THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Qüds məsələsi": Trampın geosiyasi məqsədləri və dünya

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1291
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 dekabr 2017 – Newtimes.az

Amerikanın dövlət başçısı Donald Tramp Qüdslə bağlı vəd etdiyi qərarı açıqlayıb. O, şəhərin şərq hissəsi də daxil olmaqla bütövlükdə onu İsrail dövlətinin paytaxtı kimi tanıdığını bəyan edib. Əsas fikri bundan ibarətdir ki, "İsrailin rəsmi olaraq bir paytaxt şəhəri olmalıdır". Əslində, bu problem 1917-ci ildə "Balfur bəyannaməsi"ndən başlayıb. Bu sənədlə yəhudilərin Fələstin ərazisində dövlət qurmaq hüquqları tanınıb. 1967-ci ildə Qüdsün qərb hissəsi "Altıgünlük müharibə" zamanı İsrail tərəfindən işğal olunub. İndi isə faktiki olaraq Donald Tramp bu işğalı tamamlayır. Lakin onun bu addımı bütün dünya tərəfindən etirazla qarşılanıb. Müxtəlif dövlətlərin başçıları Vaşinqtonun ciddi səhvə yol verdiyini bildirirlər. Daha düşündürücü olanı bütün bu hadisələrin həm Yaxın Şərqdə, həm də ətraf regionlarda geosiyasi dinamikanı necə dəyişə biləcəyidir. Həmin məqam üzərində daha geniş dayanmağa ehtiyac duyulur.

Yeni yanlışlıq: Tramp tarixə qarşı

Amerika prezidenti bəlkə də həyatında ən böyük səhvlərdən birinə yol verib. Qüdsü İsrailin paytaxtı kimi tanıması sadəcə yəhudi və fələstinlilər arasında olan münaqişənin çərçivəsinə sığmır. İndiki beynəlxalq aləmdə bu məsələ iki sivilizasiyanın qarşıdurması kimi qiymətləndirilir. Həqiqətdə belə olub-olmamasından asılı olmayaraq, şüurlar məhz elə qəbul edirlər. Bu səbəbdən ABŞ-ın yeni "orijinal" prezidentinin Qüdslə bağlı verdiyi qərar dinindən və ölkə mənsubluğundan asılı olmayaraq, əksər insanları narahat edib.

Bəs Donald Trampın arqumentləri nələrdən ibarətdir? Onun məsələ ilə bağlı etdiyi müraciətin mətninə nəzər saldıqda, Amerika kimi böyük bir dövlətin rəhbərinin fikirlərinin bu dərəcədə ziddiyyətli və arqumentsiz olmasına təəccüb etməyə bilmirsən (bax: Full Video and Transcript: Trump’s Speech Recognizing Jerusalem as the Capital of Israel / "The New York Times", 6 dekabr 2017).

D.Tramp bütün çıxışı boyu eyni sözləri dəfələrlə təkrar edir və bu qapalı dairədən kənarda bir dənə də olsun tutarlı fakt gətirə bilmir. Dediyinə görə, bu addımı seçki prosesində verdiyi vədə görə atır. Yəni söz verib ki, Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq. Səbəb? Tarixi gerçəklikmi, yoxsa lobbi qruplarının dəstəyini qazanmaq? Əgər bir namizəd məhz seçkidə öz ölkəsinə aidiyyəti olmayan bir məsələ ilə bağlı nə isə qeyri-adi bir vəd verirsə, bunun arxasında müəyyən məqamlar dayanmalıdır. Həm də ona görə ki, 1995-ci ildə ABŞ Konqresinin Qüdsü İsrailin paytaxtı kimi tanıyıb, səfirliyin oraya köçürülməsi ilə bağlı sənəd qəbul etməsinə baxmayaraq, ölkə prezidentləri bunu həyata keçirməmişdilər. Bunun səbəbi isə regionda sülhü bərpa etmək zərurəti ilə izah edilirdi. Eyni zamanda, Qüdsdə yalnız yəhudilərin deyil, xristian və müsəlmanların da yaşadığını, onların mədəniyyət nümunələrinin o şəhərdə var olduğunu dəlil olaraq göstərirdilər. Və haqlı idilər.

Lakin D.Tramp hazırkı çox mürəkkəb bir geosiyasi dönəmdə çox riskli bir addım atdı. Onun başqa bir "arqumenti" "həqiqəti bərpa etməklə münaqişənin həllinə yardım göstərmək"dir (bax: əvvəlki mənbəyə). Bu, doğrudan da çox gülüncdür. Çünki, əslində, bu qərarla regionda geosiyasi-hərbi vəziyyəti son dərəcə gərginləşdirməkdən başqa bir şeyə nail olmaq mümkün deyil. Tərəflər həmin qərardan sonra bir-birinə düşmən kimi baxır, ortaq nöqtəyə gəlmək üçün heç bir əsasın qalmadığını düşünürlər. Axı Qüds mübahisəli şəhərdir və burada tərəflərdən hər hansı birinin xeyrinə addım atılması heç bir halda münaqişənin həllinə yardım etməz.

Dünya ölkələrinin D.Trampın aldığı qərara münasibəti də bunu təsdiq edir. Böyük Britaniya, Fransa və Almaniya yaranmış vəziyyətdən narahatlıqlarını bildiriblər. Onlar açıq deyirlər ki, D.Tramp riskli addım atıb, situasiyanı daha da gərginləşdirib (bax: Арабский мир готовится к битве за Иерусалим / "Независимая газета", 6 dekabr 2017). Rusiyanın rəsmi nümayəndələri bəyan ediblər ki, "situasiya sadə deyil, vəziyyət daha da mürəkkəbləşə bilər" (bax: əvvəlki mənbəyə). Prezident Vladimir Putin isə Rəcəb Tayyib Ərdoğanla telefon danışığında, Kremlin BMT Təhlükəsizlik Şurası çərçivəsində bu qərara qarşı öz səsvermə hüququndan istifadə edəcəyini bildirib.

Qarşıdurma: daha kəskin və riskli vəziyyətə doğru

Əsl etiraz reaksiyasını isə müsəlman ölkələri, ilk növbədə Türkiyə və ərəb dövlətləri veriblər. Ərəb Ölkələri Liqası təcili toplanmaq qərarına gəlib. Misir rəhbərliyi ayrıca etiraz bəyanatı verib. Ərəb dövlətləri vahid cəbhədə birləşərək, bu duruma qarşı mübarizə aparacaqlarını bildiriblər. Ankara çox hiddətlidir. Prezident Rəcəb Tayyib Ərdoğan Vaşinqtona səslənərək "Ey Tramp, sən nə edirsən?" deyə sual edib. Bunun mənası "Tramp, atəşlə oynama!" deməkdir. Rəsmi Ankara İslam Əməkdaşlıq Təşkilatının təcili olaraq İstanbulda tədbir keçirməsini istəyir. Türkiyə bütün müsəlman dövlətlərin vahid cəbhədə yaranmış vəziyyətlə mübarizə etməyə başlamasını arzulayır.

İran da etirazını bildirib. Prezident Həsən Ruhani yeni prezidentliyinin ilk 100 günü ilə əlaqədar Zabol şəhərində xalqa etdiyi müraciətində bütün müsəlman ölkələrinin birləşməsi zərurətini vurğulayıb. Çox güman ki, bütün bu cəhdlər hansısa nöqtədə İslam ölkələrinin ortaq fəaliyyət göstərməsi ilə nəticələnəcək. Belə olan halda Donald Trampın Qüds qərarı hansı geosiyasi nəticələrə gətirib çıxara bilər?

Aydın görünür ki, burada pozitiv məqam axtarmaq əbəsdir. Bu qərardan sonra İsraillə müsəlman dövlətləri arasında məsafə daha da çoxaldı. Faktiki olaraq geosiyasi aspektdə dağılmaqda olan ərəb dünyası yenidən konkret bir məqsəd uğrunda – İsraili dövlət kimi çökdürmək üçün toparlanmaqdadır. Kənarda yalnız Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qala bilərlər. Yəni D.Trampın çıxışında arqument kimi gətirməyə çalışdığı "uzun illərdir İsrail-Fələstin münaqişəsi həll edilmir" tezisi ilə "Qüdsü tanımaqla bu məsələyə aydınlıq gətirirəm" iddiası bir-birilə heç uzlaşmır. Əksinə, Yaxın Şərqdə geosiyasi mənzərə daha da mürəkkəb xarakter alır.

Deməli, real nəticə ondan ibarətdir ki, D.Trampın Qüds qərarı dünyanı qarışdırıb. Bəs bunda əsas məqsəd nədən ibarət ola bilər? Burada fərqli fikirlər mövcuddur. Bir sıra ekspertlər hesab edirlər ki, D.Tramp "Böyük İsrail" yaratmağa xidmət edir (bax: Mehmet Seyfettin Erol. "Başkent Kudüs" Üzerinden "Büyük İsrail Devleti" İlan Edilmek İsteniliyor! / "Milli Gazete", 7 dekabr 2017). Digərləri D.Trampın sadəcə realist görünməyə və bunun fonunda özünü iş görən adam kimi təqdim etməyə çalışdığını düşünür. Başqa ekspertlər D.Trampın bütün dünya üçün "Qüds bombası" hazırladığını ifadə edir (bax: Ceren Gürseler Özbilgiç. Trump’ın "Kudüs Bombası" / Ankara Kriz ve Siyaset Araştırmaları Merkezi, 7 dekabr 2017).

Bizcə, məsələyə Yaxın Şərqin geosiyasi dinamikası kontekstində yanaşdıqda, daha maraqlı qənaətlər əldə etmək olar. Real vəziyyət belədir ki, Rusiya artıq regionun gələcəyi ilə bağlı narahat olduğunu bildirib. Burada əsas risk bütövlükdə Yaxın Şərqin qarışması ilə bağlıdır. Əgər bu baş versə, Rusiyanın təşəbbüsü ilə həyata keçməkdə olan geosiyasi dəyişikliklərin taleyi qeyri-müəyyən olacaq. O halda Suriya da daxil olmaqla, bir çox istiqamətlərdə çox ciddi problemlər meydana çıxacaq.

Maraqlıdır ki, D.Trampın Qüds qərarı İŞİD-in dağıdılması ilə eyni vaxta təsadüf etdi. Belə çıxır ki, Amerika həmin regionda daim öz təsir vasitəsini saxlamaqda qərarlıdır. İndi İŞİD yoxdur, amma əvəzində daha böyük fəsadlar verə və çoxlu sayda region dövlətini əhatə edə bilən yeni ziddiyyət var! Bu ziddiyyət, təbii ki, Türkiyə və İranı da öz təsiri altına almış olacaq. Üstəlik, Rusiya və Avropa kənarda qala bilməzlər. Nəticədə, terror, savaş, ixtilaflar, radikalizm Yaxın Şərqin sərhədlərini aşaraq daha geniş geosiyasi məkana yayılmış olacaq. Bu xaosdan isə qazanan yalnız Amerika və İsrail ola bilər!

Bunlar onu göstərir ki, Donald Tramp, əslində, ABŞ-ın indiki məqamda dövlət maraqlarına uyğun addım atmaq məqsədi güdür. Bunun ədalətli, yaxud ədalətsiz və ya uğurlu, yaxud uğursuz olması başqa məsələdir. Bizcə, D.Tramp bütün dünyada müharibəni alovlandıra bilən addım atıb. Son nəticədə bu, heç ABŞ-ın özünə də xeyir gətirmir. İndi Yaxın Şərqdə faktiki olaraq yeni geosiyasi dönəm başlayır. İsrail-Fələstin qarşıdurması dinlərarası münaqişə müstəvisində möhkəmlənir. Bu proses uzun sürə bilər. Ona görə də ekspertlərin işlətdiyi "Qüds bombası" ifadəsinin əsası vardır. Bu, yavaş təsir göstərən bombadır, ancaq işə düşdüyündə, daha böyük fəlakətlərə səbəb ola bilər.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...