
Bakı, 6 sentyabr 2020 – Newtimes.az
Müəllif: Akkan Suver
Ağır günlərdən keçirik! Bir tərəfdən COVID-19, digər yandan qonşularımızla münasibətlərdə ağlımıza gəlməyən, amma başımıza gələn haqsızlıqlar... Lakin bu ağır günlərdə belə, başımıza az da olsa, yaxşı işlər də gəlir.
Yunanıstanın Bakıya yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkos sentyabrın 2-də etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib. Etimadnaməni qəbul edən İlham Əliyev səfirə xitabən nitq söyləyib. Bu zaman o, Türkiyə-Azərbaycan ittifaqından danışıb, Şərqi Aralıq dənizi ətrafında baş verənlərə toxunaraq, Türkiyənin yalnız olmadığını, ölkəsinin Ankaranın yanında yer aldığını deyib.
Prezident İlham Əliyev Kipr, Yunanıstan və Ermənistanın hərbi əməkdaşlığına da toxunub, bundan narahatlığını dilə gətirib. Və sonra bunları əlavə edib: "...Mənim sözlərimi başqalarından eşitməyəsiz deyə sizə birbaşa özüm deyirəm''.
Ermənistanın törətdiyi terror hadisələrini, sərhədləri pozmaq cəhdləri və bir milyona yaxın qaçqını da yada salan dövlət başçısı fikrini belə bitirib: "Ümid edirəm ki, Yunanıstanın yeni hökuməti Ermənistan məsələsində daha diqqətli olacaq''.
Prezident İlham Əliyevin bu sözləri yaşadığımız ağır günlərdə ürəyimizə su səpib. İnanıram ki, türk milləti onun bu səmimi sözlərini unutmayacaq.
Bu yerdə fürsətdən istifadə edərək, 100 il əvvələ aid bir xatirəni sizinlə bölüşmək istəyirəm.
İstiqlal savaşı vaxtı Azərbaycan Sovet Sosialist Respublikasının Türkiyədəki səfiri İbrahim Əbilov olub. O, Mustafa Kamal ilə Lenin arasında yaxşı münasibətlərin qurulmasında iştirak etmiş diplomat idi. Əbilova aid iki vacib detalı sizinlə paylaşmaq istərdim. İbrahim Əbilovun səfir işlədiyi illərdə qızı dünyaya gəlib. Körpənin adını Atatürk qoyub – Anadolu.
Mən Anadolu xanımı Bakıdakı səfirlik binamızın açılış mərasimində görmək şərəfinə nail olmuş şəxslərdənəm.
İkinci qeyd: İbrahim Əbilov diplomatik missiyası başa çatdıqdan sonra, 1923-cü ildə Stalin tərəfindən Rusiya nümayəndəsi kimi, İzmiq İqtisadi Konqresinə göndərilir. Tədbir fevralın 17-dən martın 4-dək davam etməli idi. Lakin fevralın 23-də Əbilov qəflətən vəfat edir. Onun cənazəsi məhz Atatürkün istəyilə dəfn olunması üçün Bakıya göndərilir.
İbrahim Əbilovun Ankara xatirələri hələ 1967-ci ildə Bakıda Nəsir İmanquliyevin redaktoru olduğu "Veçernıy Baku'' qəzetində nəşr olunub. Diqqət yetirin: "Dünyada ağlı başında olan heç kəs bu şərtlərdə milli mücadələnin qələbə qazanacağına inanmazdı.
Amma qazancaqdılar!
İnanılmaz çətinliklər içərisində idilər. Ancaq heç kəs borc istəmirdi, heç kim xalqdan qanunsuz pul yığmağı düşünmürdü və nəhayət, heç kim bu vəziyyəti kənardakılara göstərməyə çalışmırdı. Bu, ancaq türklərə aid xüsusiyyət idi. Qələbəyə o qədər əmin idilər ki, buna aralarındakı fikir ayrılığına, bəzən Məclisdəki ziddiyətlərə rəğmən, o qədər inanırdılar ki... Xalidə xanım başda olmaqla, çoxlarının gündə yalnız bir dəfə yemək yediklərini bilirdik. Lakin səfirlikdən onlara nəsə göndərməyə də cəsarət etmirdik. Ankaranın qaranlığında bir başqa işıq parlayırdı''.
İbrahim Əbilovun verdiyi qiymətdən, Heydər Əliyevin "Bir millət, iki dövlət'' düşüncəsinə, oradansa İlham Əliyevin yüksək davranışına…
Bir gün bu birliyin tarixini yazacaqlar və bu dəyərləri tarixi miras kimi müzakirə edəcəklər.
(Türk dilindən tərcümə – WorldMedia.Az)
Mənbə: Gözlem
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...