THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ-Koreya-Çin münasibətləri: Uzaq qohum, yoxsa yaxın qonşu?

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3497
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 6 noyabr 2015 – Newtimes.az

Koreya Respublikasının Prezidenti Park Qın-hye cari ilin 2-5 sentyabr tarixlərində İkinci Dünya Müharibəsi çərçivəsində Çinin Yaponiya üzərində qələbəsinin 70-ci ildönümü münasibətilə keçirilmiş hərbi paradda iştirak etmək məqsədilə Çin Xalq Respublikasında üçgünlük rəsmi səfərdə olmuşdur.

Mətbuatda yayılan məlumatlara əsasən səfər çərçivəsində Koreya Respublikasının Prezidentinin ÇXR sədri Si Cinpin ilə ikitərəfli formatda görüşü zamanı xanım Park Çini Koreya yarımadasında sabitliyin təmin olunması, o cümlədən, rəsmi Pxenyanın nüvə və ballistik raket proqramları məsələsinin həlli məqsədilə çoxtərəfli danışıqların bərpası istiqamətində səylərini artırmağa səsləmişdir.

Ölkə başçıları Koreya yarımadasında vəziyyətin gərginləşdirilməsinə xidmət edə biləcək hər hansı təxribat xarakterli addımın atılmasına qarşı olduqlarını bəyan etmiş, Şimali Koreyanın nüvə və ballistik raket proqramları məsələsinə dair altıtərəfli danışıqların tezliklə bərpa edilməsinin zəruriliyini vurğulamışlar. Onlar həmçinin, regional əhəmiyyətli məsələlərin müzakirəsi məqsədilə Yaponiyanın da cəlb olunduğu üçtərəfli görüşün təşkil edilməsi, eləcə də Koreya Respublikası Prezidentinin Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edən "Avrasiya təşəbbüsü”nün təşviqi barədə razılığa gəlmişlər.

Koreya və Çin arasında qarşılıqlı yüksək səviyyəli səfərlər rəsmi Pekinin Seul ilə münasibətlərinə yenidən baxması üçün əsas sayıla bilər. Bir qrup mütəxəssislər xanım Parkın Çinə səfərini 1961-1979-cu illərdə Koreyaya rəhbərlik etmiş atası Park Çunq-hi`nin rəsmi Pekinə olan münasibəti ilə müqayisə edirlər. Belə ki, general Park Çunq-hi`nin həmin dövrdə Şimali Koreyaya münasibətdə yürütdüyü xarici siyasət xüsusilə Vyetnam müharibəsində məğlubiyyətdən sonra yaranmış ictimai qınaq fonunda daha çox Vaşinqtonla əlaqələrin arxa plana keçirilməsi, Amerika hərbi qüvvələrinin Koreyadan çıxarılması təşəbbüsü və Çinə yaxınlaşmanı əks etdirən "mərkəzdən qaçma” formasında müşahidə olunurdu.

Digər mütəxəssislər isə Park Qın-hyenin Çinə səfərini cari ilin avqust ayında Şimali Koreya ilə yaşanmış gərginliyin aradan qaldırılmasına hesablanmış pərdə arxası "Çin-Cənubi Koreya razılaşması”nın nəticəsi kimi qəbul edirlər. Onların fikrincə, iki Koreya arasında son dövrlərdə baş vermiş qarşıdurmanın davamı olaraq Seul ilə Pxenyan arasında əldə olunmuş altı bənddən ibarət razılaşma məhz Çinin Şimali Koreyaya təzyiqi nəticəsində baş tutmuş, əvəzində isə, Koreya Respublikası Prezidentinin hərbi paradda iştirakı təmin edilmişdir.

Bu baxımdan, xanım Parkın Çinə səfərinin rəsmi Vaşinqton ilə də razılaşdırılmış addım olduğunu güman etmək olar. Belə ki, ABŞ rəsmi dairələri Çinin Şimali Koreya üzərində təsir rıçaqlarına malik olması və Koreya yarımadasında baş verə biləcək hər hansı qarşıdurmanın irimiqyaslı müharibə ilə nəticələnməməsi üçün Pekinin yardımlarına ehtiyac duyulması baxımından rəsmi Seulun Çinlə müəyyən dərəcədə yaxınlaşmasını anlayışla qarşılamaya bilərlər.

Rəsmi Pekinin etirazlarına baxmayaraq, Pxenyanın öz nüvə və ballistik raket proqramını dayandırmaması Şimali Koreya ilə Çin arasındakı münasibətlərdə soyuqluğun yaranması ilə müşayiət olunur. Nəzərə alınmalıdır ki, ABŞ-ın Şimal-Şərqi Asiya üzərindəki strateji maraqları fonunda rəsmi Pekin tərəfindən siyasi-diplomatik dəstək verilmiş Şimali Koreyanın nüvə arsenalına malik olması regionun təhlükəsizliyi və Çinin maraqları baxımından heç də arzu edilən deyil.

Digər tərəfdən, Yaponiya Baş nazirinin cari ilin avqustun 14-də İkinci Dünya Müharibəsinin başa çatmasının 70-ci ildönümü münasibətilə verdiyi bəyanatda rəsmi Tokionun müharibənin gedişində törətdiyi əməllərə görə üzr istəməməsi Çin ilə Cənubi Koreyanın sərt tənqidləri ilə müşayiət olunmuş, "Şimal-Şərqi Asiyada sülhün və sabitliyin təmin olunmasına xidmət etməyən bəyanat” kimi qiymətləndirilmişdir.

Beləliklə, Yaponiyaya qarşı nümayiş etdirilən Çin-Koreya ortaq mövqeyi və Şimali Koreyanın nüvə və ballistik raket proqramlarını davam etdirməsi fonunda Çin ilə münasibətlərin səviyyəsinin yüksəlməsi rəsmi Seulun ABŞ ilə strateji müttəfiqlik əlaqələri dairəsində dəyərləndirilməlidir. Belə ki, Cənubi Koreyanın Yaponiya ilə tarixi və ərazi mübahisələrinə əsaslanan gərgin münasibətlərin mövcudluğu fonunda ticarət dövriyyəsinin həcminə görə ən böyük tərəfdaşı olan Çin ilə siyasi yaxınlaşması Vaşinqtonun Şimal-Şərqi Asiya regionuna dair strateji maraqlarını təhdid altında qoya bilər. Özünün regiondakı iki əsas müttəfiqi (Yaponiya və Koreya) arasında kəskin fikir ayrılıqlarının olması Vaşinqton üçün Şimal-Şərqi Asiyadakı güc balansını dəyişdirə biləcək amil hesab edilə bilər.

Ümumilikdə, Cənubi Koreyanı hazırkı dövrdə istər Vaşinqton, istərsə də Pekin üçün əhəmiyyətli edən amilləri aşağıdakı kimi sıralamaq mümkündür:

- ABŞ-da yaxınlaşmaqda olan prezident seçkilərindən əvvəl İranın nüvə proqramı ətrafında razılığın əldə olunması və Kuba ilə münasibətlərdə normallaşmanınardından Şimal-Şərqi Asiya regionunda mövqelərin möhkəmləndirilməsi Obama Administrasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, Cənubi Koreya ilə Yaponiya arasındakı münasibətlərdə müşahidə olunan gərginlik və ÇXR-in rəsmi Seula qarşı "dostca” münasibəti, həmçinin, Cənubi Koreyanın Çinin təşəbbüsü olan Asiya İnfrastruktur İnvestisiya Bankına qoşulması Vaşinqton tərəfindən rəsmi Pekinin "ABŞ-Cənubi Koreya-Yaponiya” müttəfiqliyinə qarşı hesablanmış addımı kimi də qiymətləndiriləbilər.

- ÇXR-in etirazlarına baxmayaraq, Şimali Koreyanın öz nüvə və ballistik raket proqramlarını həyata keçirməkdə təkid etməsi rəsmi Pekinin, o cümlədən Cənubi Koreyanın qonşuluğunda nüvə arsenalına malik ölkənin "peyda olması”na gətirib çıxara bilər. Təsadüfi deyildir ki, Şimali Koreya lideri Çində keçirilmiş hərbi paradda iştirak etməmiş, əvəzində daha aşağı vəzifəli nümayəndə ilə təmsil olunmuşdur. Bu vəziyyətdə, Çinin Cənubi Koreya ilə yaxınlaşması rəsmi Seulun Koreya yarımadasında gərginliyin azaldılması istiqamətində Pekinin daha fəal dəstəyinə ümidini artırır. Məhz bu fərziyyəni dəstəkləyən addım kimi Si Cinpinin Prezident Parkın səfərindən dərhal sonraŞimali Koreya lideri Kim Çenİnə ünvanlandığı məktubu göstərmək olar.

- Çinin Şimali və Cənubi Koreya arasında "körpü” rolunu oynaması Pekin üçün uzaq perspektivdə Vaşinqtonun regiondakı nüfuzunun azaldılmasına xidmət edən amil sayıla bilər. Bu fikri gücləndirən digər bir amil isə xanım Parkın ABŞ-ın müttəfiqlik münasibətlərinə malik olduğu ölkələr arasında hərbi paradı izləmək məqsədilə Çinə səfər etmiş yeganə ölkə başçısı olmasıdır.

- Cənubi Koreya özünün ən böyük ticarət və sərmayə tərəfdaşlarından olan Çini Şimali Koreyanın artan təhdidləri qarşısında "müstəsna rol”a malik ölkə kimi görür. Təsadüfi deyildir ki, Park Qın-hye administrasiyası əvvəlki hökumətlərin "Vaşinqton və ya Pekinə istiqamətlənmiş birtərəfli xarici siyasətlərindən” fərqli olaraq həm ABŞ, həm də Çinlə münasibətləri paralel olaraq yüksək səviyyədə saxlamağa hesablanmış balanslı xarici siyasət yürüdür. Təsadüfi deyildir ki, Koreya Respublikası prezidentinin ÇXR sədri ilə görüşü 2013-cü ildə ölkə başçısı kimi fəaliyyətə başlamasından sonrakı dövrdə baş tutmuş sayca altıncı görüşdür. Bu da xanım Parka Cənubi Koreya prezidentləri arasında Çin rəhbərliyi ilə ən çox görüş keçirən prezident statusunu qazandırmışdır.

Ekspertlər Cənubi Koreyanın ÇXR ilə artan münasibətlərinin təbii olaraq rəsmi Vaşinqtonda müəyyən narahatlıqlara səbəb olduğunu ehtimal edirlər. Belə ki, Seul-Pekin münasibətlərində yaxınlaşmaABŞ-Cənubi Koreya-Yaponiya üçtərəfli müttəfiqliyinə zərbə vura biləcək amil ola bilər. Digər tərəfdən, Vaşinqton rəsmi Pekinin iqtisadi-hərbi yüksəlişini nəzarət altında saxlamaqla Şimal-Şərqi Asiyada Çinə qarşı güc balansını və uzaq perspektivdə öz nüfuzunu saxlamaq niyyətindədir. Təsadüfi deyildir ki, İraq və Əfqanıstanda aparılmış müharibələr, o cümlədən ölkə daxilindəki iqtisadi vəziyyət ABŞ-ın sərt və yumşaq gücünü zəiflətməklə yanaşı, qlobal müstəvidə Yaxın və Orta Şərqdə İran, Uzaq Şərqdə isə Çin kimi ölkələrin daha da güclənməsinə gətirib çıxarmışdır. Məhz bu baxımdan İran ilə əldə olunmuş razılaşma və Kuba ilə normallaşdırılan münasibətlər, o cümlədən öz hərbi qüvvəsinin böyük əksəriyyətinin İraq və Əfqanıstandan çıxarılması ABŞ-ın diqqətini Yaxın və Orta Şərqdən ayıraraq Uzaq Şərqə yönəltməyə imkan yaradır.

Təsadüfi deyildir ki, ABŞ-ın 6 fevral 2015-ci ildə bəyan etdiyi yeni Milli Təhlükəsizlik Doktrinası rəsmi Vaşinqtonun müttəfiqlərinin və tərəfdaş olduğu ölkələrin təhlükəsizliyinin təmin olunmasına yönəlmişdir. Bu çərçivədə, ABŞ-ın Uzaq Şərq siyasətini Cənubi Koreya, Yaponiya, Filippin və Avstraliya kimi ölkələrin dəstəklənməsi yolu ilə Çini "mühasirədə saxlamaq” kimi də qiymətləndirmək olar. Digər tərəfdən, Çinlə qonşu ölkələr arasında mövcud olan tarixi ərazi mübahisələri həmin ölkələrdə rəsmi Pekinin "dostcasına qonşu” qismində qəbul edilməsi fikrini istisna edir.

Yuxarıda sadalananları nəzərə aldıqda, Cənubi Koreyanın ÇXR ilə yaxınlaşmasının yaxın perspektivdə hər hansı mühüm geosiyasi və strateji dəyişikliyə səbəb olmayacağını, həmçinin rəsmi Seulun xarici siyasət kursunda əsaslı dəyişikliyin müşahidə edilməyəcəyini söyləmək mümkündür. Eyni zamanda, Vaşinqtonun rəsmi Seulun regionun aparıcı qüvvələrindən biri olmaq istəyi qarşısında daha "təmkinli” mövqe nümayiş etdirəcəyini və Çinlə yaxınlaşmasına müəyyən dərəcədə "icazə verəcəyini” söyləmək olar.  Bu isə Yaponiyanın Çin qarşısında "tək qalmaq qorxusu”nu artırmaqla ABŞ-ın müttəfiqləri olan Tokio ilə Seul arasındakı mövcud problemlərin aradan qaldırılmasına təsir edəcək addım ola bilər.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...
İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...