THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Türkiyənin üç mübarizə istiqaməti: daxili və xarici siyasətin kəsişməsində

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3082
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 15 mart 2019 – Newtimes.az

Türkiyədə mart ayının 31-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı olaraq daxili siyasi proseslərin inkişaf dinamikası keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Siyasi qüvvələr təbliğatlarını gücləndiriblər. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalifətdən olan Milliyyətçi Hərəkat Partiyası (MHP) "Cümhur ittifaqı"nı yaradıblar. Cümhuriyyət Xalq Partiyası (CHP) başda olmaqla bir neçə partiya "Millət ittifaqı" formalaşdırıblar. Türkiyə siyasi dairələrində sonunculara obrazlı olaraq "zillət ittifaqı" da deyilir. Hər bir halda, iki qüvvə arasında mübarizə getdikcə daha da kəskinləşir. Bunun fonunda Türkiyə-ABŞ və Türkiyə-Rusiya münasibətlərinin yenidən aktuallaşması maraq doğurur. Əlavə olaraq, Türkiyə terrorla mübarizəsini bütün gücü ilə davam etdirir. Vurğulanan məqamlar bir yerdə Türkiyənin regional əhəmiyyətini artırmaqla yanaşı, qarşıda həll olunmalı məsələlərin mövcudluğunu da göstərir. Həmin məqamların geosiyasi analizi üzərində dayanmaq ehtiyacını duyuruq.

Dəyişən situasiya: Ankara üçün həyati məsələlər

Türkiyədə bələdiyyə seçkiləri yaxınlaşdıqca, daxildə siyasi proseslər intensivləşir. Eyni zamanda, Türkiyə ətrafında geosiyasi dinamikanın yeniləşdiyi hiss olunur. Ekspertlər bu iki tendensiya nəticəsində Ankaranın nə kimi vəziyyətlə üzləşə biləcəyi ilə bağlı fikirlər söyləyirlər. Doğrudan da, qardaş ölkə üçün mürəkkəb bir durum yaranıb. Faktiki olaraq, Türkiyə üç cəbhədə tarixi mücadilə verir.

Birinci mübarizə cəbhəsi uzun illərdir ki, Qərblə çox yaxın siyasi, iqtisadi və hərbi əlaqələrdə olan Türkiyənin indi bu kursun nöqsanlı olduğunu anlaması ilə bağlıdır. Bununla əlaqəli ABŞ və Avropadan müəyyən təzyiqlər olur. Daha çox Amerika təhdid etməyə çalışır. Avropa İttifaqı ilə də əvvəlki zamanlarda olduğu kimi müzakirələr aparılmır. Hətta Avropa Parlamenti müzakirələrin təxirə salınması haqqında qərar qəbul edib. Ayrıca, Fransa və Almaniya ilə bir sıra geosiyasi problemlər ortaya çıxıb.

Türkiyə üçün ikinci mübarizə cəbhəsi ətraf ölkələrdən terror təhlükəsinin hələ də qalmasıdır. Xüsusilə Suriya və İraqda türklərə qarşı hazırlanmış silahlı qruplar mövcuddur. Onlarla savaş qaçılmazdır. Bunun fonunda regionda yerləşən bir sıra dövlətlərin uzaqmənzilli raketlərə sahib olması narahatlıq yaradır. Mütəxəssislərin qənaətinə görə, bəzi qonşu dövlətlər İstanbulu belə vura biləcək raket silahlarına malikdirlər. Bunu neytrallaşdırmaq üçün Türkiyə terrorla mübarizə ilə raket təhlükəsinə qarşı silahlar əldə etmək istiqamətində səylərini birləşdirməyə məcburdur. Bu isə meydana Rusiya faktorunu çıxarır ki, geniş mənada götürdükdə, heç də asan məsələ deyil, çünki Türkiyə NATO üzvüdür və indiyə qədər əsasən amerikan silahları alıb. İndi Vaşinqton nə ölkənin hava hücumundan müdafiə edilməsi üçün "Patriot" raket sistemlərini verir, nə raket hazırlamaq texnologiyasını bölüşür, nə də Türkiyənin Rusiyadan "S-400" zenit-raket komplekslərini alması ilə barışır. Faktiki olaraq, "strateji müttəfiq" Amerika Türkiyəni havadan müdafiəsiz buraxmağa çalışır.

Türkiyənin üçüncü mübarizə cəbhəsi daxili siyasi mühiti sağlamlaşdırmaqla ölkənin suverenliyini təmin etmək və sürətli inkişafına nail olmaqdan ibarətdir. Bu, əslində, daha önəmli bir istiqamətdir. Çünki Türkiyə dövlət kimi həm idarəetməni təkmilləşdirməlidir, həm də sağlam iqtisadi əsaslarla inkişafını sürətləndirib, dünyada söz sahiblərindən birinə çevrilməlidir. Ekspertlərin proqnozlarına görə, Türkiyə 2023-cü ildə dünyanın 10 ən böyük iqtisadiyyatından biri olmalıdır.

Əslində, bu üç istiqamət bir-biri ilə sıx bağlıdır. Və real olaraq Türkiyənin regionda və dünyada geosiyasi mövqeyini müəyyənləşdirir. Bu səbəbdən hər bir istiqamət aktualdır, onlardan hər hansı birinə ikincidərəcəli məsələ kimi baxmaq doğru deyil. Bu aspektdən yanaşdıqda, Türkiyə-Qərb dövlətləri münasibətlərinin geosiyasi kontekstdə daha aktual olduğunu deyə bilərik.

Doğrudan da, konkret olaraq, Amerika və Fransa Türkiyənin əleyhinə addımlar atmaqdadırlar. ABŞ rəhbərliyi Ankaranı təhdid edərək Rusiyadan "S-400" müdafiə sistemlərini almamağı tələb edir. Müxtəlif bəhanələr gətirilir. O cümlədən "S-400" sistemlərinin NATO və "F-35" qırıcıları üçün təhlükə törətdiyi iddia edilir. Bu barədə hətta ABŞ-ın yüksək rütbəli zabitləri fikir bildirirlər. Əslində isə mütəxəssislərə görə, bu, əsassız bir bəhanədir. Çünki ABŞ Norveçə artıq "F-35"ləri verib və Rusiya radarları onları rahatca izləyə bilirlər. Əgər ruslardan təhlükə varsa, Tükiyəsiz də onlar "F-35"ləri öyrənə bilərlər. Konkret olaraq, Yaxın Şərq istiqamətində Rusiya Afrikaya qədər hava sahəsinə nüfuz edə bilir. Suriyada onun bir neçə hərbi bazası vardır. Onlardan İsraildə və Yunanıstanda olan "F-35" qırıcılarını izləmək problem deyil. Deməli, Türkiyəyə qarşı bir bəhanə işə salırlar. Məqsəd nədir?

Müstəqillik və suverenlik: geosiyasi savaşın işığında

Məqsəd ABŞ-ın qlobal silahlanma yarışında mövqeyini tədricən Rusiya və Çinə verməsi ilə bağlıdır. Əgər NATO-nun ikinci böyük gücü olan Türkiyə əsas olaraq rus silahları alsa, onda ABŞ-ın bazarı daha da kiçilir. Vaşinqton bununla razılaşmır, lakin Türkiyənin təhlükəsizliyinə də sayğısız yanaşır. Yəni ancaq onu qane edən şərtlər daxilində Ankaranın müdafiə gücünü artırmasını kobud şəkildə tələb edir. Türkiyə isə buna sərt rədd cavabı verir və bu, həmişə belə olacaq. Amerika Səudiyyə Ərəbistanı kimi ölkələrlə Türkiyəni səhv salıb? Bunu Ankara inamla Vaşinqtona anlatmaqdadır.

Qərbin digər nüfuzlu ölkəsi Fransa isə "erməni soyqırımı" haqqında əsassız qərar qəbul etməklə yanlış mövqe tutub. Emmanuel Makron Türkiyə Prezidentini müzakirələrə çağırır, lakin Türkiyə rəhbərliyi buna getmir. Çünki bu məsələdə müzakirə olunacaq bir məqam yoxdur. Fransanın başlıca problemi Yaxın Şərqdə ABŞ-ı əvəz etməklə bağlıdır. Bu məsələdə onun əsas rəqibi Türkiyədir. Həmin səbəbdən Paris beynəlxalq hüquqa zidd və ədalətsiz qərarlar qəbul edir. Bu isə, heç şübhəsiz, Türkiyə-Aİ münasibətlərinə zərbə vurur.

Bu proseslərin fonunda Türkiyə-Rusiya münasibətləri də aktuallıq kəsb edir. Son dövrlərdə Ankara ilə Moskvanın əməkdaşlığının strateji səviyyəyə yüksəldiyindən bəhs edirlər. Həqiqətən, iki ölkə arasında əlaqələr sürətlə inkişaf edir. Rusiya Türkiyə ilə iqtisadi-ticari sferadan başqa, hərbi-müdafiə sahəsində də əməkdaşlığı inkişaf etdirir. İki böyük dövlət arasında çox sayda müqavilə imzalanıb. Onların daha da artması gözlənilir. Suriyada Ankara-Moskva əməkdaşlığının verdiyi bəhrələr də göz qabağındadır. Ekspertlərin rəyinə görə, əməkdaşlıq daha da inkişaf edəcək. Hərbi sahədə də yeni addımlar atıla bilər. Yaxın zamanlarda iki ölkənin rəhbərləri yüksək səviyyəli strateji tərəfdaşlıq məsələsini növbəti dəfə müzakirə edəcəklər və sənədlərin imzalanması gözlənilir. Deməli, Türkiyə artıq tam müstəqil siyasət yeridir və öz milli maraqlarına uyğun addımlar atır.

Bunların fonunda Türkiyənin terrorla mübarizəni daha da gücləndirəcəyi qənaəti yaranır. Prezident Rəcəb Tayyib Ərdoğan son çıxışlarının birində bir daha bəyan edib ki, Suriyanın şimalı terrorçulardan tamamilə təmizlənəcək və burada Türkiyənin maraqlarına uyğun təhlükəsizlik zolağı yaradılacaq. Bunun üçün Ankara hərbi əməliyyatlar keçirməyə hazırdır. Ölkə rəhbərliyi uyğun zamanı gözləyir. Ölkə daxilində isə terrorçuların demək olar ki, bütün qaynaqları qurudulub. Onlar artıq hansısa aksiya həyata keçirə bilmirlər. Üstəlik, türk ordusu ölkə xaricində terrorçularla mübarizə aparır. PKK və FETÖ çökdürülür. Konkret ifadə etsək, Türkiyə terrorla mübarizədə uğurlar əldə edir və bu, onun beynəlxalq nüfuzunu daha da artırır.

Yuxarıda vurğuladığımız məqamların işığında Türkiyənin daxili inkişafının nə dərəcədə önəmli olduğu aydın görünür. Bu baxımdan qarşıda duran seçki də strateji əhəmiyyət kəsb edir. Hazırda siyasi qüvvələr arasında gərgin mübarizə gedir. Bu mübarizənin nəticəsindən asılı olaraq Türkiyə ya müstəqil və milli inkişaf xəttini davam etdirəcək, ya da öncəki mərhələlərdə olduğu kimi Qərbin təsiri altında mövcud olmağa çalışacaq. Bunlardan hansı xəttin qalib gəlməsindən asılı olaraq Türkiyə apardığı mübarizə istiqamətlərində mövqeyini konkretləşdirəcək.

Əlbəttə, Türkiyədə milli inkişaf tərəfdarlarının qalib gəlməsi daha uyğundur və hətta bundan başqa yol yoxdur. Türk dövlətləri üçün də bu variant sərfəlidir. Türkiyə nə qədər güclü olsa, digər türk dövlətləri də bir o qədər güclü olar. Eynilə Azərbaycanın uğuru Türkiyənin uğuru olduğu kimi, Türkiyənin də uğuru Azərbaycanın uğurudur.

Müstəqil və suveren dövlət olub, regionda və dünyada sülh uğrunda daha səmərəli mübarizə aparmaq Bakı və Ankaranın ortaq maraqlarıdır. Bu dövlətlər kimsəyə zərər verməz. Əksinə, ədalətsizliyə və haqsızlığa qarşı mübarizə apararlar. Bu baxımdan Türkiyənin daha da güclənməsi və müstəqil siyasət yeritməsi bütün regionun xeyrinədir, əməkdaşlığa daha geniş imkanların yaranması deməkdir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...