THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropa İttifaqının Cənubi Qafqazda fəallaşması: Ermənistanın işğalçılığına etiraz güclənir

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
18921
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 iyul 2020 – Newtimes.az

Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı uzun illərdir ki, aparılan danışıqların konkret nəticə verməməsinin səbəbləri çoxdur. Ancaq başlıca maneə rəsmi İrəvanın tutduğu qeyri-konstruktiv mövqedir. Buna qarşılıq olaraq münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun təcavüzkara açıq şəkildə və qətiyyətlə işğalçı olduğunu deməsi və zəbt etdiyi torpaqlardan qeyd-şərtsiz çıxmasını tələb etməsi lazımdır. Təəssüf ki, Minsk qrupunun həmsədrləri hələlik bu qətiyyəti və ədalətli mövqeni ortaya qoya bilmirlər. Beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar kimi xarakterizə edən sənədlər qəbul ediblər. BMT, Avropa İttifaqı, Avropa Şurası, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri bu barədə mövqelərini bildiriblər. Onlarla yanaşı, Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinə magistral yolun çəkilməsi ilə əlaqədar Avropa Parlamenti üzvlərinin birgə bəyanatı öz konkretliyi və dəqiq mövqeyi ilə fərqlənir. Avropa Parlamenti tərəfindən qəbul edilmiş "Avropa Komissiyasına və Komissiyanın vitse-prezidentinə Şərq Tərəfdaşlığı ilə bağlı tövsiyələr" adlı qətnamə də Avropa İttifaqının prinsipial mövqeyini əks etdirən bir sıra ciddi müddəalardan ibarətdir. Qətnamədə dövlətlərin ərazi bütövlüyü prinsipinə üstünlük verilir, bu prinsipin tətbiq olunması üzərində daha israrla dayanılır. Həmin sənədlərdə öz əksini tapmış tezislərin geosiyasi kontekstdə və regional təhlükəsizliyin gələcəyi aspektində analizinə ciddi ehtiyac vardır.

İşğalçının arqumentsizliyi: yalana və ədalətsiz stereotiplərə güc verər

İşğalçı Ermənistanın və onun havadarlarının məsuliyyətsiz, beynəlxalq hüquqa zidd davranışları davam edir. Dünyada geosiyasi proseslərin pandemiya mərhələsində xüsusi məzmun kəsb etməyə başlaması da hələlik onları dayandırmır. Aydın görünür ki, dünya üzrə ədalət pozulduqca bundan bütün xalqlar, hətta ən qüdrətli dövlətlər belə ziyan görürlər. Gözəgörünməyən virus bu həqiqəti dünya zorbalarına sübut etməkdə, onları ədalətə, haqqa, xeyirxahlığa və humanizmə səsləməkdədir. Təəssüf ki, həmin qüvvələr nəinki dünyaya baxışlarında ədalətə doğru dəyişiklik etmirlər, hətta Ermənistan kimi vassal və satellitləri belə qorumağa çalışırlar. Doğrudur, son zamanlar bunun əksi də baş verir. Belə görünür ki, artıq beynəlxalq təşkilatlarda daha çox insan yalan və böhtanla bəslənən Ermənistan kimi təcavüzkarlara arxa durmaqdan beziblər. Lakin məsələnin əsl tərəfi daha çox işğalçının real simasını yorulmadan dünyaya tanıdan Azərbaycan rəhbərliyinin qətiyyətli addımları ilə bağlıdır. Bəli, Azərbaycan dövlət olaraq sürətlə inkişaf edir, həm əsl humanizmə sahib olduğunu dünyaya yorulmadan nümayiş etdirir, həm də təcavüzkarın gerçəklikdə kim olduğunu tutarlı faktlarla hər kəsin qarşısına qoyur. Bu aspektdə müşahidə edilən bir sıra mühüm məqamların üzərində dayanmaq istərdik.

İlk növbədə, olduqca vacib geosiyasi və siyasi əhəmiyyət daşıyan bir müqayisə aparaq. Pandemiya dövrü göstərdi ki, Azərbaycan dünya üçün ciddi töhfəsi olan və əsl humanizmə sahib müstəqil dövlətdir. Prezident İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində ifadə edib: "Azərbaycan pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırmışdır. Eyni zamanda, ölkəmiz bu günə qədər 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirməyi planlaşdırır". Etiraf edək ki, bu cür fədakar davranışı çox məhdud sayda ölkələr (məsələn, Türkiyə, Rusiya, Çin, Almaniya, ABŞ və b.) edə bilib. Bundan başqa, Azərbaycan beynəlxalq arenada pandemiya ilə mübarizə aspektində fəallıq göstərib. Azərbaycan Türk Şurasında pandemiya ilə birgə mübarizə məsələsinin müzakirə edilməsinin təşəbbüskarı olub. Bundan başqa, 2019-cu ildə Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin yekdil qərarı ilə təşkilata sədr seçilən Azərbaycan bu il mayın 4-də Hərəkatın COVID-19-a həsr edilmiş onlayn formatda zirvə görüşünü təşkil edib. Avropa İttifaqının da bu tədbirə dəstək verməsini müsbət qiymətləndirən dövlət başçısı vurğulayıb: "Ümid edirik ki, bu, Avropa İttifaqı və Qoşulmama Hərəkatı arasında fəal əməkdaşlığın başlanğıcı olacaqdır. Biz, həmçinin BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi iclasının keçirilməsini təklif etmişik".

Bunların fonunda Ermənistanın baş nazirinin rəsmi olaraq pandemiya ilə bağlı dedikləri yalnız bir cümlədir: Ermənistan koronavirusla mübarizə üçün Avropadan 92 milyon avro yardım alıb (yəni dilənib)! Bu ölkədə pandemiya ilə bağlı vəziyyətin çox acınacaqlı olmasını da hamı bilir. İrəvan özü etiraf edir ki, cəmiyyəti koronavirus məhv edir, onun qarşısını ala bilmirlər. Nikol Paşinyanın özü də həmin virusa yoluxub və səbəbini ermənilərin fərd və cəmiyyət olaraq məsuliyyətsizliyində gördüyünü deyib.

Yəni, bu qısa müqayisə göstərir ki, Azərbaycan dünyaya belə yardım əlini uzada bilən insanpərvər, müstəqil, öz gücü və qüdrəti olan dövlətdirsə, Ermənistan hələ də dilənçiliklə məşğuldur. Hər məsələdə xaricdən yardım umur, pul almağa çalışır. Bəs haradadır sizin "müstəqil dövlət quruculuğunuz", "qüdrətli erməni dövlətiniz", "regionun ən güclü silahlı qüvvələri"ni hansı vəsaitlə yarada bilərsiniz? Rəsmi İrəvanın danışdıqlarının hamısı "feyk"dir. Bunu hamı bilir, lakin beynəlxalq təşkilatlar hələlik açıq və qəti surətdə həmin həqiqəti demirlər. Onun da nəticəsi o olur ki, rəsmi İrəvan yalan, böhtan və əsassız iddialarına davam edir. Bu baxımdan erməni siyasi dairələrinin Avropa Parlamenti üzvlərinin Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatına münasibətini xatırlatmaq istərdik.

Aydın və konkret: Avropa parlamentarilərindən "Dağlıq Qarabağ və ətraf rayonlar işğal edilib" nidası!

Avropa Parlamenti koronavirus infeksiyası ilə mübarizə üçün Avropadan pul dilənən Ermənistanın Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa və ətraf rayonların bəzilərinə yol çəkmək layihəsinə münasibət bildirib. Bununla bağlı iyunun 10-da Avropa Parlamentinin üzvləri, Avropa İttifaqı və Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin sədri Marina Kalyurand, qurumun Ermənistan üzrə daimi məruzəçisi Trayan Basesku və Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Jelyana Zovko birgə bəyanat yayıblar. Bəyanat konkret olaraq Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın hüquqazidd addımları ilə bağlıdır.

Sənəd cəmi bir səhifə həcmində yığcam, konkret və obyektiv tezislərdən ibarətdir. Bu sənədin məzmunu göstərir ki, çox qısa danışmaqla da Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqəti dolğun demək olar. Bu addım həm də ATƏT-in Minsk qrupunun həmsədrlərinə, beynəlxalq təşkilatlara, böyük dövlətlərin rəhbərlərinə nümunə olmalıdır. Yəni, uzun danışmadan həqiqət deyilsəydi, münaqişə çoxdan öz ədalətli həllini tapardı. Baxın, indiyə qədər Ermənistan siyasi dairələri həmsədrlərin hansı bəyanatına kəskin reaksiya verib və ya ona ciddi cavab hazırlayıb? Bir və ya iki misal gətirmək olar. Lakin bu bir səhifəlik sənədə erməni deputatlar birləşib, "cavab" yazmağa çalışıblar, ancaq özlərini biabır ediblər. Niyə? Onlar savadsızdırlarmı? Səbəbi aydındır: bəlkə də siyasəti yaxşı bilir, kitablardan da nəsə oxuyublar, ancaq əsas məsələ odur ki, haqsızdırlar! Məhz buna görə də tutarlı cavab verə bilməybilər. Erməni deputatlar həm faktları təhrif edib, həm də çox yanlış nəticələr çıxarıblar. Onların üzərində dayanmazdan öncə Avropa Parlamenti deputatlarının hazırladığı bir səhifəlik birgə bəyanatın müddəalarına baxaq.

Sənədin ilk cümləsində Ermənistan işğalçı adlandırılır və onun hərəkətlərinin qanunazidd olduğu vurğulanır. Orada deyilir ki, keçən il Ermənistanla Dağlıq Qarabağı birləşdirən üçüncü magistral yolun tikintisinə tezliklə başlanılacağı haqqında məlumat yayılıb. Bu yeni yol infrastrukturu Qafanla Dağlıq Qarabağdakı Hadrutu (Xocavənd) birləşdirməli, həm də Qubadlı və Cəbrayıl rayonlarından keçməlidir. Sənəddə bu cümlədə ayrıca vurğulanır ki, "Qubadlı və Cəbrayıl da işğal olunub". Nəticə aydındır: Ermənistan indi sərhədləri daxilində olan qədim Azərbaycan diyarı Qafanla XX əsrin 90-cı illərində işğal etdiyi Azərbaycan rayonlarını birləşdirən yol çəkmək xəyalına düşüb. Konkret ifadə etsək, söhbət hər zərrəsinə qədər işğal faktından gedir. Ermənistan havadarlarının yardımı ilə zəbt etdiyi Azərbaycan torpaqlarında indi də nəqliyyat infrastrukturu yaratmağa çalışır. N.Paşinyan kimi başabəla siyasətçilər bunları öz adları ilə verərək, qəhrəman obrazı yaratmağa cəhd göstərirlər. Lakin yuxarıdakı fikirlər də sübut edir ki, həqiqət hamıya çoxdan məlumdur.

Əslində, sənəd müəllifləri kimə irad bildirdiklərini yaxşı anlayırlar. Onlar Ermənistanı maşa kimi istifadə edib regionu fəlakətə sürükləyənlərdən bəhs edirlər. Məsələ məhz buna görə qəlizdir. Əks halda, qısa müddətdə Azərbaycan erməniləri tam məğlub edərdi. Birgə bəyanat müəlliflərinin sonrakı fikirlərinin arxasından bu kimi məqamlar özünü göstərir.

Birgə bəyanatda deyilir: prinsipcə regional əməkdaşlığa yardım edən layihələri dəstəkləyirik (söhbət Avropa Parlamentindən gedir). Şərq qonşularının insanları arasında ünsiyyət olmalıdır. Ancaq "bu magistral yolun inşası qərarı Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər. Buna görə də bu təşəbbüsdən çox təəssüflənirik, çünki bu, etimad, sülh və barışıq mühiti yaratmağa kömək etmir".

Bizcə, mövqe aydın və konkretdir. Avropa İttifaqı prinsip olaraq regional əməkdaşlığı və insanlar arasında əlaqələrin inkişafını alqışlayır. Lakin rəsmi İrəvanın Azərbaycanın işğal altındakı ərazilərini Ermənistanla birləşdirməyə hesablanan təhlükəli yol "strategiyası" avantüradan başqa bir şey deyildir və ona görə də nə regional əməkdaşlığa, nə də insanlar arasında əlaqələrin inkişafına xidmət edəcək. Bu "strategiya" yalnız erməni siyasi dairələrinin və onların havadarlarının eqoist, haqsız, ədalətsiz və əsassız ambisiyalarını təmin edə bilər. Nəticə də aşağıdakı kimi ola bilər.

Birincisi, Ermənistanın vurğulanan planı beynəlxalq hüquqa ziddir, yəni hüquqi əsası yoxdur. Ona görə ki, "Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib". Eyni zamanda, bu tezis Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü sözdə deyil, hüquqi aspektdə də qəbul etdiyini göstərir. Qafanı Qubadlı, Cəbrayıl, Xocavəndlə birləşdirən istənilən layihədə əsas söz sahibi Azərbaycan olmalı idi. Bu olmayıbsa, deməli, rəsmi İrəvan beynəlxalq hüququn baza prinsiplərini pozub.

İkincisi, avropalı deputatlar məsələnin daha təhlükəli aspektini ifadə etməyə çalışıblar. Burada söhbət konkret olaraq Ermənistanın bu addımının praktiki olaraq Dağlıq Qarabağın və ətraf rayonların işğalını möhkəmləndirə biləcəyindən gedir. Bu tendensiya təbii ki, təhlükəlidir və meydana xeyli risklər çıxarır.

Bunlar onu göstərir ki, beynəlxalq hüquqa zidd addımların qarşısı alınmasa sonradan ciddi risklər, hüquqi presedentlər və işğalın nəticəsini təcavüzkarın xeyrinə hüquqi olaraq tanımaq kimi ədalətsiz davranışlar özünü göstərə bilər. Bu gün rəmzi olaraq işğalın möhkəmləndirilməsindən bəhs edilirsə, bir müddət sonra işğalçının havadarları rəsmi olaraq Azərbaycanın işğal edilmiş ərazilərində qondarma erməni dövlətini tanıya bilərlər. Bunlara görə də, avropalı parlamentarilərin həmin məqamı vurğulaması əhəmiyyətlidir. Avropa İttifaqı həmin aspektdə həyəcan təbili çalır. Ermənistanın bu addımından sonra gələ biləcək dağıdıcılığı xəbərdar edir.

Birgə bəyanatın sonunda onun müəllifləri doğru ümumiləşdirmə aparıblar. Onlar belə bir təşəbbüsdən təəssüf hissi keçirdiklərini qeyd ediblər. Çünki o, "inama, sülhə və barışa şərait yaratmağa xidmət etmir". Burada birbaşa Ermənistan danışıqlar prosesini çıxılmazlığa salan tərəf kimi xarakterizə olunur. Rəsmi İrəvan inamsızlıq yaradaraq barışın və sülhün yolunu kəsir. Çıxış yolu kimi avroparlamentarilər ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə dəstək verməyi təklif edir, tərəflərin səmimiyyətlə danışıqlar aparmasını arzulayırlar. Və hesab edirlər ki, bütün bunlar Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan sərhədləri çərçivəsində həllini tapmalıdır. Konkret deyilsə, münaqişə Azərbaycanın ərazi bütövlüyünü təmin etmək şərti ilə həll edilməlidir.

Bununla Avropa Parlamentinin deputatları faktiki olaraq münaqişənin dinc yolla həlli çərçivəsini göstəriblər. Bu, Bakının mövqeyinə tam uyğundur. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyünün təmini çərçivəsində beynəlxalq hüquq prinsiplərinə uyğun həll edilməlidir. Rəsmi İrəvanı da məsələnin daha çox bu tərəfi narahat edib. Erməni deputatların bu sənədə yazdıqları "cavab"da bu, aydın hiss olunur. Hətta onlar özlərini itirərək faktları təhrif etməkdən belə çəkinmirlər. Bu cür izahlar açıq-aşkar gülünc xarakter daşıyır və yəqin ki, ilk növbədə, daxili auditoriyaya ünvanlanıb.

Regional təhlükəsizlik: erməni terroru və təcavüzkarlığı risk mənbəyidir

Ermənistan-Avropa İttifaqı parlament tərəfdaşlığı komitəsi üzvlərinin yığışıb yazmaq istədikləri mətndə Avropa Parlamentinin bu sənədini "destruktiv" adlandırıblar. Sən demə, birgə bəyanatı hazırlayanlar "qərəzli mövqe" tutublarmış və sənəd "çaşdırıcı" imiş. Nəyə görə? Baxın, "qədim xalqın zəkalı nümayəndələri" hansı "arqumentləri" gətirirlər.

Onlar yazırlar ki, ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağın və ya "istənilən başqa ərazinin" işğal edildiyindən heç zaman danışmayıblar. Lakin 2010-cu ildə Muskokada ABŞ, Fransa və Rusiya dövlət başçıları birgə yaydıqları bəyanatda konkret vurğulayıblar ki, "Dağlıq Qarabağı əhatə edən işğal olunmuş ərazilərin qaytarılması" təklifi verilib. Bundan başqa, Avropa Parlamentinin ən azı üç qətnaməsi mövcuddur ki, orada aydın surətdə Dağlıq Qarabağ və ətraf rayonların işğalı vurğulanır. Həmin qətnamələr bunlardır: 2009/2216(INI), 2011/2315(INI) və 2011/2316(INI)!

Qaldı, konkret olaraq Minsk qrupu həmsədrlərinin açıq şəkildə Dağlıq Qarabağın işğalından bəhs etməmələrinə – məhz buna görədir ki, 30 ildir münaqişə həll edilmir. Həmsədrlər özlərini ya passiv aparır, ya da Ermənistanın havadarları kimi davranırlar. Bu həqiqəti indi hər kəs bilir. Əslində, həmsədrlər dolayısı ilə işğal faktını vurğulayırlar. Əks halda, onlar hansı münaqişənin həlli ilə "məşğuldurlar"?. Digər tərəfdən, Avropa Parlamenti ilə ATƏT-in mövqeyi arasında hansı fərqlər vardır? Yəni hər iki təşkilat fərqli mövqedədir? Təbii ki, elə deyil və bütövlükdə Aİ, o cümlədən ATƏT Dağlıq Qarabağın və ətraf rayonların kənar dəstəklə işğal edildiyini gözəl bilir. Məhz bu səbəbdəndir ki, son zamanlar Aİ müxtəlif sənədlərində Cənubi Qafqazdakı münaqişələrə "üçüncü tərəfin təsiri"ndən narahat olduğunu bildirir və getdikcə daha çox miqyasda münaqişənin həll edilməməsi səbəbini həmin faktla bağlayır. Bu da Aİ-nin mövqeyində prinsipial məqamlardan birini təşkil edir.

Brüssel bu regiondakı münaqişələrin kənardan qaynaqlandığını və bölgə ölkələrinin daxili işlərinə müdaxilələrin davam etdiyini ifadə etməkdədir. Bu məqam "Avropa Parlamentinin iyun (2020-ci il) sammiti ərəfəsində Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti / Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə" adlı 2019/2209(INI) nömrəli qətnamədə öz əksini tapıb. Orada bir neçə dəfə vurğulanıb ki, Cənubi Qafqazda kənar təsirlərin nəticəsində münaqişələrin həllində çətinliklər qalır. Əlbəttə, bu, Avropa Parlamentinin regional münaqişələrə diqqətinin daha da artdığını göstərən əhəmiyyətli faktorlardan biridir. Lakin yenə də bir ciddi qüsur qalmaqdadır.

Məsələ ondan ibarətdir ki, Avropa İttifaqının iyun sammiti üçün hazırlanan tövsiyədə konkret olaraq kənar təsirlərlə yanaşı Ermənistanın təcavüzkar siyasətinin davam etməsinin Dağlıq Qarabağ münaqişəsinin həllində başlıca maneə olduğu aydın, dəqiq və təfsilatı ilə vurğulanmayıb. Çünki bütün günahları kənarda olan erməni havadarlarının boynuna yıxmaq da düzgün deyildir (yeri gəlmişkən, onların sırasında Aİ üzvü olan böyük dövlətlər də vardır). Rəsmi İrəvan tamamilə məsuliyyət hissini itirib və öz məkrli istəklərindən başqa bir şeyi görmək iqtidarında deyildir. Onun bu xəstə durumunu Aİ kimi güclü bir təşkilat mütləq ona anlatmalı, izah etməli və işğal etdiyi ərazilərdən bu forpost və vassal dövlətin silahlı dəstələrini çıxarmasını tələb etməlidir.

Eyni zamanda, vurğulanan bu kimi məqamlar fonunda Avropa Parlamentinin üzvlərinin birgə bəyanatı daha konkret və faydalı tezislərlə zəngindir. Yaxşı olar ki, bu kimi demokratik və ədalətli təşəbbüslər davamlı olsun və Avropadakı erməni havadarları vicdanlı deputatlara təzyiq edərək onları mövqeyindən çəkindirməsinlər. Almaniya Kansleri Angela Merkel demişkən, Avropa İttifaqı "ən çətin zamanını yaşayır" və belə kritik mərhələdə onu ƏDALƏT-dən başqa bir şey xilas edə bilməyəcək!

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...