THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qlobal geosiyasət: yeni qüvvələr nisbəti və oyun qaydaları mərhələsi

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7142
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 fevral 2020 – Newtimes.az

Dünya siyasəti yeni dəyişikliklər müstəvisinə qədəm qoyur. Böyük dövlətlər sanki yeni planlar üzərində işləyirlər. Xüsusilə İraq parlamentinin xarici hərbi qüvvələri ölkə ərazisindən çıxarmaqla bağlı qəbul etdiyi qərar vəziyyəti daha da həssaslaşdırıb. Okeanın o tayından dərhal buna reaksiya verilib. Vaşinqtonun ritorikası dəyişməyib. Amerikalılar yeni zərbələr endirə biləcəklərindən bəhs edirlər. Onlar hesab edirlər ki, bununla özlərinin milli maraqlarını müdafiə edir, Amerika vətəndaşlarının həyatını qoruyurlar. Ancaq niyə bunu ölkənin sərhədlərindən on min kilometrlərlə uzaqda edirlər, izahı yoxdur. Təbii ki, bu kimi davranışlara başqa böyük dövlətlər və Yaxın Şərqdə yerləşən digər ölkələr müəyyən reaksiya verə bilərlər. Bu kontekstdə İraq parlamentinin qəbul etdiyi qərar fonunda qlobal və regional siyasətdə qüvvələr nisbəti və oyun qaydasının dəyişməsi dinamikası üzərində geniş dayanmağa ehtiyac gördük.

Bağdadın riskli addımı: Vaşinqtonun qəzəbi

İraq parlamentinin xarici dövlətlərin hərbi qüvvələrinin ölkə ərazisindən çıxarılması ilə bağlı qərar qəbul etməsindən sonra diplomatik meydanda bir canlanma müşahidə edilir. Ekspertlərə görə, bu hadisə Yaxın Şərqdə geosiyasi dinamikaya ciddi təsir edə bilər. Çünki, faktiki olaraq, Vaşinqtonun İraq siyasətində ciddi dəyişiklik baş verə bilər. Eyni zamanda, bu dəyişiklik lokal deyil, qlobal miqyaslı faktorlarla əlaqəli olduğundan, bütövlükdə, regionun geosiyasi-hərbi mənzərəsi yeniləşər. Əlbəttə, bunu hər kəs anlayır və maraqla Vaşinqtonun hadisəyə reaksiyasını gözləyir.

Prezident Donald Tramp artıq fikrini bildirib. O deyib ki, Amerika hərbi qüvvələrini İraqdan çəkməyəcək. Əksinə, Yaxın Şərqə əlavə olaraq 5 min əsgər göndərmək niyyəti var. Bundan başqa, D.Tramp İraqın orada tikilən hərbi baza üçün milyardlarla dollar kompensasiya ödəməli olduğunu vurğulayıb. Bu şərt yerinə yetirilmədən İraqdan çıxmaq yoxdur.

ABŞ Prezidenti bir qədər də irəli gedərək bəyan edib ki, əgər belə bir iş olsa, "heç də dostluq şəraitində olmayacaq". ABŞ İraqa İrandan betər sanksiyalar tətbiq edəcək. Elə sanksiyalar ki, dünyada görünməmiş olsun. Belə çıxır ki, Vaşinqton İraq parlamentinin qərarına əməl etməyəcək. Ekspertlər də vurğulayırlar ki, əslində, bu qərar tövsiyə xarakterlidir, məcburi deyil. Onu deyək ki, parlamentin həmin iclasına sünnilər və kürdlər qatılmayıblar. Bu isə müəyyən məqamlardan xəbər verir.

Dünya dövlətləri də bu hadisəyə reaksiya veriblər. Onlar əsasən amerikalıları qınayırlar. Qasım Süleymaninin öldürülməsini düzgün addım saymırlar. Maraqlıdır ki, Amerika rəhbərliyi tamamilə fərqli mövqedədir. Mayk Pompeo bəyan edib ki, eyni hadisə İranın digər liderlərinin də başına gələ bilər. Yəni ABŞ bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Bunların fonunda, ümumiyyətlə, Amerika hərbi bazalarının dünyanın müxtəlif regionlardan çıxarılması məsələsindən bəhs edirlər. Bundan danışan rusiyalı siyasətçilər və ekspertlər hesab edirlər ki, Amerika hərbi baza saxladığı ölkələrə qarşı hörmətsiz davranır. Bu barədə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev fikir bildirib. Vaşinqton özünə dost dediyi ölkələrlə mövqe fərqliliyi yaranan kimi şantaja, təzyiqə, cəza siyasətinə başlayır, sanksiyalar tətbiq edir və həmin ölkələri öz təsiri altında saxlamağa çalışır.

Hər bir halda İraq parlamentinin sözdə də olsa, belə qərar alması sensasiyadır. Birincisi, hazırkı İraq siyasi sisteminin yaranmasında məhz Amerika həlledici rol oynayıb. Səddam Hüseyn devriləndən sonra bu ölkənin müstəqil və bütöv qalması geosiyasi əhəmiyyət kəsb edirdi. Amerikalılar məcburən şiələrə stavka etməli idilər, çünki S.Hüseyn sünni idi və onun məzhəbindən olanlara etibar etmək riskli idi. Bundan başqa, İranın təsirini gözardı etmək olmazdı. Bütün hallarda İraqın müasir həyatında Amerika faktoru həlledici yerlərdən birini tutur.

İkincisi, faktiki olaraq, İraq Amerika üçün Yaxın Şərqdə fəaliyyət bazalarından biridir. Bunu Bağdadda da bilirlər. Təbii ki, belə bir yeri əldən verməkdən çox, siyasi mühiti öz xeyrinə dəyişmək Amerika üçün daha uyğundur. Onda İraq parlamenti faktiki surətdə ölkənin siyasi yapısının yenidən qurulmasına apara biləcək sensasion bir qərar qəbul etmiş olur. Görünür, kürdlərin məclisin son iclasında iştirak etməməsinin arxasında çox məqamlar dayanır. Belə bir informasiya yayılıb ki, ABŞ bütövlükdə Yaxın Şərqdəki kürd qruplarını birləşdirməklə məşğuldur. İraq parlamentinin son qərarı Vaşinqtona bu istiqamətdə əlavə kozırlar vermiş olur.

Üçüncüsü, hazırda amerikalıların İraqda hərbi mövcudluğu daha çox İran və Türkiyə istiqamətində təsirli olmaq üçün lazımdır. Xüsusən İranla bağlı proseslərin gələcək inkişafı bu faktordan asılıdır. Məsələ ondan ibarətdir ki, Amerika Suriya, Türkiyə və İran istiqamətlərində hərbi-kəşfiyyat, logistika, silah təchizatı kimi məsələləri həll etmək üçün İraqdan baza kimi istifadə edir. Bu işdə onlara daha çox məhz kürd separatçıları yardım edir. Deməli, amerikalıların İraqdan çıxması həm də bu sistemin dağılması deməkdir.

Nəhayət, dördüncüsü və bizcə ən təsirlisi İran məsələsinin aktual olduğu bir mərhələdə Amerikanın İraqdan çıxması faktiki məğlubiyyət deməkdir. Həm İran istiqamətində, həm də ümumən bölgədə sözə baxımlı yeni etnik dövlət yaratmaq planında. Bununla ABŞ və İsrailin bütün Yaxın və Orta Şərq planları fiaskoya uğramış olur. Bu məsələdə stavkanın nə qədər böyük olduğu aydın görünməkdədir.

Gözləmə mövqeyi və geosiyasi dinamika: dəyişikliklər astanasında

Vurğulanan məqamlardan geosiyasi kontekstli bir sual meydana gəlir: proseslər bu istiqamətdə davam etsə, qlobal səviyyədə qüvvələr nisbəti dəyişə və yeni oyun qaydaları yarana bilərmi? Bir qədər başqa səviyyədə həmin proseslər ABŞ-Çin-Rusiya-Avropa İttifaqı münasibətlərində ciddi dəyişikliklər edərmi? Təbii ki, indidən bu suallara birmənalı cavab vermək və ya dəqiq proqnoz söyləmək mürəkkəb işdir. Müəyyən tendensiyaların üzərində isə dayanmaq olar.

Müşahidələr göstərir ki, Pekin, Moskva və Brüssel hələlik gözləmə mövqeyindədirlər. Onlar ABŞ-ı qınayırlar, lakin real addım atmaq fikirləri yoxdur. Məsələn, İran kimi Amerikanı hədələmək, ona hərbi zərbələr endirə biləcəklərindən bəhs etmək meyli hiss olunmur. Əskinə, Vaşinqtonu və Tehranı dözümlü olmağa dəvət edir, dünya ilə oynamamağı tövsiyə edirlər. Bunlar isə ümumi reaksiyadır və reallıqda böyük dövlətlərin proseslərin gedişini izlədiyini ifadə edir.

Bu o deməkdir ki, yaxın zamanlarda İraqda, Suriyada və ya Liviyada hansısa səs-küylü bir olay baş verə bilər. Burada məqsəd ya əsas diqqəti İraqda baş verən hadisələrdən yayındırmaq, ya da situasiyanı kardinal surətdə dəyişmək ola bilər. Hər iki variantda risk faktoru böyükdür. Belə bir hadisə regionu daha həssas vəziyyətə gətirər ki, ondan sonra atılacaq addımlardan çox şey asılı olacaq. Faktiki olaraq, region böyük bir müharibənin astanasına gəlmiş olacaq.

Gözləmək olar ki, ABŞ İran istiqamətində yeni addımlar da atsın. İranı təxribata və tələsikliyə çəkmək üçün müəyyən hadisələr törənə bilər. Lakin bu zaman proseslərin kimin xeyrinə gedəcəyini demək çətindir. Həmin kontekstdə bir məqamı unutmaq olmaz. Biz, regiondakı yerli separatçı-terrorçu qrupların fəallaşdırılmasını nəzərdə tuturuq. Mümkündür ki, müəyyən dairələr belə bir fəndə əl atsınlar. Və onların fəaliyyəti iki aspekti – məzhəb və etnik fərqlilik sferalarını əhatə etsin. Bu, olduqca təhlükəli bir ssenari olardı. Böyük dövlətlər arasındakı qarşıdurma yerli xalqlar arasındakı ixtilafa transfer ola bilər ki, bunun hamı üçün sonucu ağır olar.

Bu prosesdə Avropanın tutacağı mövqe maraqlıdır. Avropa İttifaqı, faktiki olaraq, seyrçi mövqedədir. Düzdür, Fransa, Böyük Britaniya və Almaniya İrana müraciət edərək geniş miqyasda qisasçılığa çalışmamasını tövsiyə ediblər. Onlar hesab edirlər ki, Qərbdən qaynaqlanan bu pozucu fəaliyyəti Qərb ölkələrinin siyasiləri həll etməlidirlər. Yəni bu mənada problemi onlar özlərininki sayırlar. Amerikalı bir kinorejissor da Tehrana müraciət edərək "işi amerikalıların özlərinə buraxmağı" xahiş edib. Bəs bunlar İranı durdurmalıdırmı? Çətin ki, belə çağırışlar effektiv olsun və onların səmimiliyinə kimsə inansın. Sanki Avropa bir sakitləşdirici rol oynamağa çalışır. ABŞ-ı durdura bilmirlər, lakin onun vurduqlarını dayandırmağa çalışır, humanizmdən dəm vururlar. Bu üsul qədimdən bəllidir və kimsə indi ona getməz.

Belə çıxır ki, Avropanın da mövqeyi hələ dəqiq deyil. Onlar ABŞ-dan öz oyun qaydalarını və hamı üçün ümumi olan dəyərlər barədə öz interpretasiyasını başqalarına zorla qəbul etdirmək siyasətini dayandırmağı tələb etməlidirlər ki, bu da kəskin surətdə və kollektiv halda duyulmur. Həmin səbəbdən İranın nüvə sazişindən tamam çıxdığını bəyan etməsi gözlənilən idi. Deməli, vəziyyət daha kəskin bir duruma doğru getməkdədir. Bu prosesin fonunda deyə bilərik ki, bəli, qlobal geosiyasətdə qüvvələr nisbəti yeniləşə bilər. Bu isə, faktiki olaraq, yeni oyun qaydalarının müəyyən edilməsinə aparıb çıxarar. Bunun bütün dünya üçün nə dərəcədə ağrılı olacağını zaman göstərəcək.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...