THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Şərqdə ellinizm avropalılarla asiyalıların bütövləşməsi haqqında geosiyasi ideyanın həyata keçirilməsi yolunda ilk cəhd kimi

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
56996
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 dekabr 2014 – Newtimes.az

Birinci dəfə Qərb və Şərq makrosivilizasiyalarının hərbi-siyasi qarşıdurması şəraitində avropalılarla asiyalıların bütövləşməsi ideyasının həyata keçirilməsinə dünya tarixində ilk geostrateq olan Makedoniyalı İsgəndərin e.ə. IV əsrin 30-20-ci illərində məşhur Şərq yürüşü zamanı cəhd edilmişdir. Qərb və Şərq makrosivilizasiyalarının hərbi-siyasi qarşıdurması Aralıq dənizi bölgəsində e.ə. I əsrdə özündə talassokratik cəhətləri birləşdirən Yunanıstanla Orta Şərqin aparıcı tellurokratik dövləti olan İranın meydana gəlməsi ilə baş qaldırmışdır.

Makedoniyalı İsgəndərin güclü zərbələri altında farsların nəhəng Əhəməni dövlətinin iflasa uğraması və İsgəndər tərəfindən böyük dövlətin yaradılması Şərq və Qərb xalqlarının qarşılıqlı münasibətləri tarixində yeni dövrü – Şərqin ellinləşdirilməsi dövrünü açmaqla bəşər sivilizasiyası tarixində dönüş nöqtəsi oldu. Məhz Makedoniyalı İsgəndər dünya tarixində ilk dəfə avropalılarla asiyalıları bütövləşdirmək kimi nəhəng bir geosiyasi ideyanı, ellin və farsların simasında isə – xalqların qarşılıqlı anlaması və bir-birinə nüfuz etməsi ideyasını həyata keçirməyə cəhd etmişdir.

Makedoniyalı İsgəndərin Şərqin ellinləşdirilməsi istiqamətində başladığı işi müəyyən mənada onun Selevkilər dövlətinə və Ptolemey Misirinə başçılıq edən sərkərdələri davam etdirdi. Məhz Makedoniyalı İsgəndərin yürüşləri yunan mədəniyyəti, iqtisadiyyatı, hərbi-siyasi təşkilatlanma xüsusiyyətləri ilə ənənəvi Şərq həyat tərzinin heyrətamiz şəkildə çulğalaşdığı yeni "ellin" dövlətlərinin yaranmasına səbəb olurdu. Bu iki sistemin sintezi Yunanıstanın inkişaf etmiş istehsal münasibətləri ilə Şərqin kifayət qədər səmərəli hərbi-inzibati sistemini özündə birləşdirən yeni siyasi quruluşa malik dövlətlərin yaranmasına gətirib çıxarırdı. Ellinizm yeni etnik və dini qapalılığı aradan qaldırmağa başladı, dövlətçiliyin yeni formalarını yaratdı, yeni mədəniyyətin, yeni sənətin, yeni inancların əsasını qoydu, iqtisadi həyatın, ticarətin və s. canlanmasına səbəb oldu.

Bütövlükdə isə İsgəndər tərəfindən Şərqin geniş torpaqlarının işğal edilməsi, burada yeni ellin dövlətlərinin meydana gəlməsi Şərq və Qərb kimi müxtəlif xarakterli mədəniyyətlərin bir-birinə yaxınlaşması üçün səmərəli şərait yaratdı. Bu, e.ə. I əsrədək davam edən və iqtisadi, ideoloji, mədəni xarakterli nailiyyətlərlə zəngin olan bir dövr idi.

Selevkilər dövlətinin Qafqazın ərazisini Şərqlə ticarət məqsədlərində istifadə etmək cəhdləri məhz həmin dövrə təsadüf edir. Lakin Avropadan Hindistana dəniz ticarət yolu açıldıqdan sonra Kür çayı və Xəzər dənizi ilə ticarət yollarını kəşf etmək cəhdləri dayandırıldı.

Bu arada e.ə. II əsrin sonlarına yaxın Şərqdə ellinizmin "onurğa sütunu" olan Selevki dövlətinə son qoyulduqdan sonra onu sivil dünyanın şərq və qərb hissələri arasında bir növ birləşdirici həlqəyə çevrilmiş Parfiya əvəz etdi. "Qərb ellinizmi" tədricən öz mövqelərini "Şərq iranizminə" verirdi. Öz imtiyazlı vəziyyətindən məhrum olan yunanlarla yerli əhali arasında artıq sosial-siyasi fərqlər yox oldu. Bunun sayəsində ellinizmin inkişafında yeni, Parfiya dövrü başladı. Bu, ideologiya və mədəniyyət sferasında sintez dövrü idi. Özü də ideoloji və dini sinkretikləşmə yeni incəsənətin – e.ə. I əsrə yaxın formalaşmış ellin-şərq incəsənətinin xarakterinə təsir göstərməyə bilməzdi. Bu sənətin təsiri altında həm klassik Yunanıstanın, həm də qədim Şərqin bədii üslubları çökdü. Belə ki, Parfiya incəsənəti özündə yunan, əhəməni və Mərkəzi Asiyanın yeni köçəri ənənələrini birləşdirirdi.

Beləliklə, İran mədəniyyətinin dirçəldilməsi uğrunda gedən güclü hərəkatın nəticəsində Parfiyada ellinizmin mövqeləri əhəmiyyətli şəkildə zəifləyir, ellinizmin bütün təzahürlərinə qarşı "reaksiya" başlayır. Bu dövrdə ellin dünyasından ellinizmin Şərq tərəfindən "həzm" olunduğu İran-Şərq dünyasına keçid başlayır. Parfiyanın özü isə e.ə. I əsrdən etibarən Şərq-Aralıq dənizi ölkələrinin cəmiyyətlərində bütün anti-ellin elementlərin cazibə mərkəzinə çevrilir.

Öz növbəsində e.ə. II əsrin ortalarına yaxın Roma respublikası Aralıq dənizi bölgəsinin ən güclü dövlətinə çevrilir. Karfagenin varlığına son qoyan Roma e.ə. I əsrin əvvəlində artıq Kiçik Asiyada fəaliyyətə başlamışdı. Bu dövr Romanın Şərqdə ekspansionist siyasətinin güclənməsi ilə səciyyələnir. Parfiyalıların Fərata çıxışı isə Romanın Şərqdə maraqlarına real təhlükə yaradır və onlar arasında hərbi qarşıdurmanı qaçılmaz edirdi. Bununla da total Avropa-Asiya müharibəsi xarakterini almış böyük Roma-Parfiya qarşıdurması başlayır. Özünün "Roma tarixi" kitabında T.Momzen qeyd edirdi ki, "Asiyanın çarları və xalqları qüdrətli və təkəbbürlü Qərbə qarşı birləşir. Bu müharibəni Şərqin Qərblə milli mübarizəsi də adlandırmaq olar, çünki bu müharibə elə məhz belə xarakter daşıyırdı".

Bununla yanaşı, Şərqin, o cümlədən Qafqazın bu gün baş qaldıran "vesternləşdirilməsi" dalğasının bəzi hallarda sanki uğurla cərəyan etdiyi gözə çarpır və yeni eranın I minilliyinin əvvəllərində baş verənlər təkrarlana bilər. Görünür, bu halda, Qərbə "yeni Makedoniyalı İsgəndər" lazım olacaqdır...

Pərvin Darabadi,

Tarix elmləri doktoru, professor

Mənbələr

  1. Шахермайр Ф. Александр Македонский. -M.: ''Наука'', 1984, с.186.
  2. Фрай Р.Н. Наследие Ирана. -M.: ''Издательство восточной литературы'', 1972, с.180-181, 240, 244.
  3. Гафуров Б.Г., Цибукидис Д.И. Александр Македонский и Восток. -M., 1980, c.391.
  4. История Ирана. -M., 1977, c.88.
  5. Бокшанин А.Г. Парфия и Рим. Часть II. -M.: ''Издательство МГУ'', 1966, с.250.
  6. Моммзен Т. История Рима. Том III. -M., 1941, c.61-62.
Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...