THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Suriyaya mümkün hərbi müdaxilə və nəticələri

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5782
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 sentyabr 2013 – Newtimes.az

Dəməşqin şərqində yerləşən və Əsəd əleyhdarlarının sıx olaraq yaşadığı Quta məhəlləsinə qarşı 21 Avqust tarixində həyata keçirilən və kimin etdiyi tam olaraq aydın olmayan kimyəvi hücumdan sonra dünya ictimaiyyətinə təqdim olunan tüklər ürpərdici görüntülər, 2011-ci ilin əvvəllərindən bəri rejim tərəfdarları ilə müxalifət arasında qanlı vətəndaş müharibəsinin yaşandığı Suriyaya qarşı hərbi müdaxiləni dünya ictimaiyyətində yenidən müzakirə mövzusuna çevirdi. Türkiyə ictimaiyyətinin müxtəlif təbəqələrinin daha çox xarici (Qərb bloku tərəfdarı ya da Qərb əleyhdarı) və daxili siyasi (AKP tərəfdarı və ya müxalifət) mövqelərinə görə əzbərdən danışdıqları Suriya məsələsində xarici müdaxilənin danışıldığı bu günlərdə neytral dəyərləndirmə aparmaq və Türkiyə ictimaiyyətini doğru məlumatlandırmaq vacib məsələ oldu. Bu yazıda bunu etməyə çalışacağam.

Mövzunu futbol komandası tərəfdarı kimi analiz edənlərdən fərqli olaraq Suriyadakı hadisələrin inkişafı ilə əlaqədar bəzi əsas məqamlardan başlayaq.

1. Ərəb Baharının 2011-ci ildə Suriyaya keçməsiylə başlayan hadisələr başlanğıcda əsasən daxili faktorlara söykənirdi və tək partiyalı avtoritar rejimə etiraz kimi haqlı əsasda inkişaf edən müxalifət mahiyyətindəydi.

2. Əsəd rəhbərliyinin bu müxalif hərəkatları doğru bir üsulla yatırmaq əvəzinə, AKP hökumətinin Gezi Parkı etirazlarına qarşı tətbiq etdiyi səhv üsulun qat-qat artığını edərək qorxu içərisində xalqına qarşı həddindən artıq güc istifadə etməyə başlaması Suriyada hadisələri vətəndaş müharibəsi vəziyyətinə gətirdi. Bu nöqtədə Əsəd rəhbərliyi xarici dəstəyini və hörmətini itirərkən, dünya ictimaiyyətində müxalifətə qarşı böyük simpatiya və dəstək meydana gəldi.

3. Bu mühitdə Türkiyənin və Amerika Birləşmiş Ştatlarının təkidləriylə Suriyaya qarşı beynəlxalq hərbi müdaxilə dünya ictimaiyyətində danışılmağa başlandı. Ancaq Liviyadan sonra Suriyanı da Qərbə vermək istəməyən Rusiya Federasiyası və Çin Xalq Respublikası bu mövzudakı tələbləri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 2-si kimi daha ilk gündən rədd etdilər və qanuni beynəlxalq müdaxiləyə başdan maneə törətdilər.

4. Beynəlxalq qanuni müdaxiləyə qapıların bağlanmasının ardından Qatar, Səudiyyə Ərəbistanı və Türkiyə artan qırğınlardan sonra müxaliflərə silah və maddi dəstək verərək vətəndaş müharibəsi vasitəsilə rejimi dəyişmək istiqamətində strategiya mənimsədilər. Bu strategiya Amerika Birləşmiş Ştatları və Qərbi ictimaiyyətdən də dəstək aldı. Ancaq bu dəstəklə birlikdə hadisə qısa müddətdə vətəndaş müharibəsinə maliyyə yardımı və koordinasiya müstəvisinə yüksəldi. Fərqli ölkələrin əli silahlı radikal İslamçı ünsürləri Suriya rejimini devirmək məqsədilə bu ölkəyə soxuldu.

5. Suriyada vətəndaş müharibəsini qazanması üçün süni olaraq yaradılan müxalifətin pərakəndə strukturu və radikal İslamçı ünsürlərdən meydana gəlməsi Qərb ictimaiyyətinin qısa müddətdə bu plana dəstəyini azaltdı. Edilən belə strateji səhvin nəticəsində, Əsəd hakimiyyəti dünya ictimaiyyətində Qərb imperializminə qarşı radikal İslamçı ünsürlərlə döyüşən milli lider kimi qəbul edilməyə başladı və itirdiyi dəstəyi yenidən qazandı.

6. Əsəd hakimiyyəti qavrayış idarəçiliyi mövzusunda qazandığı bu zəfərə baxmayaraq sahədə cihadçı beynəlxalq ünsürlərin müharibəyə cəlb olunması nəticəsində ölkənin yarısından çoxunda nəzarəti itirdi. Ancaq Əsəd onu devirmək istəyən ən əhəmiyyətli güc olan Türkiyəyə qarşı bir əks-hücum etdi və Suriyada bir çoxunun vətəndaşlıq haqqı belə olmayan kürdlərin təşkilatı PYD-yə (PKK-nın Suriya qolu) bəzi sözlər (ehtimalla muxtariyyət) verərək Şimal bölgələrində idarəetməni onlara təhvil verdi.

7. Əsədin öz nəzərində belə ağıllı gedişindən sonra Şimali İraqın ardından Şimali Suriyada da bir kürd inzibati vahidi ilə qarşılaşmaq riski üz-üzə gələn Türkiyə ictimaiyyətində AKP və Xarici İşləri Naziri Əhməd Davudoğlunun yürütdüyü xarici siyasətə istiqamətli narahatlıqlar və tənqidlər artmağa başladı.

8. Türkiyə ictimaiyyətdə yüksələn tənqidlərə baxmayaraq Davudoğlu televiziyalardan Dəməşq hakimiyyətinə meydan oxudu və Əsədin "bir neçə həftəsinin" qaldığını iddia etdi. Çünki beynəlxalq qüvvələr Suriyada irəliləməyə davam edirdilər. Davudoğlu bu məsələni eyni zamanda xarici mətbuatda "Yeni Osmanlıçı" adı verilən və iddialı hədəfləri olan xarici siyasətinin də əhəmiyyətli bir test sahəsi kimi görürdü.

9. Döyüşü itirəcəyini anlayan Əsəd, güclərini müəyyən bölgələrdə sıxlaşdırma strategiyasını mənimsədi və nüvə proqramı səbəbiylə İsrail və Qərb dünyasının təhdidlərinə məruz qalan İran İslam Respublikası və onunla birlikdə hərəkət edən Livan mərkəzli Hizbullahın dəstəyini qazandı.

10. Suriyanın ardından sıranın ona gəlməsindən narahatlıq keçirən İrandan gələn döyüşçülərin və Hizbullah üzvlərinin müharibəyə girməsiylə döyüş tarazlığı dəyişdi və Əsəd gücləri yenidən itirdiyi yerlərdə nəzarəti təmin etməyə başladılar. Türkiyənin xarici siyasətindəki Yeni Osmanlıçılıq iddiaları bu müddətdə test edildi və nəticə alına bilməməsiylə bərabər qəti olaraq müvəffəqiyyətsiz oldu.

11. Bu vəziyyət Türkiyənin daha doğrusu AKP hökumətinin beynəlxalq etibarını yerlə bir etdi. Türk hökuməti beynəlxalq müdaxilə üçün diplomatik səylərə ağırlıq verdi, ancaq bir nəticə ala bilmədi. Türk hökumətinin xarici siyasətdə yaşadığı bu qeyri-sabitlik; sərhəddə partlayan bombalar, düşürülən təyyarələr, qaçqın düşərgələri üçün xərclənən pullar və bu düşərgələrdə yaşanan bəzi hadisələr daxili siyasətə də əks olunmağa başladı.

12. Baş nazir Rəcəb Tayyib Ərdoğan və qrupu, "nizam yaradıcı" bir "regional qüvvə" olduqlarını iddia etmələrinə baxmayaraq tək başlarına həll edə bilmədikləri Suriya böhranı məsələsində son Vaşinqton səfərində yaxın müttəfiq olaraq gördükləri Amerika Birləşmiş Ştatlarını hərəkətə keçirmək üçün böyük səy göstərdi. Ancaq ölkəsində daxili siyasətdə kifayət qədər başı ağrıyan Obama bütün dəstək vədlərinə rəğmən bu məsələdə çox istəkli görünmədi və konkret bir addım atmadı. ABŞ prezidenti daha əvvəl açıqladığı "Suriyada kimyəvi silah istifadə edilməsinin qırmızı xəttləri olduğu" istiqamətindəki ifadəsini davam etdirdi.

13. 21 Avqustda kimin etdiyi aydınlaşmayan kimyəvi hücumdan sonra əks olunan görüntülər Misir çevrilişinə fokuslanmış dünya ictimaiyyətində gözləri yenidən Suriyaya çevirdi və Əsəd rəhbərliyinə qarşı etirazları artırdı. Eyni zamanda 2011-ci ildə bəri davam edən vətəndaş müharibəsində ölənlərin sayının 100.000-i keçdiyi açıqlandı. Əsəd hakimiyyəti hücumu onların etmədiyini açıqladı.

14. Böyük etiraz doğuran Quta hücumundan sonra ABŞ, Türkiyə, İngiltərə və Fransa rəsmiləri, Birləşmiş Millətlər Təşkilatının qərarı olmadan da Suriyaya müdaxilə edilə biləcəyi istiqamətində şərhlər verdilər. Ancaq Birləşmiş Millətlər Təşkilatının nümayəndələrinin bir nəticə əldə etməməsi və hücumu kimin etdiyinin aydın olmaması səbəbiylə bu ölkələrdə ictimai dəstək məhdud qaldı. İngiltərədə Baş nazir Devid Kameron müdaxilə üçün lazım olan səlahiyyət qanununu Parlamentdə qəbul etdirə bilmədi. Fransada isə sosialist prezident Fransua Olland sol liderdən gözlənilməyəcək ölçüdə Amerika tərəfdarı xətdə siyasət izləyərək əməliyyata şərtsiz dəstək verəcəklərini ifadə etdi.

15. Nəticədə Amerika Birləşmiş Ştatları və Fransanın liderlik edəcəyi və keçmişdə Bill Klinton dövründəki Kosovo müdaxiləsinə bənzəyən məhdud bir hərbi müdaxilənin bir neçə gün içərisində ediləcəyi düşüncəsi dünya ictimaiyyətinə ağırlıq qazandı. Amerikanın Prezidenti Obama hələ qərarını vermədiyini, ancaq vətəndaşlara qarşı öldürücü sarin qazı istifadə edilən hücumlara qarşı biganə qala bilməyəcəklərini bəyan etdi. Amerikan mənbələri müdaxilənin məhdud olacağını və tək məqsədinin Suriya rejimini kimyəvi silah istifadə etməkdən daşındırmaq olduğunu təkidlə vurğuladılar. Ancaq müxalifətdə Ən Nusra kimi Əl-Qaidə əlaqəli ünsürlərin olması Amerikan ictimaiyyətində böyük şübhə və etirazlar yaratmağa davam etdi [1]. Hətta hər zaman müdaxiləçi olmaqla ittiham edilən Respublikaçı Partiyanın Prezidentliyə namizədliyə namizədlərindən Newt Gingrich da Suriyaya müdaxiləyə açıqca qarşı çıxdı [2]. Rusiya Prezidenti Vladimir Putinin Əsəd hakimiyyətinin döyüşü qazanarkən kimyəvi silah istifadə etməsinin məntiqsiz olduğuna və Nobel Sülh Mükafatı sahibi Obamanın məhdud da olsa bu müdaxilədə ölə biləcək insanlar üçün də narahatlıq keçirməsinin lazım olduğuna dair şərhi Rusiyanın müdaxilə məsələsində mənfi mövqeyini bir dəfə daha göstərdi.

Nəticə etibarilə Suriya böhranında dünya lideri olduğunu ifadə edən Amerika Birləşmiş Ştatlarının biganə qalması, əlbəttə, bu ölkənin "lider" imicinə zərər verəcək bir nöqtəyə gəlmişdir. Ancaq Obama hakimiyyətinin BMT nümayəndələrinin kimyəvi hücumu Suriya rejiminin etdiyinə dair qəti bir dəlil təqdim etmədən bu işə başlaması əməliyyatın qanuniliyinə və ABŞ-ın imicinə bu məsələyə biganə qalınmasından daha da böyük bir zərər verə bilər. Bu səbəblə hər nə olursa olsun əvvəlcə hücumun kim tərəfindən edildiyi ortaya çıxarılmalıdır. Hücumun Suriya rəhbərliyi tərəfindən etdiyi ortaya çıxarsa, dünya ictimaiyyətinin əməliyyata dəstəyi artacaq. Ancaq bu nöqtədə əməliyyatın məqsədləri də çox yaxşı təyin olunmalıdır. Suriyada davam edən vətəndaş müharibəsinə diplomatik yolla həll tapmanın asan olmadığı ortadadır. Bunun müxtəlif və güclü səbəbləri vardır. Məsələn, zənn edilənin əksinə olaraq, Suriyadakı mövcud vəziyyət enerji qiymətlərinin yüksəlməsiylə gəlirləri artan Rusiyanın işinə yarayır. Rusiya Suriya mövzusunda son mərhələdə Tartus hərbi bazasını qoruya biləcəyi bir bölünmə ssenarisinə razı ola biləcək. Ancaq mövcud vəziyyət, həm enerji qiymətləri, həm də Suriya rejiminə yeni silah satışları mənasında Rusiyanın işinə gəlir və bu vəziyyətin davam etməsi üçün səy göstərirlər. İran üçün də Suriya böhranının uzanması faydalıdır. Çünki bu şəkildə Suriya, İran üçün bir "ön cəbhə" vəzifəsi görür və Qərb ictimaiyyətində nüvə proqramının yaratdığı etirazları ört-basdır edir. Amerika Birləşmiş Ştatları üçün də Suriya böhranının uzanması Körfəz ölkələri də daxil olmaqla müttəfiqlərinə yeni silah satışlarının yolunu açan müsbət bir proses kimi anlaşıla bilər. Ancaq hadisənin Suriya rejiminin mütləq bir zəfərinə çevrilməsi əlbəttə ki, Amerikanın məğlub olması imicini yaradaraq bu ölkəyə zərər verə bilər. Bu səbəblə vətəndaş müharibəsinin uzanması ABŞ baxımından da o qədər mənfi bir proses deyil. İsrail baxımından nəzərdən keçirilərsə, özünə əleyhdar iki fərqli gücün yəni İran tərəfdarı anti-imperialist Əsəd hakimiyyəti və radikal İslamçı Ən Nusranın bir-birlərini öldürməyə davam etməsi əslinə baxılsa olduqca müsbət bir prosesdir. Göründüyü kimi Suriya mövzusunda böyük aktorların heç biri əslində sülhü o qədər də istəmir. Onsuz da bu səbəblə Suriya vətəndaş müharibəsinin Livan vətəndaş müharibəsinə (1975-1990) bənzər şəkildə uzun illər sürəcəyi fikri ağıla gəlir. Son nəticədə Suriya vətəndaş müharibəsinin asanlıqla bir qalibi olmayacağı məlumdur. Bu səbəblə ABŞ-ın mümkün əməliyyatının hədəfi də daha çox kimyəvi silah olduğundan şübhələnən qurğuların vurulması və ictimaiyyətdəki etirazların səngiməsi istiqamətində olacaq. Bu mənada əməliyyatın nəticə verməsi çətin görünür. Ancaq və ancaq rejim gücləri və ya müxaliflər - hər kimdə olursa olsun- kimyəvi silahların etibarlı bir şəkildə yox edilməsi və ya ölkədən kənara çıxarılması halında əməliyyat müvəffəqiyyətli olar və bəşəriyyət naminə müsbət bir irəliləyiş əldə edilə bilər.

Belə bir şəraitdə, əlbəttə, ən böyük zərər görən ölkə Suriya böhranının yaratdığı qeyri-sabitlik və təhlükəsizlik risklərini yaşamaq məcburiyyətində qalacaq olan Türkiyədir. Bu da Türk xarici siyasətində edilmiş tarixi bir səhvə işarə etməkdə və xarici siyasətdə macəraçı yollara girmədən çox daha əhatəli təhlil və planlar etmək lazım olduğunu ortaya çıxarmaqdadır.

Yrd. Dos. Dr. Ozan Örmeci

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...