THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rusiya: geosiyasi strategiyanın dönüş nöqtəsi

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
373114
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 noyabr 2014 – Newtimes.az

Son zamanlar Kremlin geosiyasi fəallığının artdığı müşahidə olunur. Bu, geniş bir məkanda cərəyan edən hadisələrdə özünü göstərir. Ukraynadan Mərkəzi Asiyaya qədər böyük bir məkanda Moskva öz iradəsini ortaya qoyub. Onun Yaxın Şərqdə də Qərbin ssenarilərinə zidd addımlar atmasından yazılır. Ekspertlər bunların Rusiyanın geosiyasi mövqeyinə necə təsir edəcəyini təhlil edirlər. Etiraf edilməlidir ki, Moskva üçün heç də ürəkaçan olmayan variantlar istisna edilmir. Hətta Rusiyanın dünya liderliyi üçün imkanlarının yetərli olmadığı da vurğulanır.

Xarici siyasət: prioritetlər yeniləşir?

Qərbin sanksiyalarının Rusiyanın valyuta bazarına təsiri artıq özünü büruzə verməyə başlayıb. Rublun qısa müddətdə ABŞ dolları və avroya nisbətən dəyərdən düşməsi ortaya bir çox suallar çıxarıb. Ekspertlər bu prosesin fonunda ölkənin gələcəyi ilə bağlı proqnozlar verirlər. Daha çox qlobal siyasətdə Moskvanın oynaya biləcəyi rolu və tutacağı yeri maraq doğurur.

Etiraf edək ki, bu məsələdə mütəxəssislər yekdil fikirdə deyillər. Müxtəlif versiyalar irəli sürülür, ssenarilərdən bəhs edilir. Onların təhlili maraqlı nəticələr əldə etməyə imkan verir.

Bütövlükdə dünyanın böyük dövlətlərindən biri kimi Rusiyanın imkanları geniş qiymətləndirilir. Ancaq qənaətlərə görə, müasir geosiyasi dinamika çərçivəsində bunlar lider olmaq üçün yetərli deyil (bax: məs., Иван Тимофеев. Волки и зайцы. Что ждет Россию в меняющемся миропорядке? / РСМД, 5 noyabr 2014). Bunlar Kremlin qlobal miqyasda ön sıraya çıxmaq planlarının olmadığı anlamına gəlməməlidir. Əsas məsələ hazırda geosiyasi baxımdan çox həssas olan Avrasiya məkanında Rusiya kimi böyük dövlətin hadisələrin gedişinə potensial təsirlərinin proqnozlaşdırılmasının mümkünlüyündədir.

Bu aspektdə müasir dövrdə Moskvanın həyata keçirdiyi xarici siyasətin bir sıra cəhətlərinə nəzər salmağa ehtiyac görürük. Postsovet məkanında Kreml kifayət qədər fəaldır. Moskva Ukraynada cərəyan edən proseslərə ciddi müdaxilə edə bilib. Ölkənin şərq əyalətlərində aktiv gedişlər etməklə mövqeyini möhkəmləndirib.

Doğrudur, bu, Qərbin kəskin əks-reaksiyasına səbəb olub. Rəsmi Kiyev də etirazını ifadə edib. Lakin Moskvanın seçdiyi yoldan dönməsi gözlənilmir. Bu kontekstdə demək lazımdır ki, Rusiya Avropa İttifaqı ilə Ukrayna arasında imzalanmış assosiativ üzvlük barədə sazişin iqtisadi hissəsinin reallaşmasını təxirə salmağa nail olub. Ekspertlər bunu ciddi faktor sayırlar.

Gürcüstan istiqamətində Moskvanın fəallığı elə də hiss edilmir. Ancaq ölkənin siyasi mühitində baş verən son proseslər bunun aldadıcı olduğu qənaətini yaradır. Qərb ekspertləri hesab edirlər ki, Gürcüstana Rusiyanın təsiri artır. Bunu Tbilisi ilə Moskva arasında aparılan danışıqların mövzusunun genişlənməsi də təsdiq edir. Eyni zamanda, ekspertlər Kremlin Abxaziya və Cənubi Osetiya məsələlərindən istifadə etməklə rəsmi Tbilisiyə təzyiq etdiyinə də diqqət çəkirlər. Bu kontekstdə Rusiyanın əsas "silahı"nın oliqarx B.İvanişvilinin olduğu iddia edilir. Gürcüstanın bölünməsi planının artıq hazır olduğunu iddia edənlər də var. Guya Moskva osetinlərdən istifadə edərək, ermənilərin yaşadığı Cavaxetiyaya qoşun yeritməklə Ermənistanla sərhədə çıxa bilər (bax: məs., Михаил Чернов. Россия выйдет на границы Армении / Lenta.ru, 7 noyabr 2014).

Bu kimi informasiyaların fonunda Gürcüstanın xarici siyasətində Rusiyaya meylliliyin duyulması normal qarşılanmalıdır. Təbii ki, bu, Ermənistanda Moskvanın tam söz sahibi olması fonunda çox əhəmiyyətli bir hadisədir. İrəvan hələ də Rusiyadan asılıdır və yaxın perspektivdə bu vəziyyətin dəyişəcəyi gözlənilmir. Azərbaycanla bağlı isə tamamilə fərqli situasiya müşahidə olunur.

Rəsmi Bakı ilə Moskva arasında bərabərhüquqlu münasibətlər formalaşıb. Siyasi, iqtisadi, mədəni, hərbi və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq inkişaf edir. Kreml Azərbaycan rəhbərliyinin çox düzgün xarici siyasət yeritdiyini dəfələrlə vurğulayıb. Proseslərin bu müstəvidə davam etməsi tam proqnozlaşdırılandır.

Rusiyanın Mərkəzi Asiyada mövqeyi bir qədər mürəkkəb faktorlarla bağlıdır. Hər şeydən öncə, Moskvanı Çinin həmin regionda reallaşdırdığı proqramlar düşündürür. Ekspertlərin rəyinə görə, ümumi səviyyədə Rusiya-Çin münasibətləri yaxşı təsir bağışlasa da, konkret olaraq Mərkəzi Asiya məsələsində onlar rəqibdirlər. Bunu Əfqanıstanın yeni rəhbərliyinin həyata keçirməyə başladığı xarici siyasətin bəzi incə məqamlarından da görmək olar. Belə ki, prezident Əşrəf Qəni Əhmədzay ilk xarici səfərini Çin və Səudiyyə Ərəbistanına edib. Bu, uzunmüddətli strateji əməkdaşlıq kursundan xəbər verir. Rusiyanın bu sırada hansı yeri tutduğu hələ aydın deyil (bax: Михаил Конаровский. Реверансы на Восток с оглядкой на Запад / МГИМО Университет, 3 noyabr 2014).

Rusiyanın Mərkəzi Asiyanın keçmiş sovet respublikaları ilə əlaqələri daha yaxşı inkişaf edir. Həmin bölgədə Moskvanın geosiyasi nüfuzu yüksək səviyyədə qalmaqdadır. Buna baxmayaraq, yaxın illərdə Çinin yeritdiyi siyasət və Əfqanıstandan gözlənilən radikal dini təsirlərin hansı nəticələr verəcəyi məlum deyil. Məhz bu məqamlara görə ekspertlər Moskvanın həmin regionda geosiyasi mövqeyinin "qeyri-xətti" və "qeyri-müəyyən" olduğunu qeyd edirlər. Bu iki anlayış yaranmış vəziyyətdə gözlənilməz dəyişikliklərin mümkünlüyünü ifadə edir (bax: Иван Тимофеев. Göstərilən məqaləsi).

Bunların fonunda Rusiyanın Yaxın Şərq siyasəti də ziddiyyətli və mürəkkəb qiymətləndirilir. Burada Moskva Qərbin hazırladığı proqramlara qoşulmur və eyni zamanda, öz xəttini yeritməyə çalışır. Suriya, İraq, Misir və İran məsələlərində bunu hər kəs gördü. İŞİD-lə mübarizə məsələsində də Kremlin fərqli mövqe tutduğu ifadə edilir. Ekspertlər Rusiyanın iqtisadi çətinlik içində olsa da, B.Əsədə dəstəyini davam etdirdiyini, İraq ordusuna yardım göstərdiyini və bununla da Qərbin yaratdığı koalisiyadan kənarda İranla birlikdə hərəkət etdiyini yazırlar (bax: Hasan Selim Özertem. IŞİD ile Mücadelede Rusya'nın Pozisyounu / USAK, 3 noyabr 2014).

Üç ssenari: liderlik imkanlarının məhdudluğu

Rusiyanın Qərb siyasəti haqqında geniş təhlillər verilib və bu məqalədə onların üzərində dayanmağa ehtiyac görmürük. Bununla yanaşı, Moskvanın geosiyasi çəkisi ilə bağlı bir neçə ssenarinin mümkünlüyünü vurğulamaq lazımdır. Əvvələn, Rusiya Qərblə kəskin ixtilaflara gedə bilər (bax: Иван Тимофеев. Göstərilən məqaləsi). Ekspertlər bunu Rusiyanın maraqları baxımından ən arzuolunmaz variant hesab edirlər. Belə ki, bu, ölkənin təhlükəsizlik və iqtisadi sahələrdə təcrid olunmasına aparıb çıxara bilər. Rusiya maliyyə, texnoloji və başqa inkişaf mənbələrindən məhrum olar. Ölkənin buna tab gətirə bilməsi şansı yüksək qiymətləndirilmir (bax: əvvəlki mənbəyə).

İkinci ssenari Qərbə əhəmiyyətli dərəcədə güzəştə gedilməsi üzərində qurulur. Bu da Rusiyanın maraqları baxımından mənfi qiymətləndirilir, çünki bu halda qlobal miqyasda aparıcı mövqe tutmaq iddiası çox baha başa gələ bilər. Bundan başqa, güzəştlər Rusiyanın küncə sıxışdırlmasına səbəb olar, nəticədə ölkənin inkişafı xeyli ləngiyər (bax: əvvəlki mənbəyə).

Ekspertlərə görə, bu iki ssenari Moskvanı mövcud dünya nizamını dəyişməyə sövq edir. Onu elə bir qlobal mənzərə qane edir ki, daxili inkişaf imkanlarını reallaşdırmaq üçün imkanlar mövcud olsun. Yaxud da onu xarici rəqiblərin Rusiyanın inkişafını əngəlləmək üçün şanslarının məhdud olduğu bir dünya nizamı qane edərdi. Bu aspektdə Kreml üçün çoxqütblülük bir neçə geosiyasi gücün sadəcə birgə yaşaması anlamına gəlmir. Burada ən əsası bir neçə inkişaf və tərəqqi mənbəyinin olmasıdır.

Lakin bu ssenaridə başlıca sual qlobal liderliyi kimin edə biləcəyi ilə bağlıdır. Rusiyanın bu mərhələdə imkanları məhdud olduğundan, ekspertlər həmin rolu Çinin yerinə yetirəcəyi qənaətindədirlər (bax: əvvəlki mənbəyə). Belə olduğu təqdirdə Moskva üçün iki ssenari real ola bilər. Birinci halda Rusiya Qərbə güzəştə getməklə dünyada ikinci dərəcəli rol oynamaqla razılaşmalıdır.

Digər variantda Rusiya Qərblə qarşıdurmanı dərinləşdirərək Çinlə eyni geosiyasi mövqeni tuta bilər. Həmin ssenaridə hər şey Pekinin seçəcəyi geosiyasi strategiyadan asılıdır. Əgər o, Qərb standartlarına adaptasiya yoluna üstünlük versə, onda özü asılı vəziyyətə düşəcəkdir. Rusiya dünyanı Çin standartlarına adaptasiya etdirmək xəttini seçərsə, onda ona uyğunlaşmağa məcbur olacaq.

Hər iki ssenaridə Moskvanın dünya liderliyi şansı az görünür. Belə çıxır ki, indiki tarixi mərhələdə Rusiyanın geosiyasi mövqeyi dəyişə bilər. Həmin kontekstdə hazırda Rusiya ətrafında müşahidə edilən proseslər xeyli dərəcədə düşündürücüdür. Avrasiya məkanında yeni geosiyasi dinamikanın əlamətlərimi özünü büruzə verməkdədir?

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...