THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Prezidentin növbəti Avropa zəfəri: "Şərq Tərəfdaşlığı"nda yeni mərhələ (II yazı)

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
14475
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 may 2020 – Newtimes.az

Biz Avropa İttifaqı (Aİ) Şurasının 11 may 2020-ci ildə qəbul etdiyi sənədlə bağlı silsilə yazıların ikincisini təqdim edirik. Bu hissədə bundan öncəki sənəddə müəyyən edilən iyirmi məqsədin necə reallaşdığını və onun yeni sənəddə necə ifadə edildiyini təhlil etməyə çalışacağıq. Bu, sonrakı mərhələdə Aİ-Azərbaycan münasibətlərinin "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində inkişaf dinamikasını daha aydın təsəvvür etmək üçün lazımdır. Eyni zamanda, həmin analizdən sonra Azərbaycan rəhbərliyinin vurğulanan istiqamətdə atdığı səmərəli addımların, həyata keçirdiyi islahatlar proqramının və diplomatik peşəkarlığının bir sıra cəhətlərini görmək imkanı yaranacaq.

İyirmi əsas məqsəd: həyata keçirmi?

Göründüyü kimi, Aİ-nin iştirakçısı olan dövlətlərlə "Şərq Tərəfdaşlığı" ölkələrinin əməkdaşlığının dörd əsas istiqaməti sosial, iqtisadi, idarəetmə və kommunikasiya sferalarını əhatə edir. Burada siyasi və təhlükəsizlik komponentlərinin olmaması təsadüfi deyil. Birinci yazıda vurğuladığımız kimi, qlobal geosiyasi proseslər Aİ-ni həm özünün genişlənməsi, həm də həyata keçirdiyi inteqrasiya proqramlarına düzəlişlər etməyə məcbur etdi. Dörd baza istiqamət üzrə iyirmi praktiki hədəfin müəyyənləşməsi də həmin məntiq çərçivəsində baş verdi. Həmin hədəflərin sırasına aşağıdakılar daxildir – vətəndaş cəmiyyətinin baza səviyyəsində təşkili, əsas beynəlxalq valyuta təşkilatları ilə tərəfdaşlıq şəraitində biznesə dəstək, enerji səmərəliliyi sahəsində konkret sərmayələr və islahatlar üzrə öhdəliklərin götürülməsi, 2030-cu ilədək olan dövrdə tərəfdaş ölkələri bir-biri və Aİ ilə təhlükəsiz şəkildə bağlayacaq nəqliyyat dəhlizinin yaradılması, tərəfdaş ölkələr arasında rəqəmsal rouminqin təşkili, rəqəmsal sferalarda yeni iş yerlərinin yaradılmasına Aİ-nin dəstəyi, gənclərə və təhsilə dəstək üçün yeni geniş tədbirlər planının hazırlanması, strateji kommunikasiyaların aktivləşdirilməsi və "Şərq Tərəfdaşlığı"na yeni kompleks kommunikativ yanaşma. Onu da vurğulayaq ki, qeyd olunan hədəflər kontekstində "Şərq Tərəfdaşlığı"nın çoxtərəfli institusional strukturuna yenidən baxılması da nəzərdə tutulmuşdu.

Artıq 2020-ci ilin yarısı geridə qalır. Bu müddət ərzində yuxarıda vurğulanan məqsədlərdən hansına nail olunub? Aİ Şurasının bu il qəbul edilən rəsmi sənədinin 1-ci və 2-ci bəndlərində əldə edilən nailiyyətlərə toxunulur. Ancaq reallıqda vəziyyət xeyli fərqlidir. Yəni vəziyyətə obyektiv yanaşdıqda, daha çox problemlərin olduğu aydınlaşır. Əslində, sənədin sonrakı bəndlərində Şura problemlərin mövcudluğunu etiraf edir və onları həll etmək yollarından bəhs edir. Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində 2020-ci ildən sonra nəzərdə tutduğu siyasi kurs da bunun üçündür. Ancaq ciddi qüsurlarla başa çatan birinci mərhələdə bu qüsurlar ört-basdır edilir, fərqli mənzərə yaradılırsa, gələcəkdə real müsbət nəticələrin alınması ehtimalı nə dərəcədədir? Şübhələr vardır. Həmin aspektdə bir sıra mühüm hesab etdiyimiz məqamlar üzərində dayanaq.

İlk növbədə, "Şərq Tərəfdaşlığı"na daxil edilən ölkələr arasındakı problemlərin həlli ilə bağlı Aİ tərəfindən ciddi addımlar atılmadı. Məsələn, Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması üçün Brüssel nə etdi? Sözdə çox şey danışırlar. Lakin real olaraq heç bir dəyişiklik yoxdur. Əvəzində, Aİ 2017-ci ildə Ermənistanla hərtərəfli və genişlənmiş tərəfdaşlığın qurulması ilə bağlı yeni sənəd imzaladı. Bununla yanaşı, həmin il Aİ Ermənistanla vahid aviasiya məkanı ilə bağlı sənəd imzaladı. Lakin 2017-ci ildən bu yana İrəvan nəinki qonşulara münasibətində müsbətə doğru dəyişiklik etməyib, hətta daha qeyri-müəyyən, aqressiv və pozucu xətt götürüb. Xüsusilə hakimiyyətə Nikol Paşinyan gələndən erməni hakimiyyət dairələri və diplomatik korpusu Dağlıq Qarabağ məsələsinə qeyri-konstruktiv yanaşılmasına əlavə daha radikal çalarlar qatıb. Belə bir halda "Şərq Tərəfdaşlığı"nın hansı uğurundan danışmaq olar və ya Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərinin böhrandan çıxarılması üçün hansı səmərəli addımından bəhs etmək mümkündür?

Bunların fonunda "Şərq Tərəfdaşlığı" çərçivəsində heç bir Trans-Avropa dayaq nəqliyyat şəbəkəsindən (TEN-T) danışmaq mümkün deyildir. Çünki Ermənistanın təcavüzkarlığı və onun Avropadan himayə edilməsi nəqliyyat zəncirini qırır. Bunun aradan qaldırılması üçün isə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində heç bir iş görülmür. Görməzdən gəlirlər. Sanki hər şey qaydasındadır və günlərin bir günü Azərbaycan işğalla barışıb deyəcək ki, "yaxşı, gəlin əməkdaşlıq edək". Təbii ki, bu, heç vaxt olmayacaq. Ölkə Prezidenti öz qətiyyətli, obyektiv, ədalətli, demokratik mövqeyini ifadə edib. Azərbaycanın ərazi bütövlüyü təmin edilməyincə Ermənistanla heç bir əməkdaşlıqdan, heç bir sahədə əlaqələrdən söhbət gedə bilməz! Bəs bu vəziyyətdə Aİ Şurasının qəbul etdiyi sənəd haqqında obyektiv olaraq nəyi demək olar?

Aİ-nin "Şərq Tərəfdaşlığı"na yeni marağı: qlobal pandemiya və geosiyasi risklər

Hər şeydən öncə, Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində tərəfdaş ölkələrlə ikitərəfli əlaqələri "əhatəlilik" (inclusiveness) və "fərqləndirmə" (differentiation) prinsiplərinə uyğun olaraq yeni tələblər və problemlər prizmasından inkişaf etdirmək əzmi özünü göstərir. Brüssel anlayır ki, indiki geosiyasi şəraitdə bu kimi proqramların reallaşması təşkilat üçün çox vacibdir. Onun üç səbəbi vardır. Birincisi təşkilata üzv olan ölkələrin gözündə Aİ-nin nüfuzunun artırılması ilə bağlıdır. Sirr deyil ki, son illər Aİ daxilində ziddiyyətlərin güclənməsinə təkan verən və üzv dövlətlər arasında fikir ayrılığını gücləndirən ardıcıl proseslər cərəyan edir. "Breksit"in də bunda ayrıca rolu vardır. İndi Aİ-nin üzvləri belə bu təşkilatın perspektivinə eyni mövqedən baxmırlar. Bu kimi böhran şəraitində "Şərq Tərəfdaşlığı" istiqamətində qismən də olsa, uğur müsbət fikir yaradar.

İkincisi, qlobal miqyasda geosiyasi mübarizə daha da kəskinləşib. O cümlədən Rusiyanın fəallığı özünü göstərir. Artıq Moskva dünyanın bütün regionlarında liderlik uğrunda Qərblə mübarizə aparır. Onun öz sərhədlərinə yaxın məkanlarda da təsiri getdikcə daha da artır. Bu, dolayısı ilə Qərb dövlətlərinin, ilk növbədə, Aİ və ABŞ-ın həmin məkanlarda öz geosiyasi nüfuzunu itirməsi deməkdir. Brüsseldə düşünürlər ki, "Şərq Tərəfdaşlığı" proqramı həmin kontekstdə müəyyən geosiyasi kompensasiya rolunu oynaya bilər.

Üçüncüsü, yeni növ koronavirus (COVID-19) pandemiyası dünya miqyasında faktiki olaraq yeni geosiyasi, siyasi və ideoloji mühit formalaşdırır. Onun analizi hələ aparılmalıdır. Lakin indidən aydın olur ki, bu bəlaya qarşı birlikdə mübarizə aparmaq, ortaq dayanışma nümayiş etdirmək vacibdir. Bir sıra regional və beynəlxalq miqyaslı təşkilatlar bununla bağlı addım atıblar (məsələn, Qoşulmama Hərəkatı, Türk Şurası). Görünür, Aİ bundan da istifadə etməyə qərar verib. Ona görə də 2020-ci il 11 mayda qəbul edilən sənədin bir neçə bəndində COVID-19-la bağlı fikirlərin yer alması təsadüfi deyildir. Aİ həmin məsələ üzrə əməkdaşlığa, ortaq dayanışmaya çağırır (məsələn: 2, 8 və 14-cü bəndlər). Lakin COVID-19 nə qədər qorxulu olsa da, onun "Şərq Tərəfdaşlığı" proqramını reabilitasiya edə biləcəyi məsələsi qeyri-müəyyəndir.

Bütün bunların fonunda Aİ Şurasının tərəfdaş ölkələrin hər biri ilə əlaqələrini necə xarakterizə etməsi son dərəcə maraqlıdır. Bu, sənədin 5-ci bəndində qısa olaraq verilib. Orada yazılır ki, Şura Ukrayna, Moldova və Gürcüstanla imzalanmış assosiativ üzvlük sazişini alqışlayır və onun tam olaraq yerinə yetirilməsinə çağırır. Bunun üçün həmin ölkələr üzərlərinə düşən öhdəliklərə əməl etməlidirlər. Məsələn, Gürcüstan seçki sistemində dəyişiklik etməlidir. Bu olmasa, onun üçün nəzərdə tutulan 500 milyon avroluq yardım dayandırıla bilər. Ukrayna və Moldova da qarşılarına qoyulan şərtlərə əməl etməlidirlər. Bununla bu üç ölkə Aİ-yə siyasi assosiativliyi sürətləndirməli və iqtisadi inteqrasiyaya yeni təkan verməlidirlər.

Həmin bənddə daha sonra vurğulanır ki, Şura Aİ ilə Ermənistan arasında 2017-ci ildə imzalanmış əməkdaşlıq sazişinin bütövlükdə qüvvəyə minməsini gözləyir və nəyəsə ümid edir. Bundan sonra isə qeyd olunur ki, Şura Aİ ilə Azərbaycan arasında yeni çərçivə sazişi üzrə "davam edən danışıqlarda əldə edilən irəliləyişi alqışlayır". Nəhayət, Şura Belarusla readmissiya və viza rejiminin sadələşdirilməsi istiqamətində görülən işləri də müsbət qiymətləndirir.

Azərbaycanla aparılan danışıqlarda çərçivə sazişi daxilində yuxarıda vurğulanan kontekstdən daha geniş sahədə məsələlər müzakirə edilir. Bunlara ərazi bütövlüyünün təmini, Ermənistan-Azərbaycan münaqişənin sülh yolu ilə həlli, sosial-iqtisadi aspekt, viza rejiminin sadələşdirilməsi, readmissiya kimi aktual məsələlər aiddir.

(davamı var)

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...