THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İdlib "partlayışı": regional və qlobal geosiyasətdə tarazlıq pozulur

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
12882
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 mart 2020 – Newtimes.az

Suriyanın İdlib bölgəsində geosiyasi-hərbi proseslər daha gərgin səviyyəyə yüksəlib. Orada sözün həqiqi mənasında böyük dövlətlərin açıq və gizli savaşı gedir. 30-dan çox türk əsgərinin şəhid edilməsindən sonra Türkiyə genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. "Bahar qalxanı" adlanan bu əməliyyatda Bəşər Əsədə sadiq silahlı qüvvələrə ağır zərbələr endirilir. Suriya Milli Ordusu bir qədər əvvəl itirdiyi əraziləri addım-addım azad edir. Artıq Neyrab (M-4 şosesi üzərində) və Serakibdə (M-5 şosesi üzərində) döyüşlər gedir. Neyrab tam azad edilib, B.Əsədin istifadə etdiyi hava limanı dağıdılıb. Serakibin bir hissəsi də müxaliflərin əlindədir. Türk ordusu Suriya rejiminə məxsus iki "Su-24" təyyarəsini vurub, Hələb yaxınlığındakı hərbi təyyarə anqarını darmadağın edib. B.Əsədə bağlı qüvvələr 100-dən çox tank və minlərlə canlı qüvvə itiriblər. Türk ordusunun qisası davam edir. Bütün bunların regional və qlobal proseslərə təsiri məsələsi aktualdır. Ekspertlər bununla bağlı rəylərini bildirir, analiz aparır və proqnozlar verirlər. İdlibdə vəziyyətin sonrakı inkişafının geosiyasi kontekstdə analizi üzərində geniş dayanmağa ehtiyac görürük.

Türkiyənin hərbi zərbəsi: Suriyada qüvvələr nisbəti dəyişir

İdlib qısa bir müddətdə qlobal geosiyasətin ən həssas mövzusuna çevrildi. Bəşər Əsəd rejiminin və ona yardım edən xarici döyüşçülərin qəfil hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bölgədə antiterror əməliyyatı aparan hissələrinin çox sayda şəhid verməsi böyük rezonansa səbəb oldu və bütün Türkiyə ayağa qalxdı. Ankara sözün həqiqi mənasında od püskürdü. Qısa müddətdə cavab zərbələri ilə Əsəd silahlılarını pərən-pərən saldı. Sosial şəbəkələrdə yayılan videogörüntülər də təsdiq edir ki, yalnız Əsədə sadiq əsgərlər deyil, ona yardım edən xarici döyüşçülər də qaçmaqla canlarını qurtarmağa çalışırlar. Türk ordusunun endirdiyi zərbələr alında tab gətirən gözə dəymir.

Ancaq məsələ yalnız döyüş meydanındakı vəziyyətlə məhdudlaşmır. Ortaya qlobal miqyasda həll edilməli olan problemlər çıxır. Onların sırasında geosiyasi əhəmiyyətli olanlar vardır. Hər şeydən öncə, İdlibdən 100 minlərlə insan qaçqın vəziyyətinə düşüb. Onlar kütləvi halda Türkiyə sərhədlərinə doğru hərəkət edirlər. Ankara bu insanların Avropaya getməsi üçün şərait yaradacağını bəyan etdi. Və sözünü tutdu. Yunanıstan və Bolqarıstan istiqamətlərində sərhəd qapılarını açan Türkiyə prosesin davam edəcəyini bildirdi. Dərhal Avropanın müxtəlif ölkələrindən telefon zəngləri ara vermədən gəlməyə başladı.

Avropa ölkələri anladılar ki, Türkiyə Suriya və digər yerlərdən savaşdan can qurtaran insanların tək sığınacaq yeri ola bilməz. Bu məsuliyyəti hamı, ilk növbədə, "demokratik Qərb" də daşımalıdır. Bu səbəbdən də Ankaranın sözü gedən addımı öncədən dərin düşünülmüş siyasətin növbəti fraqmentidir. Aİ üzvləri artıq narahatlıqla vəziyyəti düzəltməyə çalışırlar.

Digər məqam NATO-nun bir təşkilat kimi ciddi imtahan qarşısında olması ilə əlaqəlidir. Şimali Atlantika Alyansı sözdə Türkiyəni dəstəklədiyini yenidən bəyan etdi. Son toplantılarının birində Türkiyəyə havadan müdafiə də daxil olmaqla, lazım olan dəstəyi verəcəyini ifadə etdi. Ancaq əməldə hansısa addımın atıldığı müşahidə edilmir. ABŞ-ın "Patriot" sistemləri ilə bağlı müəyyən informasiyalar yayılır. Lakin Pentaqon bunun mümkün olmadığı haqqında fikir bildirib. Çünki o halda Suriyada gərginlik daha da böyüyər və miqyası genişlənər. Eyni zamanda, Rusiya buna qarşılıq Yaxın Şərqə daha güclü silahlarını yerləşdirər. Bunu təbii ki, Ankara da anlayır.

Prezident Rəcəb Tayyib Ərdoğan da kimsədən silah almaqla müharibəni udmağın cəfəng fikir olduğunu bəyan edib. O, əsas məsələnin əsgərin iradəsində, mərdliyində və vətən sevgisində olduğunu deyib. Türkiyə dövlət başçısı tamamilə haqlıdır. Bunu türk əsgəri döyüş meydanında da tam sübut edir. Onun zərbələri altında çox öyülən "Vaqner" döyüşçülərinin panik halında qaçdıqlarını sosial şəbəkələrdən aydın görmək olar.

Başqa bir faktor isə siyasi və geosiyasi aspektlə bağlıdır. İndi qlobal geosiyasətdə Türkiyənin yeri və rolunu müəyyənləşdirməyə çalışanlar var. Onları şərti olaraq üç qrupa bölmək olar. Birincisi, Türkiyə və onun yaxın müttəfiqləridir. Onlar hesab edirlər ki, Türkiyə dünyanın söz sahiblərindən biri olmalıdır. O, kimsənin yanında deyil, özünə yetərli olan güclü dövlət kimi dünya siyasətində yer almalıdır. Bu da ən azından Türkiyənin regional lider kimi qəbul edilməsi deməkdir.

Bu mövqeyə görə, kimsə Türkiyə ilə təhdid dilində danışa bilməz. Türkiyə ilə ancaq dialoq aparmaq olar. Türk dövlətçilik ənənəsində ədalət həmişə mərkəzi yer tutub. Bu səbəbdən Türkiyə ilə dialoqdan tərəfdaşları ancaq qazana bilərlər. Ankara bunun üçün bütün iradəsini və gücünü ortaya qoyub.

İkincisi, başda Amerika olmaqla Qərb Türkiyəni ram etməyə çalışır və onun qlobal siyasətdə yerini özünün yanındakı "kiçik tərəfdaş" statusunda müəyyənləşdirməyin izindədir. Həm də NATO üzvü kimi Türkiyədən dəstək tələb etməyin fonunda özü ancaq vədlər verməklə kifayətlənməyə cəhd göstərir. Bu yolun perspektivsiz olduğunu Türkiyə həm anlayır, həm də başqalarına çox yaxşı anladır. Qərb artıq həm siyasi varlıq, həm də NATO kimi anlamalıdır: Türkiyə ilə söz oyunu bitib! Emmanuel Makronun telefonla Rəcəb Tayyib Ərdoğana ürək-dirək verməsi, dəstəkdən bəhs etməsi real heç nəyi ifadə etmir.

"Böyük toqquşma": geosiyasi dinamikada yeni tendensiya

Türkiyə Prezidenti açıq ifadə edib ki, "artıq boş sözlər danışmayın, real yardımlar olarsa olar, olmazsa bu barədə heç danışmayaq". Eyni məntiqlə Aİ rəsmisi ilə söhbətdə danışılıb, Almaniya rəhbərliyi ilə müzakirə aparılıb. Yalnız Bolqarıstanın Baş naziri Türkiyənin təkbaşına qaçqın məsələsini həll etməli olmadığını bəyan edib. Aİ konkret addımlar atmalı və bu insani faciənin qarşısını almalıdır.

BMT də İdlibdə baş verənlərə laqeyd qalmayaraq, dərhal atəşkəsə nail olmağa çağırıb. Humanitar böhranın qarşısını almaq üçün lazım olan addımları isə bu təşkilat da atmır. Bu seyrçiliyin fonunda miqrantlar sözün həqiqi mənasında Avropanı ayaq altına alır. Artıq yüz minlərlə miqrant Türkiyəni tərk edib. Onların aqibəti məlum deyil. Ankara bu prosesin davam edəcəyini bəyanlayıb.

Nəhayət, üçüncü qrupa Rusiya və İran daxildir. Moskva və Tehranın Türkiyəni tabe etdirmək planı boşa çıxdı. Onlar fürsətdən istifadə edib, Ankaraya iradələrini qəbul etdirməyə çalışırlar. Xüsusilə Moskvanın bu hərəkətinə Ankaradan sərt təpki verildi. Türkiyə rəhbərliyi cəsarətlə bəyan etdi ki, Rusiyanın qarşısından çəkilmək fikrində olan yoxdur. Moskva ağlını başına toplayıb Soçi və Astana razılaşmaları çərçivəsində hərəkət etməlidir. Əgər Türkiyəni oyundan kənarda qoymaq istiqamətində fəaliyyət davam edəcəksə, onda Ankaranın cavabı çox sərt olacaq. Doğrudan da, hərb meydanında Türkiyə rəqiblərinin külünü göyə sovurmaqdadır.

Buna Rusiya və İran özünəməxsus reaksiya verib. Rusiya kifayət qədər təmkinlə Türkiyə ilə münasibətləri pozmaq istəmədiyini ifadə edib. Rus ordusunun türk ordusu ilə vuruşmaq niyyətinin qətiyyən olmadığını bəyan ediblər. Lakin Kreml eyni zamanda, razılaşmaların şərtlərinin Ankara tərəfindən pozulduğunu bildirir. Bunlarla yanaşı, Rusiya və Türkiyə prezidentlərinin görüşməsi zərurətindən bəhs edir. Türkiyə isə müzakirədə daha çox dövlətin iştirakına çalışır. Hələlik Moskvada Putin-Ərdoğan görüşməsi olmalıdır. Onun nəticəsindən çox şey asılı olacaq. Real olan odur ki, türk ordusu martın 1-dən söz verdiyi kimi, İdlibdə "Bahar qalxanı" əməliyyatına başlayıb.

İran isə bir qədər ehtiyatlı mövqe tutur. Tehran Ankaranı ittiham etsə də, Rusiyasız bir model təklif edib. Prezident Həsən Ruhani Rəcəb Tayyib Ərdoğana deyib ki, İran-Türkiyə-Suriya əməkdaşlıq modeli yaratsınlar. Əlbəttə, Ankara bunu qəbul etməz. Çünki Suriyada, deyildiyi kimi, müstəqil, suveren, legitim hakimiyyət yoxdur – o, faktiki olaraq Rusiya və İranın maraqlarının cəmləşdiyi bir yerdir. Ona görə də vəziyyət yenə də köhnə perspektivsiz dairədə qala bilər və Əsədin əli ilə İdlibdən əhalinin sürgünü davam edər.

Bəs nəyə görə rejim gücləri və ona dəstək verənlər İdlibi faktiki olaraq viran edirlər? Bir sıra ekspertlərə görə, burada əsas məqsəd məzhəb fərqinə görə "uyğun hesab edilməyən" sakinləri yurdlarından qovub, onların yerinə özlərinə uyğun məzhəb adamlarını gətirməkdir. Bununla B.Əsəd öz aləmində təhlükəni aradan qaldırmış olur. Ancaq Türkiyə məhz bu fəlakətli ssenarinin reallaşmasına böyük əngəl törədir.

Bütün bunlar İdlib məsələsinin çox müxtəlif aspektlərdə qlobal geosiyasətə təsir etdiyini təsdiqləyir. Orada bəlkə də region dövlətləri üçün əsrin savaşı adlana biləcək proseslər gedir. Onun necə sonuclanmasından bütövlükdə Yaxın Şərqin və həm də müsəlman ölkələrinin taleyi məsələsi asılı olacaq. Burada hansı ssenarinin reallaşacağı haqqında öncədən konkret proqnoz vermək olduqca çətindir. Ancaq hər bir kəs üçün ədalət, haqq, insanlıq, beynəlxalq hüququn qalib gəlməsi önəmlidir! Dünyada uzun müddətdir ki, dinc insanların qanı tökülür, ailələr dağılır, gənc adamlar həlak olurlar. Bu prosesin qarşısını ala biləcək lider əsl liderdir!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...