THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qərb və Rusiya arasında geosiyasi mübarizənin yeni mərhələsi

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7439
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 noyabr 2014 – Newtimes.az

Rusiya təxminən 400 ildir bu günkü Ukrayna ərazisinə nəzarət edir. Son zamanlarda Rusiya və Ukrayna arasında yaşanan problemlər iki dövlətin bir-birilərinə düşmən olmasından daha çox, ABŞ, NATO və Avropa İttifaqının Rusiyaya yönəlik "Anakonda taktikası”nı həyata keçirməsinin nəticəsidir. "Anakonda taktikası”nı General George Brinton McClellan tərəfindən ilk dəfə ABŞ-da vətəndaş müharibəsində (1861-1865-ci illər) tətbiq edilmişdir. Bu taktikanın məqsədi geosiyasi düşməni zəiflətmək üçün onun dənizlərə, okeanlara, müttəfiqlərinə və təbii sərvətlərə çıxış yollarını bağlamaqdır. Beləliklə, bunu bacaran tərəf geosiyasi mövqeyini nə qədər gücləndirərsə, qarşı tərəfin geosiyasi mövqeyi də o qədər zəifləyəcəkdir (1).

"Anakonda taktikası” "Böyük Oyun” çərçivəsində təxminən 300 ildir müxtəlif vəsilələrlə həyata keçirilir. XİX əsrdə Rusiya və İngiltərə arasında yaşanan mübarizə adətən "Böyük Oyun” adlandırılır. "Anakonda taktikası” isə bu oyunun əsasını təşkil edir. Amma bu barədə fərqli fikirlər də var. Məsələn, Eric Walberg "Böyük Oyun”u hegemon dövlətlər arasında yaşanan mübarizə olaraq görür və bunu üç yerə ayırır: (2)

– XİX əsrin birinci yarısından XX əsrə qədər olan mərhələdə Rusiya və İngiltərənin Asya Heartlandı uğrunda mübarizə. Bu mərhələdə qırılma nöqtəsi Rusiyada Noyabr inqilabının yaşanması olmuşdur;

– İkinci Dünya Müharibəsindən sonra SSRİ və ABŞ arasında yaşanan soyuq müharibə və SSRİ-nin bu "müharibəni” uduzması və ümumən sosialist rejimin süqutu;

– 1989-cu ildə başlayan və hələ də davam edən, ancaq heç bir böyük dövlətin təklikdə bunu həyata keçirməsi mümkün olmayan, enerji, təbii sərvətlər üzərində nəzarəti saxlamağa çalışan ABŞ liderliyində "Qərb” (3) olaraq adlandırılan dünya. Bu dünyanın qarşısında isə "o biri dünya” dayanır.

Qərb tərəfindən "Anakonda taktikası” Rusiyaya qarşı rəngli inqilab adı ilə keçmiş Yuqoslavyada (2000), Gürcüstanda (2003), Qırğızıstanda (2005), Ukraynada (2004, 2014) həyata keçirilir. Bu inqilablar Rusiyanın geosiyasi məkanını məhdudlaşdırmağa Şərqi Avropa və post-sovet coğrafiyasında nəzarəti itirməsinə yönəlmişdir.

SSRİ-nin 21 dekabr 1991-ci ildə süqut etməsindən sonra Rusiya Federasiyası Şərqi Avropa və Baltik dövlətlərini itirməsini çətin də olsa qəbul etdi. Amma Qərb dünyasının post-sovet coğrafiyasında da üstünlüyü ələ almağa çalışmasından sonra vəziyyət dəyişdi. Xüsusilə bu üstünlük Ukrayna kimi geosiyasi mövqeyə sahib olan bir dövlətin sərhədləri daxilində olunca Rusiya dirənməyə və qarşılıq verməyə başladı.

1990-cı illərdə ABŞ-ın Rusiya siyasətini liberallar və realistlər arasında yaşanan ideoloji mübarizədən liberalların zəfər əldə etməsi formalaşdırdı. Realistlər soyuq müharibənin başa çatmasından sonra Şərqi Avropa və Baltik dövlətlərində nəzarətin təmin edilməsini, NATO-nun şərqə doğru genişlənməsini müsbət qarşılasalar da, post-sovet coğrafiyasına doğru genişlənməyi uyğun görmürdülər. Realistlər NATO-nun Ukrayna və Gürcüstanın tam üzvlüyə qəbul etməsinin onsuz da zəif iqtisadiyyata və "yaşlı” əhaliyə malik olan Rusiyanı narahat edəcəyini və keçmiş hegemoniyaya sahib olma duyğularını hərəkətə gətirəcəyini düşünürdülər. Realist məktəbin nümayəndəsi Corc Kennan NATO-nun şərqə doğru genişləndiyi mərhələni təhlil edərkən, "Məncə Ruslar yavaş-yavaş düşməncə davranacaq, bu onların xarici siyasətinə təsir edəcəkdir. Bunun ciddi xəta olduğunu düşünürəm, bunun üçün heç bir əsas yoxdur. Kimsə kimsəyi təhdid etmir.” (4) demişdir.

Bill Klinton iqtidarında təmsil olunan liberallar isə bu mərhələnin fürsət olduğunu, Rusiyanın zəif vəziyyətində Şərqi Avropa və post-sovet coğrafiyasına hakim olmanın tam zamanı olduğunu iddia edərək, Rusiyanın çox da müqavimət göstərməyəcəyini düşünürdülər. Liberallar soyuq müharibənin bitməsindən sonra dünya siyasətinin bünövrəsindən dəyişdiyini, realizmin deyil, idealizmin bütün dünyanı əhatə edəcək şəkildə, başda ABŞ olmaqla digər dövlətlərin də xarici və təhlükəsizlik siyasətində prioritet mövzu olacağı fikrinə hakim idilər. Bu mərhələdə ABŞ və Avropa İttifaqı Şərqi Avropa dövlətləri ilə iqtisadi və siyasi münasibətləri genişlətməyi, bu dövlətləri Avropa İttifaqı sərhədləri daxilində görmək istəyirdi. Liberallar geosiyasətin reallığını diqqətə almadan liberalizmin bütün Avropanı formalaşdıra biləcəyini düşünürdü. Amma Ukrayna nümunəsində olduğu kimi geosiyasəti diqqətdən qaçırmaq mümkün deyil. Rusiya bu amildən irəli gələn təhdidi xüsusilə son illərdə daha ciddi hiss edirdi və qarşı tədbirlər almağa məcbur idi.

Soyuq müharibənin başa çatmasından sonra ABŞ, Avropa İttifaqı və SSRİ-nin dövlət adamları ABŞ ordusunun Avropada qalmasına və NATO-nun dağılmaması haqqında razılığa gəldilər. Ruslar Almaniyanın birləşməsindən sonra daha sülhsevər siyasət həyata keçirəcəyini və Qərb siyasətçilərinin onların narahatçılığını başa düşəcəklərinə ümid edirdi. Amma 1990-cı illərin ortalarında ABŞ NATO-nun, Avropa dövlətləri isə Avropa İttifaqının Şərqi Avropaya doğru genişləmə planını həyata keçirməyə başladı. ABŞ və Avropa İttifaqının 1991-ci ildən bu günə qədər başda Rusiya olmaq üzrə post-sovet dövlətlərinə yönəlik həyata keçirdikləri siyasət təhlil edilərkən, üç ayrı istiqamətdən hərəkət etdiklərini görmək mümkündür:

– NATO-nun genişləməsi;

– Avropa İttifaqının genişləməsi;

– demokratiyanın genişləməsi və güclənməsi.

1999-cu ildə Çexiya, Macarıstan və Polşanın NATO-ya üzv qəbul edilməsi ilə şərqə doğru genişlənməsinin ilk mərhələsi tamamlandı. 2004-cü ildə isə Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya və Sloveniyanın NATO-ya üzv olmaları ilə NATO post-sovet coğrafiyası ilə qonşu oldu. 1995-ci ildə NATO serbləri bombaladığı zaman Rusiya bu təhdidi daha yaxından hiss etdi. Qərb dünyasının sonrakı hədəfi post-sovet dövlətlərindən Ukrayna və Gürcüstanın NATO-ya üzvlük prosesini sürətləndirmək idi. Rusiyanın Avropa İttifaqı və NATO-nun post-sovet məkanına doğru irəliləməsi, Ukrayna və Gürcüstanın NATO-ya üzv olma ehtimalının artmasından hiss etdiyi narahatçılığı müxtəlif vəsilələrlə dilə gətirməsinə baxmayaraq ABŞ və Avropa İttifaqı bu narahatçılığı diqqətə almadı.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru

  1. Комлева Н.А, Украинский кризис как элемент «тактики анаконды», Пространство и Время, 2(16)/2014, http://www.space-time.ru/assets/files/2-16.2014/2226-7271provr-st2-16.2014.13-komleva.pdf
  2. Walberg, Eric. Postmodern Imperialism: Geopolitics and the Great Games. Atlanta, GA: Clarity Press, Inc. 2011.
  3. Панарин А.С. Православная цивилизация в глобальном мире. М.: Алгоритм, 2002.
  4. Джон Миршаймер, Почему Запад повинен в кризисе на Украине, http://www.globalaffairs.ru/number/Poc­hmu-Za­­pad-povinen-v-krizise-na-Ukraine-16921, 3 сентября 2014.
Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...