THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İdlibdə gərginlik yeni səviyyədə: geosiyasi ixtilaflar geniş miqyas alır

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6564
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 fevral 2020 – Newtimes.az

Suriyanın İdlib bölgəsində hərbi vəziyyət yenidən gərginləşib. Hazırda orada Bəşər Əsədə sadiq qüvvələrlə Türkiyə və onun dəstəklədiyi müxalif qüvvələr arasında qızğın döyüşlər gedir. Əsəd rejiminə Rusiya və İranın birbaşa yardım etdiyi deyilir. Suriyada Rusiya hərbi kontingentinin fəaliyyətinə rəhbərlik edən generalın belə kimliyi açıqlanıb. Ekspertlər hesab edirlər ki, belə bir vəziyyət bütövlükdə Yaxın Şərqdə daha mürəkkəb geosiyasi mənzərə yarada bilər. Artıq prosesə ABŞ və İsrailin də qoşulduğu haqqında informasiyalar yayılır. Bunların fonunda qlobal geosiyasətdə qüvvələr nisbətinin necə dəyişə biləcəyi maraq doğurur. Yaxın Şərqə bütöv sistem kimi baxsaq, məsələnin geosiyasi konteksti çox böyük məna kəsb edir.

Qarşıdurma şiddətlənir: hərbi əməliyyatlar genişlənir

İdlibdə hərbi qarşıdurma təhlükəli həddə çatıb. İndi meydanda aşağıdakı qüvvələr fəaliyyətdədirlər: Bəşər Əsədə bağlı silahlı güclər, İranın Əsədi dəstəkləyən silahlıları, Rusiyanın Əsəd hakimiyyətini dəstəkləyən özəl silahlı qrupu və rəsmi hərbi gücü, Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu, türk ordusu, radikal müxalifətin silahlı dəstələri. Etiraf edək ki, kiçik bir coğrafiyada bu qədər fərqli hərbi güclərin olması əsl fəlakətdir. Hazırda orada həmin qüvvələr silahlı mübarizə aparırlar və itkilər getdikcə çoxalır. Yayılan informasiyalara görə, İsrail havadan B.Əsəd və İran qüvvələrini vurur və bu hərəkətlə Türkiyəyə dəstək verən güc kimi görünür (əslində isə burada vəziyyət daha mürəkkəb və ziddiyyətlidir). Bunlarla yanaşı, həmişə olduğu kimi, ABŞ da meydandadır, lakin bu dəfə hakim rolunda çıxış etmək niyyətindədir.

Bunlar onu göstərir ki, İdlibdə baş verənlər nəinki Suriyanın bu əyalətinin sərhədləri ilə məhdudlaşmır, hətta Suriya miqyasını da aşmaqdadır. İdlibdə sözün həqiqi mənasında bir neçə böyük gücün nüfuz uğrunda mübarizəsi gedir. B.Əsədin isə həm hakimiyyət, həm də o bölgədə ticarət məqsədlərinin olduğu barədə yazılar dərc olunur. Hər bir halda B.Əsəd ölkəyə rəhbərlik edir və öz ərazisində hərbi əməliyyat keçirə bilər. Məsələnin mahiyyəti bu nöqtədən başlayaraq genişlənən geosiyasi planlarla əlaqəlidir.

Öncə vurğulayaq ki, bir çox məqamlar Amerikanın 1-2 il öncə atmağa başladığı addımların məntiqi ilə izah olunur. İndi aydın görünür ki, Vaşinqton Suriyadan qətiyyən çəkilməyib, əksinə, özünü aşkar göstərmədən meydandakı oyunçuları idarə etməyə çalışır. Əsas olaraq da Rusiya, İran və Türkiyəni bir-biri ilə mübarizə aparmağa təhrik edən addımlar atır. Ekspertlərin yazdığına görə, Rusiya Türkiyəyə güvənmir. Bu səbəbdən İdlib də daxil olmaqla, Suriyada Türkiyənin nüfuz sahibi olmasını istəmir. Sözdə İranı arxa plana atan kimi görünən Moskva reallıqda Tehranla tam ortaq fəaliyyət göstərir. İran ənənəvi siyasətini davam etdirir: regionda Türkiyənin nüfuzunu azaltmağa çalışır və bunun üçün istənilən dövlətlə əməkdaşlıq edir.

Rusiya Astana və Soçi razılaşmalarına zidd olaraq B.Əsədin hərbi əməliyyatlarda İdlibi tutmasına çalışır. Artıq Türkiyənin 11 müşahidə məntəqəsinin B.Əsəd ordusu tərəfindən mühasirəyə alındığı haqqında informasiyalar yayırlar. Üstəlik, B.Əsədə bağlı qüvvələr həmin məntəqələri atəşə tutaraq, türk əsgərinin oradan çəkilməsinə cəhd göstərir. Onu da vurğulayaq ki, B.Əsədin ordusu Dəməşq-Hələb yolunu nəzarətə götürüb. İndi o, Suriya-İraq sərhədinin yaxınlığından keçən M-4 şosesinə də nəzarət etməyə çalışır. Əsas döyüşlər də həmin istiqamətdə gedir. Bu prosesdə Rusiya ilə yanaşı, İrana bağlı hərbi dəstələr də iştirak edirlər.

Bunlara Ankaranın cavabı sərt oldu. Türkiyə ordusu qarşı tərəfə atəş açaraq 100-dən çox suriyalı əsgəri öldürdü. Paralel olaraq, Suriya Milli Ordusu türk müşahidə məntəqələrini mühasirəyə alan Əsəd ordusuna hücuma keçib. Bölgədə ağır döyüşlər gedir. Rusiya isə havadan Türkiyənin müdaxilə etməməsinə çalışır. Hətta məlumatlara görə, rus qırıcıları türk F-16-larının İdlibə müdaxilə etməsinin qarşısını radarları bağlamaqla alıb. Yəni Rusiya elektron silahların köməyi ilə Türkiyənin qırıcı təyyarələrinin müharibəyə qatılmasına əngəl törədir. Əgər bu informasiya doğru olsa, onda Suriyada, əslində, böyük savaşın başladığını demək olar.

Prezident Rəcəb Tayyib Ərdoğanın fevralın 11-də verdiyi bəyanat da bunu sübut edir. Türkiyə rəhbəri bəyan edib ki, artıq Türkiyə istənilən halda Əsəd qüvvələrini vuracaq. Əgər türk əsgərinə zərrə qədər də olsa ziyan vurularsa, türk Silahlı Qüvvələri 10 dəfə güclü zərbə endirəcək və irəliləyəcək. Hərbi müşahidə məntəqələri tam azad olunmayınca, Əsədin tutduğu bölgələrdən çıxması baş verməyincə və Dəməşq-Hələb yolundan Əsədə bağlı qüvvələr çəkilməyincə, türk ordusu dayanmayacaq. R.T.Ərdoğan ayrıca deyib ki, türk əsgərinə qarşı müharibə aparanların yanında dayanmaq istənilən halda atəş altında dayanmaq deməkdir. Bu bağlılıqda ekspertlər üçün maraqlıdır ki, KİV Rusiya hərbçilərinin PKK ilə Əsədə bağlı qüvvələrin koordinasiyasını həyata keçirdiyi barədə informasiyalar yayır.

Böyük güclərin toqquşması: qüvvələr nisbəti dəyişə bilər

Bütün bunlar aydın göstərir ki, faktiki olaraq, Suriyada türk ordusuna qarşı silahlı qruplar yaradılıb və onlar ciddi savaşa giriblər. Bu isə, əslində, məqsədin Türkiyəni Suriyadan çıxarmaqdan ibarət olduğunu təsdiqləyir. O da maraqlıdır ki, ABŞ baş verənlərə dərhal reaksiya verib. Mayk Pompeo Türkiyənin yanında olduqlarını və NATO-nun da ona dəstək verəcəyini bəyan edib. Amerika Suriya təmsilçisini bu məsələ ilə bağlı Ankaraya göndərib. Türkiyəli ekspertlər isə Amerikanın səmimiyyətinə inanmadıqlarını deyirlər.

Vurğulanan məqamlara geosiyasi prizmadan baxsaq, görərik ki, əslində, İdlibdə son zamanlar Yaxın Şərq ilə əlaqəli olan geosiyasi proseslərin bütün gərginliyi özünü büruzə verir. Orada kimin üstün olacağı bütövlükdə regional və qlobal miqyasda geosiyasi qüvvələr nisbətinin dinamikasına ciddi təsir edə biləcək. Türkiyənin öz sərhədlərində belə geosiyasi gücünün zəiflədilməsi bütün İslam aləmi üçün ciddi siqnal ola bilər. Çünki bundan sonra Yaxın Şərqdə geosiyasi proseslər kənar qüvvələrin ssenarisinə uyğun davam edə bilər.

Ekspertlər üçün o da maraqlıdır ki, dünyanın böyük geosiyasi gücləri Yaxın Şərqdə yeni səviyyədə mübarizəyə start veriblər. Burada Türkiyənin müstəqil geosiyasi güc kimi özünü təsdiqləməsinə qarşı çoxlu sayda dövlətin durduğu görünür. Təəssüf ki, onların sırasında Türkiyəyə qonşu olan müsəlman ölkələri də vardır.

Proseslərin bu cür gedişatı hansı mənzərəni yarada bilər? Öncə deyək ki, ekspertlər əmindirlər ki, Türkiyə geri çəkilməyəcək. Və ya sadəcə onun geri çəkilmək limiti yoxdur. Əgər Suriya istiqamətində Ankara uğur əldə edə bilməsə, onun Liviyaya, Afrikaya, Qafqaza və Mərkəzi Asiyaya olan yolu bağlanır. Bu, çox ciddi geosiyasi itki deməkdir. Bununla, faktiki olaraq, türk dövlətçiliyi əsrin zərbəsini almış olar.

Digər məqam ondan ibarətdir ki, təcrübə göstərir ki, ABŞ kimi, Rusiya da güclü və müstəqil Türkiyənin meydanda olmasını arzulamır. Moskvanın indiyə qədər etdiyi manevrlərin arxasında özünün əsl niyyətlərinə nail olmaq dayanıbmış. Təbii ki, bunu Ankara bilir və onu hesaba alaraq hərəkət etməkdə qərarlıdır. Bu isə iki böyük dövlət arasında daha ciddi səviyyədə mübarizənin başlaya biləcəyi deməkdir.

Baş verən hadisələr və İraqda müşahidə edilən siyasi proseslər yaxın gələcəkdə Türkiyə-İran münasibətlərində dərin böhrana səbəb ola biləcəyi təsəvvürü yaradır. Qasım Süleymaninin öldürülməsindən sonra İran əvvəlki siyasətini davam etdirir. Tehran Türkiyə məsələsində Moskvanın yanında olduğunu nümayiş etdirir. Belə bir mənzərə müsəlman ölkələri arasında parçalanmanı dərinləşdirə bilər. Hər bir halda kənar qüvvələr İslam aləmində yeni təfriqə salmaq şansı əldə etmiş olur. Bu baxımdan indi İraqda müşahidə olunan proseslər də düşündürücüdür. Orada məzhəb mənsubluğu əsasında siyasi gərginliyin daha da yüksəldiyini yazırlar. Belə ki, iraqlılar baş nazirin dəyişməsinə baxmayaraq etirazlarını davam etdirirlər. Onlar, əslində, İrana bağlı siyasi dairələrin fiqur dəyişikliyi etdiyini deyirlər. Bu, potensial olaraq həm İraqda siyasi böhranın dərinləşməsi, həm də prosesin regionun digər ölkələrinə yayılması riskini göstərir. Məhz həmin kontekstdə İdlib məsələsi də risklərdən biri kimi görünür.

Nəhayət, Suriya məsələsinin hələ sona çatmadığı qənaətini ala bilərik. Görünür, onu yeni səviyyədə aktuallaşdıran kəsimlər fəallaşıblar. Gedişatın məntiqi göstərir ki, son məqsəd bütövlükdə regionu bataqlıqda saxlamaqdan ibarətdir. Öncəki mərhələlərdən fərqli olaraq artıq regionun böyük dövlətləri hərbi sahədə bir-biri ilə mübarizə aparırlar. Yəni getdikcə konkret aspektdə Yaxın Şərqin böyük dövlətləri münaqişəyə cəlb olunurlar. Bu proses inkişaf etsə, regionda daha ağır, riskli və qeyri-müəyyən mənzərənin yaranma ehtimalı artmış olur. Ondan kimlərin faydalana biləcəyini hamı bilir!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...