THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Mərkəzi Asiya: böyük oyunun yeni mərhələsi

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
29176
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 24 sentyabr 2013 – Newtimes.az

Yaxın Şərqdə geosiyasi gərginliyin davam etməsi fonunda Mərkəzi Asiya ilə bağlı da düşündürücü hadisələr baş verir. Dünya KİV-i böyük dövlətlərin bu region istiqamətində atdıqları addımları geniş şərh edir. Belə təəssürat yaranır ki, Rusiya, Çin və ABŞ həmin bölgə uğrunda yeni səviyyədə mübarizə aparırlar. Burada siyasi, iqtisadi, energetik və hərbi aspektlərin özünü göstərdiyi müşahidə edilir. Belə bir vəziyyət regionun geosiyasi taleyi kontekstində bir sıra çətin suallar meydana gətirir.

Moskvanın güc nümayişi

ABŞ-ın nüfuzlu "The National Interest'' nəşri bu ilin avqust ayında yazırdı ki, "Mərkəzi Asiyanı unutmaq olmaz'' (bax: James L. Jones Jr. Central Asia Can't Be Forgotten / www.nationalinterest.org, 14 avqust 2013). General Ceyms Consun bu xəbərdarlığı təsadüfi deyil. Çünki hazırda həmin region uğrunda geosiyasi mübarizə özünün yeni səviyyəsinə qalxıb. Qərb, Rusiya və Çin orada son zamanlar daha fəal addımlar atırlar. Xüsusilə, Moskva və Pekinin Mərkəzi Asiya siyasətlərində yeni məqamlara diqqət çəkirlər.

Yaponiyanın diplomatik dairələrində çox populyar olan "The Diplomat'' jurnalının iddiasına görə, "Rusiya Mərkəzi Asiyada güc nümayiş etdirir'' (bax: Farooq Yousaf. Russia’s Central Asia Power Play / www.thediplomat.com, 2 sentyabr 2013). Moskva Qırğızıstana 1 milyard ABŞ dolları miqdarında hərbi yardım göstərmək haqqında qərara gəlib. Bunu Qırğızıstan parlamenti "Manas''dakı Amerika hərbi bazasını bağlamağa səs verəndən sonra edib. Bununla yanaşı, rəsmi Bişkek Kantdakı Rusiya hərbi bazasının icarə müddətini 2032-ci ilə qədər uzadıb.

Rusiya Tacikistana da 200 milyon ABŞ dolları dəyərində hərbi yardım göstərir. Kremlin Qazaxıstanla sıx siyasi, iqtisadi və hərbi əlaqələr qurduğu sirr deyil. Astana faktiki olaraq Avrasiya inteqrasiyası və Gömrük İttifaqı ideyasının əsas iştirakçılarından biridir. Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəal üzvüdür. Məlumdur ki, regional təhlükəsizlik məsələlərində Astana ilə Moskva arasında fikir ayrılığı yoxdur.

Türkmənistan bitərəf mövqedə dayanan ölkədir. Lakin onun Moskvaya qarşı hansısa addım atacağını düşünmək doğru olmazdı. Prinsipial geosiyasi məsələlərdə Aşxabad həmişə Rusiyanın maraqlarını nəzər alıb. Özbəkistan məsələsi isə bir qədər qəlizdir. Buna baxmayaraq, Daşkənd Qərbpərəst mövqe də tutmur. Əksinə, son dövrlərdə onun təhlükəsizlik məsələlərində Moskva ilə əməkdaşlığa daha çox meylləndiyi müşahidə edilir. Bütövlükdə götürdükdə, Mərkəzi Asiya dövlətlərinin müdafiə və təhlükəsizlik aspektlərində xarici dəstəyə ehtiyacı aydın görünür.

Məsələnin kökü, İranın "Iras'' nəşrinin yazdığı kimi, ümumiyyətlə, həmin regionda təhlükəsizlik amilinin daha da aktuallaşması ilə bağlıdır (bax: Эхсан Тагаваи-Ния. Региональная интеграция как орудие влияния России в государствах Средней Азии / www.inosmi.ru, 18 iyul 2013). Məhz bu səbəbdən Moskva öz nüfuzunu artırmaq üçün ilk növbədə region dövlətləri ilə müdafiə və təhlükəsizlik sferalarında əməkdaşlığa üstünlük verir. Təbii ki, bunun fonunda energetika və iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsi prosesi də getdikcə daha da intensivləşir. Bütövlükdə buna "humanitar əməkdaşlıq'' deyirlər.

Ekspertlər Mərkəzi Asiyaya olan təhdidləri şərti olaraq üç qrupa bölürlər (bax: yuxarıdakı məqaləyə). Birinci qrupa dolayı risklər və dövlət sərhədlərinin pozulması mümkünlüyü daxil edilir. İkinci qrup terror təşkilatlarının regionda fəallıqlarının artırılmasını təşkil edir. Üçüncü qrup isə Mərkəzi Asiya ölkələri arasında ziddiyyətlərin kəskinləşməsindən ibarətdir.

Bu təhdidləri dəf etmək üçün Rusiyanın strategiyasını iki aspektə ayırmaq olar. Bunlardan biri region dövlətlərinin sərhədlərinin təhlükəsizliyini təmin etməkdir. İkinci isə ümumiyyətlə milli təhlükəsizliyə birbaşa və dolayı olan təhlükələrə qarşı durmaq, terroru cilovlamaqdır. Görünür, Kreml həmin bölgədə öz maraqlarını təmin etmək üçün çox ciddi və geniş vəzifələri üzərinə götürür. Həmin kontekstdə onun Mərkəzi Asiya dövlətlərinə nəyə görə külli miqdarda hərbi xərclər ayırdığı tam başa düşüləndir.

Digər tərəfdən, Moskva bilir ki, həmin regionda real surətdə strateji məqsədlərinə çatmaq üçün bütövlükdə təhlükəsizlik sisteminin strukturunu yeniləmək lazımdır. Müşahidələr göstərir ki, Rusiya buna nail olmaq üçün iki faktordan istifadə etməyə çalışır. Onlardan birincisi KTMT-ni gücləndirmək və onun real fəaliyyət mexanizmlərini formalaşdırmaqdan ibarətdir. Digəri isə regionun enerji ehtiyatlarının istismarı və nəqlinə maksimum dərəcədə nəzarət etməkdir. Lakin hər iki aspektdə Moskvanın ciddi rəqibləri mövcuddur.

Çinin incə addımları

Onlar ABŞ, NATO və Çindir. Amerika Əfqanıstandan hərbçilərini çıxarmaqla bütövlükdə regiondan getmir. Əksinə, Vaşinqtonun daha incə və əhatəli üsullarla orada öz nüfuzunu artırmağın qayğısına qaldığı hiss edilir. Bunun üçün ABŞ-ın Mərkəzi Asiya və Qafqazda strategiyasına düzəlişlər etdiyini ekspertlər vurğulayırlar (bax: məs., Джошуа Кучера. США-Центральная Азия: Где обоснуются американские военные после ухода с базы Манас? / www.russian.eurasianet.org, 17 avqust 2013) və Denis Corboy, William Courtney, Richard Kauzlarich & Kenneth Yalowitz. Changing Strategic Interests in the South Caucasus / www.the-american-interest.com, 31 may 2013).

Vaşinqton Mərkəzi Asiya regionuna Rusiya və Çinlə geosiyasi nüfuz uğrunda mübarizə kontekstində yanaşır. Burada onun üçün əsas faktor dünya liderliyini saxlamaqdan ibarətdir. Həmin çərçivədə Amerika öz rəqibləri ilə müəyyən məqamlarda razılaşa da bilər. Lakin böyük mənada həmin regionda əsas söz sahibi olmaq iddiasından vaz keçməz. Bunu Kremldə daha yaxşı anlayırlar və ona görə də ABŞ-ı regionda əsas rəqib kimi qəbul edirlər.

NATO-nun Mərkəzi Asiyadakı missiyası bütövlükdə Qərbin geosiyasi maraqlarına tabedir. Bu səbəbdən həmin təşkilatın buradakı iştirakı daha çox siyasi qərarlardan asılıdır. Şübhə yoxdur ki, ABŞ və Avropa NATO-dan lazımi məqamlarda hərbi təzyiq vasitəsi kimi istifadə edəcəklər. Burada region üçün hərbi aspektin hələ uzun müddət əhəmiyyətli olacağını nəzərə almaq gərəkdir. NATO bu mənada Mərkəzi Asiyada öz varlığını hiss etdirməyə çalışacaq. Bu da KTMT ilə Şimali Atlantika Alyansı arasında Mərkəzi Asiyada gizli və ya açıq rəqabətin özünü göstərəcəyini deməyə əsas verir.

Nəhayət, Çin məsələsi. Bu ölkənin prezidenti Si Cinpin Mərkəzi Asiyaya səfər edib. Əvvəlcə, Türkmənistanda bir neçə müqavilə imzalayıb. Tərəflər razılığa gəliblər ki, 2020-ci ilə qədər Aşxabad Çinə qaz ixracatını üç dəfə artıracaq! Bu, ildə 65 milyon kubmetr həcmində qaz deməkdir! Prezident Qurbanqulı Berdımuxamedov bəyan edib ki, Çin Türkmənistan üçün prioritet tərəfdaşdır (bax: Мурат Садыков. Туркменистан: Визит китайского лидера цементирует отношения в энергетической сфере / www.russian.eurasianet.org, 5 sentyabr). Ekspertlər diqqəti ona çəkirlər ki, Türkmənistan Çinə qaz ixracatını artırdıqca Rusiyaya verilən mavi yanacağın həcmi azalır. Təbii ki, bu gedişat Kremli razı sala bilməz.

Si Cinpin Qazaxıstan, Özbəkistan və Qırğızıstanla da əlaqələri inkişaf etdirmək fikrindədir. Onun bu ölkələrə səfəri zamanı konkret əməkdaşlıq müqavilələrinin imzalanacağı gözlənilir. Bunlar onu göstərir ki, Rusiyanın Mərkəzi Asiyada əsas rəqibi getdikcə Çin olur. Bu proses hazırda davam edir.

Bu cür vəziyyətdə Rusiyanın Mərkəzi Asiyada daha da fəal olması lazım gəlir. Bu səbəbdən Kremlin son zamanlar atdığı addımların məntiqi vardır. Lakin görünür, onun regionda rəqibləri ciddi tədbirlərə əl atırlar. Gözləmək olar ki, yaxın perspektivdə Mərkəzi Asiyada Çin-ABŞ qarşıdurması şiddətlənəcək. Məsələ ondan ibarətdir ki, Pekin coğrafi olaraq özünə yaxın yerlərdə Amerika ilə daha kəskin mübarizə aparır.

Vaşinqton isə öz planlarından imtina etmək fikrində deyil. Belə çıxır ki, reallıqda Rusiya, ABŞ və Çin arasında Mərkəzi Asiya uğrunda savaş xeyli kəskinləşə bilər. Bu da onu göstərir ki, Moskvanın orada fəallaşması və güc nümayiş etdirməsi hələ qələbə qazanması anlamına gəlmir. İrəlidə çətin və mürəkkəb mübarizə mərhələsi durur.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...