THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

2012-ci il Azərbaycanın xarici siyasətində yeni mərhələnin başlanğıcıdır

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
15492
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsindən artıq 20 il keçmişdir. Keçən dövr ərzində dövlət quruculuğunun bütün sahələrində olduğu kimi xarici siyasətdə də çətin, lakin şərəfli bir yol qət edilmişdir. Müstəqilliyin ilk illərində aparılan xarici siyasət kortəbii və sistemsiz xarakter daşıdığından, Azərbaycanın yerləşdiyi geosiyasi məkanın xüsusiyyətləri nəzərə alınmır, aktual məsələlərə konseptual yanaşılmırdı. Bir tərəfli, çox zaman konkret situasiyadan asılı xarici siyasət yeridilirdi. Nəticədə Azərbaycan beynəlxalq aləmdən təcrid olunmuş, əksər qonşu dövlətlərlə münasibətləri kəskinləşmiş, erməni lobbisinin səyləri hesabına isə dünya informasiya məkanında blokadaya alınmışdı.

Azərbaycanın xarici siyasətinin fundamental prinsiplərini Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır. Heydər Əliyevin təməlini qoyduğu xarici siyasət strategiyası müstəqil Azərbaycanın qurtuluşuna, gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsinə yönəlmişdi. İlkin mərhələdə Azərbaycanın beynəlxalq aləmdə təcrid vəziyyətindən çıxarılması, tarazlaşdırılmış xarici siyasət xətti, dünya iqtisadiyyatına və Avroatlantik məkana inteqrasiya, dünya azərbaycanlılarının təşkilatlanıb mütəşəkkil fəaliyyət göstərməsi, sonrakı mərhələdə isə regionun iqtisadi mərkəzlərindən birinə çevrilməsi bu strategiyanın konseptual əsaslarını təşkil edir.   

Balanslaşdırılmış xarici siyasət, çoxvektorlu əməkdaşlıq, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqlar əsasında müstəqil siyasət prinsiplərinə söykənən praqmatik siyasi kurs Heydər Əliyev dühasının müstəqil dövlətçiliyimizin xarici siyasət konsepsiyasına gətirdiyi amillərdir. Bu gün də Prezident İlham Əliyev həmin ənənələri davam etdirərək Azərbaycanın mövqeyini beynəlxalq müstəvidə daha da möhkəmləndirmiş, yeni bir mərhələyə yüksəltmişdir. Artıq Azərbaycan qlobal siyasi səhnədə adi iştirakçı deyil, region əhəmiyyətli layihələrin təşəbbüskarı və tərəfdaşı, beynəlxalq aləmdə nüfuzu ilə seçilən ölkədir. 

2012-ci il Azərbaycanın xarici siyasət salnaməsi üçün bir sıra xüsusiyyətləri ilə əlamətdardır. Bu il biz dünyanın 68 ölkəsi ilə diplomatik münasibətlərimizin qurulmasının 20-ci ilini yaşayırıq. 2012-ci ildə Azərbaycan bir sıra beynəlxalq təşkilatlarla əlaqələrində də əsrin beşdə birini tamamlamışdır. 30 yanvarda Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv olmasının, martın 2-də isə BMT ailəsinə üzvlüyünün iyirminci ili tamam olmuşdur. Xüsusi qeyd olunmalıdır ki, respublika cəmi 20 il ərzində dünya birliyində xüsusi nüfuz qazana bilmişdir. Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bunun əyani sübutudur və xarici siyasətimizin böyük uğurudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bildirdiyi kimi: "BMT Təhlükəsizlik Şurasına üzv olmağımız bizim tarixi qələbəmizdir. Bu qələbə müstəqilliyimizin 20 illik yubileyinə təsadüf etmişdir. Bu da rəmzi xarakter daşıyır. 20 il ərzində Azərbaycan dünya xəritəsində nəinki özünə layiq yerini tuta bilmişdir, dünya birliyinin mütləq əksəriyyətinin rəğbətini, hörmətini, inamını qazana bilmişdir”.

Sovetlər İttifaqının dağılmasından sonra Azərbaycan bu mötəbər quruma qeyri-daimi üzv seçilən ikinci (Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda isə ilk) post-sovet ölkəsidir. Təhlükəsizlik Şurasına üzv olmaqla Azərbaycanın yeni dövrün tələblərinə uyğun beynəlxalq əməkdaşlıq və fəaliyyət mexanizminin təkmilləşdirilməsi ilə bağlı çıxış etmək imkanı yaranmışdır. Hazırda dünyada mövcud beynəlxalq sistemin, o cümlədən BMT-nin qərarlarının icrası mexanizminin və ümumilikdə fəaliyyətinin yeni reallıqlara və ədalətli yanaşmaya tam cavab verməməsi ilə bağlı geniş müzakirələr aparılır. Dünyada mövcud olan oxşar münaqişələrə böyük dövlətlərin geosiyasi maraqlarından asılı olaraq fərqli yanaşma ən böyük narazılıq doğuran məqamlardır. Görünən odur ki, beynəlxalq hüquq yalnız xüsusi maraqlara xidmət lazım olanda tətbiq olunur. Beləliklə, beynəlxalq münasibətlər sisteminin tənzimlənməsində fərqli yanaşma artıq zamanın tələbidir.

Öz növbəsində Azərbaycan da yeni dövrün təhdid və problemlərinin daha səmərəli həll edilə bilinməsi üçün BMT çərçivəsində islahatların aparılmasının tərəfdarıdır. Azərbaycan mövcud beynəlxalq hüququn icra mexanizminin işlək olmamasının və bununla bağlı dünyada ayrı-ayrı problemlərə ikili yanaşmanın birbaşa nəticələri ilə qarşı-qarşıyadır. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələrinin hələ də icra olunmaması hazırkı yanaşmanın nəticəsidir. Bu qətnamələr Azərbaycanın ərazi bütövlüyünü təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür. Beləliklə, may ayında BMT Təhlükəsizlik Şurasına Prezidentlik edəcək Azərbaycan BMT-də funksional dəyişikliklərə yönəlmiş islahatlar aparmaq təşəbbüsü ilə dünya ictimaiyyətinin diqqətini cəlb edə bilər.

Azərbaycanın coğrafi, geosiyasi mövqeyi, eləcə də mövcud iqtisadi vəziyyəti və potensialı onun xarici siyasətinin müəyyənləşdirilməsində başlıca rol oynayır. Tarixən müxtəlif sivilizasiyaların, mədəniyyətlərin, dinlərin kəsişməsində yerləşən Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən, Avrasiya məkanında yeni kommunikasiyaların, nəqliyyat və enerji dəhlizlərinin üzərində qovşaq ölkə kimi regionda böyük nüfuz sahibinə çevrilmişdir. Eyni zamanda Azərbaycan hazırda enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş imici qazanmışdır. Artıq nəinki qonşu ölkələrin, bir sıra Avropa ölkələrinin enerji siyasətində də Azərbaycana üstünlük verilir. Bu etibar "Əsrin müqaviləsi” ilə başlayan beynəlxalq əməkdaşlıq sayəsində qazanılmışdır. Təsadüfi deyildir ki, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu 2012-ci ildə özünü daha parlaq göstərməkdədir. Azərbaycan nəinki region əhəmiyyətli, hətta qlobal əhəmiyyətli çağırış və təhdidlərlə bağlı dünya siyasi arxitekturasında nəzərə alınan dövlətə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarda ənənəvi olaraq keçirilən, dünyanın iqtisadi gələcəyinin müzakirə olunduğu Davos Dünya İqtisadi Forumunda və fevralda təhlükəsizlik problemlərinə həsr olunan 48-ci Münhen Təhlükəsizlik Konfransında iştirak etmişdir. Azərbaycan fevral ayında Meksikada keçirilən Böyük 20-lik ölkələrinin tədbirində, mart ayında Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilən Nüvə təhlükəsizliyi üzrə Zirvə Toplantısında təmsil olunmuşdur. Bütün bunlar Azərbaycanın artan nüfuzunun göstəricisidir.

Azərbaycan son dövrlərdə bir sıra beynəlxalq təşəbbüslərin müəllifidir. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq 2011-ci ildən başlayaraq hər iki ildən bir Bakıda "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” keçirilir. Azərbaycan "Beynəlxalq Humanitar Forum” kimi mötəbər bir platformanın təşəbbüskarıdır. Bakı şəhəri islam mədəni irsinin daşıyıcısı olaraq 2009-cu ildə "İslam mədəniyyətinin paytaxtı” olmuşdur. 2011-ci ildə Avropa mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri qalib gəlmişlər və bu il "Avroviziya” mahnı müsabiqəsi Bakıda keçiriləcəkdir. Bakının 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün də namizədliyi irəli sürülmüşdür və namizəd şəhərlər arasında hazırda əsas iddiaçılardan biridir. Digər tərəfdən beynəlxalq təşkilatların fəaliyyətində iştirakımızda keyfiyyət dəyişiklikləri baş verməkdədir. Türkdilli Ölkələrin Parlament Assambleyasının daimi katibliyinin Bakıda yerləşməsi bu istiqamətdə ilk addımlardandır. Beynəlxalq ictimaiyyət Azərbaycanı həm də çətin günün dostu kimi tanıyır. Keçən illərdə Pakistanda, Türkiyədə, Rumıniyada, Serbiyada, Bosniya-Hersoqovinada, Gürcüstanda, Moldovada baş verən təbii fəlakətlər zamanı Azərbaycan ilk yardım göstərən ölkələrdən olmuşdur. Bütün bunlar dünyanın siyasi arxitekturasında Azərbaycanın yeni mövqeyini müəyyənləşdirir. BMT Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycan Cənub Qafqaz regionunda lider dövlətdir, beynəlxalq birliyin çağırışlarına fəal qoşulur, dünyada ədalətli münasibətlərin tərəfdarıdır.

New Times

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...