THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Bjezinskinin "böyük üçlük" formatı: Vaşinqton, Moskva və Pekin əməkdaşlığı mümkündürmü?

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2273
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 fevral 2017 – Newtimes.az

Məşhur analitik Zbiqnev Bjezinski keçən ilin dekabrında Nobel sülh mükafatının təqdimatına həsr edilmiş mərasimdə maraqlı məruzə edib. O, indiki mərhələdə dünyada böhran vəziyyətinin olduğunu vurğulayıb, bu durumdan çıxmaq üçün ABŞ, Rusiya və Çin arasında əməkdaşlıq mühitinin yaradılması zərurətini əsaslandırmağa çalışıb. Lakin bu modelin konkret aspektləri elə də aydın deyil. Z.Bjezinski bir sıra ziddiyyətli məqamlardan bəhs edir, Rusiya ilə Çin arasındakı fikir ayrılıqlarına xüsusi diqqət yetirir, bunun əsasında iki ölkənin münasibətlərinin gələcəyini proqnozlaşdırmağa çalışır. Daha maraqlısı isə odur ki, Vaşinqton bu məqamdan istifadə etməklə hər iki ölkə ilə ehtiyatlı strategiya əsasında əməkdaşlıq qurmalıdır.

Dünya böhranı: yeni təhlükəsizlik parametrinə ehtiyac

Hazırda qlobal siyasətdə kifayət qədər mürəkkəb vəziyyətin yarandığına şübhə yoxdur. Hətta bir sıra ekspertlər yeni dünya müharibəsinin alovlanması ehtimalından danışırlar. Xüsusilə dünyanın supergücləri arasında münasibətlərin gərginliyi ciddi təhlükələrdən xəbər verir. Bunlar tanınmış strateqlərin, diplomatların, siyasətçilərin və analitiklərin mövcud vəziyyəti təhlil etmək əsasında gəldikləri qənaətləri maraqlı edir.

Zbiqnev Bjezinskinin ötən ilin dekabr ayında Osloda Nobel sülh mükafatını təqdim etmə mərasimindəki çıxışına KİV ciddi maraq göstərib. "Huffington Post" nəşri həmin çıxışı məqalə formasında təqdim edib. Yazının hazırlanmasına Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzindən (CSIS) K.Fiş və P.Vasserman da yardım göstərib (bax: Zbigniew Brzezinski. How To Address Strategic Insecurity In A Turbulent Age / "www.huffingtonpost.com", 1 yanvar 2017).

Müəllif həqiqətən müasir qlobal geosiyasi mənzərə üçün böyük əhəmiyyəti olan məsələlərə toxunub. O, ABŞ, Rusiya və Çinin geosiyasi münasibətlərinin vacib tərəflərini analiz edib. Analitik bu məsələyə indiki mərhələdə dünya hakimiyyətinin keçirdiyi böhran kontekstində qiymət verib. Z.Bjezinskiyə görə, İkinci dünya müharibəsindən sonra nüvə silahı böyük güclər arasında tarazlı münasibətlərin formalaşmasında aparıcı rol oynayırdısa, XXI əsrin əvvəllərindən bu, artıq yetərli deyil. Onun iki səbəbi var.

Birincisi, artıq bir neçə dövlət nüvə silahına malikdir. Bu da Amerikanın bu sahədə dominantlıq dövrünün başa çatması deməkdir. İndi nüvə silahı arqumenti ilə beynəlxalq münasibətlərə həlledici təsir etmək imkan xaricindədir. Bu səbəbdən başqa tənzimləmə mexanizmi tapmağa ehtiyac yaranıb.

İkincisi, dünya miqyasında geosiyasi vəziyyət o dərəcədə mürəkkəbləşib və həssaslaşıb ki, kiçik ehtiyatsızlıq bəşəriyyəti fəlakətə sürükləyə bilər. Bunun fonunda ABŞ-Rusiya-Çin "üçbucağı"nda nələrin baş verdiyi ciddi əhəmiyyət daşımaqdadır. Z.Bjezinski məsələsinin bu tərəfini çox ciddiyə alır və faktiki olaraq məqaləsində dünyanın gələcək taleyini həmin dövlətlər arasında qurulacaq münasibətlərlə əlaqələndirir (bax: əvvəlki mənbəyə).

Onun əsas tezisi aşağıdakı kimidir: yeni məzmunda ABŞ-Rusiya-Çin əməkdaşlığı yaranmalıdır. Burada "əməkdaşlıq" termini ilə "müttəfiqlik" arasında fərqi vurğulamaq lazımdır. Bir sıra Rusiya eksperti söhbətin müttəfiqlikdən getdiyini qeyd edir. Digərləri isə bununla razılaşmır və məsələnin yalnız "əməkdaşlıqla" məhdudlaşdığını deyirlər – orijinalda "trilateral connection" ifadəsi işlənir ki, bu da "müttəfiqlik" anlamına gəlmir. Maraqlıdır, Z.Bjezinski nədənsə yalnız əməkdaşlıqdan danışır, daha dərinə gedərək müttəfiqlik münasibətlərindən bəhs etmir.

Məqalədə ifadə edilən fikirlərdən, irəli sürülən müddəalardan bunun səbəbi aydın olur. Amerikalı mütəxəssis daha çox ABŞ, Rusiya və Çin arasındakı ziddiyyətlərdən söhbət açır. Məsələn, Uzaq Şərqdə Moskvanın mövqeyinin getdikcə zəiflədiyini yazır. Belə ki, həmin ərazidə yaşayan Rusiya vətəndaşlarının sayı 6 milyondursa, ona qonşu olan Çin tərəfdə 40 milyon insan yaşayır! (bax: əvvəlki mənbəyə). Bu fərq çinlilərin Uzaq Şərqi zəbt etmək imkanının olduğundan xəbər verir. Z.Bjezinski 1850-ci illərdə Çar Rusiyasının həmin əraziləri işğal etməsini Çinin unutmadığını vurğulayır.

Rusiya-Çin münasibətlərinə gərginlik verən başqa faktor Pekinin Mərkəzi Asiyaya daha çox nüfuz etməsi ilə əlaqəlidir. Həmin regionun dövlətləri artıq "formal müstəqillikdən dövlətçiliyin təsdiqinə keçid" mərhələsinə qədəm qoyublar (bax: əvvəlki mənbəyə). Onlar Çinlə əməkdaşlığın inkişafına ayrıca diqqət yetirirlər. Pekin də regiona sürətlə nüfuz edir. Artıq milyardlarla ABŞ dolları həcmində sərmayəni Pekin Mərkəzi Asiya dövlətlərinin iqtisadi və energetik sferalarına yatırıb. Ekspertlər bununla yanaşı, Çinin Mərkəzi Asiyaya mədəni olaraq da nüfuz etdiyini vurğulayırlar.

ABŞ-Rusiya-Çin əməkdaşlığı: "strateji ehtiyatlılıq" müstəvisindən baxış

Lakin maraqlıdır ki, Zbiqnev Bjezinski ABŞ-n Asiya istiqamətində əsasən Yaponiya və Cənubi Koreyanı müdafiə edəcəyi fikrini söyləyir. Yəni Mərkəzi Asiyanın Rusiya-Çin münasibətlərinin toqquşma meydanı olmasına Vaşinqton elə də müdaxilə etmək istəməyəcək. Bunun əsas səbəbi Amerikanın Rusiya ilə Çin arasında ziddiyyətlərin dərinləşməsində maraqlı olması ilə bağlı ola bilər. O halda Mərkəzi Asiyadakı milli dövlətlər böhran vəziyyətlərində Amerikaya etibar edə bilməzlər. Bu aspekt geosiyasi kontekstdə kifayət qədər maraqlı suallar doğurur.

Digər tərəfdən, Z.Bjezinski yazır: "Amerika Avrasiyada təhlükəsizliyə dəstək verməkdə maraqlıdır və ABŞ Yaponiya ilə Cənubi Koreyanı müdafiə edəcəyini açıq bəyan edir. Lakin onun buna əməl etməsi strateji ehtiyatlılıqdan və qətiyyətdən asılıdır" (bax: əvvəlki mənbəyə).

Ekspertlər "strateji ehtiyatlılıq" və "qətiyyətin" nəyi ifadə etdiyini aydınlaşdırmağa çalışırlar. Strateji ehtiyatlılıq Amerikanın Rusiya ilə Çin arasındakı ziddiyyətli məqamlara qarışmamasını nəzərdə tutur. Paralel olaraq, Hindistan faktorundan təmkinlə istifadə etmə təcrübəsini unutmaq olmaz. Məşhur analitik bu kontekstdə vurğulayır: "...Hindistana açıq surətdə üstünlük verməmək də vacibdir, çünki bu halda Çinlə Rusiya arasında daha sıx əlaqə praktiki olaraq təminat altına alınmış olacaq. Bu iki böyük dövlətin sıx müttəfiqliyindən Amerika üçün daha təhlükəli bir şey ola bilməz" (bax: əvvəlki mənbəyə).

Deməli, strateji ehtiyatlılığı qətiyyət o mənada tamamlamalıdır ki, Amerika ən yaxın müttəfiqləri naminə belə öz liderlik ambisiyasından əl çəkməsin. Bu o deməkdir ki, Z.Bjezinskinin ABŞ-Rusiya-Çin əməkdaşlığından danışması yalnız Vaşinqtonun geosiyasi niyyətlərinin təmin olunması bağlılığında real məzmun kəsb edir. Təbii ki, belə olan halda hansısa müttəfiqlikdən deyil, konkret maraqların ödənməsinə xidmət edən əməkdaşlıqdan danışmaq mümkündür.

Bu çərçivədə Amerikanın Şərqi Avropa və Yaxın Şərq siyasəti ilə bağlı analitikin ifadə etdiyi fikirlər maraq doğurur. Belə ki, Z.Bjezinski hesab edir ki, Rusiyanı Ukraynada durdurmaq lazımdır. Lakin bu, Krım məsələsinə görə deyil, Moskvanın Baltikyanı regiona müdaxiləsi zamanı özünü göstərməlidir. ABŞ aqressiyaya hərbi deyil, iqtisadi reaksiya verməlidir. Konkret olaraq, o, Rusiyanın dəniz ticarətinin üçdəikisini məhdudlaşdırmalıdır. Onda Kreml qoşunlarını Şərqi Avropa və Baltikyanıdan çəkə bilər (bax: əvvəlki mənbəyə).

Göründüyü kimi, Z.Bjezinski Amerikanın hərbi güc tətbiq etmədən Rusiyanı "yola gətirməsini" daha uyğun hesab edir. Çünki bu halda dünya ABŞ-ın əsas olaraq "yumşaq güc"ə önəm verdiyini görər ki, onun humanist obrazı yaranar. Digər tərəfdən, Amerika üçün çox güclü Rusiya ilə hərbi toqquşmaya getmək sərf etmir – çoxlu itkilər ola bilər. Belə çıxır ki, Vaşinqton Rusiya istiqamətində də "strateji ehtiyatlılığı" əldən verməyəcək.

Nəhayət, Z.Bjezinski ABŞ, Rusiya və Çini əməkdaşlığa sövq edən səbəbləri İran və Türkiyə təhlükəsi ilə də əsaslandırmağa çalışır. Bu faktorları o, "Yaxın Şərqdə dini nifrətdən qidalanaraq, davam edən vətəndaş müharibəsi, İran ekstremistlərinin sırıya biləcəyi potensial nüvə münaqişələri, alovlu türk milliyyətçilərinin geosiyasi ambisiyaları" kontekstində qiymətləndirir (bax: əvvəlki mənbəyə).

Belə çıxır ki, Z.Bjezinski Yaxın Şərqdə dini ixtilafların hələ də qalacağını proqnozlaşdırır. Hətta bu məsələ qlobal miqyasda geosiyasi proseslərə də öz təsirini göstərə bilər. Türkiyə isə öz geosiyasi maraqlarını daha qətiyyətli qorumaq xəttini inkişaf etdirəcək. Bunların fonunda ABŞ, Rusiya və Çin əməkdaşlıq xəttini seçməlidirlər. Lakin buradan belə nəticə çıxmırmı ki, Z.Bjezinski indi dünyanı çətin vəziyyətə salan bir faktorun – məhdud sayda böyük dövlətin dominantlığının saxlanmasının tərəfdarıdır? Bu vəziyyət hazırda ciddi ziddiyyətlər yaradıbsa, gələcəkdə nəyə görə təhlükəsizliyin qarantı ola bilər? Bu suallara cavab məqalədə yoxdur. Buna baxmayaraq, Z.Bjezinskinin olduqca aktual və geosiyasi əhəmiyyəti yüksək olan məqamlara toxunduğuna şübhə yoxdur. Onun məqaləsini cəlbedici edən əsas məqam da elə məhz bundan ibarətdir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...
How To Address Strategic Insecurity In A Turbulent Age
03 yanvar 2017 The Huffington Post

How To Address Strategic Insecurity In A Turbulent Age

The ideal geopolitical response to the crisis of global power is a trilateral connection between the United States, China and Russia.

Davamı...