THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Novruz Məmmədov: "Heydər Əliyev qeyri-adi strateji düşüncə sahibi idi"

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
317910
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 may 2014 – Newtimes.az

Ulu Öndər Heydər Əliyevin 91 illik yubileyi ölkədə yüksək səviyyədə qeyd edilir. Ümummilli Liderin həyat fəaliyyəti o qədər zəngin olub ki, bu haqda müxtəlif aspektlərdə danışmaq olar. O cümlədən, Ulu Öndərin rəhbərliyi altında uzun müddət işləmiş Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun fikirlərinin oxucular üçün maraqlı olacağını düşündük. Doğrudan da, Novruz müəllim həm siyasi, həm də praktiki baxımdan əhəmiyyətli olan məqamlardan söhbət açdı.

– Novruz müəllim, Siz uzun illər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında işləmisiniz. Sizə onu xarici səfərlərdə müşayiət etmək nəsib olub. Heydər Əliyev şəxsiyyəti haqqında düşüncələrinizi oxucularla bölüşərsinizmi?

– Məmnuniyyətlə. Ancaq etiraf edim ki, Heydər Əliyev kimi bir Zirvə haqqında danışmaq qismətinə onunla bir yerdə işləmək düşmüş insanlar üçün daha çətindir. Çünki Ulu Öndər tarixi şəxsiyyət və siyasətçi kimi elə bir fenomendir ki, onun haqqında söylənilən fikirlər onu tam xarakterizə edə bilmir.

Əvvəlcə deyim ki, onunla işləmək böyük şərəf idi. Yorulmaz, tələbkar və eyni zamanda, olduqca qayğıkeş və mehriban insan idi. Ümumiyyətlə, dünyanın böyük şəxsiyyətləri həmişə adi insanların yaşadığı həyat tərzinin fövqündə dururlar. Heydər Əliyev insanların həyat yoluna işıq saçan təfəkkür və mənəviyyat sahibi idi. Hərəkətləri sadə olsa da, bunun arxasında həmişə böyük məna durardı. Həmin məqamı xüsusilə xarici səfərlərdə hiss edir və qürur duyurdum. Ulu Öndər böyük ideyaya malik idi. Atdığı addımlar, yeritdiyi siyasət, istifadə etdiyi diplomatik üsullar onun uzaqgörənliyini, strateji təfəkkürə sahib olduğunu təsdiq edirdi. Etiraf edim ki, bəzən Heydər Əliyevin cümləsində və ya praktiki addımında hansı məqsədin qarşıya qoyulduğunu vaxtında dərk etmək çətin olurdu. Ümummilli Lider bütün insanlardan bir neçə addım irəlini düşünür və ona uyğun olaraq hərəkət edirdi. Xalqımızın taleyinin möhkəm əllərdə olduğunu duymaq çox xoş idi. Heydər Əliyevin komandasında olanların hər biri uzaqgörən, zəngin erudisiyalı və qayğıkeş rəhbərin yanında özünü tam inamlı hiss edirdi.

Heydər Əliyev dünyanın böyük dövlətlərinin başçıları ilə çox ustalıqla danışıqlar aparır, incə diplomatiya və güclü arqumentlərlə öz mövqeyini onlara qəbul etdirə bilirdi. Bununla bağlı çox epizodlar gətirə bilərəm. Onların sırasında Ulu Öndərin 2001-ci il yanvarın 25-də Strasburqdakı çıxışı xüsusi yer tutur. Həmin tədbir Azərbaycanın Avropa Şurasına üzvlüyə qəbul edilməsi ilə bağlı keçirilirdi. Heydər Əliyevin orada söylədiyi nitq indiyə qədər qulaqlarımda səslənir. Ümummilli Lider çıxışında ölkənin xarici siyasətinin üç strateji aspektini böyük ustalıqla onu dinləyənlərə çatdırdı. Həmin məqamlar bunlardan ibarət idi: birincisi, dövlətin xarici siyasətinin təməlində mədəniyyəttutumlu suverenliyin təmin edilməsi durur; ikincisi, qarşıda duran başlıca vəzifələr Azərbaycanın Avropaya, Qərb mədəniyyətinə, ümumbəşəri dəyərlərə əsaslanan cəmiyyət quruculuğu müstəvisində müəyyən edilir; və nəhayət, üçüncüsü, bu vəzifələrin həyata keçirilməsi mexanizmi Azərbaycanın geomədəni bir məkan kimi Şərqlə Qərbin sintezini təmin etməsi, iki qitə, iki sivilizasiya arasında körpü rolunu oynaması əsasında konkret məzmun alır.

Başqa bir nümunə olaraq Heydər Əliyevin Çin səfərini göstərə bilərəm. Bilirsiniz, Çin ənənəvi olaraq müdrikliyi və incə siyasəti ilə tanınır. Dəfələrlə Heydər Əliyevin çinli siyasi liderlər tərəfindən böyük hörmətlə qarşılandığının, Azərbaycan dövlət başçısının müdrikliyinin qəbul edildiyinin şahidi olmuşam. Azərbaycan rəhbərini onlar bütövlükdə Şərqin böyük siyasi xadimi kimi qiymətləndirirdilər. Ulu Öndər Şərq mədəniyyəti, ənənəsi və siyasətinin incəliklərini dərindən bilirdi.

Nəhayət, bir məqamı da vurğulamağı özümə borc bilirəm. Birgə işlədiyimiz müddətdə siyasətin incəliklərini Heydər Əliyevdən öyrənməyə çalışırdım. Onun qeyri-adi strateji düşüncə sahibi olduğunu görürdüm. Heydər Əliyev bir dəfə də olsun, vaxtından əvvəl addım atmaz və tələsməzdi. Məncə, bu keyfiyyəti ona həmişə yenilik etməyə imkan verirdi. Ulu Öndər həmişə ölkənin gələcəyi haqqında düşünərdi.

– Şübhəsiz, Azərbaycanın xarici siyasət kursunun formalaşması Ulu Öndərin adı ilə bağlıdır. Bu barədə daha geniş fikir bildirməyinizi xahiş edirik.

– Bəli, Ümummilli Liderin əsasını qoyduğu, Prezident İlham Əliyevin yaradıcılıqla davam etdirdiyi xarici siyasət kursu çox səmərəli işləyən mürəkkəb bir sistem kimi özünü tam təsdiq etdi. Ötən əsrin 90-cı illərində regionda vəziyyətin nə qədər mürəkkəb olduğu xatirələrdən silinməyib. Həm qlobal miqyasda ziddiyyətli proseslər gedir, həm də ölkə daxilində bəzi qüvvələr böyük problemlər yaradırdı. Ölkənin o vaxtkı rəhbərliyi yarıtmaz, düşünülməmiş və reallıqlara uyğun olmayan xarici siyasətləri ilə Azərbaycan dövlətçiliyini təhlükə altına atmışdılar. Bir sözlə, həmin dövrdə ölkəmiz gözlənilməz ziddiyyətli məqamlarla üzləşmişdi. Müxtəlif tərəflərdən təzyiqlər edilirdi. Daxildə ölkəni parçalamaq planlarını quranlar da tapıldı. Bütün bu sınaqlardan uğurla çıxan və dövlət quruculuğunu inkişaf etdirmək üçün əlverişli geosiyasi mühit formalaşdıran xarici siyasət kursu yaradılmalı idi. Dövlətçilik üçün çox çətin olan bu məqamda məhz Heydər Əliyev fenomeni öz sözünü dedi.

Ulu Öndər qısa müddətdə xarici siyasətin prioritetlərini müəyyənləşdirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsinin xarici siyasətdəki yerini dəqiqləşdirdi. Bilirsinizmi, ötən əsrin 90-cı illərinin ikinci yarısında Heydər Əliyev bu problemin həlli üçün nə qədər enerji, vaxt və güc sərf etdi? Bəzən həmin illəri xatırlayır və düşünürəm: Ulu Öndər bizim qarşımızda intensiv və səmərəli işləməyi bir vəzifə kimi qoymasaydı, bu gün dövlətçiliyin vəziyyəti necə olardı? Heydər Əliyevin özü yorulmadan, böyük məsuliyyət və peşəkarlıqla gecə-gündüz çalışırdı. Bununla komandasına nümunə göstərirdi. Xüsusilə, Dağlıq Qarabağ məsələsi ilə bağlı hər hansı görüşə Ulu Öndər çox diqqətlə hazırlaşırdı. Mən danışıqlarda onu həmişə qalib görürdüm. Sadəliyi, dürüstlüyü, ədalətliliyi, diplomatik peşəkarlığı, siyasi ustalığı və təmkini ilə Heydər Əliyev həm erməniləri, həm də xarici diplomatları-vasitəçiləri yerində oturdurdu.

Ulu Öndər həmin danışıqlarda addım-addım Azərbaycanın ədalətli mövqeyini qarşıdakı tərəfə elə çatdırırdı ki, onlar buna qarşılıq heç bir ciddi fakt gətirə bilmirdilər. Məhz bu cür gərgin, ağır və əziyyətli fəaliyyətin nəticəsində danışıqlarda ümumi ab-hava tədricən Azərbaycanın xeyrinə dəyişdi.

Bu prosesi Prezident İlham Əliyev böyük uğurla davam etdirir. Axı, cənab Prezident də Ulu Öndərin siyasi məktəbinin davamçısıdır. Heydər Əliyev dövrünün böyük dövlət xadimi və diplomatı, dahi siyasətçisi olmaqla bərabər olduqca perspektivli siyasi-diplomatik məktəbin yaradıcısıdır. Ümummilli Liderin yetirmələri Azərbaycanın müstəqilliyi və suveren dövlətçiliyi yolunda yorulmadan çalışırlar.

Onu da deyim ki, Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunun digər prioritetləri istiqamətində də böyük uğurlar əldə edilib. Bunun ən gözəl sübutu bu gün Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycanın liderliyi və müstəqil siyasət yeritməsinin dünya tərəfindən etiraf olunmasıdır. İndi ölkə regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib. Azərbaycan perspektivli iqtisadi əməkdaşlığın, multikulturalizmin, mədəniyyətlər və dinlərarası dialoqun sivil modelini təklif edən Cənubi Qafqaz dövlətidir.

– Novruz müəllim, çox maraqlı məqamlara toxundunuz. Təəssüf ki, bir müsahibədə bütün məsələləri tamamilə əhatə etmək imkan xaricindədir. Sizə sonuncu sualımız belədir: Güclü dövlət və demokratik cəmiyyətin harmoniyasının Heydər Əliyev modeli haqqında nə demək istərdiniz?

– Bu, çox aktual məsələdir. Çünki söhbət Azərbaycanda dövlət quruculuğunun nəzəri modelinin formalaşdırılmasından gedir. Bəli, Ulu Öndər müstəqil dövlət quruculuğunda güclü dövlətlə demokratik cəmiyyətin harmoniyasına böyük əhəmiyyət verirdi. Mən deyərdim ki, postsovet məkanında məsələnin bu aspektini onun qədər dərindən bilən və praktiki həyata keçirən ikinci bir siyasətçi yox idi. Sadə desək, Heydər Əliyev real demokratik cəmiyyət quruculuğunda güclü dövlətin yaradılmasını mütləq şərt hesab edirdi. Təcrübə Ulu Öndərin tam haqlı olduğunu sübut etdi. Bununla yanaşı, Ümummilli Lider demokratikləşməni dövlət quruculuğunun mərkəzi amili kimi qiymətləndirirdi, çıxışlarında o, bunu həmişə xüsusi qeyd edərdi. Çünki həm xarici siyasətin strateji məqamlarını, həm də insanın qəlbinin dərinliklərindəki arzularını Heydər Əliyev qədər görə bilən yox idi.

Keçən əsrin 90-cı illərində əksər siyasətçilər ifrat liberalizmin təsiri altına düşərək, milli dövlətçiliyin möhkəmləndirilməsinin real və praktiki kursunu müəyyənləşdirə bilmədilər. Heydər Əliyev isə həmişə güclü dövlət qurmağın zəruriliyini vurğulayır və həmin istiqamətdə çalışırdı. Cəmiyyətdə sabitliyin təmin edilməsinə böyük diqqət yetirirdi. Proseslərin gedişi Ulu Öndərin tam haqlı olduğunu göstərdi. Bu gün həm yerləşdiyimiz coğrafi ərazidə, həm də müxtəlif regionlarda baş verən geosiyasi proseslər Ümummilli Liderin nə dərəcədə düzgün mövqe seçdiyini sübut edir. İndi aydındır ki, yalnız güclü dövlətin mövcudluğu şəraitində real demokratik cəmiyyət qurmaq mümkündür. Konkret desək, güclü dövlətlə demokratik cəmiyyətin harmoniyası təmin edilməlidir.

Bu gün Prezident İlham Əliyev Azərbaycanın sabitliyi və təhlükəsizliyi ilə paralel davamlı inkişafını da təmin etməklə bu prosesi uğurla irəli aparır.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...