THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Gəncə hadisələri: müstəqilliyə qəsd ssenarisinə dövlətin və xalqın cavabı

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2506
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 iyul 2018 – Newtimes.az

Müstəqil Azərbaycana qarşı növbəti təxribat törədildi. Gəncədə icra başçısına qarşı terror aktı baş verdi. Sonra isə bir qrup radikal düşüncəli şəxslər etiraz mitinqi adı altında meydanda iki polisi şəhid etdilər. Hadisələrin gedişi göstərdi ki, məsələ daha geniş kontekstdə milli dövlətçiliyə qarşı işə salınmış məkrli planla bağlıdır. Dövlət və xalq bütün bunlara layiqli cavabını verdi. Qısa müddətdə cinayətkarlar zərərsizləşdirildi. Bununla yanaşı, baş verənlərin bağlı olduğu faktorları geniş təhlil etməyə ehtiyac duyulur. Çünki hazırda regionda mürəkkəb geosiyasi vəziyyət mövcuddur. Bir sıra dairələr Azərbaycana qarşı düşmən mövqeyi tutaraq ölkəni qarışdırmaq üçün fürsət gözləyirlər. Həmin səbəblərdən burada söhbətin bütövlükdə dövlətçiliyin qorunması və inkişaf etdirilməsindən getdiyini dərk etmək gərəkdir.

Radikallar: təhlükə mənbəyi kimi

Azərbaycanın müstəqillik tarixində keşməkeşli mərhələlər az olmayıb. Sirr deyil ki, Cənubi Qafqazda güclü türk-müsəlman dövlətinin varlığına heç də hamı dost gözü ilə baxmır. Zaman-zaman müstəqil dövlətçiliyə qarşı müxtəlif üsullarla təxribatlar törədilir. Keçən əsrin 90-cı illərinin ortalarında Azərbaycan ciddi təxribatlarla qarşılaşdı. Ulu Öndər Heydər Əliyevin siyasi qətiyyəti, diplomatik ustalığı və lider kimi milli-dövlətçi mövqeyi sayəsində ölkə böyük bəlalardan qurtuldu. Dövlət çevrilişlərinə olan cəhdlərin qarşısı alındı.

Artıq 2018-ci ildir. Azərbaycan müstəqil dövlət kimi inkişaf edir, daxilində sabitlik hökm sürür və təhlükəsizliyini təmin etməyə tam olaraq qadirdir. Azərbaycan daxili və xarici siyasətdə uğurlar əldə etməkdədir. Bu proses davamlıdır və öz intensivliyini saxlayır. Təcrübə göstərir ki, məhz bu məqamlar xaricdə kimlərisə narahat edir. Onlar Azərbaycanın sürətli inkişafının qarşısını almaq, onu müstəqillik yolundan sapdırmaq cəhdlərini dayandırmırlar. Bu il iyulun əvvəllərində Gəncədə baş verən hadisələr və sonra Sumqayıtda hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyatlar bu baxımdan təsadüfi deyil.

Öncə vurğulayaq ki, düşmən dairələr həmişə azərbaycanlıların dini hissləri ilə oynamağa cəhd göstərirlər. Müqəddəs İslamın nə qədər humanist, bəşəri, sülhə, barışa, qardaşlığa səsləyən din olduğunu hamı bilir. Lakin bu gözəl dini daxildən parçalayıb, məzhəbliyi qabardaraq müsəlmanları bir-birinə düşmən etmək istiqamətində də müəyyən dairələrin çalışdığı sirr deyil. Son illər Yaxın Şərqdə özünü göstərən proseslərin yaxın regionlara təsirini də istisna etmək olmaz. Din pərdəsi altında müxtəlif terror qrupları yaradıb, qətllər törədənlər əllərini başqa müsəlman ölkələrinə də uzatmağa başlayıblar. Burada onların çox müxtəlif qruplarda təmsil olunması diqqətə alınmalıdır. Əksər hallarda həmin qruplar başqa məzhəb sahiblərinin adından çıxış edərək radikal çağırışlar edirlər.

Bütün hallarda dediklərinin bir mənası var: öz müsəlman qardaşını öldür, yaşadığın dövlətin hakimiyyətinin legitim olmadığını sübut et, insanları kütləvi iğtişaşlara çağır, qan tök! Nə yazıq ki, hələ də müsəlman gənclər arasında bu zalımlığa inananlar tapılır və onlar bir an içərisində öz doğmalarının, qohumlarının, ölkəsinin, dininin, yaşadığı cəmiyyətin və dövlətinin radikal düşməninə çevrilirlər. Bunun adını müxtəlif cür qoya bilərlər: "cihadçı", "imamçı", "din qoruyucusu", "Allahın əsgəri" və s. Ancaq hamısını birləşdirən ortaq məqam var ki, bu da öz dininə, xalqına, yanındakı soydaşına və hətta valideynlərinə düşmənçilik hissidir! Başqa məzhəbə qarşı dözümsüzlük və əksər hallarda barışmaz düşmənçilik duyğusudur!

Deyə bilərsiniz ki, Gəncə hadisələri ilə bunların nə əlaqəsi var? Hüquq-mühafizə orqanlarının informasiyaları onu göstərir ki, məsələnin bir ucu məhz yuxarıda vurğuladığımız məqamlarla əlaqəlidir. Gəncədə icra başçısına qarşı törədilən cinayətin nə sosial ədalətlə, nə kiminsə haqqının tapdanması ilə, nə də hər hansı digər daxili səbəblə əlaqəsi var. Başçıya qarşı terror törədilməsi üsulu və ondan sonrakı hadisələr belə nəticə çıxarmağa tam əsas verir. Burada daha geniş kontekstdə bir məqamı vurğulamaq lazımdır.

Məsələnin xarici aspekti: kənar dairələrin oyuncaqları

Hələ bir neçə il bundan öncə Rusiya xüsusi xidmət orqanları bəyanat verirdilər ki, Suriya və İraqdakı radikal qruplarda keçmiş sovet respublikalarından olan minlərlə gənc savaşır. Onların sırasında Mərkəzi Asiya dövlətlərindən daha çox adam iştirak edir. Şimali Qafqazdan da minlərlə gənc radikal çağırışlara uyub, terrorçulara qoşulublar. Hətta Gürcüstanın Pankisi dərəsindən olan bir gənc Suriyadakı qruplardan birinin məşhur komandiri səviyyəsinə qədər yüksəlmişdi. Həmin tələyə düşənlər sırasında təəssüf ki, Azərbaycan vətəndaşları da olub. Onlar barədə zaman-zaman xüsusi xidmət orqanları informasiyalar verib.

Bir sıra ailələrin başına gələn faciələr haqqında da yazılar dərc olunub. Övladını itirən anaların fəryadı, qızından xəbərsiz valideynlərin narahatlıqları, mətbuata verilən müxtəlif fotolar barədə ictimaiyyətin məlumatı var. Son günlər KİV-də İraq hüquq-mühafizə orqanlarının yaydıqları məlumatda terrorçulardan xilas edilmiş uşaqlar içərisində Azərbaycan vətəndaşlarının uşaqlarının olduğu da göstərilib.

Deməli, bir sıra qonşu dövlətlərdə və Yaxın Şərqdə fəaliyyət göstərən radikal qrupların Azərbaycan vətəndaşlarını da öz tərəflərinə çəkməyə çalışdıqlarını demək olar. Hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində bu prosesin genişlənməsinə imkan verilmir. Azərbaycan xüsusi xidmət orqanları kifayət qədər peşəkarlıqla mübarizə aparır. Lakin radikal qrupların dünyanın bir sıra inkişaf etmiş ölkələrinin xüsusi xidmət orqanları ilə sıx əlaqəsinin olması vəziyyəti mürəkkəbləşdirir. Hətta Rusiya kimi böyük dövlət belə radikal dini təsirin qarşısını tam ala bilmir. KİV-də yayılan informasiyalar və Rusiyanın bir sıra şəhərlərində baş verən terror hadisələri belə nəticə çıxarmağa əsas verir.

Sonra, Rusiya təhlükəsizlik xidməti dəfələrlə xəbərdarlıq edib ki, Yaxın Şərqdə savaşan gənclər geri qayıda bilərlər, yaxud onları xüsusi məqsədlərlə postsovet məkanı ölkələrinə ata bilərlər. Bununla bağlı Rusiya Mərkəzi Asiya və Əfqanıstan istiqamətində silsilə tədbirlər həyata keçirir və öz daxilində mütəmadi "təmizlik" işləri aparır. Təbii ki, onlar Şimali Qafqaz istiqamətində sayıqlığı əldən verməzlər.

Deməli, kənardan terror təhlükəsi var. Onların məqsədi də sirr deyil. Postsovet ölkələrini, o cümlədən Azərbaycanı qarışdırmaq və dünyəvi dövlət yerinə şəriətlə idarə olunan dövlət yaratmaq. Əslində, radikal dini qrupları idarə edənlər üçün hansısa müsəlman ölkəsində real dövlətin mövcudluğu arzu olunan deyil. Yəni, söhbət sözün həqiqi mənasında şəriət qaydaları ilə idarə olunan dövlətdən çox, bizə dost olmaq istəməyənlərin maraqlarını təmin edən psevdodövlət (yalançı dövlət) yaratmaqdan gedə bilər. Elə bir dövlət ki, əhalisi vətəndaş deyil, rəiyyət düşüncəli olsun. Onların arasına daim nifaq salmaq imkanı olsun, cəmiyyəti istənilən zaman qarışdırıb, insanlara zülm etmək üçün şərait yaransın və s.

Onu da demək lazımdır ki, kənar dairələrin bu məkrli niyyətləri ermənilərin və onlara havadarlıq edən bəzi dairələrin maraqları ilə üst-üstə düşür. Bunu təsdiq edən kifayət qədər faktlar mövcuddur. Sadəcə birini xatırladaq. Bir neçə il bundan əvvəl Azərbaycanda çoxlu sayda terror hadisəsi törətmiş və özünü "Allahın ordusu" kimi təqdim edən qruplaşmanı Azərbaycanın təhlükəsizlik xidməti zərərsizləşdirdi. Aparılan istintaq, təhqiqat və axtarış-əməliyyat tədbirləri göstərdi ki, bu qruplaşmanın başında Rostov şəhərinə qeydiyyatlı, lakin Ermənistan xüsusi xidmət orqanları tərəfindən ələ alınmış erməni dayanır.

Təsəvvür edin, erməni İslam adı altında fəaliyyət göstərən radikal və terror qrupunun başında dayanır. Onun əmrlərini Azərbaycan vətəndaşlarından olan müsəlmanlar yerinə yetirir. Öz soydaşlarını öldürür, onlara işgəncə verirlər. Azərbaycan nümayəndəsi məhkəmə zamanı bu həqiqətləri erməninin üzünə deyəndə, qrup üzvlərindən biri təəccüb və qorxu ilə dedi: "sən ermənisən?"

Təbii ki, İslam adı altında Azərbaycana qarşı fəaliyyət göstərən yalnız Ermənistan deyil, digər dövlətlərin (onların arasında müsəlman ölkələri də ola bilər) sırasında da bu cür pis niyyətlilər yox deyil. Hətta üzdə dost deyib, arxada Azərbaycanı qarışdırmaq arzusunda olanlar da istisna deyil.

Dindən sui-istifadə: öz xalqına düşmən olanlar

Bütün bunlar nəyi ifadə edir? Hər şeydən öncə, anlamalıyıq ki, mürəkkəb və ziddiyyətli geosiyasi dövrdə yaşayırıq və hər bir vətəndaş öz ölkəsi, dövləti, xalqı, valideynləri, yaxınları, milləti qarşısında məsuliyyət daşıyır. Müxtəlif adlar altında çox şirnikdirici, cəlbedici, dini xarakterli vədlər verə bilərlər. Lakin sayıqlıq və vətəndaş məsuliyyəti hər şeydən üstün olmalıdır. Kimin nə demək istədiyini dövlətçi və müstəqillik tərəfdarı mövqeyindən dəyərləndirməyimiz lazımdır. Çətinlik hər yerdə var. Ondan sui-istifadə edib, öz xalqına və dövlətinə qarşı cinayət törətməyin isə heç bir yerdə izahı yoxdur.

Buna haqq qazandırmaq mümkün deyildir. İslamda da bu, təqdir edilmir. Bəli, zalıma qarşı durmalısan, mübarizə aparmalısan, lakin terror etmək, insan həyatına qəsd törətmək və bütövlükdə cəmiyyətdə qarışıqlıq yaratmaq üçün bunu etmək qətiyyən qəbuledilməzdir. Kimsənin haqqına girməyə kimsənin haqqı yoxdur! Bu, hər kəs üçün keçərlidir – zalım üçün də, zülmə məruz qalan üçün də! Azərbaycanda gözəl bir deyim var: "Allahsızın yanında durma, böyüksüz yerdə oturma"!

Biz yazının bu yerinə qədər faktiki olaraq Gəncə hadisələrinin arxasında dayanan bir sıra məqamları ümumi səviyyədə və geniş kontekstdə vurğuladıq. İndi baş verənlərə daha konkret səviyyədə nəzər salaq. Öncə, icra başçısına qarşı törədilən cinayətin xarakteri ilə bir neçə gün sonra bir qrup şəxslərin hərəkətləri arasındakı oxşarlığa diqqət yetirək. Gəncə terrorçusu adi qisasçı vətəndaş kimi davranmayıb. O, adını qisas qoyduğu cinayəti peşəkar nişançı kimi yerinə yetirib. Hədəfə yaxınlaşma tərzi və silahdan istifadə üsulu onu göstərir ki, adam ciddi təlim keçibmiş. Xüsusi qaydalarla qurbanını məhv etməyi, amansızcasına yerinə yetirməyin metodlarını ona öyrədiblər. Bu dərsi harada keçdiyi haqqında da Azərbaycan hüquq-mühafizə orqanları konkret informasiyalar yayıb.

Yunis Səfərov İranın Qum şəhərində hazırlıq keçdikdən sonra Suriyaya döyüşməyə gedib. Onun kimin tərəfində savaşdığını təxmin etmək çətin deyil. Çünki Suriyada hansı qüvvələrin müharibədə iştirak etdiyi hamıya məlumdur. Y.Səfərovun başına qoyduğu kepkada da müəyyən işarələrin olduğundan KİV yazır. Hər bir halda, qatil hadisədən sonra öz davranışı ilə də nümayiş etdirdi ki, məqsədi sadəcə icra başçısını məhv etməkdən ibarət deyilmiş.

Bu hadisədən sonra ona göstəriş verənlərə imkan yaratmaqdır ki, prosesləri genişləndirib, kütləvi iğtişaşlar səviyyəsinə qaldırsınlar. Belə hallarda adətən insan haqları oyunu da başlayır. Yəni ittiham olunana fiziki təzyiqlərin olmaması, onun sağlığının təmini, hüquqlarının pozulmaması, işgəncə verilməməsi, vəkil tutulması və s. hallar hamıya məlumdur. Proses bununla bitmədi. Bir neçə gün sonra sayca kiçik, lakin qəddarlıqda kimsədən geri qalmayan bur qrup şəxs meydanda vəzifə başında olan polislərə qarşı xüsusi amansızlıq göstərdilər. İstəkləri nə idi? Y.Səfərovun həyat yoldaşı kimi özünü təqdim edən bir qadının video müraciətində istifadə etdiyi terminlərdən kənara çıxmayan davranışlardan başqa bir şey müşahidə edilmədi. Yəni o adamlar meydana haqq-ədalət üçün deyil, qətllər törətmək, qorxu yaratmaq, cəmiyyəti qarışdırmaq üçün çıxmışdılar. Əllərində də xəncər və zopa! Bu, mitinqdir? Bu, etiraz tədbirdir? Bunun haqq-ədalətlə və müqəddəs İslamla hər hansı əlaqəsi varmı? Qətiyyən yoxdur!

İmam Hüseyn qəhrəmanlığı ilə tamamilə bir-birinə əks mövqedə olan hadisələrdir. İmam Hüseyn din, ədalət, haqq, Allah, zülmə məruz qalanı qorumaq yolunda şəhid olub! Bunlar isə qara paltarda (bu da məlum radikal təşkilatın rəmzlərindən biridir), əllərində xəncər günahsız və silahsız insanları qətlə yetirir, yaşadığı cəmiyyəti qana bulamağa çalışırlar.

Xəncəri sinəsinə sapladığı polisin yerdə necə qıvrıldığını görəndə, hansı hissləri keçirdilər? Qaçmaqlarından bilinir ki, sadəcə vəzifələrini yerinə yetirib, canlarını qurtarmağın qayğısına qalıblar. Bundanmı ibarətdir "Allah yolunda savaşmağın" mənası?! Əlbəttə, qətiyyən əlaqəsi yoxdur, çünki burada söhbət əsl qətldən, terrordan, silahsız insanların qanlarına qəltan edilməsindən gedir.

Məkrli planın iflası: müstəqilliyin qoruyucuları

Deməli, ortada xüsusi hazırlanmış və konkret məqsədləri olan kollektiv cinayət hadisəsi vardır. Hədəflər də məlumdur. Hər şeydən öncə, Azərbaycanda hakimiyyət boşluğunun olması və bu mənada iqtidarın legitimsizliyi təsəvvürü yaratmağa çalışdılar. Belə hallarda bir qayda olaraq kütlədə hakimiyyətin təhlükəsizliyi təmin edə bilmədiyi fikrini yaratmağa çalışırlar ki, sonra hakimiyyəti dəyişməyə psixoloji təməl formalaşdırılır. Onun başlıca metodu isə ölkədə özbaşınalığın hökm sürdüyü və kimsənin təhlükəsizliyinin təmin edilmədiyi görüntüsü yaratmaqdan ibarətdir.

Adətən bunu da xof yaradan qüvvəyə inam fonunda həyata keçirməyə, yəni istədiyini məhv etmək iqtidarında olan qruplaşmanın xilaskar obrazını formalaşdırmağa cəhd edilir. Həmin üsulla avtomatik olaraq dəyişməli olan hakimiyyətin yerinə kimlərin "daha layiqli" olması təsəvvürü formalaşdırılmalıdır. Məqsəd bu səviyyədə qorxunc, niyyət bu dərəcədə antimilli olub.

Bununla Azərbaycanın həm bir müstəqil dövlət kimi sonu gəlməli, həm də dünyada radikal dini dövlət obrazı yaradılmalı idi. Bu, kimə sərf edirdi? Cavab çox sadədir. İlk növbədə Azərbaycanın torpaqlarını işğal edib, onun radikal dini obrazını yaratmağa çalışan ermənilərə! Onların havadarlarına! Çünki bu halda dünyada kimsə "demokratik ruhlu ermənilər"in, "yumşaq və mədəni xasiyyətə malik humanist xristianlar"ın Azərbaycanın tərkibində yaşamalı olduğunu deməyəcəkdi.

Görün, Gəncədə icra başçısına güllə sıxan, polisin sinəsinə xəncər saplayan "müsəlmanlar" əslində kimlərin dəyirmanına su töküblər. Onlar faktiki olaraq özlərinin taleyinə, yaxınlarının həyatına, mənsub olduqları millətin mənəviyyatına və dövlətin dayaqlarına xəncər saplayıblar. Onlar birbaşa xain düşmənin marağına xidmət etməklə özlərini bir daha onların qarşısında alçaldaraq, oyuncaq olduqlarını nümayiş etdiriblər. Onları öz dinlərinə xəyanət etmək üçün aldadıblar. Və nəticədə həm də Vətən xaini oldular!

Bəs hansı səbəblərdən düşmənlər bu dərəcədə quduzlaşdılar? Başlıca səbəb Azərbaycanın iqtisadi, energetik, sosial və müdafiə sferalarında əldə etdiyi davamlı nailiyyətlərlə bağlıdır. Bakı bir-birinin ardınca bütün sahələrdə dünya əhəmiyyətli proqramlar həyata keçirir. Məsələn, "Cənub Qaz Dəhlizi", TANAP, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, "Yeni İpək Yolu" üçün nəqliyyat dəhlizləri, "Cənub-Qərb" nəqliyyat dəhlizi kimi layihələr reallaşdırılır. Bunlarla yanaşı, Ordu quruculuğunda çox səmərəli proqramlar həyata keçirilir.

Ən müasir silahlar alınır, Ordunun hazırlıq səviyyəsi yüksəldilir və lazım gəldikdə, işğal altındakı torpaqların azad edilməsi istiqamətində konkret addımlar atılır. 2016-cı il Aprel döyüşləri, 2018-ci il Naxçıvan əməliyyatı buna konkret misaldır. Bütün dünya görür ki, Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü Ordudur və regional təhlükəsizliyin təminatçısıdır. Bakıda keçirilən hərbi parad isə Azərbaycanın yüksək hərbi potensiala malik olduğunu dünyaya göstərdi. Ermənistan bundan çox narahat oldu. Hərb meydanında aldığı zərbələrdən sonra Azərbaycan Ordusunun daha geniş imkanlara malik olmasının öz təsdiqini tapması düşmənləri xeyli narahat etdi.

Onlar Azərbaycanın inkişafına kölgə salmaq üçün, görünür, müəyyən planlar da qurublar. Bunun üçün Azərbaycan cəmiyyətində yuva salmış müəyyən radikal qruplardan da istifadə edə bilərlər. İndi bizə Azərbaycan hüquq-mühafizə orqanlarının peşəkarlığı və çevikliyinin nə dərəcədə əhəmiyyətli olduğu daha aydın olur. Sumqayıtda radikal qruplaşmanın zərərsizləşdirilməsinin strateji və dövləti əhəmiyyəti açıq görünür. Gəncə hadisələrinə qarışmış bütün ünsürlərin neytrallaşdırılmasının dövlətçilik baxımından vacibliyi bütün tərəfləri ilə üzə çıxır. Azərbaycan hakimiyyəti növbəti dəfə böyük şücaət göstərərək, müstəqilliyə uzanan əli zərərsizləşdirdi.

Bundan düşmən hansı nəticələri çıxarır? Ermənistan mətbuatının qısa analizi göstərir ki, yenə çaşqındırlar. Hesab edirdilər ki, Azərbaycanı uzunmüddətli xaosa sürükləyə biləcəklər. Lakin dövlət və xalq qətiyyətlə çox qısa zaman çərçivəsində radikalları zərərsizləşdirdi və sabitlik bir gün belə pozulmadı. Düşmən özündən inqilab ssenariləri quraşdırmışdı. Onlar Azərbaycanda "inqilab öncəsi situasiya" yarandığından dəm vururdular. İndi isə susublar. Azərbaycan dövləti əzmlə ilanın başını əzdi. Ölkədə sabitlik hökm sürür və cəmiyyət bu sınaqdan çox uğurla çıxaraq, öz iqtidarına, dövlətinə, rəhbərinə daha böyük inamla sabaha baxır.

Gəncə hadisələri göstərdi ki, Azərbaycan xalqı düşmənin heç bir hiyləsinə uymayacaq. O, kifayət qədər yetkindir və dostunu-düşməninin yaxşı tanıyır. Azərbaycan cəmiyyəti öz müstəqil dövlətini qorumağa tam qadirdir. Bu istiqamətdə onu kimsə dayandıra və ya yolundan sapdıra bilməz.

Bəli, 2018-ci ildə də Azərbaycan cəmiyyət və dövlət olaraq bir sıra xarici dairələrin dərsini verdi. Bir daha aydın oldu ki, Azərbaycanda müstəqil dövlətçilik baş tutub. Burada iqtidar-xalq birliyi mükəmməldir. Bunu pozmağa kimsənin gücü çatmaz. Deməli, Azərbaycanı artıq inkişaf yolundan döndərə bilməzlər. Bakı qarşısına qoyduğu bütün vəzifələrin öhdəsindən layiqincə gəlib və gələcək! Bu sırada təbii ki, ölkənin ərazi bütövlüyünün təmini öndədir. Erməniləri məğlubiyyətdən kimsə xilas edə bilməz! Bu mesajı Azərbaycan xalqı Lələtəpədə, Günnüt kəndində və nəhayət, Gəncədə verdi! Növbəti mesaj yeri Xankəndidir!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...