THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ-Çin: hansı "yumşaq güc" "güclüdür"?

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
95440
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 15 yanvar 2014 – Newtimes.az

Geosiyasətdə yeni anlayışlar tez-tez daxil edilir. Amerikan analitiki С.Nayın "yumşaq güc" termini də onlardan biridir. İndi həmin anlayışdan müxtəlif məqamların təhlilində istifadə edirlər. Son zamanlar Çinin xarici siyasətini analiz edən mütəxəssislər də bu məsələyə diqqət yetirirlər. Şübhəsiz, burada Çinin maraq doğuran inkişafı ciddi rol oynayır. Digər tərəfdən, dünya liderliyi uğrunda mübarizə daha gərgin xarakter alır. O da sirr deyil ki, bu problemdə məzmun dəyişiklikləri baş verir. Bütün bunlar "yumşaq güc" anlayışından istifadə edənlərin əsas məqsədləri üzərində düşünməyi aktuallaşdırır. Doğrudanmı, həmin anlayış geosiyasətdə keyfiyyət dəyişikliklərinə aparıb çıxara bilər?

Silahlar sussun, mədəniyyət "danışsın"!

1990-cı ildə amerikalı tarixçi və publisist Cozef Nay elmi ədəbiyyata "Soft Power" ("yumşaq güc") anlayışını daxil edəndə, onun siyasi-diplomatik dairələrdə geniş istifadə ediləcəyi məlum deyildi. İndi dünya liderliyi iddiasında olan dövlətlərin geosiyasi fəaliyyətlərini xarakterizə etmək üçün həmin terminə tez-tez müraciət edirlər. Ən geniş anlamda "yumşaq güc" hər hansı ölkənin mədəni, iqtisadi, siyasi potensialını reallaşdırma səviyyəsi ilə bağlıdır. Burada daxili siyasətlə yanaşı, xarici siyasət də ciddi surətdə nəzərə alınır.

Son vaxtlar Qərb analitikləri Çin və Rusiyanın xarici siyasətini səciyyələndirərkən məhz "yumşaq güc" terminindən daha çox istifadə etməyə başlayıblar. Onu deyək ki, çinli və rusiyalı ekspertlər də həmin anlayışa getdikcə daha çox üstünlük verməyə başlayırlar. C.Nayın özü Çinin "yumşaq gücü"nün mahiyyətini açmağı nəzərdə tutan bir neçə tezis irəli sürüb. Həmin kontekstdə Vaşinqton və Pekindən məsələyə olan münasibətin təhlili maraq doğurur.

"Foreign Policy" jurnalının 2013-cü il aprelin 29-da dərc olunan sayında C.Nayın "Rusiya və Çin "yumşaq güc"də nəyi başa düşmürlər" adlı məqaləsi işıq üzü görüb (bax: Joseph S. Nye. What China and Russia Don't Get About Soft Power / "Foreignpolicy.com", 29 aprel 2013). Burada amerikalı analitik Moskva və Pekini "dövləti yumşaq güc" xəttini yeritməkdə günahlandırır. Konkret desək, C.Nay hesab edir ki, mədəni, daxili və xarici siyasi dəyərlər dövləti maraqlara görə deyil, vətəndaş cəmiyyətinin ruhuna uyğun təbliğ edilməlidir. Rusiya və Çin rəhbərliyi isə bu anlayışdan daha çox konkret tarixi mərhələdə dövlətin maraqlarına uyğun gələn məqsədlərə çatmaq üçün istifadə edirlər.

Vladimir Putin rus dili və mədəniyyətini dünyaya yaymaq haqqında danışarkən, C.Naya görə, ilk növbədə, Rusiyanın imperiya iddialarını təmin etməyin yollarını nəzərdə tutur. Çində isə Hu Szintao 2007-ci ildə Kommunist Partiyasının qurultayında ölkənin "cəlbedicilik dərəcəsini" artırmaq istiqamətində fəaliyyəti gücləndirməyə çağırırdı. Ancaq hər iki siyasi lider bu zaman birbaşa cəlbediciliyin özünü yox, pul və məcburiyyətlə başqalarına təsir etməyi nəzərdə tutublar (bax: əvvəlki mənbəyə).

Bununla yanaşı, C.Nay etiraf edir ki, Çin mədəniyyəti potensialına görə, qlobal miqyasda qəbul oluna bilər. Qədim dövrdən bu yana həmin mədəni sistem Çin cəmiyyətini nəinki kənar təsirlərdən qoruyub saxlamış, həm də dünyaya yayılmışdır. Hazırda müxtəlif dövlətlərdə Çin dilini və mədəniyyətini öyrədən 400-dən çox Konfutsi institutları vardır (bax: Chen Wei. China's Soft Power Deficit / "The Wall Street Journal", 8 may 2012). Buradan tanınmış analitikin mövqeyində bir ziddiyyətin olduğu hiss edilir. Həmin məqam C.Nayın Pekində verdiyi müsahibədən daha aydın görünür. Analitik Çinin "yumşaq gücü"ndən "Çin arzusu" kontekstində müsbət mənada xeyli fikirlər söyləyib.

"Problemlərini Çin özü həll etməlidir", deyən C.Nay ölkə rəhbərliyinin ifadə etdiyi "Çin arzusu"nun həyata keçmə şansının olduğunu vurğulayır. Pekin bütün dünyaya iqtisadi və mədəni gücünü göstərə bilər. Bu zaman o, öz mədəni ənənələrinə əsaslanan faktorlara üstünlük verməlidir. Həmin aspektdə amerikan və Çin "yumşaq gücü"nü fərqləndirmək lazımdır. Belə ki, Çin mədəniyyətində qədimdən "in" və "yan" elementlərinin harmoniyası məsələsi əsas yer tutur. "İn" nəcib, yumşaq başlanğıcı, "yan" isə sərt, qaba başlanğıcı ifadə edir. C.Nay bu formulu öz nəzəriyyəsinin terminləri ilə belə ifadə edir: "sərt" və "yumşaq" güclərin tarazlığı təmin edilməlidir. Çin mədəni ənənəsi bunun üçün geniş imkanlar yaradır. Lakin bunlar Amerika və Çin "yumşaq güc" fəlsəfəsinin toqquşması zəruriliyindən xəbər vermir.

Bəs ədalət prinsipi?

Cozef Nay hesab edir ki, həmin güclərin sintezindən danışmaq daha doğru olardı. Onlar bir-birlərini tamamlaya bilərlər. Hazırda mövcud olan əlaqələr də bu fikri söyləməyə əsas verir. Buradan belə çıxır ki, C.Nay Çinin mədəni, siyasi-ideoloji və iqtisadi sahələrdə ABŞ-la strateji tərəfdaş ola bilməsi imkanlarına inanır.

Maraqlıdır ki, Çinin özündə amerikalı analitikin bu kimi fikirləri ilə müəyyən məqamlarda kəsişən, lakin Şərq-Qərb mədəni müqayisəsində fərqli mövqedə olan düşüncə sahibləri az deyillər. Onlar Çinin "yumşaq güc" imkanlarını Qərb dövlətlərindən üstün sayırlar. Səbəbi də məhz Şərq mədəniyyətinin xüsusiyyətləri ilə bağlıdır (bax: məs., Чжань Дэсюн. Запад и "мягкая сила" китайской культуры / "İnosmi.ru", 25 mart 2010).

Çjan Desyun yazır ki, Qərb mədəniyyətinin tənəzzülü dövrü başlayıb. Hələ 1946-ci ildə dahi Eynşteyn lakonik surətdə ifadə etmişdi ki, "atomun gücünə yiyələnmək fikir obrazlarından başqa hər şeyi dəyişdi…" Böyük alim bununla elmin gücünün müdrikliklə istifadə olunması ideyasına Qərbin gəlmədiyi fikrini qabardır. 1948-ci ildə isə amerikalı general Omar Bredli deyirmiş ki, "...bizdə elm adamları çoxdur, Allah bəndələri isə azdır… Bizim dünyamız nüvə nəhəngləri və etik cırtdanlar aləmidir…" (bax: əvvəlki mənbəyə). Göründüyü kimi, Amerika üçün güc sahibi olmaq problem deyil, ancaq müdriklik, mənəvi-əxlaqi dəyərləri qorumaq, həyat tərzində onlara üstünlük vermək çətindir. Qərb mədəniyyətinin bütün bəlaları məhz bu məqamdan qaynaqlanır.

Bu cür yanaşmalar Qərb mədəniyyətində fərdiyyətçiliyin mütləqləşdirilməsi ilə əlaqəlidir. Keçən əsrin sonlarında bir Amerika filmində qəhrəmanın əsas tezisi "tamah çox yaxşıdır" cümləsi ilə ifadə olunurdu. İnsanların fərdi uğurlar qazanması əsas meyar olaraq götürülürdü ki, bu da ümumi halda ictimai faktorların arxa plana keçməsi, insanların şəxsi mənafeləri naminə hər şeyə hazır olması ilə nəticələndi.

Onu da vurğulayaq ki, A.Eynşteyn və O.Bredlinin fikirləri ABŞ-ın Yaponiyanın iki şəhərinə atom bombası atmasına olan reaksiya idi. Ancaq, təəssüf ki, bundan sonra da Vaşinqtonun siyasəti dəyişmədi. Çünki Koreyada, Vyetnamda, Kambocada, Əfqanıstanda və nəhayət, İraqda müharibə milyonlarla insanın canını aldı.

Ç.Desyun bütün bunları Qərb mədəniyyətinin zəiflikləri ilə izah edir. Onun fonunda isə Çin kültür ənənələrinin üstünlüklərini göstərir. O, Çin mədəniyyətinin altruist mahiyyətini nümunə kimi göstərir. Şərqdə vətənə xidmət özünükamilləşdirmənin ən yüksək zirvəsidir. Əsl insan ailə maraqlarını şəxsidən, dövlət maraqlarını isə hər ikisindən üstün tutmalıdır. Bu ənənə Çin cəmiyyətinin təməl sütunlarını müəyyənləşdirib.

Nəhayət, çinli yazar Qərb və Çin mədəniyyətinin qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi zərurətini ayrıca vurğulayır. Beləliklə, C.Nay kimi, Ç.Deysu da son məqsəd olaraq ABŞ-la Çinin qarşıdurmasını yox, əməkdaşlığını mümkün sayır. Bütün bunlar geosiyasi aspektdə hansı mənanı verir?

Görünür, Amerika və Çin ümumi dil tapmağa meylləniblər. Hər halda, hər iki ölkənin cəmiyyəti bunu tələb edir. Onlar dünyanın idarə edilməsi məsələsində də anlaşa bilərlər. Prinsipcə, Amerika və Çin mədəniyyətinin sintezini mümkün hesab edənlər, iki böyük dövlətin "ortaq yumşaq güc" yarada bilməsinə işarə edirlər. Reallıqda nələr baş verəcək? Bunu zaman göstərəcək. Ancaq bir məqam diqqəti çəkir – amerikan və çinli analitiklər, nədənsə, ədalət prinsipini yada salmırlar. Görəsən, bunun səbəbi nədən ibarətdir?

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...