THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Napoleon Bonapart və Hindistan: reallaşmayan geosiyasi layihə

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
17984
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 may 2015 – Newtimes.az

I Napoleon Bonapartın böyük əməlləri sırasında onun XIX əsrin əvvəllərində Rusiya ilə birgə Hindistana planlaşdırdığı yürüş xüsusi yer tutur. Bu son dərəcədə məxfiləşdirilmiş əməliyyat sonralar "fantastik, utopik, qeyri-real layihə" kimi qiymətləndirildi.

İngiltərədən fərqli olaraq Fransa kifayət qədər dəniz qüvvələrinə malik deyildi. Lakin geosiyasi düşüncəli Napoleon "Dumanlı Albion"a formalaşmaqda olan Britaniya imperiyasının incisi olan Hindistanı ələ keçirməklə "ölüm" zərbəsi vurmağa çalışırdı. Bu işdə o, XVIII əsrin 90-cı illərinin sonunda gözlənilmədən Fransa inqilabının ideyalarına nifrət bəsləyən Rusiya imperatoru I Pavelin simasında özünə müttəfiq tapdı.

Məsələ burasındadır ki, avropalı müttəfiqləri ilə ziddiyyətləri üzündən Rusiya həmin dövrdə ikinci anti-fransız koalisiyasının tərkibindən çıxmışdı. Hollandiyaya qarşı Böyük Britaniya ilə birgə həyata keçirdiyi təcavüzün uğursuz olması, habelə ingilislər tərəfindən Maltanın işğal edilməsi Malta ordeninin böyük magistri titulu ilə fəxr edən I Paveli qəzəbləndirdi. O, tezliklə Londonla diplomatik əlaqələri kəsdi və hələ 1797-ci ildə Direktoriya generallarından biri kimi Britaniya Hindistanına zərbə endirmək niyyətini bəyan edən Napoleonla bir alyansa qoşuldu. Lakin Napoleonun 1798-ci ildə Afrika yürüşü zamanı həyata keçirdiyi ilk cəhd baş tutmadı.

Bu arada, Napoleon Bonapartın 1799-cu ildə hakimiyyətə gəlməsi ilə Fransanın Şərq siyasəti əsaslı dəyişikliklərə məruz qaldı. O dövrdə elə bir böyük müstəmləkələri olmayan Napoleon Fransası üçün İngiltərənin Şərqdəki iqtisadi potensialını sarsıtmaq mühüm məsələ idi.

İngiltərəyə qarşı yönələn Fransa-Rusiya yaxınlaşması yeni müttəfiqlər tərəfindən İngiltərəyə onun üçün çox həssas məkan olan Hindistanda zərbə endirilməsi kimi nəhəng bir geosiyasi layihənin yaranmasına səbəb oldu.

Napoleon dühası və I Pavelin inadkarlığı bu layihənin kifayət qədər real olduğuna dəlalət edirdi. Avropalılar o zaman Mərkəzi Asiyanın, Tibetin yollarına, dağ keçidlərinə yaxşı bələd deyildilər. Buna görə də Avropa orduları Hindistana yalnız İran ərazisindən, daha doğrusu, Xəzər dənizinin cənub-şərq bucağından – Astrabad körfəzindən hücum edə bilərdilər. Napoleonun hesablamalarına görə, buradan qoşunlar Hindistan ərazisinə 40 gün ərzində çata bilərdilər. Həm də nəzərə alınırdı ki, Şərqi Hindistanda ingilis ordusunun bir hissəsi Misirə göndərilmişdi və bu səbəbdən də o, bir qədər zəifləmişdi. 1801-ci ilin əvvəlində Napoleonun müvəkkili general J.-K.Dürok Hindistana ekspedisiya layihəsi ilə birlikdə Peterburqa yola düşdü. Öz növbəsində I Pavelin bu yürüşün təşkilinin həvalə edildiyi Don kazak qoşununun atamanı V.P.Orlov-Denisova verdiyi 13 yanvar 1801-ci il tarixli reskriptdə qeyd olunurdu ki, ingilislərə "onların gözləmədiyi yerdən, özü də çox həssas bir yerindən zərbə endirmək lazımdır. Bunun üçün ən yaxşı yol onların Hindistandakı mülkləridir".

Olduqca cəsarətli bu ideyanın həyata keçirilməsi üçün əvvəlcə Hindistan yürüşünə general M.Platovun başçılığı ilə 35 minə yaxın Don kazaklarından ibarət iri bir dəstənin göndərilməsi planlaşdırılırdı. Astrabadda (indi – İranın Qorqan şəhəri) onlara həmin sayda Fransa qoşunları dəstəsi qoşulmalı idi. General A.Massenin başçılıq etdiyi 35 minə yaxın fransız qoşunları Dunay çayı ilə rus gəmilərində enərək Qara dənizdən keçməli, sonra da Don boyu qalxaraq Sarısin yaxınlığında Volqaya çıxmalı, bundan sonra isə Xəzər dənizi ilə Astrabada keçməli idi. Daha sonra onlar Herat və Qəndəhardan (Əfqanıstan) keçərək Hindistanın şimal-qərb sərhədində Rusiya qoşunları ilə birləşməli idilər.

Nə qədər fantastik görünsə də, hər iki dövlətin olduqca güclü olan qoşunlarının bu nəhəng layihəsi İngiltərəni narahat etməyə bilməzdi. Lakin I Pavelin 11 mart 1801-ci ildə rus generallarının (çox güman ki, İngiltərənin Peterburqdakı səfirinin xəbəri ola-ola) sui-qəsdi nəticəsində qətlə yetirilməsi bu nəhəng, bir çox mənada isə avantürist layihənin qarşısını aldı.

Pərvin Darabadi,

Tarix elmləri doktoru, professor

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...