THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Cənubi Qafqaz: iki təhlükə arasında

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
47685
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 noyabr 2013 – Newtimes.az

Ermənistandan sonra Azərbaycan və Gürcüstanda da prezident seçkiləri başa çatdı. Onların nəticələri məlumdur. Bunun regional miqyasda geosiyasi dinamikaya təsiri məsələsi aktual görünür. Eyni zamanda, qlobal miqyasda gedən geosiyasi proseslərin Cənubi Qafqaza təsiri məsələsi üzərində düşünməyə ehtiyac vardır. Burada region üçün iki tendensiyadan qaynaqlanan təhlükənin mövcudluğu müşahidə edilir.

ABŞ-Rusiya-Çin alyansı?

Cənubi Qafqazın hər üç ölkəsində prezident seçkisi başa çatdı. Yalnız Gürcüstanda prezident dəyişdi. Ancaq bu, bütövlükdə regionda geosiyasi dinamikanın yeniləşməyəcəyi anlamına gəlmir. Əslində, burada ölkə başçısının dəyişməsi deyil, dövlətin hansı siyasəti həyata keçirməsinin daha çox əhəmiyyəti vardır. Bu baxımdan bölgənin ən perspektivli dövləti kimi Azərbaycanı göstərmək olar.

Məsələnin mahiyyəti hazırda Cənubi Qafqazda müşahidə edilən geosiyasi proseslərin məzmunundadır. Bu sırada Ermənistanın mövqeyində özünü göstərən qeyri-müəyyənlikləri vurğulamaq lazım gəlir. Erməni KİV-də yayılan informasiyalara görə, İrəvan hələ də qəti geosiyasi kurs müəyyənləşdirə bilməyib. Həmin səbəbdən bəzi ekspertlər Ermənistan üçün acınacaqlı ola biləcək tendensiyaların güclənməsindən ehtiyatlanırlar. O cümlədən, Cənubi Qafqazda əməkdaşlıq sistemində yeri olmayan Ermənistanın qlobal güclər tərəfindən "unudulması ehtimalı vardır" (bax: Игорь Мурадян. На белом коне по Eвразии / "Lragir", 5 noyabr 2013).

İrəvanın öz səhvlərini düzəltmək cəhdlərini isə "qeyri-müəyyən perspektiv" kimi qiymətləndirirlər. Bunun fonunda Rusiya-Ermənistan və İran-Ermənistan münasibətlərinin dayanıqlı olduğuna inamın yoxluğu hiss edilir. Erməni ekspertlərin heç biri həmin kontekstdə ölkənin gələcəyinə nəzər salmır. Onlar mülahizə və proqnozlarını Ermənistanın Qərblə əməkdaşlıq perspektivi əsasında formalaşdırırlar.

Burada müəyyən bir paradoksun mövcudluğu duyulur. Çünki rəsmi İrəvanın Gömrük İttifaqına üzvlüyünə ermənilər nədənsə strateji aspektdə müsbət qiymət vermirlər. Belə çıxır ki, cəmiyyətdə həmin məsələ ilə bağlı fikir ayrılığı kifayət qədər dərindir. Geosiyasi müstəvidə İrəvanın tərəddüd etməsi reallıqda region üçün təhlükədir. Çünki bölgənin bir dövlətinin qeyri-müəyyən mövqe tutması həmişə qeyri-sabit vəziyyətin yaranmasına və kənardan dağıdıcı təsirlərin güclənməsinə imkan yaradır. Bu kontekstdə Henri Kissincerin son zamanlar təklif etdiyi bir ideya üzərində dayanmaq gərəkdir.

Məşhur amerikalı diplomat Moskvaya səfəri zamanı yeni ABŞ-Rusiya-Çin geosiyasi alyansını yaratmaqdan danışıb (bax: Дмитрий Рюриков. Мир доктора Киссинджера и реальности / ''Российский Институт Стратегических Исследований'', 6 noyabr 2013). Ekspertlər H.Kissincerin bu fikrinin əsasında onun silahdaşı Tomas Qremin ''İzvestiya'' qəzetində dərc edilən məqaləsində ifadə etdiyi bir tezisin dayandığını yazırlar. Orada belə bir fikir vardır: ''Dünya tarixi dönüş mərhələsinə qədəm qoyub. Bunun nəticəsində dünya nizamı dəyişə bilər. Bu, həm də hər bir ölkənin öz qlobal rolu haqqındakı əsas təsəvvürlərinə çağırışdır'' (bax: Томас Грэм. США и России пора посмотреть в лицо реальности. ''Известия'', 8 oktyabr 2013).

İlk baxışdan bu fikirlərin Cənubi Qafqaza aidiyyəti yoxdur. Lakin nəzərə almaq lazımdır ki, söhbət dünyanın üç ən güclü dövlətinin formalaşdıracağı geosiyasi əməkdaşlıqdan gedirsə, bunun regionlara mümkün təsirini inkar etmək doğru olmazdı. O cümlədən, unutmayaq ki, Rusiya və ABŞ-ın Ermənistana öz iradələrini diktə etmək imkanları genişdir. Bütün bunlara görə rəsmi İrəvanın qeyri-müəyyən geosiyasi mövqe tutması Cənubi Qafqaz üçün ciddi təhlükələr yarada bilər. Məhz bu mənada kənardan olan təzyiqlər bölgədə risk faktorunu artırar.

Yeni geosiyasi kombinasiyalar imkanı: regionun ən zəif ölkəsi hansıdır?

Gürcüstan rəhbərliyinin bir qədər fərqli siyasət yeritməsinə baxmayaraq, onunla da əlaqəli bir sıra həssas məqamlar mövcuddur. Bunlar Tbilisinin Avropa İttifaqına assosiativ üzv olmaq məqsədindən imtina etməməsindən qaynaqlanır. Qonşu dövlətdə prezident və baş nazir dəyişsə də, ölkənin Qərbyönlü siyasətində ciddi yeniləşmə müşahidə edilmir.

Hazırda Tbilisi üçün mürəkkəb bir vəziyyət yaranıb. O, müəyyən mənada Qərblə Rusiya arasında elə də səmərəli olmayan manevrlər etməkdədir. Moskva ilə Abxaziya və Cənubi Osetiya məsələlərinə görə əməkdaşlığı yüksək səviyyəyə qaldıra bilmir. Eyni zamanda, Kremlin qorxusundan Avropa ilə yaxınlaşma prosesini yekunlaşdırmaqdan çəkinir. NATO-ya üzvlük məsələsinin təxirə salınması bununla bağlıdır.

Gürcüstan balanslı siyasət yeritmək üçün xeyli dərəcədə gecikmiş görünür. Artıq bölgədə bir sıra geosiyasi proseslər özünün yetkinlik mərhələsinə çatıb. Rusiya ilə Qərb arasında region uğrunda mübarizə isə yeni mərhələyə qədəm qoyub. Bütün bunlar Tbilisi üçün fərqli geosiyasi situasiya meydana çıxarır. Onun həmin vəziyyətdən necə çıxacağı məlum deyil. Hər bir halda Gürcüstan regional layihələrin fəal iştirakçısı kimi Cənubi Qafqazda geosiyasi sabitliyin mövcud olmasında maraqlıdır. Bu mənada rəsmi Tbilisinin bölgə üçün problem yaratması ehtimalı azdır.

Bunlarla yanaşı, gözləmək olar ki, həm Rusiya, həm də Qərbin rəsmi Tbilisidən tələbləri arta bilər. Hazırda Gürcüstan mallarının Rusiya bazarına buraxılması ilə əlaqədar hazırlıqlar gedir. Lakin assosiativ üzvlük məsələsi gerçəkləşsə, bu prosesin uğurla başa çatacağını proqnozlaşdırmaq çətindir. Ukrayna təcrübəsi bu fikri söyləməyə əsas verir. Moskva Kiyevə ticarət dövriyyəsini məhdudlaşdıra biləcəyi haqqında xəbərdarlıqlar edir. Eyni mövqenin Gürcüstana qarşı nümayiş etdirilməyəcəyinə təminat yoxdur.

Rusiyanın Gürcüstanı Aİ-yə assosiativ üzvlük məsələsinə görə sıxışdırması dolayısı ilə Ermənistan faktorunu başqa aspektdə aktuallaşdırır. Konkret desək, Moskva Gürcüstanda yaşayan erməniləri mərkəzi hökumətə qarşı etiraz aksiyaları keçirməyə sövq edə bilər. Bu müstəvidə miqrant amilindən də istifadə edilməsi mümkündür. Nəticədə, Cənubi Qafqazda növbəti münaqişə ocağı yaranar.

Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycanın regionda geosiyasi rolu sabitliyin təmin edilməsi baxımından daha da artmaqdadır. Bakı müstəqil xarici siyasət yürütdüyünü hər addımda sübut edir. O cümlədən, Rusiyada azərbaycanlı miqrantların hüquqlarının qanun çərçivəsində təmin olunması istiqamətində edilən gedişlər Azərbaycanın dövlət kimi qətiyyətini nümayiş etdirməkdədir. Rəsmi Bakı bununla ona hər hansı formada təzyiqlərin edilməsinin mənasızlığını göstərir.

Azərbaycanın müstəqil xarici siyasətini davam etdirəcəyinə şübhə yoxdur. Bunu Qərbdə bir çox analitik və ekspertlər artıq dərk edirlər. Bu günlərdə ABŞ-ın Corctaun Universitetinin professoru, analitik Brenda Şafferin ''Reuters'' xəbər agentliyinin saytında dərc edilən ''ABŞ-ın Yaxın Şərq siyasəti – dostlarımızı necə qoruyub saxlamalıyıq'' adlı məqaləsində həmin kontekstdə bir fikir ifadə edilib. O, Vaşinqtonu Azərbaycanı tənqid etməkdə ehtiyatlı olmağa çağırıb (bax: Brenda Shaffer. U.S. Mideast policy: Keeping our friends closer. www.blogs.reuters.com, 4 noyabr 2013). Səbəb isə rəsmi Bakının müstəqil siyasət yeritməsi və öz daxili məsələlərini həll etməkdə suveren olmasıdır.

Bunlardan əlavə, Cənubi Qafqazda yaranmış geosiyasi vəziyyət Azərbaycanın regional liderlik roluna yeni dinamika verə bilər. Çünki onun sabitliyi təmin etməsinə daha çox ehtiyac yaranır. Məsələ ondan ibarətdir ki, böyük dövlətlərin regional liderlərin formalaşmasına maraqları artıb. Onlar hər bir bölgədə güclü dövlətin mövcudluğuna normal yanaşırlar. Cənubi Qafqazda bu rolu öz potensialına görə yalnız Azərbaycan oynaya bilər.

Region ölkələrinin geosiyasi rollarının yuxarıdakı müqayisəli təhlili iki tendensiyanı seçməyə əsas verir. Birincisi, Cənubi Qafqaza əvvəlki mərhələlərdə müşahidə edilən kənar təsirlər bir qədər fərqli nisbətdə özünü göstərə bilər. Bunun nəticəsində meydana yeni risklər çıxar ki, regional miqyasda qeyri-müəyyən vəziyyət yaranar. İkincisi, hazırda mövcud olan geosiyasi parametrlərə görə bölgənin ən zəif məkanı Ermənistandır. Bu ölkə xarici qüvvələrdən tam asılı vəziyyətdə qalmaqda davam edir. Hazırda bu vəziyyətin dəyişməsini göstərən hansısa proses getmir. Bu da Cənubi Qafqazda ehtimal edilə biləcək gərgin geosiyasi mənzərənin formalaşması qaynağının Ermənistan olduğunu təsdiq edir. Bunun bütövlükdə regiona təhlükə yaratdığını inkar etmək olmaz.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...