THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ərdoğanın mesajları: Türkiyə Prezidenti ədalətə dəvət edir

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3124
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 sentyabr 2019 – Newtimes.az

Bu il sentyabrın əvvəllərində Sivasda Mərkəzi Anadolu İqtisadi Forumundakı tarixi çıxışında Rəcəb Tayyib Ərdoğan hər bir ölkə kimi Türkiyənin də nüvə silahına malik olmaq hüququndan söhbət açıb. Konkret misallar əsasında o, müasir mərhələdə dünyada baş verən geosiyasi proseslərin fonunda inkişaf etmiş ölkələrin nüvə silahına malik olmasının bəzi təsirlərindən danışıb. Türkiyə Prezidenti ifadə edib ki, bir sıra dövlətlərə nüvə silahı istehsalının qadağan olunması doğru deyil. Mövcud problemlərin həlli baxımından da faydasızdır. Həmin kontekstdə hətta burada bir haqsızlıq da vardır. Ancaq Türkiyənin dövlət başçısının söylədiyi fikirlərin məntiqinə daha dərindən nəzər salsaq, maraqlı məqamları görə bilərik. Əslində, R.T.Ərdoğan, ümumiyyətlə, müasir dünyada mövcud olan geosiyasi mənzərənin gələcəyi ilə bağlı ehtiyatlılığını ifadə edib. O, hazırda dünyada hakim rolunu oynamağa çalışan ölkələrin vəziyyəti daha da mürəkkəbləşdirdiklərini çatdırıb. O cümlədən özü nüvə silahına malik olub, başqasına onu qadağan etmək strategiyasının perspektivsizliyini göstərib. Çünki "dünya beşdən böyükdür"! Və hər bir xalqın yaşamaq haqqı vardır. Bu aksiomu bir neçə dövlətə aid edib, başqalarına qadağa qoymaq ədalətsizlik, haqsızlıq və sonu olmayan yoldur. Bütün bu məqamların fonunda R.T.Ərdoğanın ifadə etdiyi fikirlərin geosiyasi aspekti üzərində geniş dayanmağa ehtiyac görürük.

"Bomba yarışı": təhlükəli və perspektivsiz hökmranlıq iddiaları

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nüvə silahı ilə bağlı ifadə etdiyi fikirlər ekspert dairələrində geniş müzakirələrə səbəb olub. R.T.Ərdoğan deyib ki, dünyanın inkişaf etmiş ölkələrinin hamısında nüvə silahı vardır. Türkiyədə niyə olmasın? Lakin "dostlar" daim müxtəlif kontekstlərdə "məsləhət" verir və əksər hallarda hədə ilə deyirlər ki, "sizə nüvə silahı olmaz". Bundan başqa, İsrailin nüvə silahı var. O, bununla Yaxın Şərqdə "hamını qorxudur". Məsələn, İran və Türkiyəni. Niyə belə olmalıdır?

Türkiyə lideri fikrinə davam edərək, bir ölkə başçısı ilə danışıqda qarşı tərəfin 7500 ədəd nüvə silahına malik olmasına rəğmən, ABŞ və Rusiyanın 12500-15000 ədəd nüvə silahına malik olduğuna görə, onlara çatmağa çalışdığını ifadə etdiyindən bəhs edib.

Bu fikirlərin ekspertlər tərəfindən şərhi maraq doğurur. Onların əksəriyyəti R.T.Ərdoğanın bu fikirləri səsləndirməkdə məqsədinin nədən ibarət olduğunu dürüst izah etmirlər. Məsələni "Türkiyənin nüvə silahına sahib olub-olmamaq hüququnun aydınlaşdırılması" müstəvisinə gətirməyə çalışırlar. Və yaxud "Türkiyə nüvə silahı istehsal etmək potensialına malikdirmi?" sualına müxtəlif cavablar axtarırlar. Türkiyə Prezidenti isə, fikrimizcə, bu fikirləri tamamilə başqa məqsədlə ifadə edib.

Hazırda dünyada nüvə silahına malik olan bir neçə ölkə var. ABŞ, Rusiya, Çin, Hindistan, Pakistan, İsrail, Fransa, Böyük Britaniya, Şimali Koreya. Sual olunur: kim bunlara nüvə silahına sahib olmaq hüququnu verib? Tanrımı? Elə isə Tanrı həmin ölkələri hansı dəyərlərinə görə "seçib"? Absurd sualdır, deyilmi? Sadalanan ölkələr içərisində ABŞ, Rusiya və Çin daha çox nüvə arsenalına malikdirlər. Eyni zamanda, dünyada geosiyasi məkanda daha çox fəal olan, öz iradəsini, ambisiyasını başqalarına yeritməyə çalışan ölkələr də onlardır. Əlavə olaraq Amerikanın yanında daha aqressiv davranan dövlətlər də vardır. Məhz bu dövlətlər car çəkirlər ki, İran nüvə silahına sahib olmamalıdır.

Deməli, aydın görünür ki, nüvə silahına malik olan güclü dövlətlər faktiki olaraq ondan real siyasətdə öz iradələrini başqalarına qəbul etdirmək üçün istifadə edirlər. Və onların digər potensial nüvə ölkələrinə qoymaq istədikləri qadağanın da kökündə bu dayanır: rəqib olmasın, alternativ olmasın və dünyanı istədiyimiz kimi "barmağımızda fırladaq". Yəni "dünya beşdən böyük" olmasın. R.T.Ərdoğan isə deyir ki, "dünya beşdən böyükdür"!

Türkiyə Prezidentinin fikirlərinin işığında İsrailin baş naziri Binyamin Netanyahunun yəhudilərin qanunsuz məskunlaşdırıldıqları əraziləri hüquqi olaraq İsrailə bağlamaq niyyətində olduğunu açıqlaması düşündürücüdür. Çünki bir dövlətin hökumət başçısı açıqca bəyan edir ki, hansısa ərazini özünün istədiyi qaydada, beynəlxalq hüquqa riayət etmədən hüquqi cəhətdən öz ərazisinə qatacaq. Bu, normaldırmı?

Kimin nəyə haqqı çatır: dünyanı məhvə aparan yol

Nəinki normal deyil, hətta dünyanın müxtəlif regionlarında çox təhlükəli proseslərə yol aça bilər. Məsələn, Ermənistanın baş naziri də deyə bilər ki, Dağlıq Qarabağı Ermənistana hüquqi olaraq bağlayacaq. Və yaxud eyni məntiqlə Rusiya Abxaziya, Cənubi Osetiya, Krım, Donbas haqqında bunları deyə bilər. Niyə də deməsin? Çünki Rusiya hərbi cəhətdən İsraildən qat-qat güclüdür, dünya geosiyasətində də rolu yüksəkdir. Forpost Ermənistan da havadarlarına arxalanıb, sərsəmləyə bilər.

R.T.Ərdoğanın qaldırdığı məsələ fonunda bütün bunlar bir-biri ilə sıx bağlı görünür. Əgər Türkiyə kimi ədalətli bir dövlət güclü nüvə arsenalına malik olsa, onda yuxarıda vurğulanan haqsızlıqların heç birinin şansı olmaz. Axı fələstinlilər, azərbaycanlılar, farslar, ukraynalılar və başqaları da insandırlar, onların da yaşamaq hüququ vardır.

Eyni zamanda, R.T.Ərdoğan həmin mesajı ilə konkret regional geosiyasi proseslərə işarə verir. Yaxın Şərqdə böyük dövlətlər at oynadırlar. Onların heç birinin coğrafi olaraq həmin məkana aidiyyətləri yoxdur. Lakin Yaxın Şərq haqqında özlərinin milli təhlükəsizlikləri kontekstində elə danışırlar ki, sanki həmin regionun düz mərkəzindədirlər. Elə bil həlak olanlar onların vətəndaşlarıdır, dağılan şəhərləri onların babaları tikib və həmin ərazidəki dövlətlər Allahdan onlara bir mülk kimi qalıb. ABŞ, Rusiya, Fransa, Almaniya və uzaq Çin də belə düşünür.

Bunların fonunda isə Yaxın Şərqdə yerləşən dövlətlərə kənardan təsir edənlərin hansı "payı" verə biləcəyi dartışılır. Məsələn, biri deyir ki, İran oradan çıxmalıdır, digəri terrorçuları gətirib qoyur neft quyularının başına və deyir ki, buranın sahibi onlardır, bir başqası bəyan edir ki, "ən yeni silahlarımızı Suriyada uğurla sınaqdan keçiririk, budur bizim silahların gücü!", digərləri Avropadan hay-küy salırlar ki, Amerika oradan çıxsa, biz əvəz edəcəyik.

Baxın, həmin ölkələrin sırasında bir dənə də olsun müsəlman ölkəsi yoxdur. Onların heç biri Yaxın Şərqdə yerləşmir. Kim deyə bilər ki, bu obyektivlik, ədalət, beynəlxalq hüquq və insafdır! Üstəlik, həmin qüvvələr özlərini ali hakim kimi göstərərək, Yaxın Şərqin müsəlman ölkələrinə təlimat verirlər ki, nüvə silahı istehsal etməyin. Əks halda, təhlükə olacaqsınız, beynəlxalq terror daha da güclənəcək. Özləri beynəlxalq terrorun tam mərkəzləri, mənbələri və praktiki yayanlarıdır.

R.T.Ərdoğan buna etiraz edir və sualı tamamilə təbii qoyur: "belə olan halda nəyə görə müsəlman dövlətləri də nüvə silahına malik olmasın?" O cümlədən Türkiyə həmin imkana sahib olsa, dünyada çox şey dəyişər.

Həmin fikirlərin pərdəarxası başqa mənası da çox maraqlıdır. Türkiyə Prezidenti faktiki olaraq ölkəsinin potensial olaraq nüvə silahı hazırlamağa yaxın olduğunu bəyan edir. Söhbət ondan getmir ki, Türkiyə nüvə silahı hazırlayır. Bizcə, qətiyyən belə deyil. Ankara bu imkana sahib olduğunu və onu reallaşdırmağa gücünün çatdığını ifadə edir. İnanmırıq ki, Türkiyə nüvə silahı hazırlayacaq. Çünki artıq bəşəriyyətin bu ölümcül silaha ehtiyacı olmamalıdır. Əvəzində, nüvə silahına malik olanlar siyasətlərinə yenidən baxmalıdırlar.

Onlar anlamalıdırlar ki, tutduqları yol bütövlükdə bəşəriyyəti məhvə aparır. Çünki onlara bu gün İran, sabah Türkiyə, o biri gün Misir və ya Səudiyyə Ərəbistanı, olsun ki, Polşa və ya Rumıniya, Bolqarıstan, Serbiya və b. qoşula bilər. Bu tendensiya sülhə aparmır, təhlükəsizliyi təmin etmir. Əksinə, dünya daha qorxunc bir dinamikaya köklənir. Həm də ona görə ki, daha təkmil nüvə texnologiyasına malik ABŞ, Çin və Rusiya yeni silahlar icad edəcəklər və proses fərqli səviyyədə xeyli riskli, məhvedici dinamika alacaq. Dünyaya bu gərəkdirmi? R.T.Ərdoğan bu sualı sətiraltı verir.

Nəhayət, Türkiyə Prezidentinin fikirləri bir çağırışdır! Dünyanın ən qüdrətli dövlətlərinə müraciətdir ki, gedilən yol səhvdir. Potensialı çatan ölkələr, o cümlədən Türkiyə, bu mənzərə qarşısında özlərinin də arzulamadığı addımlar ata bilərlər. İnsanların rifahı üçün çalışmaq əvəzinə silah istehsalı yarışı daha intensiv səviyyəyə yüksələr və bundan bütün dünya əziyyət çəkər, sadə insanların sosial-iqtisadi vəziyyəti daha da ağırlaşar! Çünki nüvə silahı istehsal etməyə hər bir dövlətin haqqı vardır!

Lakin təəssüf ki, ekspertlər ənənəvi olaraq konkret dairələrin marağına xidmət edən və həqiqət kimi uzun illərdir "obyektivlik, hüquqilik" donunda nümunə olaraq göstərilən tezislər çərçivəsindən kənara çıxa bilmirlər. Onlar dərhal hesablamağa çalışırlar: Türkiyə hansı dövlətə tərəf gedəcək – Amerikaya, yoxsa Rusiyaya? Türkiyə texnologiyanı kimdən alacaq – Rusiyadan, yoxsa Pakistandan. Və nüvə silahına malik olandan sonra Türkiyə kimə təhlükə törədəcək? Bütün bunlar xronoloji geosiyasi, sivilizasyon, dini hegemonluq xəstəliyinin qalıqlarıdır! Bu kimi cəfəng və faydasız düşüncələr əvəzinə dünyanın taleyini bəndə kimi düşünmək və görməyə cəhd etmək daha faydalı olmazdımı? Tayyib Ərdoğanın fikirlərinin məntiqinə deyil, ruhuna baxın! Həqiqət oradadır!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...