THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Böyük Britaniyanın xarici siyasətinin Yaxın Şərq dilemması

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
17484
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 sentyabr 2013 – Newtimes.az

2003-cü ildəki İraq müharibəsindən sonra yeni sabitsizlik və münaqişə dalğasının mərkəzinə çevrilmiş Yaxın Şərq, belə görünür ki, bu gün hələ də Böyük Britaniyanın gözünü qorxudur. Baş nazir Devid Kemeronun Suriyaya hərbi müdaxilə təklifinin Nümayəndələr Palatası tərəfindən rədd edilməsi də bunun mühüm bir göstəricisidir. Böyük Britaniyanın xarici siyasətinin uzun illər ərzində fəaliyyət sahəsi olan Yaxın Şərqdən bu gün artıq imtina etməsi müəyyən qədər ironiya da doğurur.

Tarixə qısa baxış

Xüsusilə 1815-ci il Vyana konfransı prosesində Avropa qitəsində yaradılmış yeni qüvvələr balansı müəyyən mənada Böyük Britaniyanın qlobal hegemoniyasına gedən yolu açmışdı. Maliyyə, ticarət və sənaye sahəsində böyük addımlar atan imperiya, şübhəsiz, dünyanın ən böyük gücünə çevrilmişdi. 1870-ci ildə London birjası öz rəqiblərindən iki dəfə böyük idi. Böyük Britaniya iqtisadiyyatı öz qızıl dövrünü yaşayırdı və funt sterlinq beynəlxalq ticarətin əsas pul vahidinə çevrilmişdi.

İngilislərin tarix boyunca qüvvələr mübarizəsinin mühüm mərkəzlərindən biri olmuş Yaxın Şərqə daxil olması, bir neçə hal istisna olmaqla, əsasən Birinci Dünya müharibəsində Osmanlı imperiyasının müharibəyə qoşulmasından sonra baş vermişdi. Əslində, Böyük Britaniyanın gücü ticarətə əsaslanırdı. Bu baxımdan, strateji nöqtələrin ələ keçirilməsi yoluyla ticarət yolları və koloniyalar üzərində nəzarətin yaradılması çox böyük əhəmiyyət kəsb edirdi. Bu mənada, Aralıq dənizində Kipr və Misirdə Süveyş kanalı ingilislərin strateji prioritetinə çevrilmişdi. Müharibə ərzində regionda Osmanlı ilə Böyük Britaniya orduları arasında gedən döyüşlər başa çatdıqdan sonra isə regionun böyük hissəsi ingilislərin nəzarəti altına keçmişdi.

Burada yerləşdirdiyi hərbi güc sayəsində Fransa, İtaliya və Rusiyanın regionda nüfuz əldə etməsinə imkan verməyən Böyük Britaniya müharibədən sonra qurulmuş qəyyumluq sisteminin vasitəsilə regiona təsirini davam etdirdi. Məhz bu illər məhdud cavabdehlik prinsipini qəbul etmiş İngiltərənin regiondakı ən parlaq dövrünə çevrilmişdi. Əslində, ingilislər Yaxın Şərqdə Hindistanda həyata keçirdikləri siyasətdən fərqli siyasət tətbiq etməyi daha məqsədəuyğun hesab edirdilər. Birbaşa idarəetmə əvəzinə Misirdəkinə bənzər şəkildə ingilis məsləhətçilərin vasitəsilə regionu nəzarət altında saxlamaqla, dolayı şəkildə və az xərc tələb edən idarəetmə forması qəbul edilmişdi. Onsuz da Fələstin, Iraq və İordaniyada Millətlər Cəmiyyətinin rəhbərliyi altında qurulmuş qəyyumluq sistemi qısa müddətli olmalı idi. Lakin bu eyni zamanda ingilislərin yerli hakimiyyətlərlə münasibətlərini quraraq, öz nüfuzunu möhkəmləndirməsi üçün kifayət edirdi. Bu səbəbdən, nə Misirin 1922-ci ildə, nə də İraqın 1932-ci ildə öz müstəqilliklərini elan etməsi İngiltərənin regiona təsirini azaltmadı. Ancaq bu dolayı şəkildə idarəetmə forması gələcəkdə ərəbləri İngiltərəyə qarşı düşmənçiliyə və xəyanətə təhrik edəcək əsas faktorlardan birinə çevriləcəkdi.

1930-cü illərin sonlarında Yaxın Şərqdəki vəziyyət dəyişmişdi. Mussolini təhlükəsi artıq real xarakter almağa başlamışdı. İtaliya radioları İngiltərə əleyhinə fəaliyyətini genişləndirirdi. Bu fəaliyyət Almaniyanın təbliğatı ilə birləşərək, Yaxın Şərqdə İngiltərəyə qarşı düşmənçiliyi və Ərəb millətçiliyini qızışdırırdı. Avropada əsas problemi Hitler olan Böyük Britaniyanın isə bu təhlükəyə qarşı mübarizə aparmağa kifayət qədər imkanı yox idi.

II Dünya Müharibəsinin gedişində artıq Ərəb millətçiliyi Böyük Britaniyaya qarşı düşmənçilik ətrafında birləşmişdi və Böyük Britaniya istəməsə də, mərhələli şəkildə regionu tərk etməsinin zəruriliyini qəbul etmişdi. Süveyş kanalı və Yaxın Şərq nefti Böyük Britaniya üçün çox böyük əhəmiyyət kəsb edən amillər idi, lakin onun  bunlara nəzarət edə biləcək qüvvəsi yox idi. Bu baxımdan, Böyük Britaniya ABŞ-ın təsirinin artması qarşısında çarəsiz qaldı. Böyük Britaniyanın xarici siyasəti nə Fələstin, nə İran, nə də Misirdə sınaqdan layiqincə keçə bilmədi.

Suriya kontekstində Böyük Britaniyanın siyasəti

Belə görünür, Yaxın Şərq coğrafiyası tarixi mənada ingilis xarici siyasətində dərin izlər buraxıb. 2003-cü il İraq müharibəsində ABŞ-a göstərilən dəstək keçmişdəki səhvlərdən nəticə çıxarılmamasının əlaməti idi. Bu baxımdan, bu gün Böyük Britaniyada qərar qəbul edənlərin Suriyaya müdaxilə məsələsinə şübhəylə yanaşması haqlı səbəblərə əsaslanır.

Böyük Britaniyanın güc mübarizəsində öz yerini möhkəmləndirməsi, əldə edə biləcəyi maksimum gücə sahib olmağı öz qarşısına məqsəd kimi qoyması beynəlxalq münasibətlərin realizm nəzəriyyələri çərçivəsində məqbul hesab edilə bilər. Lakin Böyük Britaniya kimi demokratiyanın beşiyi hesab edilən ölkədə daxili parametrlərin həmişə diqqət mərkəzində saxlanılması lazımdır. Bu baxımdan, Kemeronun zəruri olmamasına baxmayaraq, hərbi müdaxilə qərarı ilə bağlı təşəbbüsü təkbaşına öz üzərinə götürməkdən imtina etməsi və səsverməyə çıxarması mühüm idi.

Nümayəndələr Palatasında keçirilmiş səsvermədə hökumət 13 səs fərqi ilə məğlub oldu. Əslində bu təəccüblü olmadı. Təhlilçilər onsuz da güclü olmayan koalisiyanın belə bir qərar qəbul etməsi ehtimalının çox az olduğunu hesab edirdilər. Digər tərəfdən, həm Mühafizəkarlar partiyasının, həm də Liberal Demokratlar partiyasının daxilində hərbi müdaxiləyə qarşı çıxanlar vardı. Bu uğursuzluğun Kemeronu zəiflədəcəyi və gücsüz lider kimi göstərəcəyi deyilsə də, hökumətin vəziyyəti öz lehinə çevirə bilməsi üçün hələ də imkanları var. Kosovo nümunəsi ingilislərdə hərbi müdaxilənin deyil, müharibədən sonrakı yenidən bərpa dövrünün iştirakçısı olmaq fikrini gücləndirib. Suriyada da hökumətin bənzər tezisdən istifadə etməsi mümkündür. Bu səbəbdən, səsvermənin daxili siyasətə təsirləri ilə bağlı proqnozlar irəli sürmək üçün hələ ki tezdir. Belə ki, BBC-nin keçirdiyi sorğunun nəticələrinə görə, ingilislərin əksəriyyəti parlamentin qərarının doğru olduğunu hesab edirlər. Bu vəziyyətdə hökumət mövcud şərtlərin ciddi şəkildə dəyişməyəcəyi halda, hərbi müdaxilə ilə yeni səsvermənin keçirilməsini tələb etməyəcəyini və parlamentarilərin qərarına hörmət edəcəyini təkidlə vurğulayır. Lakin xarici işlər naziri Vilyam Heyqin də bildirdiyi kimi, Böyük Britaniya kimyəvi silahdan istifadə olunmasına beynəlxalq səviyyədə sərt cavabın verilməsinə çalışacağını da qeyd edir.

ABŞ-ın Xarici Əlaqələr Şurasının rəhbəri Riçard Haasın fikrincə, səsvermədəki məğlubiyyətin əsas səbəbi İraq müharibəsindən sonra dövlətin vəzifəli şəxslərinin söylədiklərinə əhalinin şübhə ilə yanaşmasıdır. Məlumdur ki, Toni Bleyer kütləvi qırğın silahlarının yaratdığı təhlükə ilə bağlı İraqa hərbi müdaxilədə ABŞ-ı dəstəklədi. Lakin müdaxilədən sonra bu iddiaların əsassız olduğu ortaya çıxdı. Digər tərəfdən, hərbi müdaxilənin əvvəlcədən hesablanması mümkün olmayan maliyyə xərcləri və bunun ağırlığının əhalinin üzərinə düşməsi siyasətçiləri daha təmkinli davranmağa məcbur edir.

Riçard Haasa görə, səsvermənin daha uzun müddətli nəticələri də var. Böyük Britaniyada hər zaman mövcud olduğu hesab edilən və səsvermədə də özünü göstərən anti-Amerikanizm Aİ ilə problemləri olan Londonun dünya siyasətindən izolyasiya olunması ilə nəticələnə bilər. Belə görünür ki, Böyük Britaniyanın iştirak etmədiyi bir koalisiyanın Suriyaya müdaxiləsi ehtimalı Obama hakimiyyətini də çətin vəziyyətə salıb. Obamanın Böyük Britaniyanın hərbi dəstəyinə ehtiyacı olmasa da, o, həm Konqresin razılığı, həm də geniş koalisiyanın iştirakına nail olmaqla beynəlxalq hüquqa zidd olan müdaxiləyə legitimlik qazandırmağa çalışır. Böyük Britaniyadan alacağı dəstəyə güvənən Obamanın bu mərhələdən sonra Suriyaya müdaxilə məsələsində qərarlı olduğu bilinir. Lakin onun Böyük Britaniyaya qarşı münasibətinin necə olacağı məlum deyil. Bu vəziyyət Böyük Britaniyanın daha da izolyasiya olunması riskini artırır.

Nəticə etibarilə, Suriya kontekstində və ümumi olaraq, Yaxın Şərqdə keçmiş nüfuzunu itirmiş Böyük Britaniya uzunmüddətli perspektivdə dünya siyasətində tənha qalmaq riski ilə üz-üzədir. Ötən ilə baş nazir Kemeronun Böyük Britaniyanın Aİ-ni tərk etməsinin mümkünlüyü ilə bağlı bəyanatları uzun müddət gündəmdə qalmışdı. Bir tərəfdən Aİ ilə münasibətləri gərginləşən, digər tərəfdən isə ABŞ-ın dəstəyini itirən Böyük Britaniyanın iqtisadi böhran vəziyyətində öz siyasətini yenidən nəzərdən keçirməsi zəruri ola bilər. Lakin bütün bunlara baxmayaraq, Devid Kemeron demokratik bir mövqe nümayiş etdirdi və seçkilərdə qələbə qazananların öz xalqını təmsil etdiyinə inandığını bir daha göstərdi. Belə görünür, bu demokratik davranış ya xarici siyasətdə uğurla nəticələnəcək, ya da Böyük Britaniyanı beynəlxalq siyasətdə tənha qoyacaq.

Yavuz Yener (Türkiyə)

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...