THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Geosiyasətin qayıdışı: liderlik yarışının yeni mərhələsi?

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
140515
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 may 2014 – Newtimes.az

Son zamanlar analitiklər dünyanın geosiyasi düzənində köklü dəyişikliklərin getdiyindən tez-tez yazırlar. Bu kontekstdə meydana yeni geosiyasi konfiqurasiyaların çıxdığından danışırlar. Həmin prosesin bütövlükdə dünya siyasətini dəyişdiyi iddia olunur. Düşündürücüdür ki, ekspertlər qlobal geosiyasətdə "sərt güc"dən istifadə hallarının çoxalması mümkünlüyünü vurğulayırlar. Belə bir vəziyyət ümumilikdə qeyri-müəyyənliyin artmasına səbəb ola bilər. Müxtəlif regionlarda isə arzuolunmaz siyasi proseslər başlaya bilər. Bu cür ssenarinin reallaşacağı təqdirdə mövcud münaqişələrin ədalətli həlli məsələsi də müəmmalı qalır.

"Soyuq müharibə"dən sonrakı geosiyasət

Qlobal geosiyasətin dinamikası haqqında nikbin fikir bildirən analitiklər var. Dünyanın yeni düzəninin formalaşdığına dair çoxlu sayda yazılar dərc edilir. Bu zaman keçən əsrin 80-90-cı illərində baş verən geosiyasi proseslərin təhlilinə istinad edilir. Sosialist düşərgəsi dağılandan sonra Qərb tam qələbə çaldığını bayram etdi. Artıq liberal demokratiyanın təntənəsi heç kəsdə şübhə doğurmurdu. ABŞ-ın vahid liderliyinə inananlar kifayət qədər idi.

Ancaq XXI əsrin başlanğıcı meydana bir sıra mürəkkəb suallar çıxardı. Son bir neçə ildə isə qlobal miqyasda elə dəyişikliklər baş verdi ki, indi xeyli fərqli geosiyasi mənzərənin formalaşmaqda olduğunu vurğulayırlar. U.Rassel Mid "Foreign Affairs"jurnalında dərc edilən məqaləsində isə daha köklü dəyişikliklərdən bəhs edir (bax: Walter Russell Mead. The Return of Geopolitics / "Foreign Affairs", may/iyun 2014).

Müəllifin fikrincə, "geosiyasət qayıdır". Konkret deyilsə, keçən əsrin ikinci yarısında olduğu kimi, böyük geosiyasi güclər arasında nüfuz uğrunda kəskin mübarizə gedir. Bunun səbəbi Qərb siyasətçilərinin nəzərdə tutduğu liberal demokratiya ideyasının reallaşmamasıdır. İndi dünyada ABŞ-ın təklif etdiyi geosiyasi model qəbul edilmir.

Qərbdə ümid edirdilər ki, bütövlükdə proseslər onların tam istəklərinə uyğun inkişaf edəcək. Amerikanın qarşısına heç bir başqa dövlət çıxa bilməyəcək. Bir neçə on il xarici siyasəti bu tezis üzərində qurdular. F.Fukuyamanın "tarixin sonu" ideyasını Vaşinqton "geosiyasətin sonu" tezisi ilə birləşdirməyə çalışdı. Bunun konkret ifadəsi əsas diqqətin iqtisadi inkişafa yönəlməsində, ticarətin genişlənməsində, nüvə silahının yayılmasının qarşısının alınmasında və iqlim məsələlərində əksini tapdı.

Maraqlıdır ki, U.R.Mid hesab edir ki, bu cür yanaşma Qərb cəmiyyətində müəyyən "siyasi tənbəllik"yaratdı. Cəmiyyət komfort və rifahı üstün tutdu ki, bununla da "yalançı təhlükəsizlik təsəvvürü"formalaşdı (bax: əvvəlki mənbəyə). Bu fikirlə müəyyən dərəcədə razılaşmaq olar. Lakin müəllif mühüm bir məqamı nədənsə unudur. Məsələ ondan ibarətdir ki, "soyuq müharibə" başa çatandan sonra Qərb ədalətli siyasət yolunu tutmadı.

ABŞ və Avropa İttifaqı ölkələri siyasətdə fəallıqlarını azaltmadılar. Onlar öz maraqlarını daha inadla, ancaq "soyuq müharibə" dövründən fərqli üsullarla güdməyə başladılar. Bunun fonunda "ikili standartlar" ön plana çıxmağa başladı. Həmin gedişatın əsasında U.Midin vurğuladığı "dünyaya ağalıq haqqını əbədi qazanmaq"kimi yanlış təsəvvür dururdu. Həmin hissin təsiri altında Qərb eyni məzmunlu hadisələrə fərqli qiymət verdi, bəzi ölkələrə havadarlıq etdi və tədricən dünya üzrə narazılıq gücləndi.

Bunların nəticəsi müxtəlif regionlarda terrorun geniş yayılması oldu. Yalnız bundan sonra Qərbdə təhlükəsizlik məsələsi yada düşdü. Açıq göründü ki, bu dünyada heç bir dövlət təhdidlərdən, itkilərdən sığortalanmayıb. Bunların fonunda isə geosiyasi mənzərəyə ciddi təsir edən digər proseslər vüsət almağa başladı. Artıq analitiklər yazırlar ki, "Çin, İran və Rusiya "soyuq müharibə"dən sonra formalaşan geosiyasi düzəni heç zaman etiraf etməyiblər və indi cidd-cəhdlə onu dəyişməyə çalışırlar. Bu, dinc proses olmayacaq. Təftişçilərin (Çin, Rusiya və İran nəzərdə tutulur – L.M.) öz məqsədlərinə çatıb-çatmamalarından asılı olmayaraq, onların hərəkətləri artıq qüvvələr nisbətini və beynəlxalq siyasətin dinamikasını dəyişib" (bax: əvvəlki mənbəyə).

"Təftişçilər": müstəqil güc ola bilərlərmi?

Bu artıq ciddi tezisdir. Çünki söhbət faktiki olaraq dünya miqyasında yeni kəskin geosiyasi mübarizənin başlamasından gedir. Həm də burada "sərt güc" tətbiqi mümkündür. Düşündürücüdür ki, məsələ yalnız Qərbin Çin, Rusiya və İrana qarşı durmasından ibarət deyil. U.Mid vurğulayır ki, Tehran-Moskva-Pekin xəttində də ciddi ziddiyyətlər müşahidə edilir.

Rusiya Çinin güclənməsindən ehtiyatlanır. İran və Rusiya neft ixrac edən ölkələr kimi onun daha baha qiymətə satılmasında maraqlıdırlar. Çin isə neft alan dövlət olaraq ucuzlaşmanı istərdi. Yaxın Şərqdə hazırda siyasi sabitsizlik Moskva və Tehranı qane edir. Pekin isə ora böyük sərmayələr qoyub və regionun güclü dövlətləri ilə əməkdaşlıqda maraqlıdır. Xüsusilə, neft sahəsində əlaqələrin genişləndirilməsi Çinə çox xeyirli olardı. Bu səbəbdən də Yaxın Şərqdə qeyri-sabit geosiyasi vəziyyətin yaranması Pekinə sərf etmir.

Ancaq bu ölkələrin hər biri Amerikaya münasibətdə eyni mövqedədirlər. Çin dünya lideri olmaq iddiasını davam etdirir. O, Vaşinqtonun Asiyada mövqeyini möhkəmlətməsindən narahatdır. Son dövrlərdə isə ABŞ Asiya-Sakit okean hövzəsində hərbi qüvvələrini gücləndirib. Yaponiya, Tailand, Vyetnam və Cənubi Koreya kimi dövlətlərlə əməkdaşlığını yeni səviyyəyə qaldırır. Bunlar Pekini qane etmir.

Ukraynada vəziyyətin gərginləşməsi nəticəsində Qərbin Rusiyaya sanksiyalar tətbiq etməyə başlaması Çini hərəkətə keçirib. Pekin Moskvaya təklif edir ki, Rusiyanın Uzaq Şərq əyalətlərinə milyard dollarla sərmayə qoymaq imkanları yaratsın. Bununla yanaşı, rəsmi Pekin Qərbin Ukraynada Rusiya əleyhinə fəaliyyətinə müsbət yanaşmır.

Bu kimi məqamlar Rusiya, Çin və İranı Amerikaya qarşı birləşdirir. Lakin onlar həmişə hücum mövqeyində qalmaqdan çəkinirlər. Çünki ABŞ həmin dövlətlərin daxilində müxtəlif xarakterli ixtilaflar yarada bilər. Nəticədə, hər üç dövlət Amerika ilə birbaşa toqquşmadan yayınırlar (bax: əvvəlki mənbəyə).

Bütün bunlardan çıxarıla biləcək bir vacib nəticə vardır. Biz, qlobal miqyasda böyük dövlətlərin hərbi güc tətbiq etmək üsuluna meyl etməsini nəzərdə tuturuq. ABŞ, Çin, Rusiya və İranın timsalında bunun təsdiqini görürük. Onu da unutmaq olmaz ki, dünyada həmin ölkələrdən başqa potensiallı dövlətlər var. Ümumi geosiyasi mənzərə həmin səbəbdən U.Midin məqaləsində təsvir ediləndən də mürəkkəbdir. Belə çıxır ki, əgər "sərt güc"tətbiqi geniş yayılsa, dünya növbəti qlobal geosiyasi böhranla üz-üzə qala bilər. Proseslərin bu ssenari üzrə inkişaf etməyəcəyinə təminat yoxdur.

Cəmi bir neçə il bundan əvvəl isə mədəniyyətin, humanizmin və barışın hökm sürəcəyi bir yüzillik yaşanacağı haqqında danışılırdı. Obrazlı desək, "tarixin təkəri keçən əsrin 90-cı illərinə tərəf hansı səbəblərdən fırlandı"? Burada ilk növbədə Qərbin yanlış siyasət yeritməsi qeyd edilməlidir. Çünki dünyaya ağalıq iddiasını qarşılıqlı sülh içində yaşamaq strategiyası əvəz etməli idi. Bu, təəssüf ki, baş vermədi. Yer kürəsinin hər bir regionunda hökmranlıq, bütün dünyanı idarə etmək kimi fikirlərə düşmək bütövlükdə bəşəriyyəti təhlükələrə atdı.

Məsələnin digər tərəfi qlobal geosiyasətdə rəqabət və yarışın vacib yer tutmasına, başqa qüvvəni məğlub etmək məqsədinin qalmasına bağlıdır. Belə hal, ümumiyyətlə, qlobal geosiyasətə bir gərginlik verir. "İkili standart" da bu cür mühitdə geniş yayılır. Böyük dövlətlər öz məqsədlərinə çatmaq üçün mümkün olan bütün vasitələrdən istifadə etməyə çalışırlar.

Belə görünür ki, Yaxın Şərqdə, Ukraynada geosiyasi gərginlik hələ bir müddət davam edə bilər. Bura Mərkəzi Asiyanın da əlavə olunması mümkündür. Çin amilinə görə həmin regionda geosiyasi proseslərin intensivləşməsini proqnozlaşdırmaq olar. Artıq bunun bəzi əlamətləri müşahidə edilir. Onda böyük bir geosiyasi məkanda təhlükəli proseslər meydana gələ bilər. Bu kontekstdə analitiklərin müxtəlif geosiyasi konfiqurasiyalardan bəhs etmələri məntiqi təsir bağışlayır. Dünya bütövlükdə geosiyasi baxımdan keyfiyyətcə yeni səviyyəyə qalxır.

Leyla Məmmədəliyeva

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...