ilə bağlı işlərin 97 fazinin görülüb qurtarması və onun oktyabr ayında istismara buraxılmasının planlaşdırılmasıdır. Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir. 12-16 iyul hadisələri zamanı Ermənistanın hərbi əməliyyatlar səhnəsi qismində Tovuzu seçməsi məhz bu ehtimalla əlaqəli hesab edilə bilər. Ermənistan Azərbaycan ərazisindən Avropaya uzanan beynəlxalq neft-qaz və strateji nəqliyyat və kommunikasiya xətllərinin keçdiyi ərazini hərbi əməliyyatlar meydanına çevirməklə, bu lahiyələrin fəaliyyətini pozmağa, onları zərbə altında saxlamağa və bu yolla Azərbaycana təzyiq etməklə onun danışıqlar prosesində mövqeyini zəiflətməyə çalışmışdır. Hərbi gücün tətbiqindən bir nəticə hasil etməyən Ermənistan hərbi ritorika əl ataraq  "Gəncəni vurmaqla'' hədələmişdir. Məhz bu səbəbdən Azərbaycan-Türkiyə hərbi təlimlərinə ölkəmizin həyati mühüm sənaye mərkəzləri olan Gəncə və Mingəçevir şəhərlərinin (Ermənistan tərəfi ötən ay Mingəçevir Su Anbarını vurmaqla hədələmişdir-red) daxil edilməsi işğalçı ölkəyə xəbərdarlıq jesti kimi qəbul edilməlidir.

Beləliklə iki həftədən artıq keçirilmiş təlimlər və onun yekunlarının müzakirə edilməsi məqsədilə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər avqustun 12-də axşam saatlarında Azərbaycanda səfərə gəlməsi bir sıra nəticələrə gəlmək imkanı verir:

Birincisi, Türkiyə regionda işğalçını cilovlamaq niyyətində olmasını gizlətmir; ikincisi, o regionda hərbi gərginlik yaratmaq niyyətində olanları belə hərəkətlərdən çəkindirməyə çalışır, üçüncü, Türkiyə regionu Avropa enerji təsərrüfatı ilə bağlayan beynəlxalq neft, qaz və nəqliyyat arteriyalarının təhlükəsizliyini təmin etməyə səy göstərir; nəhayət qardaş ölkə Azərbaycan Silahlı Qüvvələrinin modern orduya  çevrilməsinin donoru kimi çıxış etməklə ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə öz əhəmiyyətli töhvəsini verir.

Zəfər Nəcəfov,

Beynəlxalq münasibətlər üzrə mütəxəssis, Silahlı Qüvvələrin Hərbi Akademiyasının baş müəllimi

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...