THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İdlib riski: qlobal geosiyasi güclərin regional maraqlarının toqquşma sahəsi

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6795
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 fevral 2020 – Newtimes.az

Fevral ayı Suriya üçün həyəcanlı başladı. Ekspertlər hesab edirdilər ki, Amerikanın İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü planın bəyan edilməsindən sonra, İraq və Suriya arxa plana keçib. Bundan əvvəl isə İran-ABŞ münasibətlərinin təhlükəli həddə çatması Suriyanı bir qədər kölgəyə salmışdı. Hətta bir sıra ekspertlər iddia edirdilər ki, Suriyada məsələlər faktiki olaraq həll olunub. Ölkə parçalanıb, qalır ona siyasi-hüquqi don geydirmək. Ancaq belə görünür ki, bütün bunlar fərziyyələrdir. Əsəd rejimi İdlibdə müxaliflərə qarşı geniş hərbi əməliyyatlara başlayıb. Rusiya havadan, İran isə qurudan hökumət qüvvələrinə yardım edir. Nəticədə, Əsəd ordusu İdlib yaxınlığında türk hərbi kontingentini top atəşinə tutub. Bir neçə türk hərbçisi həlak olub. Bundan sonra Türkiyə daha fəal surətdə hərəkətə keçib. Proseslərin gedişatı göstərir ki, vəziyyət daha da ağırlaşa bilər. Lakin istisna deyil ki, Moskva və Ankara danışıqlar yolu ilə vəziyyəti sabitləşdirsinlər.

Gərginliyə doğru: türk hərbçilərin atəşə tutulmasından sonra

Fevralın 3-ünə keçən gecə İdlibdən gərginliyin artdığını ifadə edən xəbərlər yayılıb. B.Əsəd qüvvələri İdlibdə antiterror əməliyyatı aparan türk hərbi hissələrini top atəşinə tutub. 4 hərbçi şəhid olub, 9 hərbçi isə yaralanıb. Türkiyə ordusu dərhal cavab atəşi açıb və 35-ə yaxın suriyalı həlak olub. Böyük hərbi toqquşmalar baxımından az sayda itki olsa da, hadisənin siyasi aspekti kifayət qədər həyəcan doğurur. Türkiyə tərəfi baş verənlərə rəsmi münasibət bildirib və olduqca həssas məqamlara toxunub.

Ankara Rusiya və İranın öhdəliklərə əməl etmədiklərini açıq ifadə edib. Bununla Soçi və Astana razılaşmalarının "öldüyünü", onları yenidən aktuallaşdırmağın lazım olduğunu bəyan edib. Məsələ burasındadır ki, Ankara türk hərbçilərin hərəkət marşrutu haqqında Moskvaya informasiya verdiyini deyir. Buna baxmayaraq, Əsəd ordusu türk hərbi qüvvələrini güclü top atəşinə tutub. Rusiya qırıcı təyyarələri isə birbaşa atəş açmasa da, yaxın ətrafı bombardman etməklə türkləri dayandırmaq istəyib.

Bunları Ankara Astana prosesinə və Soçi razılaşmasına uyğun gəlməyən hal kimi qiymətləndirib. Moskva isə Suriya ordusunun yanlışlıqla türk hərbçilərini atəşə tutduğunu deyir və əlavə edir ki, türklər hərəkət marşrutları haqqında informasiya verməyiblər. Bu məqam Rəcəb Tayyib Ərdoğanı qəzəbləndirib və Ukraynaya getməzdən öncə, hava limanında bəyan edib ki, "Rusiya bizi durdurmağa cəhd göstərməsin, çünki qarşımızı kimsə kəsə bilməz".

KİV-in yazdığına görə, Vaşinqton tərəflər arasındakı bu anlaşılmazlıqdan dərhal istifadə edərək, Ankaranı müdafiə etdiyini bəyan edib. Ekspertlər hesab edirlər ki, Amerika, əslində, Rusiya-Türkiyə münasibətlərini pozmağa çalışır. O, gələcəkdə Türkiyəni öz təsiri altında saxlamağa cəhd göstərəcək. Digər tərəfdən, burada İsrailin də rolu ola bilər. Yəni, türk hərbçilərə atəş açanların dəqiqləşdirilməsi lazım gəlir. Ankara bu ehtimalı nəzərə alaraq, bildirib ki, günahkarlar cəzalandırılacaq, yəni, onların kimlikləri dəqiqləşdiriləcək.

Bütün bunların fonunda İdlibdə son hərbi mənzərə həyəcan doğurur. Üç türk hərbi məntəqəsi B.Əsəd, Rusiya və İran tərəfdarlarının silahlı qüvvələrinin mühasirəsindədir. Digər tərəfdən, Suriya Milli Ordusu (SMO) hücuma keçərək bir neçə məntəqəni azad edib və yol üstündə bir neçə rus hərbi-nəzarət məntəqəsini ələ keçirib. Bu barədə indi açıq danışılmır, lakin ziddiyyət elementi kimi kənara qoyula bilməz. Türkiyə Prezidentinin dediyinə görə, B.Əsəd qüvvələrinə ciddi zərbələr endirilib. Onların mövqeləri şiddətli atəşə tutulub və xeyli itki olub. Hətta türk F-16 qırıcı təyyarələri və artilleriyası 40-dək hədəfə zərbə endirib. Ancaq proses bununla dayanmayacaq. Türkiyə hərbi əməliyyatları sona qədər davam etdirəcək. Bu isə gec və ya tez "Sülh çeşməsi" əməliyyatının yeni mərhələsinin başlaması deməkdir.

Hərb meydanında baş verən bu hadisələrin arxasında hansı geosiyasi məqamların dayandığı məsələsi də maraq doğurur. Ekspertlər onu Aralıq dənizindəki vəziyyət, Liviya, İraq, Fələstin və İran məsələləri ilə əlaqələndirməyə meyllidirlər. Bunlardan əlavə, hadisənin R.T.Ərdoğanın Ukraynaya səfəri zamanı baş verməsini təsadüfi saymırlar. Bir sıra proqnozlara görə, hesab edilir ki, İdlibdə Rusiyanın fəallaşması bununla bağlıdır. Moskva Krım türklərini Ankaranın açıq dəstəkləməsini və yarımadanı Rusiyanın işğal etdiyini deməsini həzm edə bilmir. R.T.Ərdoğan Ukraynada birmənalı ifadə edib ki, Krım Ukrayna ərazisidir və onu işğal ediblər.

Geosiyasi labirint: çıxış yolunu bilən yoxdur

Ekspertlər digər məsələ kimi Liviyanı göstərirlər. Türkiyə orada müstəqil güc kimi çıxış edir və rəsmi hakimiyyəti uğurla qoruyur. Türkiyə enerji məsələsində Qərbin və Rusiyanın öz maraqları naminə Liviyanı xarabaya çevirməsinin qarşısında dayanıb. Son olaraq oraya iki hərbi gəmi göndərilib və quru qüvvələri yerləşdirilməlidir. Bütövlükdə ekspertlər hesab edirlər ki, Türkiyə Liviyanın paytaxtını üsyançılardan tam qorumaq iqtidarındadır. Bu isə onun rəqiblərini qıcıqlandırmaya bilməz. Onlar meydana güclü bir müsəlman ölkəsinin müstəqil faktor olaraq çıxmasını qəbul etmək istəmirlər.

Bunların fonunda ekspertlər Fransanın Aralıq dənizində son günlər atdığı addımlara diqqət çəkirlər. Paris regiona hərbi güc göndərib. Fransa qırıcıları Cənubi Kipr üzərində uçuşlar ediblər və buna yunanlar çox sevinib. Prezident Emmanuel Makron bəyan edib ki, Fransa Aralıq dənizində Türkiyənin davranışlarının qarşısını almaqda qərarlıdır. Guya Ankara beynəlxalq hüquqa zidd addımlar atır. Konkret olaraq, Aralıq dənizində Türkiyədən başqa hər bir dövlət enerji ehtiyatları axtara bilər.

Bununla yanaşı, E.Makron Liviyada Türkiyənin fəallığının qarşısını almağa çalışdığını da ifadə edib. Bu istiqamətdə də hərbi güc tətbiqi istisna edilmir. Ekspertlər isə bütün bunları E.Makronun növbəti şousu kimi qiymətləndirirlər. Çünki Fransa NATO üzvü kimi Türkiyəyə qarşı atacağı addımları ölçüb-biçməlidir. Eyni zamanda, Türkiyə region dövlətidir və onun həm Kiprdə, həm də Liviyada maraqları qanunidir. Üstəlik, Türkiyə Liviyada BMT-nin tanıdığı indiki hakimiyyətin rəsmi dəvəti ilə oradadır. Nəhayət, Fransanın bölgədə Türkiyə ilə savaşmaq gücündə olduğuna şübhə vardır. Türkiyənin Fransanı orada məğlub etmək imkanları daha çoxdur.

Bütün bunlara görə də, Fransanın Türkiyə ilə savaşacağını demək xeyli risklidir. Lakin Yaxın Şərqdə və ona yaxın bölgələrdə gərginliyin yaranması gözləniləndir. Əgər proseslər belə davam etsə, İsrail-Fələstin münaqişəsi arxa plana keçəcək. Bu isə həm Amerikanın təklif etdiyi plana müsəlman ölkələrinin dirənişini xeyli zəiflədəcək, həm də İsrailə manevrlər üçün yeni imkanlar yaradacaq. Sözsüz ki, Türkiyənin başı bu problemlərə daha çox qarışacaq və Fələstin məsələsi ilə bütün gücü ilə məşğul ola bilməyəcək.

Bunların fonunda Suriya, İraq, İran və Cənubi Qafqaz məsələlərində Ankaranın fəallığına zərər dəyə bilər. Xüsusilə İdlib faktoru daha həssas bir nöqtəyə gələ bilər. Orada baş verə biləcək hərbi toqquşmalar ancaq Türkiyənin deyil, həm də Rusiya və İranın mövqeyinə mənfi təsir göstərə bilər. Deməli, söhbət faktiki olaraq böyük geosiyasi güclərin mübarizəsinin daha təhlükəli səviyyəyə yüksəlmə ehtimalından gedir. Onu da nəzərə alaq ki, Ukrayna ilə bağlı Qərb daha fəal mövqe tutmağa başlayıb. Maykl Pompeonun səfəri göstərdi ki, Vaşinqtonun ciddi planları var. Və hətta Belarus məsələsində Rusiyanı sıxışdırmağa çalışır.

Belə çıxır ki, əslində, İdlib məsələsi qlobal geosiyasi proseslərin bir fraqmenti kimi indi daha çox aktualdır. Böyük geosiyasi güclər bu amildən öz maraqları üçün təhlükəli şəkildə istifadə edə bilərlər. Mümkündür ki, orada vəziyyəti daha da gərginləşdirib, Suriyada qeyri-müəyyənliyi artırsınlar. Onun nəticəsi də həmin ölkədə hərbi əməliyyatların və onun fonunda terrorun daha da genişlənməsi ola bilər. Bu isə təbii ki, Rusiyanın illərdir sərf etdiyi gücün boşa çıxması demək olardı. Deməli, Kreml əks tədbirlər görməyə məcburdur ki, bu da region miqyasında savaşa yol aça bilər.

Ekspertlər ehtimal edirlər ki, Ankara ilə Moskva danışıqlar yolu ilə vəziyyəti sabitləşdirməyə çalışacaqlar. Bunun nə dərəcədə real olduğunu zaman göstərəcək. Lakin ortada bu iki dövlətin həmin bölgədə fərqli maraqları vardır. Onların bunu necə uyğunlaşdıracağı aydın deyil. Bu isə məsələnin asanlıqla yoluna qoyula bilinəcəyinin qaranlıq qalması deməkdir.

Beləliklə, geniş bir geosiyasi məkanda vəziyyət yenidən çox təhlükəli məzmun alır. Geosiyasi mübarizə daha həssas bir məqama çatıb. Prosesdə çoxlu sayda qüvvələr iştirak etdiyindən, ortaq nəticəyə gəlinməsi ehtimalı çox azdır. Bu qeyri-müəyyənlik digər regionlara da fəlakət gətirə bilər. Bundan kimsə sığortalanmayıb.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...