THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Siz buradasınız: Əsas səhifə »» Xarici mətbuat »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10770
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 fevral 2021 – Newtimes.az

Cənubi Qafqaz tarixən qeyri-sabitliyi ilə seçilən region olub. Əsas səbəb onun ilk növbədə Bizans ilə İranın, daha sonra Osmanlı imperiyası ilə İranın, indi isə Rusiya, İran və Türkiyənin təsir zonalarının kəsişməsində yerləşməsidir.

Regionda sərhədlərin dəyişdirilməsinə son cəhdi 1988-ci ildə Ermənistan edib. O zaman Ermənistan qonşusu Azərbaycana hücuma keçərək, əhalisinin əksəriyyəti erməni olan Dağlıq Qarabağ Muxtar Vilayətini işğal etmişdi. Həmin dövrdə Azərbaycan müharibəyə hazır deyildi. Nəticədə o, məğlub olmuşdu.

1990-cı illərin əvvəllərində Yerevanın yeni əraziləri işğal etmək iştahası daha da artmış və o, Azərbaycanın Dağlıq Qarabağ regionuna bitişik rayonlarını da zəbt etmişdi. Bununla da o, Azərbaycan ərazisinin beşdə birinə nəzarəti əlinə almışdı. Nəticədə yarım milyondan çox azərbaycanlı öz ev-eşiyini tərk etməyə məcbur olmuşdu.

Amma bütün bu illər ərzində Ermənistan işğalın beynəlxalq birlik tərəfindən qəbul edilməsinə nail ola bilməyib. Məsələn, BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi qətnamədə Ermənistandan hərbi birləşmələrini Azərbaycanın işğal altındakı ərazilərindən dərhal çıxarması tələb olunur.

1992-ci ildə ATƏT problemin həllinə vasitəçilik etmək üçün Minsk qrupu adlı qurum da yaradıb. O, Ermənistanı işğal altındakı ərazilərdən çıxmağa məcbur etməli idi. Lakin ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk qrupu təxminən 30 il ərzində nəinki işğala son qoya bilməyib, əksinə, Yerevanın işğalçı siyasətini davam etdirməsinə şərait yaradıb.

Nəticədə Azərbaycan ərazilərini azad etmək üçün yalnız öz ordusuna arxalanmalı olduğunu anlamaqda idi. Odur ki, Bakı güclü, müasir silahla təchiz edilmiş ordu yaratmaq məqsədilə uzunmüddətli plan hazırlamışdı. Bütün ötən illər ərzində Azərbaycan əsgərlərinə təlimlər keçirilir, onlar hərbi hazırlıqla bağlı güclü ənənələri olan Türkiyə daxil olmaqla, müxtəlif ölkələrdəki hərbi kollec və akademiyalara göndərilirdi.

Xatırladaq ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Sovet İttifaqı dağıldıqdan sonra ölkəsinin gücündən istifadə edərək, Azərbaycanla ədalətli sülh müqaviləsi imzalamaq istəyirdi. İndiki baş naziri Nikol Paşinyan isə daha iddialı idi. O, Azərbaycana hücumları davam etdirirdi. Məsələn, ötən ilin iyulunda Ermənistan Azərbaycana Tovuz rayonu istiqamətində hücuma keçmişdi. Bakı-Tbilisi-Ceyhan neft kəməri, yeni işə düşmüş Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycan-Gürcüstan-Türkiyə avtomobil magistralı məhz bu regiondan keçir. Bundan başqa, Ermənistanın işğal etdiyi ərazilərdən fərqli olaraq, Tovuz rayonu iki ölkənin dövlət sərhədində yerləşir.

Amma Yerevanın yay həmləsi nəticə verməmiş, o, işğal altında saxladığı əraziləri genişləndirə bilməmişdi. Halbuki, bəzilərinin fikrincə, Tovuza hücum Azərbaycan-Ermənistan sərhədinin dəyişdirilməsinə hesablanmışdı. Amma bu, Bakını hücuma təhrik etməyə də hesablana bilərdi.

Lakin o zaman Azərbaycan "Rusiyanın NATO-su” adı ilə tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tələsinə düşməyib. Məsələ ondadır ki, Moskvanın bu qurum çərçivəsində müəyyən öhdəlikləri var. Məsələn, KTMT üzvlərinə hər hansı üçüncü ölkə hücum edərsə, Rusiya ona kömək etməlidir. Odur ki, Bakı Ermənistanın Tovuza hücumuna təmkinli reaksiya göstərmiş, sadəcə Yerevanı hücumu dayandırmağa məcbur etməklə kifayətlənmişdi.

Amma ötən ilin sentyabrında Ermənistan Azərbaycanın daha bir neçə şəhərinə hücuma keçdi və bu dəfə Bakının cavabı miqyaslı oldu. Nəticədə Yerevan gözlənildiyi kimi, Rusiyadan KTMT çərçivəsində öhdəliyini yerinə yetirməsini istədi. Amma Moskvanın cavabı fərqli idi: KTMT məsələyə yalnız Ermənistanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinə hücum olunduğu təqdirdə müdaxilə edə bilər.

Beləliklə, sentyabrda Ermənistanla Azərbaycan arasında amansız hərbi toqquşma başlayıb və döyüşlər düz 44 gün davam edib. Nəticədə Ermənistan hərbi birləşmələri ciddi məğlubiyyətlə üzləşib. Azərbaycan Ordusu Ermənistanın təxminən 30 il işğal altında saxladığı ərazilərin əksəriyyətini azad edib. Üstəlik, Azərbaycan Silahlı Qüvvələri mühüm strateji əhəmiyyət kəsb edən Şuşa şəhərini də azad edib, bununla da "Dağlıq Qarabağın paytaxtı'' (dırnaq işarəsi bizə aiddir – WM) Xankəndiyə yol açılıb.

Yalnız Şuşanın azad edilməsindən sonra Rusiya prezidenti Vladimir Putin vəziyyətə qarışıb, tərəflərə atəşkəs razılaşması imzalamalarını təklif edib. Məğlubiyyətini etiraf etməli olan Paşinyanın təkliflə razılaşmaqdan başqa yolu qalmayıb.

Bu yerdə onu da qeyd edək ki, Putinin Qərbpərəst siyasət yürüdən Nikol Paşinyana münasibəti əvvəldən yaxşı olmayıb. Odur ki, Rusiya lideri sanki Ermənistanın baş nazirinə "dərs vermək'' istəyirdi. Bununla yanaşı, V.Putin Ermənistan ordusunun tam məhvinə də göz yuma bilməzdi. Əks təqdirdə, Cənubi Qafqazda Azərbaycan mütləq üstünlük qazanacaqdı.

Bu gün Bakı üçün ən yaxşı həll yolu ermənilərin 1988-ci ilə qədər yaşadıqları ərazilərdə qalmasına imkan verməkdir. Ermənilər isə işğal nəticəsində məcburi köçkünə çevrilmiş azərbaycanlıların doğma evlərinə qayıtmasına problem yaratmamalıdır.

Bir sözlə, atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər. Bu zaman Azərbaycanın zəngin iqtisadiyyatından Dağlıq Qarabağda yaşayan istedadlı və bacarıqlı ermənilər də faydalanacaq. Çünki onlar bu zəngin neft ölkəsinin tamhüquqlu vətəndaşlarıdır.

Yaşar Yakış,

Türkiyənin sabiq xarici işlər naziri

(İngilis dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: Arab News

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...