THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

London və Tokio: Trampın səfərində bu iki paytaxtı birləşdirən nədir?

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4727
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 iyun 2019 – Newtimes.az

Amerikanın Prezidenti Böyük Britaniya səfəri ilə Yaponiyaya səfərini bir-birinin ardınca salıb. Ekspertlər bunu təsadüfi hesab etməyib, ABŞ-ın xarici siyasətinin bir sıra aktual özəllikləri ilə bağlayırlar. Vəziyyəti daha maraqlı edən Böyük Britaniya ilə Yaponiyanın coğrafi olaraq bir-birindən çox uzaq məsafədə olmasıdır. Belə çıxır ki, bu iki ölkə ABŞ üçün çox əhəmiyyətlidir və geosiyasi aspektdə onlar arasında bağlantı danılmazdır. Aparılan müzakirələrin məzmunu bu qənaəti təsdiqləyir. Donald Tramp hər iki ölkənin rəhbərləri ilə demək olar ki, eyni mövzuları müzakirə edib. Eyni zamanda, hər iki ölkədən tələb etdiyi də oxşardır. Bu isə o deməkdir ki, Vaşinqton üçün əsas olanı öz marağıdır və kimliyindən asılı olmayaraq, ən yaxın müttəfiqlər belə ABŞ-ın çəkdiyi xətdən kənara çıxmamalıdır. Vurğulanan bu məqamlar kontekstində D.Trampın Böyük Britaniya və Yaponiyaya səfərini hansı geosiyasi məqamlar birləşdirir? Bu suala cavab üzərində geniş dayanmağa ehtiyac görürük.

Müttəfiqlərin səfərbərliyi: Vaşinqton tələblər irəli sürür

Ekspertlər D.Trampın Böyük Britaniya ilə Yaponiyaya səfərlərini ardıcıl salmasına geosiyasi məna verirlər. Bu ölkələr bir-birindən məsafəcə çox uzaqdadırlar. Lakin hər ikisi Amerikanın ən yaxın müttəfiqlərindən sayılırlar. Son illər Vaşinqtonun London və Tokio ilə olan münasibətlərindən bir neçə yeni məqam da meydana gəlib. Onlar fərqli olsalar da, ümumən ABŞ-ın onlarla əməkdaşlığına yeni çalarlar gətirə bilərlər. Ancaq məsələnin məhz bu tərəfi xeyli qaranlıqdır. Bu bağlılıqda D.Trampın London və Tokioya səfərlərinə eyni bucaq altında baxdıqda, maraqlı müqayisələrə rast gələ bilərik.

Böyük Britaniya Amerikanın ənənəvi tarixi müttəfiqidir. D.Tramp "Dumanlı Albion"a səfərindən öncə "Tvitter" səhifəsində yazmışdı ki, iki ölkə arasındakı münasibətlər "xüsusidir". Bununla razılaşırlar. Lakin məsələ konkret olaraq D.Trampın şəxsiyyətinə gəldikdə, fikirlər haçalanır. Londonda siyasi mühit bütövlükdə D.Trampın lehinə deyil. Onu tənqid edənlər qəbul edənlərdən daha çoxdur. Xüsusilə Londonun Pakistan kökənli meri Sadiq Xan D.Trampı müsəlmanlara olan münasibətinə görə qətiyyən qəbul etmir. S.Xan hətta D.Trampı aşağılayıcı ifadələrlə xarakterizə edib. Amerikanın qalmaqallı Prezidenti də borclu qalmayıb – S.Xanı "axmaq" adlandırıb.

"Brexit"-in qəti tərəfdarı olan Britaniya Azadlıq Partiyasının keçmiş lideri Naycel Farajla isə D.Tramp yaxşı münasibətdədir. Tramp hətta onu Böyük Britaniyanın ABŞ-dakı səfiri kimi görmək istədiyini açıq deyib. D.Tramp keçmiş xarici işlər naziri Boris Consonla da müsbət münasibətdədir. Ancaq B.Conson onunla görüşə getməyib.

Bütün bunlara baxmayaraq, London D.Trampı yüksək səviyyədə qarşılayıb. Hətta Baş Nazir Tereza Mey onun yardım edə biləcəyinə ümid ifadə edib. Ancaq nəticə alınmayıb və T.Mey istefa verməli olub. Bunların fonunda D.Trampın səfəri zamanı hansı məsələlərin müzakirə edildiyinə maraq çox olub. Ekspertlər bu aspektdə iki məqama diqqət çəkirlər. Birincisi, Vaşinqtonla Londonun "Brexit"-ə münasibəti. İkincisi, hər iki ölkənin İran və Çin məsələlərinə baxışı.

Birinci məsələdə D.Tramp Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını tam dəstəkləyir və hətta "müstəqilliyin böyük təntənəsi" deyir. Bu baxımdan T.Meyin istefasını üzüntü ilə qəbul edir. Britaniyalılara söz verir ki, "xüsusi ticarət anlaşması" imzalanacaq. Lakin bir çox britaniyalı ekspertlər hesab edirlər ki, D.Tramp "ilk öncə Amerika" tezisindən imtina etməyəcək və Britaniya ticari müqavilədən az faydalanacaq. Hətta belə bir informasiya yayılır ki, oktyabrda Böyük Britaniya Aİ-dən çıxanda qiymətlər 10 faiz artacaq. Bunun qarşısını Amerika ala bilməyəcək. Deməli, əslində, Vaşinqtonla London arasında bu məsələdə fikir ayrılığı mövcuddur.

İkinci məsələdə də onlar eyni mövqedə deyillər. Amerika sərt İran siyasəti yeridir, Böyük Britaniya isə hələ də İranla nüvə sazişini müdafiə edir. Birləşmiş Krallıq İranla əməkdaşlığa da yaxşı baxır. London istəməzdi ki, əlaqələr tamamilə kəsilsin. Çin məsələsində də eyni vəziyyətdir. Böyük Britaniya "Huawei" məsələsində ABŞ-dan fərqli mövqe tutur. Bütövlükdə isə Çinlə ticarətin inkişaf etdirilməsində maraqlıdır. Böyük Britaniya Almaniya və Fransa ilə birlikdə Çinin yaratdığı banka kapital qoyur. Bu da birbaşa Amerikanın Çinlə apardığı ticarət savaşına uyğun gəlmir.

Beləliklə, D.Trampın İngiltərə səfəri birmənalı müsbət qiymətləndirilmir. Bir tərəfdən, onlar yaxın müttəfiqliklərini saxlayırlar. Digər tərəfdən isə bir sıra beynəlxalq məsələlərdə və ayrı-ayrı dövlətlərə münasibətdə fikir ayrılıqları qalmaqdadır. İki yaxın ölkənin bu vəziyyətdən necə çıxacağını demək çətindir. Həmin bucaq altında D.Trampın Yaponiyaya səfərinə də nəzər salsaq, kəsişən məsələləri görə bilərik.

Təhlükəsizlik və ticarət: ABŞ-ın planlarında onların əlaqəsi

Öncə onu deyək ki, Vaşinqton son zamanlar Yaponiya ilə hərbi əlaqələrə daha çox önəm verir. Onun bir səbəbi Şimali Koreyadırsa, digəri Hindistandır. Yaponiya hər iki ölkə ilə rəqabət aparır. Buraya təbii ki, Çin və Rusiya da daxildir. Amerika Yaponiyaya ən müasir silahları verir. O sıraya "F-35"-lər də daxil edilib. Baş Nazir Şinzo Abe ilə D.Trampın Yaponiyanın hərbi bazasına birgə baş çəkmələri bu bağlılıqda ciddi fakt sayılır.

Eyni zamanda, Yaponiya Şimali Koreya məsələsində ABŞ-la ortaq mövqedədir. Hətta Tokio daha sərt mövqe nümayiş etdirir. Bunun fonunda Rusiya və Çin məsələsi də iki ölkə arasındakı münasibətlərə ciddi təsir edir. Yaponiya hər iki böyük qonşusu ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Lakin Tokio istər-istəməz dünyanın iki ən güclü ölkəsi arasında qalıb. Ekspertlər D.Trampın ÇXR-in sədri Si Szinpindən öncə Yaponiyaya səfər etməsini Amerikanın Yaponiya üçün daha önəmli olmasının nümayişi kimi qiymətləndirirlər.

Digər maraqlı məqam Yaponiyanın İran məsələsində vasitəçiliyi ilə bağlı yayılan informasiyalarla əlaqəlidir. Yaponiyanın Baş Naziri Ş.Abenin Tehranla çox yaxın münasibətlərinin olduğu məlumdur. İran tərəfi tamamilə yapon hökumət başçısına etibar etdiyini deyir. Ş.Abe də İranla yaxşı əməkdaşlıq etməkdədir. D.Tramp bu fürsətdən yararlanmağı istisna etmir. Lakin Yaponiyanın İranla bağlı mövqeyi Amerikadan fərqlənir. Ş.Abe yaxşı münasibətləri olan bir ölkənin vurulmasını istəməz. Vaşinqton isə başqa variantı qəbul etmir – İran zəiflədilməlidir!

Bütün bunlara rəğmən, Amerika ilə Yaponiya arasında ticarət sazişi imzalanmayıb. Məsələ ondan ibarətdir ki, tərəflərin ticarətin şərtlərinə baxışları fərqlidir. Yaponiya iqtisadiyyatının bərpası naziri Tosimitsu Motegi açıq deyib ki, "indiki mərhələdə Yaponiya ilə Amerikanın maraqları üst-üstə düşmür". Bununla da aydın olur ki, iki yaxın müttəfiq arasında Çin, Şimali Koreya və İran məsələləri ilə yanaşı, ticarətlə də bağlı fikir ayrılığı qalmaqdadır.

Yuxarıdakı təhlil D.Trampın hansı səbəblərdən bir-birindən çox uzaqda yerləşən Böyük Britaniya ilə Yaponiyaya səfərlərini uyğunlaşdırdığını göstərir. Vaşinqton üç aspektdə öz müttəfiqlərinin mövqeyini dəqiqləşdirmək istəyir. Birincisi təhlükəsizliklə bağlıdır. Amerika ancaq o dövlətlərə hərbi dəstək verəcək ki, təhlükəsizlik məsələsində Vaşinqtonun maraqlarını əsas götürəcək. Bu, Böyük Britaniya ilə Yaponiyaya da aiddir. Konkret sınaq sahəsi isə İran və Çindir. Londonla Tokioda müzakirə olunan məsələlərdə bu iki məqam aydın şəkildə əksini tapıb.

İkincisi, Amerikanın apardığı ticarət müharibəsində müttəfiqlərin hansı mövqedə olduğu dəqiqləşməlidir. Vaşinqton birmənalı dəstək tələb edir. Lakin Böyük Britaniya və Yaponiya kimi yaxın müttəfiqlər fərqli düşünürlər. Bu səbəbdən hələlik Amerika vahid ticarət cəbhəsi yarada bilməyib.

Üçüncüsü, D.Tramp üçün həm Böyük Britaniyada, həm də Yaponiyada siyasi rəhbərlikdə kimlərin olması önəmlidir. O, populistlərin qələbəsini arzulayır. Böyük Britaniyada Naycel Farajı, Fransada Marin Le Peni, Almaniyada sağ populistləri bu səbəbdən aktiv dəstəkləyir. Lakin Yaponiyada Ş.Abeyə hələlik rəqib yoxdur. Əslində, Abe D.Trampı qane edir.

Bəs D.Tramp bu məsələlər üzrə uğur qazana bildimi? Onu birmənalı demək çox çətindir. Çünki, məsələn, nə Londonda, nə də Tokioda ticarətlə bağlı saziş imzalanmadı. Bu o deməkdir ki, Vaşinqton ən yaxın müttəfiqləri ilə belə ticarət məsələsində ümumi dil tapmaqda çətinlik çəkir. Bu məsələnin necə həll ediləcəyi məlum deyil. Avropada ölkələr öz maraqlarını getdikcə daha aktiv şəkildə qorumağa çalışırlar. Yaponiya da milli maraqlara böyük önəm verir. Deməli, bu məsələdə vəziyyətin necə dəyişəcəyini proqnozlaşdırmaq asan deyil.

Belə çıxır ki, D.Trampın yuxarıda sözügedən səfərləri qeyri-müəyyənlikləri aradan qaldırmayıb. Qərb cəbhəsində bir müddətdir özünü göstərən fikir ayrılıqları qalmaqdadır. Böyük Britaniyanın Avropa İttifaqından çıxması isə bu fikir ayrılığını daha da dərinləşdirə bilər. Hər bir halda avropalı ekspertlər sırasında bu fikirdə olanlar az deyil. Həmin səbəbdən ABŞ Prezidentinin "əhatəli turnesinin" real nəticələrini zaman göstərəcək.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...