THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Fərqli dəyərləri özündə birləşdirən Aİİ ilə Aİ arasında "Ermənistan körpüsü"

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1086
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 fevral 2017 – Newtimes.az

Qlobal miqyasda geosiyasi proseslərin sürətlənməsi ilə müxtəlif regionlarda mümkün dəyişikliklər daha da aktuallaşır. Sirr deyil ki, 2017-ci il Qərblə Rusiya arasında intensiv siyasi dialoqla başlayıb. Tərəflər müxtəlif aspektləri müzakirə edirlər, lakin hələlik ziddiyyətlər üstünlük təşkil edir. Bunun fonunda Ermənistan kimi kiçik ölkələrin tutacağı mövqe də maraq doğurur. O cümlədən Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqının münasibətlərinin məzmunu aspektində Yerevanın oynadığı rol ilə bağlı müəyyən fikirlər səsləndirilir. Erməni ekspertlər iki təşkilat arasında "körpü" rolu oynamaqdan bəhs edirlər. Bəs reallıqda vəziyyət necədir? Ermənistan doğrudanmı iki böyük təşkilat arasında birləşdirici faktor ola bilər? Bu kimi məsələlər üzərində dayanmağa ciddi ehtiyac görürük.

Ermənistan-Avropa İttifaqı: qısa tarixi baxış

2013-cü ildə Ermənistanla Avropa ittifaqı (Aİ) arasında assosiasiya sazişinin imzalanması gözlənilsə də, eyni vaxtda Ermənistan prezidentinin ölkəsinin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüklə bağlı rəsmi açıqlamasından sonra Aİ ilə Ermənistanın ikitərəfli münasibətlərində durğunluq dövrü başladı. Bu əlaqələrin zəifləməsində maraqlı olmayan rəsmi Yerevan assosiasiya sazişinin yalnız siyasi hissəsini imzalamağa hazır olduğunu bildirsə də, Avropa Komissiyası bunu mümkünsüz hesab etdi. Assosiasiya sazişinin siyasi və ticarət hissələrinin vahidlik təşkil etdiyini qeyd edən Avropa Komissiyası onun siyasi hissəsinin ayrıca imzalanması təklifinə mənfi cavab verdi.

Keçən müddət ərzində ermənilər Fransa və digər Avropa ölkələri ilə lobbiçilik fəaliyyətindən istifadə edərək Aİ ilə əlaqələrinin gücləndirilməsi məqsədilə səylərini artırdı, nəticədə, 2015-ci ilin oktyabr ayında Aİ Xarici Əlaqələr Şurası tərəfindən Ermənistan ilə yeni saziş üzrə danışıqlara başlanması üçün mandat verildi. Danışıqlar rəsmən 7 dekabr 2015-ci il tarixində başladı və indiyədək danışıqların 5 raundu keçirilib.

Ermənistanın "Avropa dəyərləri"

Bir ildən artıq müddət ərzində Ermənistan ilə Avropa İttifaqı arasında danışıqların nəticəsi kimi yeni çərçivə sazişinin imzalanması üzrə müzakirələr intensivləşsə də, Aİ rəsmiləri Ermənistanın müvafiq istiqamətdə əməli addımlar atmamasını narazılıqla qarşılayırlar. Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında "körpü" rolunu oynayacağına inandırmağa çalışan Ermənistan hər il Aİ-dən 50 milyon avro məbləğində pulun ayrılmasına nail olur ki, bu da Ermənistana ayrılan bütün donor gəlirlərinin yarısını təşkil edir. Ümumilikdə 1992-2016-cı illər ərzində donor yardımı çərçivəsində Aİ tərəfindən Ermənistana 500 milyon avro ayrılıb.

Avropa Komissiyasının rəsmilərinin hazırladığı hesabat və açıqlamalarından bəlli olur ki, Yerevanla əməkdaşlığın perspektivləri ilə bağlı pessimist fikirlər güclənməkdədir. Ermənistanla bir ildən artıq müddətdə aparılan danışıqlara baxmayaraq, iqtisadiyyat üzrə əməkdaşlıq prioritetlərinin hələ də müəyyən edilməməsi, ticarət üzrə gömrük rüsumları və digər sahələrdə standartların təqdim olunmaması məsələni daha da çətinləşdirib.

Təbii haldır ki, Ermənistanın Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında "ticarət qovşağı" rolunu oynaması haqda təklifi Brüssel tərəfindən şübhə ilə qarşılanıb. Ermənistanın Aİİ-yə üzvlüyündən irəli gələn öhdəliklərə üstünlük verməsini yaxşı anlayan Aİ müvafiq məsələlərdə Ermənistana geniş imkanlar yaratmaq, başqa sözlə, kart-blanş vermək niyyətində deyildir.

Aİ çox gözəl anlayır ki, iqtisadiyyatının aparıcı sahələri Rusiyanın təsiri altında olan Ermənistanın hakimiyyəti islahatlar sahəsində öz nailiyyətlərini şişirdərək Avropa İttifaqından yeni çərçivə sazişində özü üçün müəyyən imtiyazlar əldə etmək istəyir.

Avropa Komissiyası Ermənistanın bu təklifini qeyri-mümkün hesab etsə də, Ermənistan özünəməxsus ənənəvi cəhdləri ilə sözügedən sənədin 2017-ci ilin ilk yarısında imzalanmasına nail olmaq istəyir. Bu məqsədlə Ermənistan prezidenti Serj Sarqsyanın Brüsselə səfəri də gözlənilir. Səfərin əsas məqsədi Avropa İttifaqı-Ermənistan yeni ikitərəfli saziş layihəsi üzrə danışıqları yekunlaşdırmaq və onun imzalanmaya hazır olması xəbərini elan etməkdir. Bu xüsusda Sarqsyanın Brüsselə səfəri Aİ ilə ikitərəfli münasibətlərdə əldə edilmiş irəliləyişi seçki ərəfəsi Ermənistan ictimaiyyətinə hakimiyyətin uğuru kimi qələmə vermək, nəticədə, parlament seçkilərində mənsub olduğu partiyanın qalibiyyət ehtimalını gücləndirmək məqsədini güdür.

Eyni zamanda, Rusiya ilə apardığı danışıqlarda Aİ ilə imzalanacaq yeni müqaviləni "əhəmiyyətsiz" sənəd kimi qələmə verərək ikili oyun oynayan rəsmi Yerevanın sözügedən sənədi son anda imzalamaqdan imtina edə biləcəyi istisna olunmur. Çünki iqtisadi-siyasi cəhətdən müstəqil olmayan dövlətin bu cür qeyri-müəyyən addımlar atması təəccüb doğurmur. Hələ 2013-cü ildə biz oxşar vəziyyətin şahidi olmuşduq.

Aİİ ilə Aİ arasında: reallıqlar və Ermənistanın hiyləgər gedişləri

Lakin Ermənistanın oynadığı bütün bu oyunlara rəğmən, Avropa İttifaqının erməni lobbisinin təzyiqlərinə necə reaksiya verəcəyi barədə dəqiq fikir bildirmək bir qədər çətindir. Çünki bəzi hallarda böyük dövlətlər öz maraqları naminə lobbilərin imkanlarından istifadə edirlər. Erməni lobbisi də uzun illərdir məhz bu güclərin əlində "ara qarışdıran maşa"dır. Bunlarla yanaşı, məsələnin başqa tərəfi də var ki, reallığa daha uyqundur. Biz, Ermənistanın, ümumiyyətlə, Aİ-Aİİ arasında "körpü" rolunu oynamaq imkanına malik olub-olmamasını nəzərdə tuturuq.

Yəni məsələni erməni ekspertlərin süni şişirtməsi hələ reallıq demək deyil. Avropa İttifaqı ilə Ermənistanın münasibətlərinin qısa xronologiyası belə orada qara ləkələrin olduğunu açıq göstərir. Əsas məqam həmin kontekstdə aşağıdakılardan ibarətdir: Rəsmi Yerevan Brüsselə verdiyi vədləri qısa müddətdə və gözlənilməz hərəkətlə pozdu. Serj Sarqsyan xislətinə uyğun davranışla Ermənistanın Rusiyanın geosiyasi, hərbi, iqtisadi, mədəni və təhlükəsizlik çətiri altında olmaq istədiyini 2013-cü il sentyabrın 3-də Moskvada bəyan etdi. Həmin dövrdə Avropa noyabrda keçiriləcək Vilnüs sammitində Yerevanın Aİ-yə assosiativ üzv olmasını gözləyirdi.

Adi insanlar arasında S.Sarqsyanın bu hərəkətinə xəyanət deyilir, siyasətdə isə "seçim" adlandırılır. Hər bir halda, yuxarıda vurğulanan tarixi hətta erməni analitiklərin əksəriyyəti ölkənin geosiyasi seçim anı kimi xarakterizə edirlər. Bu, reallıqdır. İndi həmin müstəvidə Ermənistanın Aİİ ilə Aİ arasında hansı mənada "körpü" rolunu oynaya biləcəyinə baxaq.

Ümumiyyətlə, Avropanın belə bir körpüyə ehtiyacı varmı? Təbii ki, yoxdur, çünki Qərbin Rusiyaya "körpü" anlayışının öz məzmunu var və orada Ermənistan kimi forpost bir dövlət minimum rol oynaya bilər. Problemin bu tərəfi kifayət qədər aydındır. Onların bəzilərini xatırladaq. Birincisi, Ermənistanın geosiyasi rolu çox zəifdir. Onun müstəqil olaraq regionda geosiyasi proseslərə təsir imkanları olduqca məhduddur. Bunu BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzvlük yarışında hamı bir daha aydın gördü.

İkincisi, Ermənistanın dövlət kimi imici qeyri-müəyyəndir. Erməni ekspertlər belə bir sıra hallarda sualı aşağıdakı kimi qoyurlar: "Müstəqil erməni dövlətçiliyi baş tutubmu?" Və cavab heç də müsbət olmur.

Üçüncüsü, Ermənistan qonşu dövlətin ərazisini işğal edib və onu tərk etmək istəmir. Belə olan halda Aİ hansı statusla təcavüzkardan əməkdaşlıq üçün körpü kimi istifadə edə bilər? Bu, Avropa İttifaqının nüfuzuna ciddi zərər verməzmi? Təbii ki, verər. Həm də Azərbaycanın malik olduğu beynəlxalq imicin fonunda bu, olduqca pis görünər. Budur, Bakıda dünyanın iki böyük gücünün rəsmiləri görüşüb təhlükəsizlik məsələsini müzakirə edirlər. Yerevanda kimlər görüşür və nəyi müzakirə edirlər? Bir nümunə belə yoxdur.

Nəhayət, dördüncüsü, Ermənistanın xarici siyasətində əməkdaşlıq, sülh və barışın konkret əlaməti yoxdur. Bunu təsdiq edən faktorlardan biri bu ölkənin bütün regional əməkdaşlıq formatlarından, layihələrdən kənarda qalmasıdır. Elə bir format yoxdur ki, Yerevan hansısa formada orada olsun. Məntiq aydındır – öz regionunda qonşu dövlətlərlə əlaqə qura bilməyən bir kiçik ölkə iki böyük birlik arasında necə körpü rolunu oynaya bilər?

Əslində, Ermənistanın Aİ ilə münasibətlərinin dinamikası da yuxarıdakı nəticənin düzgünlüyünü təsdiqləyir. 2013-cü ildən sonra Aİ-Ermənistan əlaqələri iflic vəziyyətinə düşdü. Bir müddət Brüssel Yerevanı yaxın buraxmadı. Lakin sonralar müəyyən qədər əlaqələrə start verildi. 2015-ci ilin dekabrından isə yenidən danışıqlara təkan verildi. İndi fərqli çərçivə sazişi üzərində iş aparılır. Siyasi aspektlə bağlı 2013-cü ildə olan vəziyyət dəyişməyib. Altı mərhələli danışıqlar zamanı tərəflər arasında siyasi münasibətlərə konkret məzmun verilib.

Ermənistan artıq Aİİ üzvü kimi bu sahədə müəyyən funksiya yerinə yetirə bilərdi. Çünki Avrasiya İqtisadi İttifaqına daxil olandan sonra Yerevanın geosiyasi, hərbi və təhlükəsizlik sferalarında təşkilat qarşısında öhdəlikləri vardır. Deyək ki, S.Sarqsyan toplantılarda Aİİ üzvlərindən (KTMT çərçivəsində) onu müdafiə etməsini tələb edir. Hətta Türkiyəni NATO üzvü kimi misal göstərir, onu Yunanıstanın müdafiə etdiyini deyir. Deməli, S.Sarqsyan birmənalı olaraq təhlükəsizliyi Aİİ ilə bağlayır.

Rəsmi Yerevan siyasi-iqtisadi aspektlərdə də Aİİ-dən tam asılıdır. Ermənistanın yeni hökumətinin islahatlar paketi adlandırdığı "proqramında" bu məqam geniş əks olunub. Yerevanda məlum toqquşma proseslərindən aydın oldu ki, hakimiyyət məsələsinə Kremlin təsiri olduqca böyükdür. Orada Moskvanın razılığı olmadan nə isə etmək çox çətindir. Belə olan halda Ermənistanla Avropa İttifaqı arasındakı siyasi münasibətlər hansı səviyyədə mümkündür? Çox məhdud və daha çox formal məzmunda bu, alına bilər.

İqtisadi element daha çətin şərtlə bağlıdır. Ermənistanın iqtisadi infrastrukturu demək olar ki, tamamilə nəzarət altındadır. Ermənilərin müstəqil ekspertləri konkret faktlarla sübut edirlər ki, iqtisadi sahədə rəsmi Yerevanın müstəqil formada hər hansı addım atması imkansızdır. Məsələn, hətta vergi sahəsində Yerevanın ixtiyarı özündə deyil. Ölkənin xarici əlaqələrinin strategiyası Aİİ-nin maraqlarına uyğun müəyyənləşib. Enerji, maliyyə kimi vacib sahələrdə infrastruktur birbaşa Rusiyaya bağlıdır. Rusiya ilə Aİ arasında həmin sahələrdə əməkdaşlığın nə vəziyyətdə olduğu məlumdur. Belə bir situasiyada Ermənistan iki təşkilat arasında heç bir körpü rolunu oynaya bilməz. Bu, absurd iddiadır.

Əməkdaşlığın səviyyəsi və potensialı: Yerevan nəyə ümid edə bilər?

Aİ bir sıra ümumi sahələrdə əlaqələri inkişaf etdirə, məsələn, viza rejimini liberallaşdıra bilər. İnsanların sərhədləri asan keçməsi demək olar ki, əksər dövlətlər arasında müzakirə olunur və bu mənada o, ümumi xarakter daşıyan prosesdir. Hansısa imtiyazdan söhbət getmir. Başqa məsələ Avropa İttifaqının hava məkanının açılması ilə bağlıdır. Bu istiqamətdə də Aİ bir sıra ölkələrlə əməkdaşlıq edir və yenilərini əlavə eməkdədir. Burada Aİ-Aİİ əlaqələrinin hansısa əhəmiyyəti yoxdur.

Aİ ilə Ermənistan arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlığın müzakirəsinin Avrasiya İqtisadi İttifaqı faktoruna nə dərəcədə aidiyyəti olduğu məlum deyil. Çünki Ermənistanın nə təhsil sistemi, nə də mədəni potensialı iki təşkilatı bir-birinə bağlaya bilmək iqtidarında deyil. Burada rus mədəniyyəti və təhsil sisteminin aparıcı mövqedə olması danılmaz faktdır. Buna görə də bu iki sahə üzrə əlaqələrin yalnız Ermənistanın özünə hansısa xeyri dəyə bilər. Bundan başqa, Ermənistan elm, təhsil, mədəniyyət, turizm kimi sahələrdə hansı beynəlxalq tədbiri həyata keçirib? Bu istiqamətlərdə Yerevanla əlaqəsi olan böyük təşkilatlar, yaxud tanınmış adamlar varmı? Xatırlamırıq.

Belə olan halda Ermənistanın Aİ ilə Aİİ arasında körpü rolunu oynaması iddiası gülünc görünmürmü? Hələ özünün müstəqilliyinə nail ola bilməyən, tam asılı halda olan təcavüzkar və kiçik bir ölkənin beynəlxalq arenada heç bir etimadı ola bilməz.

Beləliklə, Ermənistanın mövcud şərtlər daxilində özünün geosiyasi statusunu yüksəltmək iddiası hər şeydən əvvəl xülyadır. Ancaq onun üçün bir çıxış yolu var. Əgər rəsmi Yerevan işğal etdiyi Azərbaycan ərazilərini tərk etsə, onda Bakı onun üçün əlavə şərait yarada bilər. Tədricən müxtəlif beynəlxalq layihələrə qoşulmaqla Ermənistan sivil proseslərə qoşula bilər. O halda yenə də Azərbaycanın irəli sürdüyü əməkdaşlıq formatları çərçivəsində Yerevan dünya ilə hansısa real əlaqələr sistemi qurmaq üzərində düşünə bilər. Nəticədə, Cənubi Qafqazın bir ölkəsi kimi Ermənistan həm də Aİ-Aİİ münasibətlərində hansısa ciddi rol oynaya bilər. Başqa halda onun istənilən addımı iflasa uğrayacaqdır.

Səadət Rəhimli

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...
How To Address Strategic Insecurity In A Turbulent Age
03 yanvar 2017 The Huffington Post

How To Address Strategic Insecurity In A Turbulent Age

The ideal geopolitical response to the crisis of global power is a trilateral connection between the United States, China and Russia.

Davamı...