THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Cənubi Qafqaz iki geosiyasi tendensiya arasında: risklər, yaxud sabitlik?

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4236
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 dekabr 2018 – Newtimes.az

Cənubi Qafqaz regionunun iki ölkəsində seçkilərin keçirilməsindən sonra bütövlükdə geosiyasi mənzərənin xarakteristikası məsələsi də aktuallaşıb. Ekspertlərin bununla bağlı apardıqları analiz və verdikləri proqnozlar maraq doğurur. Məsələ həm də bir sıra analitiklərin Yaxın Şərqdəki mürəkkəb proseslərin tədricən Cənubi Qafqaza yaxınlaşması ilə bağlı etdikləri xəbərdarlıq kontekstində aktuallıq kəsb edir. Bu regionda yerləşən dövlətlərin xarici siyasətinin qısa analizi təsdiq edir ki, vəziyyət doğrudan da çox həssas məqama gəlib çatıb. Ermənistan hakimiyyətinin səbatsız və riskli mövqeyi bütövlükdə vəziyyəti qeyri-müəyyən edir. Gürcüstandakı seçki də rəsmi Tbilisinin xarici siyasətdə hansı yeni addımlar atacağına bir aydınlıq gətirmədi. Bu ölkədə ABŞ-Rusiya qarşıdurmasının aqibəti məlum deyil. Onların fonunda Aərbaycan konstruktiv və səmərəli xarici siyasəti ilə seçilir. Hazırda bu ölkə regionun sabitlik adasıdır. Bütün bunların fonunda Cənubi Qafqazda geosiyasi dinamikanın dəyişməsi üzərində daha geniş dayanmaq zərurətini hiss edirik.

Seçki: Ermənistanda daha çox suallar yarandı

Ermənistanda parlament, Gürcüstanda isə prezident seçkisinin Cənubi Qafqazın geosiyasi dinamikasına təsir edəcəyini düşünən ekspertlər az deyil. Bu iki dövlət ümumilikdə götürüldükdə regional və qlobal geosiyasi proseslərə ciddi təsir etmək potensialına malik olmasalar da, böyük güclərin onlar uğrunda mübarizəsi kəskinləşə bilər. Ekspertlər seçkilərdən öncə də bu istiqamətdə proqnozlar verirdilər. Onlar əmindirlər ki, seçki hər iki ölkənin siyasi mühitində kardinal dəyişiklik etməsə də, strateji tərəfdaş seçimi məsələsində müəyyən yeni ştirxlər özünü göstərə bilər. Əgər Ermənistan və Gürcüstana bu prizmadan nəzər salsaq, görərik ki, indi söhbət daha çox qeyri-müəyyənlikdən gedir.

Bunun səbəbi İrəvan və Tbilisinin geosiyasi istiqamət seçimində birtərəfli davranması ilə bağlıdır. Müstəqillik əldə etdikdən sonra Tbilisi sırf qərbyönümlü, İrəvan isə tamamilə rusiyayönümlü olmağa çalışdı. İllərdir ki, bu xətlər davam edir. Ancaq ABŞ, Avropa və Rusiyanın təzyiqləri nəticəsində hər iki dövlətin qarşısına ciddi geosiyasi problemlər də çıxarılıb. Bunun nəticəsidir ki, Gürcüstanda sırf qərbyönümlü M.Saakaşvili hakimiyyəti uzun müddət tab gətirə bilmədi, Ermənistanda isə tam rusiyayönümlü siyasi hakimiyyət iflasa uğradı.

Buradan siyasi kontekstdə maraqlı nəticə çıxır: Ermənistan və Gürcüstan faktiki olaraq geosiyasi aspektdə hər şeyi yenidən başlamalıdırlar! Onlara simpatiyası olan ekspertlər nə qədər demokratiyadan və insan haqlarından danışsalar da, acı həqiqət bundan ibarətdir – Tbilisi və İrəvan indiyə qədər "topladıqları" geosiyasi dividendlərin "üstündən xətt çəkməlidirlər". Onlar deyirlər: "bağışlayın, cənablar, səhv etmişik"!

Lakin bunun da çıxış yolu olduğunu demək çətindir. Region geosiyasi aspektdə o qədər dolaşığa düşüb ki, onu qısa müddətdə fərqli müstəviyə çıxarmaq çox çətindir. Deməli, hələ bir müddət Cənubi Qafqaz qeyri-müəyyən geosiyasi mühitdə tərəddüd etməli olacaq. Hər iki seçkidən alına biləcək ilkin nəticə bundan ibarətdir.

Bəs bu geosiyasi qeyri-müəyyənliyi xarakterizə edən əsas parametrlər hansılardır? "Qalib" N.Paşinyan və S.Zurabişvilinin bəyanatlarına baxsaq, müəyyən faktorları görə bilərik. N.Paşinyan parlamentə özünə yaxın qüvvələri buraxıb. Ekspertlər burada "seçilib" sözündən çox, "buraxılıb" sözünü işlətməyi daha doğru sayırlar. Çünki əvvəlcədən oyun elə qurulmuşdu ki, bir qisim siyasətçi kənarda qalmalı, digərlərinin isə parlamentə düşmələri asanlaşmalı idi. Onların sırasında "Çiçəklənən Ermənistan" (8,27% və Avropa yönlü "İşıqlı Ermənistan" (6,37%) vardır. Onlar N.Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" bloku ilə birgə parlamentdə olacaqlar. Bunları siyasi oriyentasiyalarına görə bir-birindən elə də fərqləndirmirlər.

Belə ki, bu qruplar birmənalı Qərb istiqamətlidirlər. Parlament bununla birtərəfli siyasi düşərgədə olan deputatlardan təşkil olunub. Baş nazir N.Paşinyanın da siyasi mövqeyi məlumdur. Prezident isə "toy generalı"dır. Deməli, hüquqi-inzibati və qanunvericilik aspektlərində Ermənistan sırf qərbyönümlü qüvvələrin rəhbərliyi altındadır.

Ancaq ekspetlər diqqəti bir məqama yönəldirlər. Ermənistan dövlət olaraq tam Rusiyanın təsiri altındadır. İndi rəhbərliyin bu ziddiyyəti necə həll edəcəyi aydın deyil. Ölkə Moskvaya ciddi müqavimət göstərmək iqtidarında deyil. Üstəlik, İran faktoru vəziyyəti daha da mürəkkəbləşdirir. Ermənistan ənənəvi olaraq İranla əlaqəlidir, ancaq indi seçdiyi yeni ağası Amerika bunun tam əksini tələb edir. Deməli, Ermənistanın qərbyönümlü hakimiyyəti real qərbyönümlü siyasət yeritmək üçün Moskva və Tehranın müqavimətini neytrallaşdırmalıdır. Bunu İrəvanın edə biləcəyinə inanmaq absurddur. Bu halda Ermənistan avtomatik olaraq ABŞ-Rusiya-İran üçbucağının ən gərgin məkanı olacaq. Bu, təbii ki, Cənubi Qafqazın geosiyasi mənzərəsinə gərginlik gətirəcək.

Həmin kontekstdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında təxribatçı hərəkətlərin edilməsi istisna deyil. Çünki bütün böyük güclər bilirlər ki, bütövlükdə Cənubi Qafqaz üçün bu məsələ çox aktualdır. ABŞ, Aİ və Rusiya həmin çərçivədə kifayət qədər həssas hərəkətlər edə bilirlər. Onların bir nümunəsini xatırlada bilərik.

Lukaşenkonun ittihamları: Paşinyanın acizliyi

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalistlərə sensaion müsahibə verib. Müsahibənin sensasiya hissəsi məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. A.Lukaşenko S.Sarkisyan və N.Paşinyanla pərdəarxası danışıqlardan bəhs edib. O deyib ki, S.Sarkisyana Dağlıq Qarabağ ətrafındakı 5 rayonu azad etməsini Vladimir Putinlə bir yerdə təklif ediblər. Ancaq Serj Azatoviç (ifadə A.Lukaşenkonundur – red.) bu təklifdən imtina edib. Səbəb olaraq göstərib ki, Azərbaycan tərəfi həmin addımdan sonra Qarabağa hücum edib oradan erməniləri qovacaq.

Ancaq A.Lukaşenko bunun əsassız olduğunu bildirib və lazım gəlsə, Belarusla Rusiyanın münaqişə zonasına qoşun yeridə biləcəyini deyib. S.Sarkisyan buna da razı olmayıb. Onda A.Lukaşenko sual edib: "Siz nədən qorxursunuz? Bizim təminatımıza inanmırsınız?" S.Sarkisyan isə yenə razı olmayıb. Bu qısa dialoq nəyi ifadə edir? Hər şeydən öncə, ictimaiyyətə çatdırılır ki, N.Paşinyanın S.Sarkisyanı satqınlıqda günahlandırmağa əsası yoxdur. S.Sarkisyan əzəldən işğal altındakı 5 rayonun qaytarılmasını istəməyib.

Onda bəs bu informasiya niyə indi verilir? Görünür, bununla göstərilir ki, N.Paşinyan həqiqət üzərində deyil, yalan və iftira üzərində hakimiyyətə gəlib. Heç bir erməni lideri əsl mənada Qarabağ maraqlandırmır. Onlar bu kartdan iqtidara gəlmək üçün istifadə edirlər. Və bu mənada N.Paşinyanın S.Sarkisyandan heç bir fərqi yoxdur.

A.Lukaşenko sözügedən müsahibəsində daha da irəli gedərək N.Paşinyanı necə təhqir etdiyini açıq deyir. Belarus rəhbəri xatırladır ki, Ermənistan Belarusu Azərbaycana silah satmaqda ittiham edərkən, N.Paşinyana V.Putinin yanında dedi ki, Azərbaycana ən çox silah satan Rusiyadır. Sonra İsrail, üçüncü isə Türkiyə gəlir! Belarus "Polonez" raketləri olmasa, hardasa onuncu sıradadır. Ona görə də A.Lukaşenko üzünü N.Paşinyana tutub sual edib: "Niyə Rusiya gələndə susursan? Putinə etiraz edə bilmirsən?"

Bunlar Ermənistana rəhbərlik edən şəxsin iradəsiz siyasi obrazını nümayiş etdirir. Bunu A.Lukaşenko erməni cəmiyyətinə açıq deyir. Belə bir lider ölkəni heç bir real qələbəyə apara bilməz. V.Putinə söz deməyə cürət etməyən bir ölkə başçısı müstəqil siyasət yeridə bilərmi? Şübhə yoxdur ki, N.Paşinyan ABŞ və Avropanın böyük dövlətlərinin rəhbərləri qarşısında da ikiqat əyilir.

Deməli, Rusiya nümayiş etdirir ki, Ermənistanda özünü inqilabçı kimi təqdim edən adam, əslində, şantajçı və iradəsizdir. Əgər bu proses davam etsə və A.Lukaşenko 1-2 bəyanat versə, Ermənistan cəmiyyətində N.Paşinyanın reytinqi kəskin aşağı düşə bilər. Bu əlamətlər Cənubi Qafqazda Ermənistan uğrunda Qərblə Rusiyanın böyük savaşının başlanğıcı kimi qəbul edilə bilərmi?

Böyük ehtimalla bu savaş artıq başlayıb və regionun geosiyasi mühiti bundan əziyyət çəkməkdədir. Onu vurğulayaq ki, rusiyalı ekspertlər N.Paşinyanın parlamentdə qələbəsinə çox ehtiyatla yanaşır və onun risklərlə dolu olduğu fikrini irəli sürürlər. Məsələn, rusiyalı ekspert Q.Trofimçuk erməni jurnalistə müsahibəsində deyib ki, Ermənistanın yeni parlamenti daha çox Qərbə meyllidir. Çünki orada təmsil olunan partiyaların hamısı Qərp tipli liberal-demokratik ideologiya yeridirlər. Buna görə də "demək olar ki, bütün parlament Rusiyadan çox Qərbə xoş gəlməyi arzulayır" (bax: Армяно-российские отношения – на пороге новых приключений: Пашинян будет двигаться в направлении Запада? / 1in.am, 13 dekabr 2018). Erməni siyasətçiləri isə şüarlarla Rusiyanı sakitləşdirməyə çalışırlar. Bu, Qərbə açıq mesajdır ki, İrəvan siyasi istiqamətini dəyişir. Q.Trofimçuk inanır ki, Qərb bu mesajı qəbul edəcək.

Ancaq rəsmi İrəvan Avrasiya strukturlarından da imtina etməz. Q.Trofimçukun fikrinə görə, bu, ona Moskvanı geosiyasi şantaj etmək üçün lazımdır (bax: əvvəlki mənbəyə). Yəni Qərb qapılarını N.Paşinyana açandan sonra, o, Moskvaya "bax, Qərbə üz tuta bilərəm" kimi cümlələrlə təsir etməyə çalışacaq. Lakin N.Paşinyan Ukrayna və Gürcüstan rəhbərliyindən fərqli olaraq kəskin surətdə antirusiya yönümlü addımlar atmaz. O, "iki stulda oturmağa" üstünlük verəcək. Bu, N.Paşinyanın reytinqini aşağı salsa da, Rusiya-Ermənistan münasibətlərini bir müddət S.Sarkisyan səviyyəsində saxlamağa imkan verə bilər. Ancaq gec və ya tez bu münasibətləri yeni macəralar gözləyir.

Maraqlıdır ki, erməni ekspert və siyasi dairələri hesab edirlər ki, Rusiya tərəfinin narahatlığı əsassızdırr. Çünki Ermənistan xarici siyasət kursunda ciddi dəyişiklik etmək və strateji müttəfiqini dəyişmək fikrində deyil. İrəvan əsas olaraq sərbəst fəaliyyət imkanı əldə etməyə çalışır. Bu "sərbəst fəaliyyət"in hansı məqamları nəzərdə tutduğu isə aydın deyil. İndi Rusiya-Ermənistan münasibətlərini müzakirə etmək üçün komissiya yaradılması planı vardır. Bu müzakirələr çox məqamlara aydınlıq gətirəcək.

Bütün bunlara baxmayaraq, Ermənistanda parlament seçkisi Rusiya ilə münasibətlərə bir qeyri-müəyyənlik gətirib. Moskva vəziyyətin bu cür davam etməsinə qətiyyən imkan verməz. Deməli, Ermənistan istiqamətində Kremlin həmlələri davam edəcək. A.Lukaşenkonun dili ilə deyilənlərlə məsələnin yekunlaşdığını düşünmək sadəlöhvlükdür. Ekspert dairələrinin də proqnozları hər şey demək deyil. Moskva konkret olaraq geosiyasi, hərbi, iqtisadi və energetika sahələrində İrəvanın hansı addımlar atmağa hazırlaşdığını diqqətlə izləyir.

Mümkündür ki, bu sahələrin hər hansı biri üzrə Ermənistan hökumətinin Moskvanın icazəsi olmadan addım atması qarşı tərəfin səbr kasasını daşıracaq. Bu məqamda Rusiyanın əsl üzünü görəcəklər. Təbii ki, adəti üzrə Qərbin böyük dövlətləri Rusiyaya etirazlarını bəyan edəcəklər. Ancaq Ukrayna və Gürcüstan təcrübəsi göstərir ki, Moskva lazımi anda çox qəti addımlar ata bilir və kimsəyə güzəştə getmək fikrində deyil.

Gürcüstanın yolu: yeni prezident nəyi dəyişə bilər?

Bu kontekstdə regiondakı geosiyasi vəziyyətə Azərbaycan və Gürcüstanın fəaliyyətləri prizmasından da baxmaq lazımdır. Gürcüstan da yeni seçki keçirdi və orada da hansı xarici siyasətin reallaşacağı aydın deyil. S.Zurabişvili seçkidən dərhal sonra bəyan etdi ki, Rusiya ilə işləmək fikri yoxdur. Lakin Moskvaya M.Saakaşvilidən çox S.Zurabişvili uyğundur. Zatən M.Saakaşivili indi də tərəfdarlarını Tbilisidə etriaz aksiyalarına çağırır. O, meydanları tutub, Tbilisini ələ keçirmək istəyir. Maraqlıdır ki, S.Zurabişvili andiçmə mərasimini Telavidə keçirib. Bu o deməkdir ki, Gürcüstan hakimiyyəti paytaxtda aranın qarışma ehtimalını istisna etməyib. Bu da ona dəlalət edir ki, S.Zurabişvilinin seçkidə qələbəsi müəyyən müəmmalara malikdir. Əgər paytaxtda iğtiaşaşlar yarada biləcək müxalif güc varsa, deməli, bütövlükdə vəziyyət çətindir.

Belə çıxır ki, Gürcüstan da seçkidən sonra müəyyən dərəcədə qeyri-müəyyən geosiyasi durumdadır. S.Zurabişvilinin hansısa kardinal dəyişiklik edə biləcəyi inandırıcı deyil. Çox güman ki, ölkədə hələlik M.Saakaşvili-B.İvanişvili qarşıdurması davam edəcək. Bu isə həm daxildə müəyyən problemlər yarada, həm də ümumən regionda geosiyasi riskləri artıra bilər. 2008-ci il avqust müharibəsi göstərdi ki, heç də bütün hallarda Qərb Rusiyanın Gürcüstanda qarşısını kəsə bilmir.

İndi geosiyasi vəziyyət daha çox Rusiyanın xeyrinədir. Bundan Gürcüstandakı rusiyameylli qüvvələr istifadə edərək, öz iradələrini yeritməyə çalışacaqlar. Bütövlükdə Gürcüstanın Rusiyaya yaxınlaşmasına cəhd edəcəklər. Bu halda Gürcüstan da böyük qüvvələrin savaş meydanına çevrilə bilər. Burada risklər azalmayıb, əksinə, daha təhlükəli məzmun kəsb etməyə başlayır. Həmin bağlılıqda Gürcüstan-Ermənistan münasibətlərinin dinamikası maraq doğurur.

Şübhəsiz ki, N.Paşinyan Ermənistanı təcriddən xilas etmək üçün Gürcüstan faktorundan yararlanmağa çalışacaq. Bunun üçün İrəvan həm Qərb, həm də Rusiyanın imkanlarından yararlanacaq. Hazırda Gürcüstandan avtomobil yolu ilə Ermənistana yük daşınır. Tbilisi vəd etsə də, həmin daşınmalar dayandırılmayıb. Bunlara dəmir yolu əlavə oluna bilərmi? Ekspertlər bunu istisna etmirlər. Lakin onun hansısa məsələni həll edə biləcəyi ehtimalı azdır. Çünki bu variantda Gürcüstan Türkiyə və Azərbaycan kimi daha əhəmiyyətli iki müttəfiqini itirə bilər ki, bundan da ciddi zərərlər görər.

Deməli, əslində, Gürcüstan üçün Azərbaycanla Ermənistan arasında siyasi manevrlər etmək imkanları getdikcə daralır. Bu məqamın Cənubi Qafqazın geosiyasi mənzərəsinə mənfi təsir edəcəyini proqnozlaşdırmaq olar. Hələlik bütün bunların ehtimal səviyyəsində qaldığını qəbul etməliyik. Ancaq real risklər də mövcuddur.

Azərbaycan: sabitlik və təhlükəsizlik məkanı

Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycan Cənubi Qafqazda sabitlik adası olaraq qalır. Burada xalqla hakimiyyət arasında tam anlaşma mövcuddur. Cəmiyyət Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir. Real faktlar da göstərir ki, Azərbaycanın atdığı addımlar Cənubi Qafqzda heç bir geosiyasi qeyri-müəyyənlik yaratmır. Əksinə, hazırda regional əməkdaşlığın perspektivləri tamamilə Aərbaycanın həyata keçirdiyi layihələrdən asılıdır.

Rəsmi Bakı siyasətini elə qurub ki, regional əməkdaşlıq imkanları ilə qlobal miqyasda əməkdaşlıq bir-birini tamamlayır. Özü də bu, yalnız Azərbaycanın maraqları ilə müəyyən olunmur. Bakı Gürcüstan, Türkiyə, Rusiya və İranın maraqları ilə uzlaşan proqramlar həyata keçirir. Bu zaman ABŞ və Avropa ölkələri də unudulmur. Bunu konkret faktlar üzərində izah edə bilərik.

Azərbaycan Şimal-Cənub və Cənub-Qərb dəhlizləri ilə həm Rusiya, həm də İranla tranzit və ticarət əlaqələrini yüksək səviyyədə təmin edə bilər. Bakı bu iki qonşu dövlətlə çoxlu sayda ortaq layihələr reallaşdırır. ABŞ İran və Rusiyaya sanksiya tətbiq edəndə "Cənub Qaz Dəhlizi" layihəsində iştirak edən dövlətlərə bunun aid olmadığını da bəyan etdi.

Azərbaycan Rusiya və İranla enerji sahəsində də əməkdaşlıq edir. Buraya həm neft-qaz, həm də elektrik enerjisi daxildir. Hazırda Bakının Moskva və Tehranla münasibətlərində heç bir problem yoxdur. Təbii ki, bu, ciddi faktordur. Çünki bütövlükdə Cənubi Qafqazda geosiyasi sabitliyi təmin etmək İran və Rusiya faktoru ilə sıx bağlıdır.

Azərbaycanın Türkiyə siyasəti haqqında ayrıca danışmaq olar. Lakin Cənubi Qafqazda geosiysi sabitlik aspektində onu vurğulamaq olar ki, bu iki qardaş dövlət regionun maraqları kontekstində fəaliyyət göstərirlər. Onlar Rusiya, İran və Gürcüstanın da daxil olduğu təhlükəsizlik sisteminin yaradılması istiqamətində ciddi addımlar atırlar. Ermənistan isə həmin prosesə təcavüzkarlığından əl çəkdiyi halda qoşula bilər.

Azərbaycan-Türkiyə münasibətləri hazırda bütün istiqamətlərdə çox yüksək səviyyədədir. Onların əməkdaşlığından regionun heç bir ölkəsi zərər görmür. Əksinə, beynəlxalq layihələrin reallaşmasında Azərbaycanla Türkiyənin olduqca böyük rolu vardır.

Azərbaycan-Gürcüstan münasibətləri haqqında da ancaq müsbət fikir bildirmək olar. Bakı bu qonşu dövlətlə bütün sahələrdə konstruktiv əməkdaşlıq edir. Əsasən Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə iki ölkə arasında bütün sahələrdə əlaqələr sürətlə inkişaf edir. Son zamanlar Azərbaycan, Türkiyə və Gürcüstan təhlükəsizlik sisteminin yaradılması istiqamətində təsirli addımlar atırlar. O cümlədən bu dövlətlərin silahlı qüvvələri ortaq hərbi təlimlər keçirirlər. Bir sözlə, Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, Ermənistan istisna olmaqla bütün yerli ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq qura bilib.

Bakının ABŞ və Avropa ilə də əlaqələri inkişaf edir. Qərbin böyük dövlətlərinin liderləri açıq etiraf edirlər ki, Avropanın enerji xəritəsini Azərbaycan dəyişir. İndi Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində ciddi rol oynayan dövlətlərdən biridir. Bunlarla yanaşı, Bakı Çinlə də əməkdaşlığını irəli aparır. Azərbaycan "Bir Qurşaq, Bir Yol" layihəsinin aktiv iştirakçılarındandır.

Bütün bunlar onu göstərir ki, indiki mərhələdə Azərbaycan Cənubi Qafqazda geosiyasi sabitliyi təmin edə biləcək əsas gücdür. Rəsmi Bakının yeritdiyi xarici siyasət ancaq regional əməkdaşlığa, təhlükəsizliyə və nəqliyyat-loqistik infrastrukturun inkişafına xidmət edir. Bu isə o deməkdir ki, Cənubi Qafqazın geosiyasi dinamikası böyük ölçüdə Azərbaycanın fəaliyyəti ilə sıx bağlıdır. Bu məqam yaxın perspektivdə Azərbaycanın regional lider kimi mövqeyini daha da möhkəmləndirəcəyi barədə verilən proqnozların tam əsaslı olduğunu təsdiq edir.

Beləliklə, son hadisələr göstərir ki, Cənubi Qafqaz yeni geosiyasi proseslərin şahidi ola bilər. Burada iki tendensiya qarşı-qarşıya gəlib. Onlardan biri daha çox Ermənistanın qeyri-müəyyən davranışlarından qaynaqlanan risklərin meydan gəlməsidir. Gürcüstanın da seçkidən sonra oynayacağı rolu zaman göstərəcək. İkinci tendensiya Azərbaycanın atdığı addımlarla regionda sabitlik və təhlükəsizliyin təmini üçün yeni imkanların açıldığını ifadə edir. Bunlardan hansının qalib gələcəyini zaman göstərəcək. Lakin bütövlükdə Cənubi Qafqazda geosiyasi mənzərənin mürəkkəbləşdiyi nəticəsini çıxara bilərik.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
16 mart 2019 Коммерсантъ

Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi

Salome Zurabişvili Qarabağ məsələsində Azərbaycanı dəstəklədi.

Davamı...
Həmsədrlər böyük irəliləyişdən danışır: görünməmiş bəyanat!
23 yanvar 2019 Lragir.am

Həmsədrlər böyük irəliləyişdən danışır: görünməmiş bəyanat!

"Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd ediblər''

Davamı...