THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İŞİD anti-İslami güc kimi: sonun başlanğıcı?

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
426936
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 15 oktyabr 2014 – Newtimes.az

Bu gün dünya KİV-i Suriyanın Kobani şəhərinin İŞİD terror təşkilatı tərəfindən işğal olunub-olunmayacağına dair proqnozlara geniş yer verir. Hətta siyasətçilər və analitiklər belə bununla bağlı müzakirələr aparır. Ancaq suriyalıların yaşadığı fəlakətlərin qarşısının alınması üçün real addımlar atılmır. Bu mövqeni doğru hesab etmək mümkün deyil. Çünki proseslərin gedişatı bütün dünyanın təhlükəyə sürükləndiyini göstərir. Xüsusilə, İslam ölkələrinin dövlətçiliyi üçün mürəkkəb vəziyyət yarana bilər. Hələlik isə Yaxın Şərq xalqları bir-birini ittiham edir, bir sıra dövlətlərdə iğtişaş yaratmağa cəhd edirlər. Qərb isə müşahidə edir, "nəyisə öyrənir". Bunların fonunda İŞİD müsəlman cəmiyyətləri üçün yeni "xaos mühərriki" kimi görünür və uzun illərdir davam edən prosesin yalnız bir mərhələsidir. Bundan sonra nələr gəlir?

Kobani: bir xalqın iztirabları və geosiyasi oyunlar

İndi lokal xarakterli geosiyasi hadisənin qlobal təsirə malik olduğunu hər kəs etiraf edir. Lakin bunun səbəbləri üzərində heç də hamı düşünmür. O cümlədən, qlobal geosiyasi oyunçuların regional geosiyasi dinamikaya necə təsir göstərə biləcəyinə aydınlıq gətirmək asan məsələ deyil.

H.Kissincer bu cür problemləri realizmlə idealizmin qarşılıqlı əlaqəsində təqdim edir. Digərləri, ümumiyyətlə, "sivilizasiyaların toqquşması" tezisinin özünü doğrultmadığını vurğulayırlar. Onlar müxtəlif mədəniyyətlərin və dinlərin dialoqunun zəruriliyini qeyd edirlər. Əlbəttə, bunlar dünya geosiyasətində öz yeri və əhəmiyyəti olan amillərdəndir.

Bununla yanaşı, etiraf edilməlidir ki, deyilənlər real həyatda milyonlarla insanın ixtilaflardan, terrordan və zorakılıqdan əziyyət çəkməsinin qarşısını almaq üçün yetərli deyil. Təcrübə bunu göstərir. Hazırda Suriyanın Kobani (Ayn-əl-Ərəb) şəhəri ətrafında baş verən hadisələr deyilənləri sübut edir.

İlk baxışdan İŞİD-in Kobaniyə hücum etdiyinə görə, Türkiyədə kürdlərin etiraz aksiyaları keçirmələri və bir sıra hallarda vandalizmə yol vermələri qəribə görünə bilər. Onlar qonşu Suriyada müharibənin qurbanları olan soydaşlarına yardım tələb edirlər, lakin özləri kimlərinsə ölümünə səbəb olurlar.

Belə çıxır ki, Türkiyə şəhərlərinin küçələrində xaos yaradanların məqsədi reallıqda Kobanidə terror qurbanı olan kürd xalqı deyil. Burada bir gizli siyasət var. Onun mənbəyi Vaşinqtondur, Berlindir, Brüsseldir, yaxud Moskvadır, bilmirik. Lakin ortada yenə də sadə insanların taleyini oyuncaq kimi qırıb atan bir gediş var.

KİV Amerikanın İŞİD-lə mübarizə planı haqqında informasiyalar yayıb. Deyilir ki, onun üç mərhələsi var ki, bunlar da, birincisi, havadan zərbələrin endirilməsi; ikincisi, İraqda hökumətin fəaliyyətinin sabitləşməsindən sonra iraqlıların hərbi cəhətdən hazırlanması və üçüncüsü, İŞİD-in Suriyadakı bazalarının hərbi əməliyyatlar vasitəsi ilə məhv edilməsidir. Bu prosesin 3 il (36 ay) çəkəcəyi proqnozlaşdırılır (bax: Eric Schmitt, Michael R. Gordon, Helene Cooper. Destroying ISIS May Take Years, U.S. Officials Say / "The New York Times", 7 sentyabr 2014).

Bu planın fonunda son günlər bir informasiyanın KİV-də yayılması maraq doğurub. Qərb xüsusi xidmətləri İŞİD tərəfdən bir fransız generalının döyüşdüyü və təşkilatın minlərlə peşəkar silahlı üzvünün olmasından narahatdırlar. Bu məlumatın dəqiqliyinə təminat yoxdur. Ancaq bu, dünyanın böyük dövlətlərinin Yaxın Şərqdə meydana gəlmiş bir terror təşkilatına qarşı 3 il savaşmağı planlaşdırması kontekstində düşündürücüdür.

Hər bir halda belə görünür ki, başda ABŞ olmaqla Qərb İŞİD məsələsindən bir "siyasi şou" yaratmaq niyyətindədir. Hələlik bu terror təşkilatının qarşısını kəsmək üçün ciddi real addım atılmır. Mənzərə isə aşağıdakı kimidir – İŞİD yeni əraziləri zəbt etdikcə, region xalqları arasında nifaq dərinləşir. Çünki onlar bir-birini günahlandırırlar. Hesab edirlər ki, İŞİD-in qarşısının alınmaması yerli dövlətlərin passivliyinin nəticəsidir.

Real olaraq bu terror təşkilatını regiona kimlərin sırıdığı aydın deyil. Deməli, Yaxın Şərq ölkələrində həmin məsələyə görə xaos yaratmağa çalışırlarsa, bu, böyük geosiyasi oyunun bir fraqmentidir. Həmin müstəvidə bir sual meydana gəlir – nəyə görə, İŞİD məsələsini bəhanə edərək Türkiyədə qarışıqlıq salmaq istəyirlər?

Müsəlman dövlətlərin sınağı: İŞİD-dən sonrakı terror

Bir qədər əvvəl Yaxın Şərqin bəzi böyük dövlətləri və Qərb car çəkirdilər ki, Ankaranın regional siyasəti iflasa uğrayıb, türklər Suriyadakı hadisələrə təsir edə bilmir. İndi isə onlar hamılıqla Türkiyənin qonşu ölkədəki savaşa qatılmasını və orada kimlərisə cəzalandırmasını tələb edirlər.

Ankara isə Suriyada koalisiya gücləri tərəfindən tampon bölgə yaradılmasını və həmin ölkədə bütövlükdə siyasi rejimin dəyişilməsini tələb edir. Bu, obyektiv və faydalı mövqedir. Çünki İŞİD Suriya üçün B.Əsəd iqtidarı ilə mübarizə müstəvisində yaradılmış təşkilatdır. Suriyada sabitlik təmin edilməyincə, sağlam demokratik hakimiyyət formalaşdırılmayınca yeni-yeni "işidlər" meydana gələcək. Bunda maraqlı olan dairələrin mövcudluğuna şübhə varmı?

Maraqlıdır ki, Rusiya İŞİD-lə mübarizədə ABŞ-ın təklif etdiyi formada koalisiya yaratmağı doğru hesab etmir (Чуркин: решение США наносить удары по ИГ осложнит совместную работу / РИА Новости, 10 sentyabr 2014). Görünür, Vaşinqtonun atdığı addımların arxasında geosiyasi məqamların dayandığı güman edilir. Konkret desək, məsələ terrorla mübarizə planları ilə məhdudlaşmır.

Həmin aspektdə Türkiyənin güvənli bölgə yaratmaq təklifinə qəti bir cavabın verilməməsi xeyli düşündürücüdür. Son məlumatlara görə, ABŞ və Böyük Britaniya həmin təkliflə bağlı tərəddüd edir, vəziyyəti öyrənməyin lazım olduğunu bildirirlər (bax: Tampon böge önerisine ABD ve İngiltereden yanıt / HaberTürk, 8 oktyabr 2014).

Nəyi öyrənəcəklər? Qərbin İraqdakı peşmərgələri qorumaqla bağlı qəti mövqeyi var. Niyə eyni iradə Suriyadakı insanlarla əlaqədar nümayiş etdirilmir? Yaxud, nəyə görə Qərbdə Kobaninin İŞİD tərəfindən zəbt edilməsində maraqlıdırlar? Üstəlik, C.Kerri eyham edir ki, "biz Türkiyənin İŞİD-ə qarşı nə dərəcədə mübarizə aparacağını dəqiqləşdirməsini gözləyirik" (bax: əvvəlki mənbəyə).

Deməli, anti-İŞİD koalisiyasında vəziyyət hələlik tam aydın deyil. Terror təşkilatı kürdlər üçün tarixi əhəmiyyəti olan bir şəhəri zəbt etməyə çox yaxındır, Amerika isə Ankaradan cavab gözləyir! Lakin mənzərə bu qədər də sadə deyilmiş. Çünki Türkiyədə ardıcıl şəkildə iğtişaşlar törədənlər peyda olub. Kobani olayları fonunda ölkədə çaxnaşma yaratmağa cəhd edilir.

Türkiyə cəmiyyətini xaosa sürükləməklə Kobanidə kürdlərin vəziyyəti yaxşılaşacaqmı? Bu absurdu kütlə görə bilmir. Onları sadəcə Türkiyə dövlətinə qarşı kor-koranə nifrət maraqlandırır. Kənardakı "oyunçular" isə öz zamanlarını gözləyirlər.

Qəribədir ki, Yaxın Şərqin Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İran kimi müsəlman dövlətləri susurlar. İsrail isə adəti üzrə proseslərə açıq reaksiya vermir. Təl-Əviv müharibənin müsəlman ölkələrin daxilinə keçdiyinə əmindir.

Bütün bunların yaratdığı yekun geosiyasi mənzərə müsəlman dövlətləri üçün heç də ürəkaçan deyil. Belə təəssürat yaranır ki, İŞİD kölgəyə çəkilmiş "əl-Qaidə"nin obrazıdır. Həmin kontekstdə bu təşkilat İslam aləmində terror mexanizminin yeni daşıyıcısıdır. Bir qədər sonra guya İŞİD-i aradan götürə bilərlər. Lakin onun əvəzinə daha amansız bir təşkilatın meydana atılması ehtimalı da istisna edilmir. Bu səbəbdən növbəti mərhələdə Yaxın Şərq ölkələri daha ağır vəziyyətlə üzləşə bilərlər.

Bizcə, nəticə birdir – terrorla mübarizədə İslam dövlətləri özləri birləşməlidirlər. Onlar İŞİD-i aradan götürməklə yanaşı, yeni terror qaynaqlarının dirçəlməsinə imkan verməməlidirlər. Əks halda, terror İslam aləminin başına bəla olmaqda davam edəcək. Bu bağlılıqda İŞİD sonuncu dəhşətli silah deyil – o, sonun başlanğıcıdır.

Həmin prizmadan Kobani olaylarına diqqət yetirdikdə, kürdlərin bir xalq olaraq çox ağır vəziyyətə düşdüklərini müəyyən etmək mümkündür. Kənardan onlara dost kimi görünənlər, reallıqda sonu görünməyən geosiyasi intriqalar meydanına atırlar. Kobani İŞİD-in nəzarətinə keçsə, kürdlər ərazicə parçalanmış vəziyyətə düşür. Eyni zamanda, bu təşkilat (İŞİD) Türkiyənin sərhədi boyunca sərbəst fəaliyyət göstərmək imkanı əldə etmiş olur. Kobani məhz bunlara görə Qərb üçün önəmlidir (bax: Kobani neden bu kadar önemli? / "Radikal", 8 oktyabr 2014).

Yaxın Şərqdə son illər müşahidə edilən geosiyasi hadisələrə xronoloji müstəvidə nəzər salsaq, görərik ki, xaos tədricən Şərqə doğru irəliləyir. Hazırda Suriya, İraq və Türkiyə "üçbucağı"nda savaş gedir. Növbədə İran, Qafqaz və Mərkəzi Asiya ola bilər. Artıq bunun ilk əlamətləri özünü göstərir – Özbəkistan və Əfqanıstandakı radikal dini qruplar İŞİD-ə dəstək olduqlarını bildiriblər. Onlar Yaxın Şərqdə missiyalarını başa çatdırdıqdan sonra harada və necə peyda olacaqlar? Bu gün bu məqamı nəzərə almadan İŞİD-lə mübarizə uğurlu sayıla bilməz!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...