THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Henri Kissincer: geosiyasi konsepsiyaların ideya transformasiyası

Siz buradasınız: Əsas səhifə »» Xarici mətbuat »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1716
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 14 noyabr – Newtimes.az

Hazırda qlobal miqyasda geosiyasi proseslər daha da mürəkkəbləşib. Dünyanın aparıcı dövlətləri belə bir şəraitdə daha səmərəli xarici siyasət kursu yeritməyə çalışırlar. Məşhur diplomat və analitik Henri Kissincer bu məsələ ilə bağlı maraqlı ideyalar irəli sürüb. Onlar geosiyasi konsepsiyalarda ciddi ideya dəyişikliklərinə aparıb çıxara bilər.

Dünya geosiyasətində yeni məqamlar

ABŞ-ın keçmiş dövlət katibi, tanınmış siyasi xadim Henri Kissincer "The New Criterion” jurnalının 30 illiyinə həsr edilmiş mərasimdə (26 aprel 2012-ci il) maraqlı məruzə edib. Həmin tədbirdə ona Edmund Byörk adına "Cəmiyyət və mədəniyyət qarşısında xidmətlərinə görə” birinci mükafat verilib. H.Kissincer məruzəsində müasir geosiyasətin aktual problemlərinə toxunub (1).

Analitik məruzəsində Amerikanın xarici siyasətinin strateji səviyyədə transformasiya etməsinə ehtiyacın yarandığını vurğulayır. O, bunun ideya əsaslarını ifadə edən tezislər irəli sürür. Qlobal mənada məruzənin əhəmiyyəti də məhz bu məqamla bağlıdır.

Henri Kissincer Amerikanın müasir mərhələdəki xarici siyasətinə iki geosiyasi nəzəriyyənin – real siyasət və konservatizmin müqayisəli təhlili prizmasında diqqət yetirir. Məlumdur ki, o özü real siyasət (Realpolitik) tərəfdarıdır. E.Byörk isə konservatizmin banisidir. ABŞ-ın hazırkı mərhələdə xarici siyasətində bu geosiyasi mövqelər hansı dərəcədə nəzərə alınmalıdır? H.Kissincer bu suala geosiyasi nəzəriyyə səviyyəsində cavab verməyə çalışıb.

Keçmiş dövlət katibi ümumi tezis kimi idealizmlə realizmin sintezini irəli sürür. "İdealizm” termini cəmiyyətin dəyərlərini geosiyasətdə əsas faktor hesab edən mövqeni, "realizm” isə hər bir konkret siyasi situasiyaya mövcud reallıqları əsas götürən yanaşmanı ifadə edir. Yəni ABŞ-ın xarici siyasət kursunun Realpolitik ilə konservatizmin (həmçinin neokonservatizmin) birliyi əsasında formalaşdırılmasını lazımlı sayır. Müəllifin problemi təhlilinin ən vacib incəlikləri bu kontekstdə özünü göstərir.

ABŞ-ın xarici siyasəti: konservatizm və neokonservatizmin işığında

Konservatizm ABŞ-ın xarici siyasətində ciddi yer tutur. Burada daha çox neokonservativ mövqe özünü göstərir. Amerika siyasətçiləri xarici siyasətdə hərbi gücdən geniş istifadəyə meyllidirlər. Son bir neçə ildə, xüsuslilə, kiçik Corc Buş dövründə həmin tendensiya müşahidə edilirdi. Konservatorlar isə hərbi güc tətbiqində bir qədər ehtiyatlı davranmağı tövsiyə edirlər. Bu fikir ayrılığının konkret səbəbləri vardır.

Onu nəzərə almaq lazımdır ki, konservatorlarla neokonservatorlar ümumi səviyyədə eyni mövqeyə malikdirlər. Fikir ayrılığı yalnız strateji məqsədə çatmaq yolundakı taktika seçimi ilə əlaqəlidir. Bunun da əsas səbəbi son illər ABŞ-ın geniş hərbi güc tətbiq etməsinə baxmayaraq, qlobal miqyasda geosiyasi təsir gücünün azalmasındadır. Həmin məqamı heç kəs inkar edə bilmir. Hətta ABŞ kimi güclü bir dövlət Əfqanıstan və İraqda tam hərbi qələbəyə nail ola bilmədi. Pentaqon üçün bu, "soyuq duş” oldu, analitikləri isə yeni geosiyasi yanaşmalar üzərində baş sındırmağa məcbur etdi.

Aydın oldu ki, hər bir vəziyyətdə hərbi gücə arxalanmaq gözlənilən nəticəni vermir. Ona görə də ABŞ-da konservatorların mövqeyi bir qədər möhkəmləndi. Eyni zamanda, real siyasət tərəfdarlarını eşitməyə başladılar. Lakin bu zaman ortaya yeni məsələlər çıxır. Onları H.Kissincer maraqlı suallar vasitəsi ilə ifadə edir.

Amerika hərbi güc faktorunu xarici siyasətində hansı dərəcədə nəzərə almalıdır? Əgər humanitar aspektə üstünlük verilsə, hərbi xərclərin azalması təhlükəsizliyin təmininə zərər verəcəkmi? Hərbi xərclərin azalması ilə humanitar sahəyə ayrılan vəsaitlərin nisbəti necə olmalıdır ki, ABŞ-ın lider dövlət mövqeyini qorumasına imkan yaratsın?

Başqa suallar da vardır. Onlar üçün ortaq olan məsələ Amerikanın dünyadakı supergüc statusunu qoruması və gələcəkdə də bunun təmin edilməsindən ibarətdir. Deməli, konservatizmlə neokonservatizmin "mübahisəsi” hansı ideoloji konsepsiyanın müasir tarixi mərhələdə ABŞ-ın dünya liderliyini saxlaması ilə bağlıdır. Qalan bütün digər faktorlar (demokratiya, insan haqları, modern iqtisadiyyat və s.) həmin strateji məqsədə xidmət etməlidir.

Henri Kissincer həmin kontekstdə irəli sürdüyü tezislərdə öz mövqeyini aydın ifadə edir. O, konservatizmlə neokonservatizmin ortaq mövqeyə gəlməsinə üstünlük verir. Bunun üçün müzakirələr aparılmasını zəruri sayır. Dialoq konservatorlarla "neokon”ları (neokonservatorları qısa belə adlandırırlar – Newtimes) ümumi bir mövqeyə gətirəcək.

Bu, H.Kissincerə görə, xarici siyasətdə hərbi gücün azaldılmasından ibarət olmalıdır. Lakin ABŞ dəyərlərinin dünyaya yayılması işinə xələl gətirməməlidir. Yəni son anda Amerikanın maraqlarını təmin etmək üçün hərbi güc tətbiq edilə bilər. Məsələnin bu yerində analitik daha bir geosiyasi konsepsiyaya toxunmalı olur.

Real siyasət: konservatizmlə neokonservatizmin "barış zonası”?

Henri Kissincer təhlillərini Byörk-Bismark-"neokon” zəncirində aparır. E.Byörk geosiyasətdə ənənəni (yəni cəmiyyətdə tarixən formalaşan dəyərləri) nəzərə almağı tövsiyə edirdi, Otto Bismark bu tezisə etiraz etmədən hər bir situasiyada real geosiyasi faktorlara üstünlük verirdi, "neokon”lar isə tarixi təkamülü sürətləndirmək üçün hərbi güc tətbiqini zəruri sayırdı. Bu üç tezisi H.Kissincer ortaq mövqedə birləşdirməyə çalışır. Bunun üçün o, fransız inqilabı, amerikan yenilikləri və "ərəb baharı”nı müqayisə edir.

Fransa inqilabı cəmiyyəti və sosial-siyasi quruluşu dəyişdi. Buna görə E.Byörk onu sevmirdi. İnqilabın cəmiyyətin yaratdığı dəyərləri dağıtdığını yazırdı. Amerikan yeniliyi isə dünyanı yeni geosiyasi nizama gətirdi. E.Byörk onu görmədi, ancaq H.Kissincer amerikan yeniliyinə yüksək qiymət verir. Məhz bu kontekstdə o, Otto Bismarka daha çox üstünlük verir. Yəni dünya siyasətində Amerika fenomenini real geosiyasi və siyasi vəziyyəti nəzərə alaraq səmərəli diplomatiya müstəvisində qiymətləndirir.

Amerikan analitik "ərəb baharı”na bu ideyaların prizmasında qiymət verir. O, almaniyalı jurnalistə verdiyi son müsahibələrinin birində "ərəb baharı”na inanmadığını ifadə edib (bax: 2). O, "Die Scharia macht Demokratie fast unmöglich” ("Şəriət qanunları demokratiyanı demək olar ki, mümkün etmir”) fikrini söyləyib.

Yəni H.Kissincer "ərəb baharı” prosesini Fransa inqilabı və Amerika yenilikləri ilə müqayisə etməyə layiq bilmir. Çünki bu prosesin tarixi missiyası Qərb geosiyasi fikri üçün hələ tam aydın deyil. "Ərəb baharı” dalğası üzərində hakimiyyətə gələnlərin sona qədər demokratiya tərəfdarı ola biləcəyinə şübhə ilə yanaşır.

Bu cür yanaşmada bütövlükdə müasir mərhələdə Yaxın Şərqdə geosiyasi vəziyyət qeyri-müəyyən görünür. Təbii ki, belə bir vəziyyətə uyğun da xarici siyasət formalaşmalıdır. Keçmiş dövlət katibi təhlillərini bu müstəvidə yekunlaşdırır.

Son nöqtəni kim qoyacaq?

Henri Kissincer son nöqtəni qoymur. Lakin ABŞ-ın xarici siyasəti üçün prinsipial əhəmiyyət daşıyan bir strateji tezis irəli sürür – idealizm və realizm birləşməlidir. Başqa sözlə, Amerikanın xarici siyasətində geosiyasi maraqların təmini əsas yerdə qalmalıdır, eyni zamanda, dəyərlərdən imtina edilməməlidir. Dünyanın hər yerində amerikansayağı başa düşülən demokratiya, insan haqları və iqtisadi inkişaf modeli bərqərar olmalıdır! Bu, üzərində ciddi düşünüləsi ideyadır.

Məsələ ondan ibarətdir ki, ABŞ kimi qüdrətli dövlətin bu kursu seçməsi qlobal miqyasda yeni geosiyasi mənzərənin formalaşmasına təkan verə bilər. H.Kissincerin irəli sürdüyü strateji kurs dünyanın müxtəlif guşələrində geosiyasi vəziyyəti çətinləşdirə bilər. Proseslər sonu görünməyən süründürməçiliyə düçar olar.

Yəqin ki, ABŞ geosiyasi marağını gözləmək naminə vəziyyətə ciddi müdaxiləyə baş vurmaz və regional qeyri-müəyyənlik davam edər. Belə bir vəziyyət artıq Suriyaya münasibətdə müşahidə edilir. Qərb həm problemlə maraqlanır, həm də vəziyyətə ciddi surətdə təsir etmir.

Bunlarla yanaşı, H.Kissincerin ideyalarında başqa bir məqam yer alıb. O, Amerikanın təkbaşına dünyaya nəzarət etmək niyyətindən çəkinməyə başlamasında ifadə olunur. Bu da özlüyündə bir neçə geosiyasi güc mərkəzinin mövcudluğu şəraitində dünya lideri olmaq kimi mürəkkəb bir vəzifəni qarşıya qoyur.

H.Kissincerin irəli sürdüyü fikirlər bu məqsədə çatmağa xidmət edir. Amerikanın əvvəlki dövrlərdə olduğu kimi hərbi gücünə arxalanmaması yeni geosiyasi faktordur. Bununla yanaşı, Vaşinqton strateji niyyətlərindən bir addım belə geri çəkilmək fikrində deyil.

Bütün bunlardan aydın görünür ki, ABŞ-da geosiyasi konsepsiyalarda müəyyən transformasiyalar mərhələsi başlayıb. Qlobal miqyasda yaranmış yeni geosiyasi vəziyyətə Amerikanın çevik reaksiya verməsi və öz liderlik rolunu saxlaya bilməsi üçün ideya axtarışları getdikcə intensivləşir. Onların sırasında Henri Kissincer imzası, təbii ki, xüsusi yer tutur. Ancaq o da son nöqtəni qoya bilmir. Bəlkə də bunu yalnız zaman edə bilər.

Newtimes.az

Mənbələr

  1. Henry A.Kissinger. The limits of universalism // "The New Criterion”, June 2012.
  2. Henry A.Kissinger. Die Scharia macht Demokratie fast unmöglich // "Die Welt”, September 17, 2012.
Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...