THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Almaniya-ABŞ: inamın böhranı

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
26862
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 dekabr 2013 – Newtimes.az

Noyabr ayının 25-26-sında ABŞ Konqresinin nümayəndə heyəti Berlində və Brüsseldə Avropa siyasətçiləri ilə Amerika xüsusi xidmət orqanlarının Avropa qitəsində genişlənmiş fəaliyyətində korrektivlər edilməsinin mümkünlüyünü müzakirə ediblər. Avropaya getməzdən öncə öz İnternet bloqunda xüsusi xidmət orqanlarının daha çox təmkinlik nümayiş etdirməli olduqlarını vurğulayan nümayəndə heyətinin rəhbəri, Senatın xarici əlaqələr komitəsinin Avropa işləri üzrə altkomitəsinin rəhbəri senator Kris Merfi Avropa müttəfiqlərinin narahatlığını qanuni hesab etdiyini bildirdi (1). Bəlkə də bu sözlər avropalıların xoşuna gəldi, amma senatorun həqiqi mövqeyi barədə onun öz bloqunda yerləşdirdiyi bir kəlməsinə görə yox, tamamilə başqa faktlara əsasən fikir yürütmək lazımdır. Məsələn, 2011-ci ilin fevralında Kris Merfi 11 sentyabr faciəsindən sonra xüsusi xidmət orqanlarının səlahiyyətini genişləndirmiş Vətənpərvərlik aktının müddətinin uzadılmasına səs vermişdir.

Brüsseldə Amerika nümayəndə heyətini Avropa İttifaqının Ədliyyə komissarı Vivyen Redinq qəbul etmişdir. Berlində xarici işlər naziri G.Vestervelle və daxil işlər naziri H.-P.Fridrixlə görüşlər keçirildi. B.Obamanın kansler A.Merkeli onun mobil telefonla danışığına qulaq asılmadığına (buradan məntiqi olaraq belə nəticə çıxarmaq olar ki, telefon danışığına əvvəllər qulaq asılıb) inandırdırmasından sonra bu, Vaşinqtonun avropalıların dəfələrlə qoyduqları tələblərinə ilk rəsmi reaksiya oldu. Amerikalı tərəfdaşların uzun-uzadı susması aparıcı alman siyasətçilərini, o cümlədən kansleri də, öz vətəndaşları qarşısında mürəkkəb vəziyyətə saldı. Kabinet hələ avqustun ortalarında şəxsi sferanın müdafiəsinin yaxşılaşdırılması ilə bağlı proqram qəbul etmişdir. Onun səkkiz bəndi arasında ekspert səviyyəsində Birləşmiş Ştatlarla şəxsi məlumatların istifadəsi ilə bağlı danışıqların aparılması, Almaniyada yazışmaların, poçt və telekommunikasiyaların monitorinqi ilə bağlı Böyük Britaniya, ABŞ və Fransa ilə inzibati sazişlərin ləğv edilməsi haqqında bəndlər də vardır (2). Buna heç bir cavab gəlmədi. B.Obama Amerika xüsusi xidmət orqanlarının ünvanına söylənən tənqidi rədd edir və qəti olaraq qeyri-qanuni olaraq telefon danışığına qulaq asmaqla əldə olunan məlumatlarla bağlı hər hansı bir rəsmi üzrxahlıq etməkdən imtina edir. Avropanın diplomatik dairələrindən əldə olunan məlumatlara görə, amerikalılar Avropanın məlumatların müdafiəsi sferasındakı qanunvericiliyinə dair islahatlar layihəsindən məlumatların Amerikanın Milli Təhlükəsizlik Agentliyinə verilməsini qadağan edən bəndin (FİSA-ya qarşı qeyd) çıxarılmasına nail ola biliblər (3).

Lakin problem təkcə şəxsi sfera ilə milli təhlükəsizlik sferaları arasında səddin çəkilməsinin mümkünsüzlüyündə deyil. Texniki vasitələrdən iqtisadi kəşfiyyatın aparılması üçün istifadə etmək istəyi də həddindən artıq çoxdur. Hələ 1990-cı illərin əvvəllərində ovaxtkı prezident B.Klinton deyirdi ki, xüsusi xidmət orqanlarının məlumatlarından ABŞ iqtisadiyyatının maraqları naminə istifadə etmək lazımdır (deməli, terrorçular olmasaydı, onları uydurmaq lazım gələcəkdi). Edvard Snoudenin şəxsi cəsarəti sayəsində ABŞ məxfi xidmətlərinin casusluq fəaliyyətinin miqyası haqqında məlumatların açıqlanması çox ciddi nəticələrə səbəb oldu. Siyasətdə baş verənləri məharətlə maskalayan möhkəm örtük birdən şəffaf oldu və müasir Qərb cəmiyyətinin mürəkkəb idarəetmə mexanizminin bir hissəsi göründü. Sən demə, həm ölkə daxilində sabitliyi, həm də qlobal hegemonluğunu qorumaq üçün ABŞ casusluqdan geniş istifadə edir. Rəsmi sənədlər əsasında təsdiqlənmişdir ki, demokratiyanın beşiyi olan Amerika təkcə öz düşmənlərini güdmür. O, heç müttəfiqləri barədə də informasiya toplamaqdan çəkinmir. Bu cür "kəşf" Almaniyada daha ağrılı qəbul olundu. Təkcə ona görə yox ki, bu ölkə Amerika kəşfiyyatının diqqət mərkəzində oldu. Məsələ bundadır ki, fransız və ya ingilislərdən fərqli olaraq, almanların inkişaf etmiş demokratiya ənənələri yoxdur. Müharibədən sonrakı Almaniyada demokratiyanın qurucuları amerikalılar hesab olunur. Bəs onda onların bu cür statusu jandarm funksiyaları ilə bir araya sığırmı?

Angela Merkelin telefon danışığına qulaq asılmasını terrorçuluq təhlükəsinin qarşısını almaq niyyəti ilə izah etmək mümkün deyil. İqtisadi casusluq təhdidi isə Almaniyada ciddi narahatlığa səbəb oldu. Almaniya Federal Sənaye İttifaqı İdarə heyətinin üzvü Ş.Mayr məlumatların xarakteri və ötürülmənin miqyası haqqında informasiyanın yoxluğundan ciddi narahat olduğunu bildirdi. Almaniyanın maşınqayıranlar İttifaqının müşahidələrinə görə, amerikalılar tərəfindən telefon danışıqlarına qulaq asılmasının sıxlığı ölkənin alman sənayesinin ən yüksək texnoloji müəssisələrinin cəmləşdiyi qərb və cənub hissəsində daha yüksəkdir (4). Alman şirkətlərinin keçirdiyi sorğuya görə, 2012-ci ildə AFR-ə qarşı həyata keçirilən iqtisadi casusluq cəhdlərindən hər dördüncüsü Şimali Amerika tərəfindən həyata keçirilirdi (5).

Buna görə də ABŞ-la Aİ arasında transatlantik azad ticarət zonası haqqında müqavilənin bağlanmasının məqsədəuyğunluğu şübhə altına alındı. Almaniyanın Sənaye-ticarət palatasının rəhbərlərindən biri olan F.Trayer deyib: "Potensial tərəfdaşlar arasında azad ticarət zonası haqqında sazişin bağlanması üçün tam şəffaflıq olmalıdır. Tərəflər arasında inamsızlıq nə qədər çox olsa, danışıqlar da bir o qədər mürəkkəb olacaqdır" (6). Lakin görünür, Avropanın digər ölkələri amerikalıların davranışını təbii qəbul edirlər. Yalnız Lüksemburqun daxili işlər naziri J.Asselborn deyib ki, azad ticarət zonası haqqında danışıqlara başlamazdan öncə ABŞ hökuməti casusluğa son qoyulmasına dair tutarlı zəmanət verməlidir.

Öz növbəsində amerikalılar kibertəhlükəsizlik kimi mühüm bir sferada ciddi güzəştə getməyəcəklərini bəyan ediblər. Avropaya gəlmiş və üzvləri arasında təhlükəsizlik üzrə mütəxəssisin olmadığı Amerika nümayəndə heyətinin statusunun özü buna tam aydın işarə edir. Almaniyanın xarici işlər naziri G.Vestervelle ABŞ Konqresinin nümayəndə heyətinin gəlişini "translatlantik tərəfdaşlığın ifadəsi" kimi qiymətləndirib. O, bəyan edib ki, hər iki tərəf "qarşılıqlı inamın bərpa edilməsi istiqamətində çalışır" (7). Bu cür mənasız sözlərə alman mətbuatı sadəcə etinasızlıq göstərdi. Daxili işlər naziri də orijinal fikir söyləmədi. Okeanın o tayından gələn qonaqların şərəfinə o, müttəfiqlər arasında inamsızlığın yolverilməz olduğunu deyən A.Merkelin bu sözlərini bir daha təkrarladı. Brüssel görüşünün nəticələrinə gəlincə, V.Redinqin aşağıdakı açıqlaması ən azı ikimənalı göründü. O dedi: "Biz bir-birimizi izləmirdik, biz danışır və dinləyirdik" (8). Müttəfiqlər arasında danışıqların aparıldığı mühit bu cür səciyyələndirilirsə, bu, heç də yaxşı hal deyil.

Avropa Komissiyası heç də Amerika ilə münasibətləri gərginləşdirmək istəmir. Onun sədri J.M.Barrozu deyib ki, Amerika müəssisələrinə Avropa tərəfdaşlarından leqal olaraq fərdi məlumatları əldə etmək imkanı verən Safe-Harbor reqlamentinə yenidən baxılmayacaq. Bu, o deməkdir ki, Brüssel Vaşinqtonun sərt mövqeyi qarşısında məğlub oldu. Demək olar ki, eyni vaxtda (bu, təsadüfdürmü?) Almaniyanın xarici ticarət profisitinin Aİ-nin iqtisadiyyatına təsirinin araşdırılacağı haqqında qərar qəbul olunub. Araşdırma Almaniya üçün 2,7 mlrd. avro həcmində cərimə ilə nəticələnə bilər. Vaşinqtonda güclə belə bir ideya təbliğ olunur ki, dünya ticarətinin deformasiyası yüksək profisitin nəticəsi ola bilər (9).

Almaniyanın "Focus" həftəlik nəşrinin saytında dərc olunan "Yazıq Almaniya: onlar yenə də bizə nifrət edirlər" adlı məqalə böyük marağa səbəb olub. Məqalənin müəllifi qeyd edir ki, Brüsseldə gündən-günə Almaniya ilə bağlı skeptiklər qrupu güclənir (10) və bu qrupa "ABŞ-n liderlik üzrə tərəfdaşı" Böyük Britaniya başçılıq edir. Böyük Britaniyada Birinci dünya müharibəsinin 100-cü ildönümünün yaxınlaşdığı şəraitdə anti-alman əhval-əhvalı qızışdırılır.

Belə bir şəraitdə məlumatların müdafiəsi sferasında Avropa qanunvericiliyini işləyib hazırlamaqdan imtina etməyən Almaniya milli təhlükəsizlik sistemini gücləndirmək istiqamətini götürür. Müvafiq müddəa XDİ/XSB və ASDP-nin koalisiya müqaviləsində əks olunub. İşinin keyfiyyətini yaxşılaşdırmaq üçün lazım olan texniki silahlanmaya Almaniyanın xüsusi xidmət orqanları büdcədən 500 mln. avro məbləğində vəsait tələb edir.

27 noyabrda isə BMT yekdil olaraq İnternet istifadəçilərinin izlənilməsinə qarşı qətnamə qəbul etdi. Bu qətnamənin layihəsi Almaniya və Braziliya tərəfindən hazırlanmışdır. Doğrudur, ABŞ, Böyük Britaniya, Yeni Zelandiya və Kanada diplomatlarının (budur "beş göz"!) təzyiqi altında layihənin ilkin müddəaları bir qədər yumşaldırılmışdır.

Nataliya Meden,

REA-nın İqtisadiyyat İnstitutu, iqtisad elmləri namizədi

(1) Sit. : dpa, 21.11.2013.

(2) Acht-Punkte-Programm zum besseren Schutz der Privatsphäre

(3) Foreign Intelligence Surveillance Act – Kəşfiyyat və ABŞ ərazisində casusluq fəaliyyətinin qarşısının alınması haqqında 1978-ci il Federal qanunu nəzərdə tutulur.

(4) tagesspiegel.de

(5) corporate-trust.de

(6) tagesspiegel.de

(7) Westerwelle: Verlorenes Vertrauen wiederherstellen / http://www.auswaertiges-amt.de, 25.11.2013.

(8) Statement by Vice-President Viviane Reding on her meeting with U.S. Senator Christopher Murphy

(9) de.reuters.com, 22.11.2013.

(10) Kissle Alexander. Armes Deutschland: Sie hassen uns wieder / FOCUS , 20.11.2013.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...