THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Geosiyasət və Birinci Dünya müharibəsi: nəzəriyyədən praktikaya

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
168860
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 24 dekabr 2014 – Newtimes.az

Məlum olduğu kimi, bəşəriyyət XX əsrə misli görünməyən sosial-iqtisadi və hərbi-texniki inkişaf dalğalarında, əvvəlki yüzilliklərdə yığılıb toplanmış kəskin və aparıcı dövlətlər arasındakı həll olunmaz geosiyasi ziddiyyətlərlə daxil olmuşdur. Bütün bunlar aparıcı dövlətlər arasında ziddiyyətlərin həlli dinamikasını və xarakterini əsaslı şəkildə dəyişmiş inqilabi sarsıntılara və 1914-1918-ci illərin dünya müharibəsinə gətirib çıxarmaya bilməzdi. Dünyanın yenidən bölgüsü və liderlik uğrunda mübarizə əvvəllər heç vaxt birdən-birə bir neçə qitəni əhatə etməmiş, dünyanın əksər ölkələrinin maraqlarına bu dərəcədə toxunmamış, bu cür nəhəng silahlardan istifadə etməklə aparılmamış və bu dərəcədə faciəli nəticələrə gətirib çıxarmamışdır. Hətta çox vaxt spontan başlayan əvvəlki müharibələrdən fərqli olaraq dünya müharibələri həm ideoloji, həm də hərbi-strateji baxımdan dərindən düşünülmüş və zorla yeni dünya nizamının qurulmasının zəruriliyini, hətta labüdlüyünü belə elmi cəhətdən əsaslandıran geosiyasi doktrinalara söykənən plan əsasında baş verirdi. Aparıcı dövlətlərin ideologiyası məhz geosiyasət oldu, dünya müharibəsi isə onlar arasında geosiyasi ziddiyyətlərin aradan qaldırılması üsuluna çevrildi.

ХIХ əsrin sonu – ХХ əvvəllərində dünyanın yenidən qurulması uğrunda mübarizə yeni mərhələyə qədəm qoyur. Bu, dünya səhnəsində təsir sferalarının zorla dəyişdirilməsi mərhələsi olur. Siyasi coğrafiya "geosiyasətin atası" hesab olunan alman coğrafiyaşünası Fridrix Ratselin (1844-1904) əsərləri əsasında formalaşır. Ratsel hesab edirdi ki, dövlət fasiləsiz olaraq inkişaf edən bioloji orqanizmdir və onun güdrətinin artırılmasının əsas yollarından biri öz tərkibinə "siyasi cəhətdən dəyərli yerləri" daxil etməklə ərazi ekspansiyası və ya "həyat məkanı"nın (Lebensraum) genişləndirilməsidir. Ümumilikdə isə Ratselin əsas fikri bundan ibarət idi ki, o, dövləti canlı, bir məkandakı zəminə köklənən orqanizm kimi nəzərdən keçirirdi. Və bütün canlılar kimi, məkan ölçüləri ilə məhdudlaşan dövlət də öz təbii-bioloji inkişafında qonşuları hesabına yeni torpaqları ələ keçirməyə, özü də ilk növbədə hərbi yolla ələ keçirməyə can atır.

Ratselə görə, "inkişaf etməkdə olan xalq öz sayını artırmaq üçün yeni torpaqlara ehtiyac duyur. Bu fikir faktiki olaraq Henrix Şmithennerin "Mədəniyyətlərin mübarizəsində həyat məkanı" adlı əsərində ifadə etdiyi fikirləri təkrarlayır. Belə ki, Şmithenner qeyd edirdi ki, "hər bir sağlam xalq daxilən genişlənməyə can atır" və "genişlənməyə və yeni sahələri kəşf etməyə yalnız əhalinin daha sıx olduğu, habelə yüksək mədəniyyətə malik olan məkan qabildir". Başqa sözlə, kardinal İlderbrando Antoniuççinin təbirincə desək, "məkansız xalqın xalqsız məkan hüququ var".

O dövrün bir qrup fövqəldövlətləri arasında dünyanın ərazi bölgüsü uğrunda mübarizənin kəskinləşməsi bir çox müstəmləkə müharibələrinə və müstəmləkə və təsir dairəsinin bölgüsü haqqında müqavilələrin imzalanmasına səbəb olmuşdur. Bu işdə var gücü ilə nəhəng, lakin getdikcə zəifləməkdə olan Britaniya imperiyasını qoruyub saxlamağa çalışan İngiltərə xüsusi fəallığı ilə seçilirdi. Təsadüfi deyil ki, "yeni coğrafiya"nın (siyasi coğrafiya o zaman belə adlandırlırdı) banilərindən biri ingilis coğrafiyaşünası Helford Makkinder (1861-1947) olmuşdur. Əsrin əvvəllərində Makkinder iddia edirdi ki, onun kəşf etdiyi "coğrafi inersiya qanunu"na görə, xalqlar və dövlətlərin taleyində çıxış nöqtəsini onların tutduqları ərazilərin coğrafi mövqeyi təşkil edir. Makkinder əsaslı olaraq hesab edirdi ki, planetar nöqteyi-nəzərdən dövlət üçün ən sərfəlisi orta, mərkəzi coğrafi mövqedir. Onun fikirlərinə görə, dünyanın mərkəzində Avrasiya qitəsi, onun da mərkəzində "dünyanın ürəyi" (Heartland), yəni dünya üzərində nəzarət üçün rahat olan ərazi yerləşir. Makkinder XX əsrin qlobal strategiyasını aşağıdakı kimi formulə etmişdir: "Şərqi Avropada kim hakimdirsə, Hartlenddə də o, hakimdir; Hartlenddə kim hakimdirsə, Dünya okeanında da o, hakimdir; Dünya okeanında kim hakimdirsə, dünyada da o hakimdir". H.Makkinderin siyasi coğrafiyanın zəminində geosiyasət kimi müstəqil elmi cərəyanın yaranması üçün çıxış nöqtəsi olmuş nəzəriyyəsi indi də öz aktuallığını saxlamaqdadır.

İlk dəfə isə "geosiyasət " terminini elmi dövriyyəyə İsveç coğrafiyaşünası və siyasətçisi Yuhan Rudolf Çellen (1864-1922) özünün "Böyük dövlətlər" (1910) əsərində daxil etmişdir. O, sübut etməyə çalışırdı ki, kiçik dövlətlər öz ölçüləri üzündən və coğrafi mövqelərindən asılı olaraq böyük dövlətlərin tabeçiliyində olmağa məhkumdurlar. Böyük dövlətlər də geosiyasətin obyektiv qanunları üzündən onları vahid "siyasi-təsərrüfat kompleksləri"ndə birləşdirməlidirlər. Çellenə görə, geosiyasətin məqsədi dövlətin inkişafı üçün dünyanın yenidən bölgüsünün qaçılmaz olduğunu anlatmaqdır. Özü də artıq bölünmüş dünyada ərazini yalnız silah gücünə almaq olar.

Bununla yanaşı, alman pastoru Fridrix Naumannla (1860-1919) birgə Çellen Atlantik okean, Baltika, Fars körfəzi və Adriatik dəniz arasında yerləşən bütün ölkələrin Almaniya tərəfindən "geosiyasi baxımdan əhatələnməsi" planını təklif etmişdir. Özü də "Panalman” layihələrindən fərqli olaraq, Yaxın Şərqi də əhatə edən Orta Avropa (Mitteleuropa) konsepsiyası artıq milli deyil, sırf geosiyasi anlayış idi. XX əsrin əvvəllərində məhz Çellen Antantaya qarşı Almaniya imperiyasının başçılıq etdiyi alman-nord ittifaqının yaradılması ideyasını irəli sürmüşdü.

"Dəniz gücü" konsepsiyasının banisi A.Mehen okean və dənizlərdən istifadəni və onlar üzərində nəzarəti əsas geosiyasi güc amili, düşmən ərazisinin dənizdən və sahil zolağından mühasirəyə alınmasını nəzərdə tutan "anakonda" prinsipindən istifadəni isə böyük dövlətlərin gələcək siyasi münaqişələrdə strateji üstünlüyə nail olmağın ən səmərəli üsulu hesab edirdi. ABŞ-n fövqəldövlətə çevrilməsinin əsas şərtini Mehen aşağıdakı geostrateji məsələlərin həllindən görürdü: 1) Böyük Britaniya ilə ittifaq; 2) Almaniyanın təcrid edilməsi; 3) Yaponiyanın Sakit okeanda qarşısının alınması; 4) Asiya xalqlarına qarşı Avropa ilə ittifaq. Mehenin hər iki müharibənin gedişində və "soyuq müharibə" illərində həyat qabiliyyətliyini sübut etmiş konsepsiyaları bu gün də öz aktuallığını itirməmişdir.

Beləliklə, Birinci Dünya müharibəsinin tarixi labüdlüyü XX əsrin əvvəllərində yaranmış geosiyasi reallıqlardan irəli gəlirdi.

1914-cü ilin yayında başlayan Birinci Dünya müharibəsində dövrün ən güclü 5 ölkəsi – İngiltərə, Fransa, Almaniya, ABŞ və Rusiya, habelə kifayət qədər güclü regional liderlər olan Avstriya-Macarıstan və Yaponiya fəal iştirak edirdi. Bu müharibədə iştirak edən ölkələrin hamısının güddüyü əsas geosiyasi məqsəd strateji cəhətdən mühüm ərazilərin ələ keçirilməsi və ilk növbədə Avropada geniş geosiyasi təsir zonalarının formalaşdırılmasından ibarət idi. Rusiya Balkanlarda öz mövqelərini möhkəmləndirməyə və Konstantinopolu və Qara dəniz boğazlarını ələ keçirməklə Aralıq dənizinə çıxış əldə etməyə çalışırdı.

Almaniyanın Birinci Dünya müharibəsində roluna gəlincə, qeyd etmək lazımdır ki, "İmperiya Almaniyası müharibəyə səbəb oldu, çünki 1914-cü ildən qabaqkı 10 il ərzində öz hərbi-dəniz qüvvələrini artırmaqla o, dənizdə Böyük Britaniyanın liderliyinə etiraz edir, onun diplomatik strategiyası isə Fransa və Rusiyanı Almaniyaya qarşı birləşmək üçün çox zəif olduqlarını nümayiş etdirməklə onları alçaltmağa yönəlirdi. Nəticədə, almanlar bu ölkələri müttəfiqliyə məcbur etdi. "Sonralar bu ittifaqa Böyük Britaniya da qoşuldu" deyən Henri Kissincerin sözləri ilə razılaşmamaq çətindir.

Antanta ölkələrinin qələbə çalması və 1919-cu ildə "uduzan Üçlər İttifaqı ölkələrinə qarşı misilsiz qəddarlığı ilə seçilən" Versal və Sen-Jermen sülh müqavilələrinin imzalanması və onların əsasında Versal-Vaşinqton sisteminin yaradılması ilə bəşər tarixində ilk həqiqi qlobal geosiyasi dönüş başa çatır. Uduzmuş dövlətlər parçalanır və yeni dövlətlər yaranır, yeni geosiyasi nüfuz zonaları və siyasi ittifaqlar formalaşır. Ən çox itki verən Almaniya, üç dövlətə bölünmüş Avstriya-Macarıstan və Rusiya oldu. Onlar təkcə dünya liderliyindən deyil, həm də Avropada liderlik edən ölkələr sırasından da çıxdı. Türkiyə də xeyli ərazilərini itirdi. Öz növbəsində üç ölkə, yəni İngiltərə, Fransa və ABŞ özlərinin fövqəldövlət statuslarını təsdiqləmiş oldular.

Birinci Dünya müharibəsi iştirakçı ölkələrə sonsuz sayda fəlakətlər gətirdi, onların iqtisadiyyatını sarsıtdı, Avropada inqilabi böhrana səbəb oldu, Rusiyada isə iki inqilab və vətəndaş müharibəsinə gətirib çıxardı. Müharibə nəticəsində qərarlaşmış Versal-Vaşinqton sistemi stabil deyildi. Uduzan ölkələr revanş götürməyə can atırdılar. Yeni dünya müharibəsi sadəcə zaman məsələsi idi.

Pərvin Darabadi,

Tarix elmləri doktoru, professor

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...
Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...