THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İsveçrədə parlament seçkiləri: ifrat sağçıların misilsiz uğuru

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6886
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 3 noyabr 2015 – Newtimes.az

İsveçrədə keçirilən parlament seçkilərində İsveçrə Xalq Partiyası (İXP) – immiqrasiya və Avropa İttifaqının əleyhdarlarının partiyası qalib gəldi. İXP 2011-ci ildə keçirilən seçkilərdə qazandığı 11 yerin sayını artıraraq 200 yerlik Milli Məclisdə 65 deputat mandatı əldə etdi. Onun müttəfiqləri sağ liberal "RDP. Liberallar" və iki kiçik sağçı partiya – "Tiçin liqası" və "Cenevrə vətəndaşlarının hərəkatı" partiyalarıdır. Onlar birlikdə tarixdə ilk dəfə İsveçrə parlamentində mütləq əksəriyyətə – 101 yerə yiyələndilər. Miqrasiya böhranı fonunda İXP-nin və onun proqramlarının populyarlığı son aylar ərzində nəzərəçarpan dərəcədə artıb.

İkinci yeri parlamentdəki nümayəndələrinin sayı 3 mandat azalan və 43 deputat olan Sosial-Demokrat Partiyası tutdu. Üçüncü yerə 33 mandatla sağ mərkəz Liberal-Demokrat Partiyası yiyələndi. Bununla sağ mərkəzçilər ötən seçkilərə nisbətən bu dəfə 3 deputat mandatı daha çox qazana bildilər. Bir yer itirən Demokrat-Xristian Partiyası Milli Məclisə 28 nümayəndə göndərəcək. Bundan başqa, "Yaşıllar" Partiyası 4, "Yaşıl liberallar" Partiyası isə 5 yer itirdi.

Ekspertlər qeyd edirlər ki, İsveçrə siyasətində ciddi şəkildə sağa meyllilik özünü göstərir. Millətçilərin qələbəsini Yaxın Şərq və Şimali Afrikadan gələn miqrant axını ilə əlaqələndirirlər. "Sesvermə aydın şəkildə göstərdi ki, xalq Avropaya kütləvi miqrasiyadan xeyli narahatdır", – deyə İXP-nin lideri Toni Brunner İsveçrə televiziyasına bildirib. İXP-nin nümayəndələri qeyd ediblər: ölkəyə "açıq şəkildə sağa istiqamətlənmiş yeni siyasət lazımdır". Sosialistlərin namizədi Rebekka Ruis şikayətlənir ki, "təəssüf ki, seçki kampaniyası ərzində cəmi bir mövzu üstünlük təşkil edib", buna görə də "insanlar qorxularından səs veriblər".

Sağçıların qələbəsi əhalinin əcnəbilərin ölkədə yaşamasına məhdudiyyətlər qoyulmasının lehinə səs verdiyi ümumxalq referendumundan 20 ay sonra baş tutdu. Təbii olaraq, İXP bu ideyanı dəstəklədi. Maraqlıdır ki, İsveçrə Avropa ölkələri arasında miqrasiya sunamisindən ən az "zərər çəkən"lərdən biridir. "Xalqların böyük köçü"nü yaşamış "Almaniya və digər Aİ ölkələrinin yerində olmamaq" istəyi isveçrəliləri partiyanın "Azad qalın!" şüarını dəstəkləməyə "vadar etdi". "Reuters"in məlumatına görə, bənzər çağırış eyni zamanda, Brüssellə əlaqələrin dərinləşməsini, xüsusilə dünyanın sonuncu konfederasiyasının nəzəri cəhətdən Aİ-nin tərkibinə daxil olmasını istəməyənlərin də ürəyincədir. İsveçrəlilər ölkənin Aİ-yə qoşulması məsələsini nəzərdən belə keçirmirlər.

Bu əhval-ruhiyyənin fonunda İXP federal şurada (hökumət) ikinci nazir vəzifəsini əldə etmək məsələsini qaldırmaq qərarına gəldi. Hazırda millətçilər yalnız bir nazir vəzifəsinə malikdirlər, amma dekabrda yeni kabinet yarananda onlar bir neçə əsas vəzifəni tutmağa ümid edirlər. "Mən qətiyyətlə ən böyük 3 partiyanın iki, dördüncü ən böyük partiyanın isə bir vəzifə tutmasını tələb edirəm, – deyə Brunner bildirib. – Biz bunun üçün çox çalışmışıq və bu, uğurlu İsveçrə üçün yeganə doğru yoldur". Miqrasiya siyasətindəki dəyişikliklərdən başqa, ölkə hakimiyyətindən vergi, sosial və energetika sahələrində də islahatlar gözlənilir.

Xüsusi qeyd etmək lazımdır ki, İsveçrədəki seçkilər nəticələrinə görə deyil, icra hakimiyyəti orqanlarının qurulması prosesinə görə maraqlıdır. Seçkilərinin nəticələrinə görə, dekabrda yeni hökumət qurulacaq. Nazirlər Kabinetinin ilk dörd partiyadan ibarət olması üzrə sistem mövcuddur. Adətən ilk üç partiya 2, dördüncü partiya isə 1 nazir vəzifəsi əldə edir. Yerlərin hansı mütənasibliklə bölünməsi vacibdir. Yerlərin 30 faizini qazanan Xalq Partiyası mühüm vəzifələr üzrə bir və ya iki əlavə yer tələb edə bilər. İsveçrə üçün ən əsas vəzifələr iqtisadiyyat və maliyyə, həmçinin daxili işlər nazirləridir. İXP-nin qələbəsi sensasiya deyil. Bu partiya müntəzəm olaraq səslərin 20-29 faizini toplayır. İndi hökumətdə daha vacib vəzifələrin kimlər tərəfindən tutulacağı ilə bağlı kəskin mübarizə başlayacaq, çünki elə şəxslər var ki, onlar İXP üçün qəbuledilməzdirlər.

Aİ ilə münasibətlərdə dəyişiklik gözləməyə dəyməz. İsveçrədə sabit formul var: onlar Avropa İttifaqı ilə əməkdaşlıq etməyə hazırdırlar, amma hansısa formada İttifaqa daxil olmağa hazırlaşmırlar. Hakimiyyətdə Xalq Partiyasının olub-olmaması heç bir əhəmiyyət daşımır. İsveçrə təcridçiliyi – Avropanın digər strukturlarından fərqlənmə anlayışı mövcuddur. İXP kəskin şəkildə İsveçrənin Şengen sazişinə qoşulmasının əleyhinə çıxdı. Millətçilər bu problemlə bağlı yeni referendum keçirilməsini tələb edə bilərlər.

Daha vacib bir məsələ isə İsveçrənin bank sirlərinin açılması ilə bağlı problemi tam həll edə bilməməsidir. Həm amerikalılar, həm almanlar, həm də fransızlar isveçrəlilərin bu ölkələrin vətəndaşlarının əmanətləri ilə bağlı informasiyaları açmalarını tələb edirlər. Amma isveçrəlilər bildirirlər ki, bunu yalnız İsveçrə məhkəməsinin qərarı ilə edə bilərlər. Bu, Alp respublikasının ümumilikdə Aİ ilə münasibətlərindən daha aktual məsələdir.

Ümumilikdə isveçrəlilərin seçimi bir-birinə paralel iki Ümumavropa tendensiyanın – cəmiyyətdə "fərqli mədəniyyət elementlərinin" idarə olunmaz yayılmasının məhdudlaşdırılması tələblərinin genişlənməsi və Aİ-nin dövlətüstü bürokratiyası tərəfindən dövlətlərin suverenliyinin məhdudlaşdırılmasından narazılığın artmasının şiddətləndiyini təsdiq etdi. Bu tendensiyaların ilk növbədə daşıyıcıları "yeni sağçılar"dır. Köhnə siyasi elitanın nümayəndələri onları tez-tez ksenofob, irqçi və hətta nasist kimi lağa qoyurlar.

Əslində, "yeni sağçılar" "xalqlarının milliyyətsiz ümumbəşəri kütləyə çevrilmək təhdidinə" qarşı "müdafiə" qurmağa çalışırlar. Onlar kosmopolit Avropa İttifaqının diktəsinin əksinə, Avropada Rusiyanın iştirakı ilə "dövlətlərin uzlaşması"nın canlandırılmasını müdafiə edirlər və "ölkələrinə yad və fərqli mədəniyyətlərin elementlərinin nüfuz etməsinə müqavimət göstərirlər".

Bu gün bu kurs Avropa ictimaiyyətinin müxtəlif təbəqələri arasında dəstəklənir. Avropada təkcə siyasi nəsillərin dəyişilməsi deyil, həm də dəyərlərin təkrar düşünülməsi kimi çətin proses gedir.

Nərgiz Əfəndiyeva

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...
How To Address Strategic Insecurity In A Turbulent Age
03 yanvar 2017 The Huffington Post

How To Address Strategic Insecurity In A Turbulent Age

The ideal geopolitical response to the crisis of global power is a trilateral connection between the United States, China and Russia.

Davamı...