THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Sivilizasiyaların kəsişməsində Afrika – I yazı

Siz buradasınız: Əsas səhifə »» GEOSİYASƏT »»
 4 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
41919
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 oktyabr 2013 – Newtimes.az

Yeni minillik geosiyasi müstəvidə sivilizasiyalar arasında mübarizə ilə xarakterizə olunur. Samuel Hantinqtonun yeni bir nəzəriyyə kimi irəli sürdüyü sivilizasiyaların toqquşması xəttinə əsaslanan beynəlxalq münasibətlər müasir dövrün geosiyasi mənzərəsinin əsasında dayanır. Dini birliyə dayanan sivilizasiyalar arasında isə ümumiyyətlə harmoniya müşahidə olunmur. Müxtəlif dinlərin yayılma arealının kəsişmə sərhədi boyunca daim toqquşmalar baş verir. Tarixi dövr ərzində bu sərhəd xəttinin əsas arteriyası öz coğrafiyasını dəyişmişdir. Misal üçün, Ərəb Xilafətinin dövründə bu xətt bir tərəfdə Yaxın Şərqdən, digər tərəfdə isə Pireney yarımadasından keçirdi. Osmanlı dövründə sivilizasiyaların əsas kəsişmə nöqtələri Balkan və Qafqaz bölgələri idi. XX əsrdə Yaxın Şərq və Hindistan-Pakistan (Kəşmir) sərhəddi əsas toqquşma nöqtələri hesab olunurdu.

Müasir dövrümüzdə adı çəkilən bölgələr qaynar nöqtələr olmaqla bərabər, sivilizasiyaların toqquşmasının ən kəskin müşahidə olunduğu yer Afrikadır. Afrikada sivilizasiyaların uyumsuzluğu geosiyasi müstəvidə də (dövlətlər arasında), müxtəlif dinlər və tayfalar arasında da özünü göstərir. Eyni zamanda sivilizasiyaların toqquşduğu xətt boyunca geosiyasi proseslər daha da mürəkkəbləşir. Yeni dövlətlər yaranır (Cənubi Sudan), separatist meyllər güclənir, geosiyasi həssas məkanlar ortaya çıxır.

Böyük tarixi dövr ərzində müstəmləkə qitəsi olaraq tanınan Afrika müasir dövrümüzdə geosiyasi səhnədə mühüm əhəmiyyətə malik zonaya çevrilmişdir. Zəngin təbii ehtiyatlar, dinamik artım göstərən iqtisadiyyat, sürətlə artan əhali "Qara qitə”nin dünyada mövqeyini müəyyənləşdirən amillərdir. Dünyanın bütün təbii ehtiyatlarının 30%-i Afrikanın payına düşür. Proqnozlara görə 2020-ci ilədək Afrikada neft hasilatı 900 milyon – 1 milyard ton olacaq,2033-cü ildəAfrika ÜDM həcminə görə Şərqi Avropa, 2039-cu ildə isə Latın Amerika səviyyəsinə çatacaq.

Bütün bu proqnozlar sabitliyə əsaslanaraq hazırlanmışdır. Lakin günümüzdə Afrika ətrafında müxtəlif geosiyasi proseslər dövr edir. Bu gün "Qara qitə” müxtəlif dinlərin və mədəniyyətlərin fərqliliyinə əsaslanan sivilizasiyalar arası mübarizənin ən kəskin olduğu məkandır. Afrika müstəmləkə dövründən miras qalan dövlətlərin sərhədlərinin ədalətsiz bölünməsindən hələ də əziyyət çəkir. Bu faktora qitədə xarici qüvvələrin müdaxiləsi ilə qızışdırılan islam-xristian qarşıdurmasını da əlavə etsək Afrikanın geosiyasi mənzərəsində dəyişikliklərin olması qaçınılmaz görünür.

Bu gün bütün dünyanın diqqəti daha çox Ərəb dünyasına, o cümlədən Afrikanın ərəb ölkələrindəki proseslərə yönəlmişdir. Lakin əslində qitədə bundan da dərin böhrana səbəb ola biləcək sivilizasiyalar arası mübarizə gedir. Geosiyasi müstəvidə yeni trendlər özünü göstərir. Çin Afrikanın əksər ölkələrində ən böyük investora çevrilmişdir. Çinin Afrika bazarına tədricən və yavaş-yavaş daxil olması başı ərəb oyanışına qarışan regionun ənənəvi gücləri olan Qərb dövlətlərini faktla üz-üzə qoymuşdur. Bizim qənaətimizə görə, Afrikada sivilizasiyalar arasında mübarizənin əsasında belə geosiyasi ambisiyalar dayanır.

Beləliklə, "Qara qitə”də sivilizasiyaların kəsişmə xətti istiqamətində geosiyasi mübarizə haqqında silsilə yazılar təqdim edirik:

I yazı – Afrikanın ərəb ölkələrində sivilizasiyalar arası təmasın geosiyasi konturları

II yazı – Ərəb olmayan və ya ərəblərin azlıq təşkil etdiyi ərəbdilli ölkələr sivilizasiyaların kəsişmə xətti boyunca

III yazı – Səhra Afrikadan Tropik Afrikaya keçid

IV yazı – Şimal-Cənub ayrıcı – sivilizasiyaların kəsişmə nöqtəsi

I Yazı

Hazırda Afrikada ən mühüm trend İslam və Xristian dünyası arasında mübarizədir. Bu mübarizə sivilizasiyaların təmas nöqtələrində daha kəskin xarakter daşıyır. Bu silahlı münaqişə, separatist mübarizə, bəzən isə terror təşkilatlarının fəaliyyəti ilə müşayiət olunur. Afrikada islam-xristian qarşıdurmasının sərhəd zolağı Saxaradan cənuba doğru Tropik Afrika ölkələrindən keçir. Coğrafi areal baxımından da "Qara qitə”də islamın sərhədi çöllə meşə landşaftının ayrılma xətti boyunca uzanır.

Britannika ensiklopediyasının məlumatına görə 1 milyarddan çox insan yaşayan Afrika qitəsində 48% xristian,41% isə müsəlmandır (2010-cu il üçün). Efiopiya, Misir kimi ölkələr istisna olmaqla xristianlığın qitədə yayılması daha çox müstəmləkə dövrünə düşür. Son 100 ildə xristianlığın yayılmasında yüksək sıçrayış müşahidə olunur. Belə ki, əgər 1900-cü ildə qitədə xristianların sayı cəmi 9 milyon nəfər idisə, 2000-ci ildə bu rəqəm 380 milyon nəfər olmuşdur. Hazırda Afrikada 31 ölkədə xristianlar sayca çoxluq təşkil edirlər. Müqayisə üçün qeyd etmək olar ki, əhalinin yarıdan çoxu müsəlman olan ölkələrin sayı 21-dir.

Afrikada islam dininin yayılmasınıisə 2 əsas mərhələyə bölmək olar. Birincisi, VII-XI əsrlər Şimali Afrikanın ərəb və bərbər tayfalarının islam dinini qəbul etməsi. Ərəb Xilafətinin işğal və siyasi-iqtisadi-mədəni təsiri altında Afrikanın əsasən səhra landşaftında islam dini hakim dinə çevrilmişdir. İkinci mərhələ isə XII əsrdən başlayaraq ticarət, hakim elitanın dini qəbul etməsi, müxtəlif dini cərəyanlarının, o cümlədən sufizmin təsiri altında islam dininin yayılması ilə xarakterizə olunur. Maraqlıdır ki, güc və işğala əsaslanan Xilafət dövründən fərqli olaraq ikinci mərhələdə islam dini daha geniş ərazilərə yayılmışdır.

Hazırda bu regionda ərəb və bərbərlərin mütləq üstünlük təşkil etdiyi 7 ölkə (Misir, Tunis, Liviya, Əlcəzair, Mərakeş, Mavritaniya, Sudan) var. Bu ölkələrdə əhalinin 90%-dən çoxunu müsəlmanlar təşkil edir. Bundan əlavə əhalisi ərəb olmayan və ya ərəblərin azlıq təşkil etdiyi, ancaq rəsmi dillərindən biri ərəb dili olan 4 dövlət var – Cibuti, Somali, Eritreya, Çad. Bunlar içərisində yalnız Çad nisbətən çoxsaylı ərəb əhalisi ilə seçilir (ölkə əhalisinin 12%-i). Digərlərinin ərəbdilli olmasını bu dilin ölkədə çoxsaylı tayfalar arasında birləşdirici funksiyası ilə əlaqələndirmək olar.

Müsəlmanların mütləq çoxluq təşkil etdiyi ərəb ölkələrində sivilizasiyaların qarşıdurması kəskin deyil. Bu baxımdan yalnız Misir və Sudanı fərqləndirmək olar. Misirdə son dövrlər xristian koptlarla müsəlman ərəblər arasında qanlı hadisələr baş verir. "Ərəb oyanışı” baş verən bütün digər ölkələrdə olduğu kimi Misirdən də xristianlar kütləvi şəkildə xaricə miqrasiya edirlər. Bununla belə, bu qarşıdurmanın Misirin geosiyasi çəkisinə hər hansı bir təsiri olmayacağını söyləmək olar. Bu hadisələri sivilizasiyalar arası mübarizə deyil, ölkə daxili ictimai proses kimi qiymətləndirmək daha doğrudur.

Afrikada sivilizasiyaların toqquşma xəttində yeganə ərəb dövləti

Ərəb ölkələri içərisində yalnız Sudan sivilizasiyalararası toqquşma xəttinin tam mərkəzində yerləşir. Afrika qitəsində Sudan Kamerun, Nigeriya və Kot-Divuarla bərabər müsəlman Şimalla xristian Cənub arasında sərhəddir. Sudanda dinlərarası təfriqə ölkə həyatında həlledici amil olmuşdur. Şimalın müsəlman ərəb əhalisi ilə Cənubun qara dərili yerli xalqları arasında mübarizə Sudan müstəqillik qazandıqdan bəri (1956-cı il) davam edir. Müstəmləkə dövründə ingilislərin cənubda xristianlığı yaya bilməsi isə ölkənin taleyində həlledici təsir göstərmişdir. Hələ müstəmləkə dövründə İngiltərə Şimal və Cənub arasında nifaq toxumu səpmişdi. Cənubda ərəb dilinin yayılmasına qarşı ingilis dili tədris olunurdu, bağlı zonalar yaradılmışdı və Şimaldan yaşamaq üçün gəlməyə icazə verilmirdi. Uzun illər mübarizədən sonra Cənubi Sudan Qərb ölkələrinin dəstəyi ilə 2011-ci ildə müstəqilliyini qazandı. Eyni zamanda indi Cənubda əhalinin 20%-ni təşkil edən müsəlmanların sıxışdırılması, islam mədəni irsinin, məscidlərin dağıdılması ilə bağlı məlumatlara rast gəlinir.

Cənubi Sudanın müstəqillik qazanması ilə Afrikada müsəlman Şimalla xristian Cənub arasında sərhəd bir qədər yuxarı çəkildi. Keçmiş Sudanın neft ehtiyatlarının 75%-nin yerləşdiyi Cənubi Sudan dövləti hazırda Afrikada bütün böyük güclərin mübarizə apardığı məkandır. Fransa, İngiltərə, ABŞ ölkə iqtisadiyyatında mühüm yer tutmaq uğrunda mübarizə aparsalar belə, hələlik ən böyük sərmayədarlar Çin şirkətləridir. Bundan əlavə Hindistan Neft və Təbii Qaz Korporasiyası (ONGC) və Malayziyanın "Petronas” şirkətləri də neft layihələrində yer tutublar.

Bir məqamı da qeyd etmək istərdik ki, yeni müstəqil dövlətin yaranmasına baxmayaraq, ənənəvi Şimal-Cənub xəttində həm geosiyasi müstəvidə, həm də sivilizasiyalar arası münasibətlərdə sabit mühitin formalaşmasını söyləmək hələ tezdir.

Birincisi, iki dövlət arasında mübahisəli ərazilər qalmaqdadır və öz həllini gözləyir.İkincisi, regionda sivilizasiyalararası mübarizə tək dini zəminlə məhdudlaşmır. Belə ki, Sudan ərazisində Darfurda hər ikisi müsəlman olan hökumət qüvvələri və ərəblərdən ibarət silahlı qruplaşmalarla yerli qaradərili tayfalar arasında silahlı mübarizə gedir. Darfur təkcə Sudan üçün deyil, ümumiyyətlə mərkəzi Afrikada sabitlik üçün təhlükə yaradan məkan hesab edilir. Sudan-Çad münasibətlərində də Darfur rol oynayır. Çadda Darfurdan qaçan 200 minlik qaçqın yerləşmişdir. Darfurdan həm Çad, həm də Sudan hökumətinin dəstəklədiyi silahlı qüvvələr istifadə edir. Darfur probleminin həlli ilə bağlı böyük güclərin maraqları da toqquşur. Fransa və Çin şirkətləri hazırda regionda neft layihələrində böyük paya malikdirlər. Rusiya Sudan əsas silah təchizatçısıdır. Buna görə də BMT-də bu dövlətlər Darfurla bağlı məsələdə Sudanı müdafiə edirlər.

Üçüncü faktor isə siyasi məqamlarla bağlıdır. Məlum olduğu kimi, Cənubi Sudan Respublikasının Prezidenti ilk rəsmi səfərini İsrailə etmişdir. Sudanla İsrailin düşmən münasibətlərdə olması bu səfərin əhəmiyyətini şərtləndirir. Səfər zamanı su sərvətlərindən istifadə ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanmışdır. Mütəxəssislər bununla da İsrailin Nil hövzəsi su probleminə müdaxilə etmək imkanı qazandığını qeyd edirlər (1). İsrailinAfrikada geosiyasi müstəvidə oynadığı rol sivilizasiyalar arası toqquşma zolağı boyunca sabitliyə müdaxilə etmək iqtidarında olan faktor kimi qiymətləndirilir. Biz bunu Somaliyə münasibətdə İsrail-Keniya əməkdaşlığı zamanı da müşahidə edirik. Bu məsələyə bir qədər sonra ayrıca toxunacağıq.

Beləliklə də, Afrikanın bu regionunda sivilizasiyalar arası mübarizə kəskin dövr yaşayır. Geosiyasi mühitdə sabitsizlikdir və hər an müharibə təhlükəsi var. Darfur regionda sabitlik üçün əsas təhlükə yaradan məkandır. Böyük güclərin və İsrailin regionda güclü təsir imkanları var. Hazırda sivilizasiya müstəvisində müsəlman Şimal geri çəkilmişdir. Gələcəkdə hadisələrin necə cərəyan edəcəyi isə daha çox böyük güclərin müdaxiləsindən asılı olacaq. Hər halda region Afrikanın ən qaynar nöqtələrindən biri olaraq qalır.

Ərəstü Həbibbəyli,

iqtisadiyyat üzrə fəlsəfə doktoru

1. http://www.dunyabulteni.net/?aType=haber&ArticleID=190653

 
Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...