THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Türkiyə və Cənubi Qafqaz: geosiyasi sabitliyin şərtləri

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3041
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 dekabr 2016 – Newtimes.az

Bir sıra ekspertlər Ankaranın son zamanlar xarici siyasətdə daha da fəal olduğunu vurğulayırlar. Onlar qeyd edirlər ki, Türkiyə Yaxın Şərq, Balkanlar və Qafqaz istiqamətlərində xeyli təsirli addımlar atmağa başlayıb. O cümlədən Ankara Ermənistanın silahlandırılmasına həssaslıqla yanaşmaqdadır. Yaxın Şərqdə Suriyaya hərbi qüvvə yeridərək burada öz varlığını təsdiqləməklə yanaşı, Türkiyə Cənubi Qafqazda da geosiyasi sabitliyin təmin olunması üçün Azərbaycanla sıx əməkdaşlığını inkişaf etdirməkdədir. İki türk dövlətinin əlaqələri bütövlükdə regionun sabitliyi, insanların rifahı və ölkələrin təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Gürcüstan da bu reallığı qəbul edir və Bakı-Ankara müttəfiqliyinə dəstək verir. Lakin bəzi ekspertlər Türkiyənin regiondakı roluna şübhə ilə yanaşır və əsassız fikirlər irəli sürürlər. Həmin aspektdə Türkiyənin Cənubi Qafqaz istiqamətində xarici siyasətinin bir sıra məqamları üzərində geniş dayanmağa ehtiyac duyuruq.

Geosiyasi fəallıq: Ankara təcavüzə qarşı

Türkiyənin son dövrlərdə beynəlxalq arenada fəallaşması analitiklərin diqqətini cəlb edib. Rəsmi Ankaranın xarici siyasətdə yeni hədəflər müəyyənləşdirdiyi və onlara çatmaq üçün kifayət qədər aktivlik nümayiş etdirməyə başladığı barədə fikirlər irəli sürülür. Bununla yanaşı, Türkiyəyə qeyri-səmimi münasibət bəsləyən bir sıra dairələr onun uğur qazana bilməyəcəyi barədə arqumentsiz tezislər formalaşdırmağa çalışırlar. Belə görünür ki, Ankara sözün həqiqi mənasında Yaxın Şərqdə və ona yaxın regionlarda geosiyasi kartları dəyişə bilib və ona artıq əvvəlki müstəvidə yanaşa bilmirlər. Reallıqda Türkiyənin daha da fəallaşması nəyi ifadə edir?

Son bir neçə yüz ildə türk dövləti Yaxın Şərqdə, Balkanlarda və Qafqazda kifayət qədər təsirə malik olub. Osmanlı dönəmində bu, daha çox hiss olunurdu. Obrazlı deyilsə, türk dövləti geniş bir geosiyasi məkanın əfəndisi idi. Osmanlı dağılandan sonra Türkiyə Cümhuriyyəti ənənəvi təsir dairəsini itirdi. Onun Yaxın Şərq, Balkanlar və Qafqazda geosiyasi mövcudluğu az hiss olunurdu. Sovetlərin çökməsindən sonra vəziyyət tədricən dəyişməyə başladı. XXI əsrin başlanğıcından isə Ankaranın yaxın regionlara təsiri artdı. Qafqaz və Mərkəzi Asiya da daxil olmaqla geniş bir ərazidə Türkiyənin varlığı hiss olundu.

Lakin böyük dövlətlər bu prosesi əngəlləmək üçün müxtəlif ssenarilər qurmağa başladılar. İndi aydın olur ki, bu prosesdə sözdə Türkiyənin müttəfiqi sayılan Qərb dövlətləri xüsusi canfəşanlıq göstəriblər. Bu il iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdinin arxasında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) dayandığı haqqında Z.Bjezinski səviyyəsində belə yazırlar.

Prinston Universitetinin professoru V.Enqdal vurğulayır ki, Z.Bjezinski Vaşinqtonu "Türkiyədə pis təşkil edilmiş hərbi çevrilişə görə tənqid edib". Klinton ailəsinə yaxınlığı ilə tanınan A.Hyuz da MKİ-nin "qaş düzəltdiyi yerdə göz çıxardığını" qeyd edib (bax: Бжезинский раскритиковал США за плохо организованный переворот в Турции / "Dosie.su", 3 sentyabr 2016).

Maraqlıdır ki, Qərb analitikləri bu hadisənin Türkiyənin geosiyasi seçiminə ciddi təsir edəcəyini xüsusi vurğulayır, o cümlədən Ankaranın Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiyada Rusiya-İran tandemi ilə daha yaxından əməkdaşlıq edəcəyini proqnozlaşdırırlar. Z.Bjezinski də vurğulayıb ki, əgər Ankara bu addımı atsa, ona heç kəs etiraz edə bilməz. Bəs reallıqda proseslər hansı məqamları meydana çıxardı?

Türkiyə həqiqətən də yuxarıda sadalanan regionlarda daha aktiv siyasət yeritməyə başlayıb. Lakin onların hər birində öz marağına uyğun hərəkət edir. Suriyada artıq türk hərbi gücü hiss edilməkdədir. Bir neçə bölgəni İŞİD-dən sürətlə azad edən Azad Suriya Ordusu (ASO) Türkiyənin yardımı ilə əməliyyatları davam etdirir. İndi Hələb, Mosul, Kərkük və Rakkaya genişmiqyaslı hücum barədə informasiyalar yayılır.

O da bildirilir ki, Suriyanın şimalında ABŞ-la Türkiyənin maraqları toqquşmağa başlayıb. Rusiya bir sıra məsələlərdə Ankara ilə razılaşsa da, bəzi məqamlarda fərqli düşünür. Deməli, Ankara Yaxın Şərqdə faktiki olaraq ciddi geosiyasi qüvvələrdən biri kimi artıq özünü təsdiq edib. Suriya problemini bu faktı nəzərə almadan həll etmək mümkün deyil. Artıq bu ölkədə fəaliyyət göstərən çox güclü qruplardan biri "Fərat qalxanı" əməliyyatını dəstəklədiyini bəyan edib, bunun müsəlmanların xeyrinə olduğunu bildirib.

Bakı ilə birgə: regional təhlükəsizliyin təminatçısı

Cənubi Qafqazda vəziyyət bir qədər fərqlidir. Türkiyə bu regionda yaxın müttəfiqi olan Azərbaycanla hər sahədə əməkdaşlığı inkişaf etdirir. KİV-in yaydığı məlumata görə, Ermənistan "İskəndər"ləri nümayiş etdirən kimi Ankara Azərbaycana güclü reaktiv zenit kompleksi olan "Qasırğa" verib (bax: Российские "Искандеры" в Ереване всполошили Южный Кавказ / "EADaily", 22 sentyabr 2016).

Ekspertlər bunu Türkiyə və Azərbaycanın regionda hərbi balansı saxlamağa çalışması kimi qiymətləndirirlər. Burada məqsəd üstünlük əldə etmək deyil, Ermənistanın təcavüzkarlığını cilovlamaqdır. Deməli, Türkiyə əslində təcavüzkarın regionda yenidən xaos yaratmasına imkan verməmək məqsədini güdən uzun illərdir yeritdiyi siyasəti davam etdirir. Bu məsələdə Ankaranı Gürcüstan da dəstəkləyir.

Ermənistanın yeni raket silahını nümayiş etdirməsinə Tbilisi çox ehtiyatla yanaşıb. Gürcü ekspertlər hesab edirlər ki, bu hal Rusiyanın Cənubi Qafqaza hərbi təzyiqini artırmaq niyyətinin göstəricisidir. Xüsusilə Gürcüstan üçün qəbuledilməz vəziyyət yaranır. Ekspert M.Araşidzenin sözlərinə görə, Gürcüstan "geosiyasi oyunların əsirinə çevrilib" və "ciddi dilemma qarşısındadır" (bax: əvvəlki mənbəyə).

Buradan aydın olur ki, Azərbaycanla yanaşı, Gürcüstan da Ermənistanın sürətlə silahlanmasını region üçün təhlükə sayır. Bu aspektdə Tbilisi üçün təbii müttəfiq Türkiyə və NATO olur. Belə çıxır ki, Cənubi Qafqazda Ermənistanın Rusiyadan güclü silahlar alması müsbət qarşılanmır. Bu halda Türkiyənin bu regiona daha güclü nüfuz etməsinə ciddi ehtiyac yaranmış olur. Çünki erməni təcavüzünün qarşısında dayanan qüvvələrdən biri də Türkiyədir.

Ekspertlər bu məqama xüsusi diqqət yetirirlər. Onlar hesab edirlər ki, Ankara həmin istiqamətdə yeni addımlar ata bilər. Lakin bu, onun Azərbaycanla hərbi əməkdaşlıq konsepsiyasında ciddi dəyişiklik etməyə də bilər. Əvvəllər olduğu kimi, Türkiyə və Azərbaycan başqa dövlətlərə qarşı hansısa addım atmaq məqsədi ilə deyil, regionda sülhü, barışı və əməkdaşlığı təmin etmək niyyəti ilə əlaqələri inkişaf etdirirlər.

Türkiyənin Mərkəzi Asiyada yaxın zamanlarda ciddi surətdə fəallaşacağı gözlənilmir. Bunun səbəbi Türkiyənin həm daxilində, həm də ona yaxın olan regionlarda geosiyasi problemləri həll etmək məcburiyyətində olmasıdır. Yaxın Şərq, Balkanlar və Qafqazda Ankaranın öz nüfuzunu təmin etmək üçün xeyli güc sərf etməsi lazım gəlir. Görünür, hələ ki, Mərkəzi Asiya məsələsi bir qədər arxa plana atılıb. Əslində Rusiya, Çin və Qərb burada elə də fəal deyildirlər. Onlar əsasən Yaxın Şərq və Qafqaz istiqamətində proqramlar həyata keçirirlər.

Bütün bunlar onu göstərir ki, Türkiyənin Cənubi Qafqazda ciddi hədəfləri vardır. Onların sırasında Ermənistanın regionda xaos yaratmasının qarşısının alınması xüsusi yer tutur. Bu bağlılıqda bir sıra erməni ekspertin Türkiyənin Cənubi Qafqazda geosiyasi rolunu elə də əhəmiyyətli saymamaq cəhdi tamamilə əsassızdır (bax: Игорь Мурадян. Роль Турции в Южном Кавказе / "Lragir.am", 21 sentyabr 2016).

Onu da nəzərə almaq lazımdır ki, Türkiyə ilə yanaşı, İran da Cənubi Qafqazda geosiyasi sabitliyin təmin edilməsində maraqlıdır. Tehran bununla bağlı bir sıra məsələlərdə Türkiyə ilə eyni mövqedən çıxış edir. İranla Türkiyənin bu regionda daha sıx əməkdaşlıq xəttinə üstünlük verəcəkləri gözləniləndir.

Beləliklə, Türkiyənin Cənubi Qafqazda daha fəal mövqe tutması bütün regionun maraqlarına uyğundur. Qərbin ikili standartlar siyasəti yeritməsi və İranın bir qədər kənarda qalması sübut edir ki, böyük dövlətlərdən əsas olaraq Türkiyə erməni aqressiyasını cilovlamağa istiqamətlənib. Təbii ki, Ermənistan özlüyündə ciddi qüvvə deyil, lakin onun havadarları tərəfindən idarə olunması təhlükəli məqamdır. Problemin mürəkkəbliyi də elə məhz bundan ibarətdir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

We are returning to a world of great-power rivalry
19 oktyabr 2016 The Financial Times

We are returning to a world of great-power rivalry

The US unipolar era lasted less than 25 years, undone by war and financial crisis

Davamı...
Musul Operasyonu: "Topyekûn Muamma"dan "Topyekûn Savaş"a...
17 oktyabr 2016 Milli Gazete

Musul Operasyonu: "Topyekûn Muamma"dan "Topyekûn Savaş"a...

Şimdiden şu söylenebilir: Musul, İslam dünyasının önüne atılmış büyük bir tuzak.

Davamı...