THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Çinin Ermənistandakı iqtisadi siyasətinin əsas xüsusiyyətləri

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1288
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 sentyabr 2019 – Newtimes.az

Son illərdə Kəmər və Yol Layihəsi (KYL) çərçivəsində Çinin Cənubi Qafqaz regionunda iqtisadi maraqları artmışdır. Bu baxımdan da bu regionda yerləşən ölkələr ilə, o cümlədən Ermənistan ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Lakin, Çinin regiondakı ölkələr ilə iqtisadi münasibətləri eyni səviyyədə deyildir. Ermənistan regionda Çin ilə ən aşağı ticarət dövriyyəsinə malik olan ölkədir. 2017-ci ildə Çin Ermənistanın 2-ci ən böyük ticarət tərəfdaşı olsa da 2018-ci ildə 7-ci olmuşdur. 2017-ci il ilə müqayisədə 2018-ci ildə Çinə ixrac 7.8%, Çindən idxal isə 21.4% artmışdır. Son illərdə istər idxalda Çinin payı artan tempə malik olsa da ixracda payı 2015-ci ildən sonra 2 dəfəyə qədər azalmışdır.

Ermənistanla Çin arasında ticarət dövriyyəsi pərakəndə və müxtəlif yollarla həyata keçirilməkdədir. Çünki, Ermənistanın birbaşa olaraq Çin ilə sərhədi yoxdur və nəqliyyat daşımaları üçün bir çox istiqamətlərdə baryerlər mövcuddur. Buna görə də Gürcüstan vasitəçi ölkə kimi Ermənistanın ticarətində böyük rola malikdir. İqtisadiyyatının kiçik olması ilə yanaşı zəif inkişaf etmiş nəqliyyat infrastrukturu və düşdüyü blokada şəraiti Ermənistana Çin ilə münasibətləri inkişaf etdirmək imkanlarını məhdudlaşdırır.

Ermənistanın "nəqliyyat qovşağı”na çevrilmək cəhdləri hazırda Ermənistanın Çinlə əlaqələrində başlıca istiqamətlərdən biridir. Ermənistan özünü fərqli layihələrin və ölkələrin maraqlarının əlaqələndiricisi kimi təqdim etməyə çalışır. Məsələn, İran tərəfindən önə sürülən Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizi çərçivəsində Ermənistanın xüsusi canfəşanlığı iqtisadi blokadadan yaxa qurtarmağa hesablanıb. Ermənistanın sabiq prezidenti S.Sarqisyanın 2018-ci ilin əvvəllərində Münxen Təhlükəsizlik Konfransında bu layihə haqqında danışması Ermənistanınregional ticarət qovşağı kimi KYL və Şimal-Cənub dəhlizi çərçivəsində "diqqət cəlb etmək'' cəhdi kimi dəyərləndirilməlidir. Azərbaycan da bu layihə çərçivəsində potensial dəhlizlərdən birini təşkil edir.

Lakin, İran Ermənistan, Gürcüstan, Bolqarıstan və Yunanıstan vasitəsilə bu nəqliyyat dəhlizini həyata keçirməyə daha çox üstünlük verir. Ümumilikdə, Ermənistanın iqtisadi siyasətinin əsas məqsədi "iqtisadi blokada''dan yaxa qurtarmaqdır.Bunun üçün Ermənistan digər ölkələr ilə o cümlədən Çin ilə münasibətdəəsas bir neçətezisdən istifadə edir. Bu tezislərdən biri ölkənin böyük bazarlara, xüsusilə Avrasiya İqtisadi Birliyinə (Aİİ) ölkələrinə təqdim edə biləcəyi çıxış imkanları ilə bağlıdır. Buna görə də Ermənistan Çin investorlarını güzəştli vergi şərtləri ilə Aİİ ölkələrinin bazarlarına çıxmaq imkanı yaratması ilə cəlb etməyə çalışır.

Eyni zamanda Ermənistanın Avropa İttifaqı ilə GSP və GSP+ sistemləri üzrə müqaviləsinin olması da Çini cəlb edə bilər. Ona görə ki, bu Çin investorlarına daha aşağı və ya heç bir vergi ödəməməklə Avropa Birliyi ölkələrinin bazarlarına çıxmaq imkanı yaradır. Aİİ-yə çıxış ilə bağlı olduğu kimi Çin investorları üçün Ermənistan vasitəsilə Avropaya çıxış imkanlarının olmasına baxmayaraq nəzərəçarpacaq bir irəliləyişin olduğunu demək olmaz.  Bu onunla bağlıdır ki, istər Aİİ-yə, istərsə də Aİ-yə Çin digər ölkələr vasitəsilə daha rahat çıxa bilər. Məsələn, Aİİ-yə Rusiya və Qazaxıstan vasitəsilə daha rahat çıxa bilər. Üstəlik, bu ölkələrin bazarları Aİİ daxilində ən böyük bazarlardır və Çin üçün daha geniş imkanlar yaradır. Aİ-yə isə Azərbaycan və Gürcüstan vasitəsilə daha rahat çıxış əldə edə bilər. Bu baxımdan Çinin blokadada olan və iqtisadi potensialı zəif olan bir ölkə ilə əməkdaşlıq etməsi real deyildir. Sadəcə olaraq Ermənistan "səs-küy'' salmaqla özünü əhəmiyyətli bir ölkə kimi göstərməyə çalışır.

Ermənistan eyni zamanda investisiyaların cəlbi üçün azad iqtisadi zonalardan (AİZ ) istifadə eyməyə çalışır.2011-ci ildə Azad İqtisadi Zonalar (AİZ) haqqında qanunun qəbul edilməsindən sonra ölkədəAlyans (2013), Meridian (2015) və Meğri (2017) AİZ-ləri yaradılmışdır. Alyans AİZ-də daha çox yüksək texnologiya yönümlü, Meridian AİZ-də isə qiymətli daş-qaş məhsulları istehsalı üzrə məşğul olan sahibkarlar fəaliyyət göstərir. Meğri AİZ isə daha çox İranın Aİİ bazarına çıxış imkanının artırılması təşəbbüsü kimi təqdim edilir.

2018-ci ilin avqustunda Razdanda daha bir AİZ-in yaradılması üçün Ermənistan höküməti tərəfindən Ecos şirkətinə razılıq verilmişdir. Bu AİZ daha çox blokçeyn və süni intellekt tutumlu layihələrinin icrası üzrə fəaliyyət göstərən subyektlər üçün nəzərdə tutulur. Hazırda bu zonalara konkret olaraq yönələn Çin investisiyaları haqqında məlumat yoxdur. Çinlilərin Meğri AİZ ilə maraqlanmaları haqqında məlumatlar mövcud olsa da Ermənistan AİZ-lərinə çinli investorları böyük maraq göstərmirlər.

Müxtəlif sahələrə gəldikdə isə Ermənistana yönələn Çinli investorlar üçün mədən sənayesini prioritet sektor hesab etmək olar. Çinin bu istiqamətdə böyük investisiyalar yatırması Çinin dünyada ən böyük mədən sənayesi məhsullarının idxalatçısı olması ilə bağlıdır. 2011-ci ilin yanvar ayında Çinin "Fortune Oil'' şirkəti Ermənistanda üç dəmir filizi mədəninə (Razdan, Abovyan və Svarants)  sahib olan "Bounty Resources Armenian Limited” (BRAL) şirkətinin 35%-lik səhmlərini 24 milyon dollara əldə etmişdir. Həmin ilin iyul ayında isə şirkət 16 milyon dollarvəsaitə həmin şirkətin 15%-lik əlavə səhmlərinin də sahibi olmuşdur. Bu şirkət həmçinin 2 milyon dollara "Caspian Bounty Steel Limited'' (CBSL) şirkətinin də 16.7%-lik səhmlərinə sahib olmuşdur. CBSL eyni zamanda BRAL-ın törəmə şirkətidir. Qeyd etmək lazımdır ki, "Fortune Oil'' tərəfindən bu layihələrin icrası ölkə daxilində kifayət qədər etirazla qarşılanmışdır. Bu etirazlar bir tərəfdən dəmir filizi hasilatının ekoloji fəsadlarının miqyası ilə, digər tərəfdən isə "Fortune Oil'' tərəfindən yataqların işlənməsi hüquqlarını əldə etmək üçün sərmayə yatırdığı şirkətlərdən birinin Ermənistanın keçmiş təbiəti qoruma naziri Vardan Ayvazyan ilə əlaqəli olması ilə bağlıdır. Şirkət sonrakı mərhələdə Ermənistanda 500 milyon dollarməbləğində mis əritmə zavodunun inşasını planlaşdırsa da hələki bu istiqamətdə konkret addımlar atılmamışdır.

Ümumiyyətlə, Ermənistan tərəfindən çinli investorların mis əritmə zavodlarının tikintisi üzrə cəlb edilməsi təşəbbüsləri vaxtaşırı həyata keçirilir. 2017-ci ildə Ermənistan tərəfi növbəti dəfə çinli investorlar ilə dəyəri 300 milyon dollarolan yeni zavodunun inşası üçün danışıqlara başlamışdır. 2018-ci ilin iyulunda isə "Enerji İnfrastrukturları və Təbii Ehtiyatlar'' naziri Artur Qriqoryanın rəhbərliyi ilə Ermənistan nümayəndə heyətinin Çinə səfəri zamanı CITIC dövlət şirkəti ilə mis əritmə zavodu inşası üzrə danışıqlar aparılmışdır. Onu qeyd etmək yerinə düşər ki, Ermənistanın Çinə ixracında mis ən böyük paya sahibdir.

Çinlə Ermənistan arasında texniki əməkdaşlıq və yardım xarakterli əlaqələr də kifayət qədər genişdir. Təkcə 2012-ci ildən indiyədək Çin Ermənistana 50 milyon dollardan çox iqtisadi yardım etmişdir. Buyardım təşəbbüsləri çərçivəsində ictimai nəqliyyat vasitələrinin və ambulansların tədarükü, gömrüyün idarə edilməsi, texnologiya və təchizatın modernizasiyası layihəsi həyata keçirilmişdir. Ermənistan İctimai televiziyasına texniki yardımın edilməsi, eləcə də "erməni soyqırımı''nın 100 illiyi mərasiminin beynəlxalq yayımı üçün avadanlıq yardımı və s. qeyd edilə bilər. Eyni zamanda yardım xarakterli layihələr çərçivəsində Çin hökuməti Yerevanda Çin dili məktəbinin tikintisini həyata keçirmişdir və bu istiqamətdə 12 milyon ABŞ dolları ayrılmışdır. 405 tələbə üçün nəzərdə tutulmuş məktəb 2018-ci ilin Avqusta ayında açılmışdır. Bu təşəbbüslər Çinin investisiya maraqlarını təkcə fiziki kapital üzərində deyil, eyni zamanda yumşaq güc vasitəsilə həyata keçirdiyini göstərir.

Bunlarla yanaşı Çin Ermənistanda yeni səfirlik binasının tikintisini həyata keçirir hansı ki, siyasi baxımdan əhəmiyyət daşıyan layihə hesab oluna bilər. 40 min kvadrat metr sahəni əhatə edəcək səfirlik Çinin post-sovet məkanında ikinci ən böyük səfirliyi olacaqdır. Tikintisinin 2019-cu ildə başa çatacağı gözlənilir.

Qeyd edilən istiqamətlərlə yanaşı Ermənistan enerji sektoruna da çinli investorları cəlb etməyə çalışır. Bu sektorda, xüsusilə HPCC-3 şirkətinin fəaliyyətini qeyd etmək olar. Bu şirkət 2008-ci ildə Razdan İstilik Elektrik Stansiyasının 5-ci blokunun yenidən qurulmasını həyata keçirmişdir. Layihənin məbləği barədə dəqiq məlumat olmasa da, ilkin məbləğin ən azı 170 milyon dollarolduğunu qeyd etmək lazımdır. Ermənistan hazırda birgə qaz və buxar elektrik stansiyasının tikintisi və alternativ enerji sahəsində infrastruktur xarakterli layihələrin icrası ilə əlaqədar Çinin həm özəl (XY International Group, Tebian Electric Apparatus), həm də dövlət (China Railway No. 3 Engineering Group Co. Ltd., eləcə də CNEEC) şirkətləri ilə mütəmadi danışıqlar aparır. Lakin, bir çox hallarda əldə edilən ilkin razılaşmalar sonrakı fəaliyyət müddətindətam olaraq həyata keçirilmir. Bu həm, Ermənistanın enerji və nəqliyyat sektorunda ciddi təsirə malik Rusiya ilə maraqların toqquşması, həm də layihələrin mənfəətliliyinin az olması ilə əlaqədardır.

Ermənistan özünü nəqliyyat qovşağı kimi göstərsə də hal-hazırda Çin heç bir beynəlxalq tranzit nəqliyyat istiqaməti görə bilmədiyindən Ermənistana maraq göstərmir. Bunu anlayan Ermənistan hökuməti də öz növbəsində İranla açıq olan sərhəddindən istifadə edərək ya cənuba doğru və ya da şimala doğru nəqliyyat dəhlizi formalaşdırmaq niyyətindədir. Bu məqsədlə, Ermənistan uzunluğu 305 km olan Cənubi Ermənistan dəmiryolu xəttinin çəkilişini əsas hədəf sayır. Bu xəttin çəkilişi üçün 2012-ci ildə Ermənistan hökuməti ilə Rasia FZE şirkəti arasında konsessiya sazişi imzalanmışdır. Ermənistan hökuməti bildirmişdi ki, Çinin İxrac-İdxal Bankı Ermənistana illik 3,5%-lə bu yolun ehtimal olunan dəyərinin təqribən 60%-nə qədəri üçün kredit xətti ayırmağa hazırdır. Daha sonra Rusiya prezidenti Vladimir Putin elan etdi ki, bu dəmir yolunun tikintisinə Rusiya 429$ milyon  vəsait ayıracaqdır. Amma Rusiya bu yolun gerçəkləşməsində elə də maraqlı deyildir. Ona görə ki, Ermənistanda həm Çinin, həm də İranın aktiv rol oynamasını öz geosiyasi maraqlarına uyğun hesab etmir.

Bu layihənin təxmini dəyəri 3,2 milyard ABŞ dolları təşkil edir ki, bu da Ermənistanın maliyyələşdirmə imkanlarından çoxdur. Buna görə də Ermənistan beynəlxalq maliyyə qurumlarına üz tutmuşdur ki, burada da Avropa İnvestisiya Bankı "Şimal-Cənub Nəqliyyat Dəhlizi İnvestisiya Proqramı'' çərçivəsində Ermənistana 120 milyon ABŞ dolları, Asiya İnkişaf Bankı isə 500 milyon ABŞ dolları təklif etmişdir. 2012-ci ildə isə "Şimal Dəhlizinin Modernizasiya Layihəsi'' çərçivəsində Ermənistana Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən 10,3 milyon avro məbləğində vəsait ayrılmışdır. Bu layihədə həmçinin Avropa İnvestisiya Bankı, Avropa İttifaqı Qonşuluq İnvestisiya Platforması və BMT-nin İnkişaf Proqramı da kreditor kimi çıxış etmişdir. Ermənistan-İran dəmiryolu xətti çərçivəsində Ermənistan-İran sərhədindən Meğriyə kimi olan 120 km-lik hissənin tikintisinə "China Civil Engineering Construction Company'' maraq göstərsə də hələlik konkret addımlar atılmamışdır.

Ermənistan Çin investorlarını nəqliyyat infrastrukturunu dirçəltmək üçün müxtəlif layihələrə cəlb etmək istəsə də, bəzi məqamlar istisna olmaqla hal-hazırda bunun konkret nəticəsi mövcud deyildir. İstisna hallar bundan ibarətdir ki, Çinin Sinohydro dövlət şirkəti ümumi uzunluğu 46,2 km olan Talin-Lanjik (18,7 km) və Lanjik-Gümrü (27,5 km) yolunun inşasını həyata keçirir. Bunun üçün 2016-cı ildə 60 milyon ABŞ dolları dəyərində müqavilə imzalanmışdır.

Son dövrlərdə Ermənistanda gedən siyasi və iqtisadi proseslər Çin-Ermənistan investisiya əlaqələrində müəyyən dəyişikliklərin yaranmasına imkan yaratsa da bu  kütləvi xarakterə malik deyildir. Hazırkı iqtidarın institutsional xarakterli bir sıra islahat təşəbbüslərinə baxmayaraq Çin üçün bu amillər çox da cəlb edici deyildir. Digər tərəfdən, ermənilər tərəfindən rəsmi olaraq irəli sürülən "daha geniş bazarlara çıxış'' tezisi regional kontekstdə Gürcüstanın və Azərbaycanın mövcudluğu nəzərə alındıqda, Çin üçün Ermənistanı heç də iddia edildiyi qədər cəlbedici etmir. Lakin bu o demək deyil ki, Çinin regiona münasibətdə özünü "tərəfsiz tərəfdaş'' kimi təqdim etmə cəhdlərinin fonunda Ermənistan tam əhəmiyyətsiz bir ölkədir. Bu ölkədəki investisiya fəaliyyətlərinin təhlili onu göstərir ki, təbii resurslar və onların hasilatı çinli investorların Ermənistana gəlişini stimullaşdıran əsas amildir.

Orxan Bağırov,

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...